Çevrilişlər ölkəsi Argentina
ucgen

Çevrilişlər ölkəsi Argentina

2002

İyirmi üç əyalət, bir muxtar federal bölgə və bir milli bölgədən ibarət olan Argentinanın tarixi, digər Latın Amerikası ölkələrində də olduğu kimi demokratiya mədəniyyətinin formalaşa bilmədiyi bir “çevrilişlər” tarixidir. Ölkə demokratiya ilə idarə olunurmuş kimi görünsə də, qanuni idarəçilər heç bir zaman idaretməni tam əllərində saxlaya bilməmişdir.

Ölkədə 1930-cu ildən bəri heç bir sivil hökumət 6 ildən çox hakimiyyətdə qala bilmədi. Həmçinin, qanuni hökumətlər vaxtında da Cuntalar heç bir zaman boş dayanmadı. 1819-cu ildən bəri davam edən bu federal əyalətlər birliyində 46 dövlət başçısından sadəcə ikisi hərbi çevriliş olmadan vəzifəsini təhvil verə bildi.

ARGENTİNADA DİKTATURA VƏ ÇEVRİLİŞLƏR

Argentina İspaniya müstəmləkəsindən xilas olmaq üçün etdiyi müharibə sayəsində 1816-cı ildə “Cənubi Amerika Birləşmiş Əyalətlər Birliyi” olaraq müstəqilliyini elan etdi. Bu əyalətlər arasında həmişə mərkəzi əyalət olma mübarizələri meydana gəldi. Buenos Aires əyaləti ətrafında birləşmək istəyən mərkəzçilik tərəfdarı olan birlikçilərlə bölgə quruluşlarını dəstəkləyənlər arasında ixtilaflar yarandı.

1829-cu ildə hakimiyyəti ələ keçirən Rosas 1852-ci illərə qədər davam edən qanlı bir diktatorluğa imza atdı. Bu tarixdən 1915-ci illərə qədər yerli elitalar və böyük torpaq sahibkarları ölkədə söz sahibi oldular. Argentinada 19-cu əsrdən 20-ci əsrin ortalarına qədər 6,2 milyon köçkünün ölkəyə gəlməsi müşahidə olundu. Bu da torpaq sahibkarları, yerli elitalar ilə xalq arasındakı dərin iqtisadi böhranı daha da artırdı.

1829-cu il iqtisadi böhranının sonunda, 1930-cu ildə Argentinada çevriliş oldu, ölkə iki il çevrilişçilər tərəfindən idarə olundu. Bu dövrün ardınca bir çox hərbçi rəhbər olaraq xalqın yox, ordunun istəkləri ilə Argentinanı idarə etdi.  Justo(1932-1938), Ortiz(1938-1942) və Castillonun (1942-1943) hakimiyyət illəri bunlara nümunədir.

Castillo isə 1943-cü ildə “Polkovniklər çevrilişi” ilə hakimiyyətdən salındı. Ölkə yenə 3 il Cuntalar tərəfindən idarə olundu. 1946-cı illərdə Polkovnik Peron kənar məhəllələrdəki öz tərəfdarlarını ayağa qaldıraraq namizəd olduğu seçkidə lider seçildi. Peron ilk hakimiyyətə keçdiyi illərdə iqtisadiyyatda uğurlu addımlar atıldı. Peron mətbuatı bir dövlət orqanına çevirdi, işçi həmkarlar ittifaqlarını radikallaşdıraraq öz siyasətində istifadə etdi. Konstitusiyada dəyişikliklər etdirərək totalitar bir rejimlə lider oldu. Daha sonra ABŞ-a qarşı olaraq SSRİ-yə yaxınlaşdı. İqtisadiyyatda,  xüsusilə ixracatda böhran yaşandı. 2-ci Dünya Müharibəsindən sonra şəhərlərdəki köç və işsizlik gəlir bərabərsizliyini artırdı.

1955-ci il başqa bir çevrilişlə Peronun hakimiyyətdən endirildiyi tarix oldu. Hərbçilər 3 il hakimiyyətdə qalsa da, 1962-ci ildə növbəti qanuni rəhbəri yenə bir hərbi cunta istefaya məcbur etdi. Hətta 1962-63-cü illər arasında, hərbi komitələr arasında rəqabətdən qaynaqlanan qarışıqlıq dövrü yaşandı.

1966-ci ildə peronçuların yenidən seçkini qazanması ilə ordu hərəkətə keçərək yeni bir çevriliş etdi. Bu dəfə hərbçilər 7 il hakimiyyətdə qaldı. Üç il davam edən qanuni mərhələnin ardınca Peron bu dəfə 1973-cü ildə yenidən hakimiyyətə keçdi. Bir il sonra Peronun ölməsi ilə yerinə arvadı İsabel Peron seçildi, o da 1976-cı il çevrilişi ilə hakimiyyətdən salındı. Bu çevrilişə qoyulan ad isə “Argentina Çevrilişi” oldu.

Ölkə 1976-1983-cü illər arasında yenə hərbi cunta tərəfindən idarə olundu. Ölkədə “Kirli Müharibə” olaraq xatırlanan bu hərbi diktatorluq dövründə rəsmi sənədə görə  11 mindən çox insan öldü və ya itkin düşdü. İnsan hüquqları təşkilatları isə bu rəqəmin təxminən 30 min olduğunu qeyd edir. Sadəcə Campo de Mayo hərbi həbsxanasında 3 min 950 insan işgəncə ilə öldürüldü. Çevrilişə qarşı mübarizə aparan solçu gənclərin təyyarələrdən dənizə atılması belə təklif olundu. Bu çox kirli və qaranlıq dövr 1982-ci ildə İngiltərə ilə aparılan Falkland müharibəsində məğlubiyyətlə sona çatdı və ölkədə sərbəst seçki keçirildi.

Argentinanın 1983-cü ildən sonrakı dövrü çevriliş təqsirlilərinin və digər böyük siyasi təqsirlilərin məhkəməsi dövrü oldu.

SİYASƏTƏ QARIŞAN RÜŞVƏT, KİRLİ PUL YUMA VƏ CİNAYƏT TƏQSİRLƏRİ

Ədalətsiz, kobud və sevgisiz siyasət aparan avtoritar hökumətlər ölkədə güclü bir mafiyalaşma dövrü də başlatdı. Bu şərait Argentinada dövlət içində dövlət əmələ gətirən quruplaşmaları də özü ilə gətirdi. Rəsmi nümayəndələrin vəzifədən sui-istifadə etməsi və rüşvətlə təqsirlərinin ört-basdır edilməsi adət halını aldı.

Keçmiş dövlət başçısı Carlos Menem haqqında qeyri-qanuni silah satışı, tenderlərdəki qanunsuzluq, kirli pul yuma mövzularında istintaq başladı. Menem 1991-1995-ci illər arasında BMT-nin embarqo qoyduğu Xorvatiya və Ekvadora Argentinaya aid silahların göndərilməsindən təqsirli bilindi. 2001 ilində həbs olundu və ev həbsində saxlanıldı. 2013-cü ildə də silah qaçaqmalçılığı günahından 7 il həbs olundu.

2001-ci ildə iqtisadi böhran və qarət faktlarından sonra istefa verən dövlət başçısı De la Ruanın yerinə keçən Adolfo Saa da güclü xalq etirazları ilə qarşılaşdı. Saanın qanunsuzluqda adı hallanan şəxsləri yüksək vəzifələrə təyin etməsi səbəbindən ölkədə ara qarışdı, minlərlə insan hökumət binasını işğal etdi. Saanın 1-ci müavini Carlos Grosso və ardınca da kabinetin hamısı istefa vermək məcburiyyətində qaldı.

Argentinanın Dövlət Başçısının Köməkçisi Amado Boudou 2014-cü ildə rüşvət və tenderlərdə qanunsuzluğa görə məsuliyyətə cəlb olundu.

1994-cü ildə Argentinadakı AMİA yəhudi mədəniyyət mərkəzində baş verən və 85 insanın ölümü və 200 insanın yaralanması ilə nəticələnənən terror hadisəsi ölkənin taleyinə ciddi təsir etdi. Çünki hadisənin istintaqını aparan prokuror Alberto Nisman, indiki Argentina Dövlət Başçısı Cristina Fernandez de Kirchner haqqında da istintaq açdıqdan sonra evində ölü tapıldı. Nisman Kirchneri 1994-cü ildəki terror aktı ilə bağlı istintaqda İran ilə gizlicə müqavilə günahı ilə təqsirli bilmişdi. Müxalifət partiyası deputatlarından Patricia Bullrich prokurorun təhdid aldığını və baş prokurorluqdan kömək istədiyini açıqladı. Bir prokurorun məclisə açıqlama verməsinə görə öldürülməsi Argentinada siyasi qalmaqalın ölçüsünü ortaya qoyan mühüm hadisələrin sadəcə biridir.

ARGENTİNA DÖVLƏTİ YENƏ İFLAS ETDİ

Argentina güclü inflyasiya, azalan ixracat gəlirləri, artan xarici borclar və bunların nəticəsi olaraq sosial partlayışlarla çalxalanan bir ölkədir. Argentinada gəlir bərabərsizliyi də çox yüksək səviyyədədir. Bu baxımdan ölkə Braziliyanı da keçmişdir.

Beynəlxalq qurumlar tərəfindən edilən açıqlamalarda Gini əmsalı 0-0,3 olan ölkələrdə gəlir bərabərliyi normal, 0,3-0,5 arasındakı ölkələr orta dərəcədə bərabərsizlik olan, 0,5-dən çox olan ölkələr isə gəlir paylanmasında böyük ədalətsizlik olan ölkələr olduğu bildirilir. Argentinanın Gini indeks əmsalı isə 0,59-dur. Gəlir paylanmasındakı ədalətsizlikdə ən son iki ölkə Cənubi Afrikanın 0,65, Namibiyanın isə 0,71-lik əmsala sahib olduğunu nəzərə alsaq, Argentinanın vəziyyəti daha aydın olar.

Son 33 ildə dövlət 3 dəfə iflas etdi. Maddi çətinlikdən çıxmaq üçün mütəmadi kredit almaq məcburiyyətində qalan və bu pulları vaxtında geri qaytara bilməyən ölkə yenə iflas elədi. Kredit dərəcələndirmə təşkilatları Argentinanın kredit reytinqini təhlükəli kateqoriyaya endirdi. Dövlət idarəçilərinin 300 % istəyən kredit verənlərlə də razılığa gəlməsi çox çətin görünür. Ölkə 2001-ci ildə də yenə moratorium elan etmiş və təxminən 100 milyard  dollar xarici borcu ödəməyəcəyini bildirmişdi. Bu iflasdan sonra bir çox fond dövlət istiqrazlarını satın almışdı.

MAFİYA VƏ ADAM QAÇIRTMALAR

İqtisadi böhranlar, siyasi qalmaqallar, çevrilişlər, avtoritarlıq xəstəliyi, demokratiya mədəniyyətinin ölkədə hakim olmaması və materialist təhsil nəticəsində ölkədə güclü bir sevgisizlik hökm sürür. Ölkənin ümumi sosial quruluşu da cəmiyyətdə qanunsuzluğun yayılmasına uyğun bir zəmin yaradır.

Ölkə, xüsusilə son böhran dövründən sonra narkotik alverçilərinin də “at oynatdığı”  meydana çevrilib. Argentinalı Papa Francisin ölkəsinin Meksika kimi narkotik alverçilərinin əlinə düşməməsi üçün La Alameda adlı HT-a etdiyi xəbərdarlıqlar da vəziyyətin ciddiliyini göstərir. Eyni şəkildə, Argentina Kilsəsi də son illərdə artan narkotik qaçaqmalçılığı haqqında hökumətə xəbərdarlıqlar edir. Ölkədə xüsusilə kolumbiyalı narkotik alverçilərinin qapalı məhəllələr yaratdığı və buradan cinayət təşkilatlarını idarə etdikləri bildirilir.

Argentina, tez-tez futbolçu qaçırıb əvəzində fidyə istənilməsi hadisəsi ilə gündəmə gəlir. Eyni zamanda, tribunaların liderliyini ələ keçirmək istəyən qruplar da ölkədə terror törədir. 13 milyon əhalisi olan Buenos Aires şəhərində ölkənin ən varlı təbəqələrindən biri olan futbolçu ailə üzvlərinin qaçırılması hadisələrinin artması ölkədə böyük narahatlıq yaradır. 2003-cü ildə River Plate klubunda oynayan Dario Husain qaçırılmışdı. Eyni komandadan Astradanın atası da qaçırılmış və fidyə istənilmişdi.

Keçən il isə məşhur futbolçu Carlos Tevezin atası qaçırıldı. Xeyli fidyə qarşılığında Tevezin atası azadlığına qovuşdu. Bir çox argentinalı futbolçu bu hadisələrə görə başqa ölkələrə getmək məcburiyyətində qaldı.

ARGENTİNA DEMOKRATİYA MƏDƏNİYYƏTİNƏ YİYƏLƏNMƏLİDİR

Argentina 20-dən çox yerli xalq və avropalı köçkünlərin olduğu federadiv quruluşları birləşdirə bilmək üçün məcburi olaraq başqanlıq sistemini seçmişdir. Ancaq demokratiya mədəniyyətinin yerləşmədiyi digər Latın Amerika ölkələrində olduğu kimi Argentinada da qaranlıq dövrlər heç əskik olmamışdır. Hakimiyyətə gələn siyasətçilərin ortaq məxrəcə gəlmək və ədalət mədəniyyətindən çox, mənfəətçilik və avtoritarlıq mədəniyyəti içində olmaları cəmiyyətdəki hüzursuzluğu daha da artırır. Argentinanı bu qaranlıq vəziyyətdən çıxaracaq şey tezliklə cəmiyyətin sevgi ilə bir-birinə bağlanmasına aparacaq siyasətə keçilməsidir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr