Düşünmək və araşdırmaq insanın bilmədiklərini öyrənməsini, “baxıb görə bilmədiklərini” görməsini, dünya həyatının gerçəyini kəşf etməsini təmin edir. Ancaq əsas olan insanın səmimi düşüncə ilə əldə etdiyi gerçəklərdən qaçmaması, kəşf etdiyi gerçəklərə uyğun yeni bir həyata başlayacaq iradəni göstərə bilməsidir. Bu yazıda bu günə qədər heç vaxt rast gəlmədiyiniz, heyrətamiz, həyata baxışınızı tamamilə dəyişdirən bir elm izah ediləcək. Bu elm, tarix boyunca böyük İslam alimlərinin diqqət çəkdiyi, müasir elmin qəti şəkildə sübut etdiyi həqiqətdir. İnsan, həyatının ilk çağlarından etibarən içində yaşadığı dünyanın mütləq maddi həqiqət olduğuna şərtlənmişdir. İnsan bu şərtlənmə daxilində böyüyür və bütün həyatını bu dünyagörüşü üzərində qurur. Ancaq müasir elmin nail olduğu nəticələr düşünüldüyündən daha fərqli və daha mühüm bir gerçəyi ortaya çıxarmışdır. Allahın yaratma sənətindəki ən əhəmiyyətli gerçəklərdən biri olan bu elm, insanın həm özünə, həm ətrafına, həm həyata, həm də hadisələrə baxışını tamamilə dəyişdirəcək səviyyədədir. Bu maddənin, kainatın və onun içindəki hər şeyin xəyal, “hisslər aləmi” olduğu həqiqətindən qaynaqlanır. Bu heyrətamiz həqiqəti anlamaq üçün ilk növbədə maddə zənn etdiyimiz varlıqları bizə tanıdan duyğularımızın və beynimizin necə işlədiyinə nəzər salaq.
Dünya Həyatı, Duyğularımızla Qəbul Etdiyimiz Hisslərdən Meydana Gəlir
Görmə, eşitmə, qoxulama, dadbilmə, toxunma hisslərinin hamısı bir-birlərinə bənzər fəaliyyət mexanizminə malikdir. Xarici aləmdə olduğunu düşündüyümüz əşyalardan gələn impulslar (səs, qoxu, dad, görüntü, sərtlik və s.) sinirlərimiz vasitəsiylə beyindəki müvafiq mərkəzlərə ötürülür. Beyinə çatan bu impulslar elektrik siqnallarından ibarətdir. Məsələn, görmə prosesi əsnasında xarici aləmdəki bir mənbədən gələn işıq fotonları gözün arxa tərəfindəki retinaya ötürülür və burada elektrik siqnallarına çevrilir. Daha sonra bu siqnallar sinirlər vasitəsiylə beyinin görmə mərkəzinə ötürülür. Və biz də bir neçə kub santimetrlik görmə mərkəzində rəngarəng, dəqiq, eni, uzunluğu, dərinliyi olan dünya görür və hiss edirik. Bu sistem digər qavrayışlarımız üçün də eynilik təşkil edir. Dadlar dilimizdəki bəzi hüceyrələr tərəfindən, qoxular burunun epitel hüceyrələri tərəfindən, toxunmağa aid hisslər (sərtlik, yumşaqlıq və s.) dəri altına yerləşən xüsusi qəbul edicilər, səslər isə qulaqdakı xüsusi mexanizm tərəfindən elektrik siqnallarına çevrilərək beyindəki müvafiq mərkəzlərə göndərilir və o mərkəzlərdə qavranılır.
Mövzunu daha da dəqiqləşdirmək üçün belə bir misal göstərək: Hal-hazırda bir stəkan çay içdiyinizi düşünün. Əlinizdə tutduğunuz stəkanın sərtliyi və istiliyi dəri altındakı xüsusi qəbul edicilər tərəfindən elektrik siqnallarına çevrilərək beyinə çatdırılır. Eyni zamanda çaya aid qoxu, onu içtiyimiz anda hiss etdiyiniz şəkərli dad və stəkana baxdığınızda gördüyünüz qəhvəyi rəng də müvafiq ötürücülər tərəfindən elektrik cərəyanı olaraq beyinə çatdırılır. Sonra stəkanı masaya qoyarkən şüşənin masaya təmasından çıxan səs də qulağınız tərəfindən qəbul edilib beyinə elektrik siqnalı olaraq göndərilir. Və bu hisslərin hamısı beyindəki bir-birindən fərqli, amma bir-biriylə ortaq işləyən duyğu mərkəzləri tərəfindən şərh olunur. Siz də bu şərhin nəticəsi olaraq bir stəkan çay içdiyinizi düşünürsünüz. Yəni əslində hər şey beyindəki duyğu mərkəzlərində baş verir, amma siz bütün bu hisslərinizin konkret maddi varlığa əsaslandığını zənn edirsiniz. Halbuki bu fikriniz yanlışdır, çünki beyninizdə qavradığınız hisslərin beyninizin xaricində varlığının olduğunu düşünmək üçün heç bir dəliliniz yoxdur. Əgər beyninizə gedən görmə sinirlərini kəssəniz bir anda görüntü yox olar. Eyni şəkildə eşitmə sinirlərində bir problem olarsa, xaricinizdə var olduğunu zənn etdiyiniz səslər də bir anda kəsilər.
Bura qədər izah edilənlər bu gün elm tərəfindən qəti şəkildə isbat edilmiş, AÇIQ-AŞKAR gerçəkdir. İstənilən elm adamı bu sistemin işləmə prinsipini izah edərsə, içində yaşadığınız dünyanın əslində beyninizdə qəbul edilən hisslərdən ibarət olduğu aydın olar. Məsələn ingilis fiziki John Gribbin beyinin verdiyi şərhlərlə əlaqədar olaraq belə deyir:
”…Duyğularımız xarici dünyadan gələn impulsların beynimizdəki şərhidir; sanki bağçada bir ağac varmış kimi… Lakin beynim bu impulsları duyğu süzgəcindən keçirərək hiss edir. Ağac yalnız bir görüntüdür. O halda hansı doğrudur? Duyğularımızın ortaya çıxardığı ağac, yoxsa bağçadakı ağac?” (Taşqın Tuna, Uzayın Ötesi, sf.194)
Maddənin xaricinizdəki əsli ilə təmasda olmadığınızı anlamaq üçün çox asan bir təcrübə apara bilərsiniz. Bu yazıya baxarkən, barmağınızla bir gözünüzün alt tərəfinə sanki qaşıyırmış kimi yüngülcə toxunun. Bu şəkildə toxunarkən barmağınız irəli-geri getdikcə, yazının da eyni şəkildə irəli-geri getdiyini görəcəksiniz. İndi düşünün, görəsən bu yazı kömputer monitorunda, sizin dayandığını zənn etdiyiniz yerdədirmi? Yoxsa qaşımanın təsiri ilə görüntüsü yuxarı-aşağı oynayan, beyninizdəki görüntüdən ibarətdir? Məhz bu nümunə belə burada izah etdiyimiz gerçəyi qavramanız üçün bir başlanğıc ola bilər.
Qapqaranlıq Məkanda Üç Ölçülü, Dərinlikli, Rəngarəng Görüntü
Bura qədər izah etdiklərimiz barədə düşündüyümüzdə, son dərəcə təəccüblü və düşündürücü bir həqiqət qarşımıza çıxır. Bilindiyi kimi beynimiz kəllə sümüyünün içində yerləşir və kəllə sümüyü işığı içəri keçirmir. Yəni başımızın içi zülmət qaranlıqdır. Amma biz bu zülmət qaranlıqda mavi dənizləri, yamyaşıl ağacları, rəngarəng çiçəkləri, günəşin şüalarını və rənglərin hər tonunu görə bilirik. Bu, son dərəcə maraqlıdır və üzərində düşünülməsi vacib olan mövzudur. Çünki əgər biz varlıqların bizim xaricimizdəki hallarını görə bilsəydik, xaricimizdəki görüntünün işıltısını, rənglərini, parıltısını əsla görə bilməzdik. Çünki bu parıltılar və işıqlar kəllə sümüyündən keçib beynimizdəki görmə mərkəzinə əsla çata bilməyəcəkdi. Elə isə biz bu parıltıları, Ayın və Günəşin şüalarını, evimizdəki elektrik lampasının parlaqlığını necə görə bilirik? İşığın əsla çata bilmədiyi beyində parlaq görüntülər necə meydana gəlir?
Bütün bunlardan sonra əldə etdiyimiz nəticələrdən biri belədir: İnsan heç bir zaman kəllə sümüyünün xaricindəki dünyanı bilə bilməz. İnsanın əlindən gələn yeganə iş beyinə elektrik siqnalları olaraq çatan təsirləri seyr etməkdir.
Uzaqlıq Hissi Aldadıcıdır
Bunları oxuyarkən, otağın qapısı və ya kompüter ilə aranızdakı uzaqlıq hissi sizi aldada bilər. “Hər şey beynimdəki kiçik bir nöqtəyə necə sığır? Günəş, mən və dəniz necə eyni nöqtədə ola bilərik?” deyə düşünə bilərsiniz. Əslində uzaqlıq da beyində meydana gələn boşluq hissinin yaranmasından başqa bir şey deyil. Bu səbəbdən insanın özündən çox uzaqda zənn etdiyi hər şey əslində beynindəki kiçik bir nöqtədə meydana gəlir. Yəni iki ölçülü bir nöqtədə möhtəşəm, üç ölçülü və dərinliyi olan görüntü yaranır. Məsələn, ucsuz-bucaqsız səma, ucsuz-bucaqsız dəniz, prospektin qarşısındakı göydələn, yoldakı avtomobillər və s. hamısı beyinin içindəki bir neçə kub santimetrlik məkanda yaranır. Bunu daha aydın dərk etmək üçün belə bir nümunə verə bilərik.
Evinizdə izlədiyiniz televiziya ekranı əslində düz müstəvidir və iki ölçülüdür. Ancaq bu iki ölçü üzərində işıq, kölgə oyunları və perspektivdən istifadə edilərək üç ölçülü, dərinliyi olan, uzaqlıq hissini verən mənzərə görüntüsü meydana gətirilir. Bu şəkildə beynimizdə meydana gələn görüntü və bütün digər hisslər də belədir. Yəni kiçik, düz müstəvi üzərində yaranan görüntüdə monitordan tutmuş səmadakı günəşə qədər hər məsafəni qavraya bilərik. Amma heç biri əslində bizdən uzaqda deyil, hamısı içimizdə, beynimizdəki kiçik bir nöqtədə hiss edilən qavrayışlardır. Bədənimizin görə bildiyimiz hissəsi, günəş, ulduzlar, kompüter və qarşımızdakı televiziya, hamısı beynimizdəki kiçik bir nöqtədə meydana gəlir. Xaricdə bütün bunların əsillərinin olduğunu əsla bilə bilmərik. Bura qədər izah edilənləri daha yaxşı anlamaq və qavraya bilmək üçün yuxu haqqında düşünək.
Dünya Həyatı Yuxularımızdan Fərqli Deyil
Bilindiyi kimi, insanlar yuxularında çox dəqiq və həqiqətə oxşar görüntülər görür, cürəbəcür qoxular duyur, bəzən musiqi dinləyir, bəzən avtomobil idarə edir, ləziz yeməklər yeyib dadlarını hiss edir, həyəcanlanır, qorxur, sevinirlər. Üstəlik hər insan yuxu əsnasında yaşadıqlarının həqiqət olduğundan da əmin olur. Ancaq həqiqətdə nə yeyib daddığı yemək, nə sevimli pişik, nə də sürdüyü avtomobil var. Yuxu görən adam o an hərəkətsiz və gözü bağlı şəkildə yatağında uzanır. Üstəlik gerçək həyatından çox da fərqlənməyən hadisələri beynində yaşayır. Yaxşı, bəs onda yuxunun həqiqətdən fərqi nədir? Çünki hər ikisi də zehində yaşanır və son dərəcə bənzərdirlər. Yeganə fərq odur ki, yuxularda, öyrəşdiyimiz səbəb nəticə əlaqələri olmur və biz yuxularımızda gördüklərimizə görə məsuliyyət daşımırıq.
Bura qədər izah edilənlərdən əldə etdiyimiz nəticə budur: İnsanın dünya həyatı olaraq bildiyi, gördüyü, eşitdiyi, toxunduğu hər şey əslində beynində meydana gəlir. İnsanın həyatının heç bir anında beyninin xaricinə çıxması qətiyyən mümkün deyil.
Bəs yaxşı, beyinin özü bu qədər qüsursuz, mükəmməl hissləri meydana gətirə bilərmi? Meydana gətirdiyi görüntünü qavraya bilərmi? Məsələn, beyində yaranan gözəl bir mənzərə qarşısında yenə beyində zövq alma duyğusu meydana gələ bilərmi? Bütün bunları beyinin etdiyini demək çox çətindir. Çünki beyinin özü araşdırıldığında qarşımıza digər orqanlarda olan zülal və yağ molekulları çıxır. Bu molekullar isə atomlardan ibarətdir. Bütün bu görüntüləri atomların gördüyünü, bütün o hissləri onların qavradığını düşünmək isə mümkün deyil. Bu halda görən, eşidən, musiqi duyduğunda zövq alan, darıxan, sədaqət, vəfanın nə olduğunu bilən, bir körpə gördüyündə şəfqət hissi keçirən, xatirələri olan, kədərlənən, çiyələyin dadından zövq alan, dostunu gördüyündə sevinən kimdir? Bütün bunların beyinə aid olduğunu söyləmək qeyri-mümkündür.
O halda görən, duyan, eşidən və hiss edən beyin deyil. Bu, hamısından üstün bir varlıq olan ruhdur. Bizim içində yaşadığımız kainat, dünya, həyatımız boyunca başımıza gələn hadisələrin hamısı ruhumuza seyr etdirilən xəyallardan ibarətdir. Yaxşı kim bizim ruhumuza dünyanı, insanları, bitkiləri, bədənimizi və gördüyümüz digər hər şeyi davamlı olaraq seyr etdirir?
Çox açıqdır ki, içində yaşadığımız bütün maddi kainatı, yəni qavranılan bütün hissləri yaradan və davamlı şəkildə yaratmağa davam edən üstün Yaradıcı vardır. Bu Yaradıcı, bu cür görkəmli yaradılış sərgilədiyinə görə də sonsuz güc və qüdrət sahibidir. Yaratdığı bütün hiss və duyğular Onun iradəsinə bağlıdır və O, bütün yaratdıqlarına hər an hakimdir. O üstün Yaradıcı, göylərin və yerin Rəbbi olan Allahdır. Hisslərdən ibarət olan bu kainatın hər yerində gerçək varlıq olaraq yalnız Allahın Zatı vardır. Bu səbəbdən insana ən yaxın olan varlıq da Allahdır. Bu həqiqət, Quranda “Andolsun, insanı Biz yaratdıq və Biz ona şahdamarından daha yaxınıq” (Qaf Surəsi, 16)ayəsiylə açıqlanır.
Harada olmağımızdan asılı olmayaraq Allah daim bizimlə birlikdədir. Siz bu yazını oxuyarkən də sizə ən yaxın olan varlıq, gördüyünüz hər şeyi anbaan yaratmaqda olan Allahdır. Allah bizə bu dünya ilə əlaqədar görüntülər göstərdiyi və hisslər yaşatdığı müddət ərzində biz bu dünyada var oluruq. Bu dünyanın görüntülərini və hisslərini kəsdiyi, bizə ölüm mələklərini göstərib fərqli bir ölçüyə aid hissləri verdiyi zaman isə ölmüş olacağıq. Qiyamət günü, hesab, cənnət, cəhənnəm və bütün sonsuz həyatımız da bizim üçün eyni şəkildə yaradılacaq. Bütün bunları yaratmaq isə bizə sonsuz gücünün və hüdudsuz bilgisinin dəlillərini hələ bu dünyadaykən göstərən Allah üçün çox asandır.
Həqiqətlərdən Qaçmaq Olmaz
Açıq aşkar göründüyü kimi “xarici dünya”nın maddi gerçəkliyə sahib olmadığı, Allahın davamlı olaraq ruhumuza göstərdiyi görüntülərdən ibarət olduğu elmi və məntiqi həqiqətdir. Qəribədir ki, insanlar bu həqiqətən qaçmağa, düşünməməyə çalışırlar. Çünki bu sirrin açılmasıyla birlikdə malları, dollarları, yaxtaları, lüks avtomobilləri, marka geyimləri, soylu ailələri və holdinqləriylə qürurlanan insanların qürurları hədər gedəcəkdir. Məsələn, qürurla zirehli avtomobilinə və böyük bir ərazidə tikilmiş möhtəşəm evinə vertolyotundan baxan zəngin bir iş adamı, bu gerçəyi qəbul etsə bir anda xəyaldan ibarət olan və xəyal içində yaşayan aciz varlıq olduğunu anlayacaq, iman etsə də, etməsə də Allahın ucalığını, böyüklüyünü və tək mütləq varlıq olduğunu da təqdir etmək məcburiyyətində qalacaq, bununla gücsüzlüyü və Allaha nə qədər möhtac olduğu ortaya çıxacaqdır. Maddənin bir xəyaldan ibarət olduğu bilindikdə, lüks kafelərdə, əyləncə mərkəzlərində təkəbbürlənməyin, insanları alçaltmağın, digərləri ilə lağ etməyin nə qədər mənasız olduğu idrak ediləcəkdir. Materialist zehniyyətdəki insanların bütün qorxularının və həqiqətdən qaçmaqlarının səbəbi budur; bu gerçəyi bilməklə, qürur, ehtiras üzərində qurulmuş həyatlarının öz ifadələriylə “dadı qaçacaq”dır. Bunun üçün bu mövzunu həm düşünməz, həm də düşünülməsini və gündəmə gətirilməsini istəməzlər.
Şübhəsiz bu gerçəyin fərqinə varmaq materialistlər üçün ən dəhşətli hadisədir. Çünki sahib olduqları hər şeyin bir xəyaldan ibarət olması, öz sözləri ilə desək onlar üçün hələ dünyadaykən “ölməmişdən əvvəl ölmək” hökmündədir. Bu gerçəklə birlikdə bir Allah, bir də özləri qalmışdır. Necə ki, Allah “Məni Öz yaratdığım kimsə ilə tək burax!” (Muddəssir Surəsi, 11) ayəsiylə hər insanın Öz qatında əslində yalnız olduğu gerçəyinə diqqət çəkmişdir. Məhz buna görə bu həqiqətin insanlara geniş şəkildə izah edilməsi çox əhəmiyyətlidir. Çünki maddənin gerçək mahiyyəti ilə bağlı olan bu mövzu, maddəni ilah etmiş materialist fəlsəfəni qəti şəkildə məğlub edən gerçəkdir. Bu gerçəyin yayılmasıyla 21-ci əsr insanların geniş şəkildə İlahi gerçəkləri qavrayacaqları və tək mütləq varlıq olan Allaha yönələcəkləri tarixi dönüş nöqtəsi olacaqdır. 21-ci əsrdə, 19-cu əsrin materialist inancları tarixin zibilliyinə atılacaq, Allahın varlığı və yaradılışı qavranılacaq, məkansızlıq, zamansızlıq kimi gerçəklər aydın olacaq, insanlıq əsrlərdir gözlərinin önünə çəkilmiş pərdələrdən, yalanlardan və batil inanclardan xilas olacaqdır.
Beynimizin yerləşdiyi kəllə sümüyü işıq şüalarını qətiyyən içəri buraxmır. Bu səbəbdən başımızın daxili zülmət qaranlıqdır. Amma biz bu zülmət qaranlıqda mavi dənizləri, yamyaşıl ağacları, rəngarəng çiçəkləri, günəşin parıltılarını və rənglərin hər tonunu görə bilirik. İnsanın həyatı boyunca gördüyü hər görüntü beynin arxa tərəfindəki görmə mərkəzində meydana gəlir və bu mərkəz yalnız bir neçə kub santimetr böyüklüyündədir. Dar bir otağın görüntüsü də, geniş mənzərənin görüntüsü də beyindəki bu kiçik sahəyə sığır. İnsan yuxudaykən özünü çox gözəl avtomobil sahibi kimi görə bilər və o anı bütün gerçəkliyi ilə yaşaya bilər. Ancaq oyandığında yuxu gördüyünü anlayar. İnsan izah edilən bu gerçəklər haqqında bir az dərin düşünsə, bu heyrətamiz vəziyyəti açıq aşkar fərq edər. Yəni dünyadakı bütün hadisələrin bir xəyaldan ibarət olduğunu…
Böyük İslam Alimlərinin Maddənin Gerçəyi ilə Bağlı Fikirləri
“Kainatda nə varsa hamısı xəyaldır. Ya güzgülərdəki əkslərdir, ya da kölgələr kimidir.” (Mövlana Cami)
“Allah… yaratdığı varlıqların vücudlarını yoxluqdan başqa bir şey etməmişdir… Bütün bunları hiss və qavrayış dərəcəsində yaratmışdır… Aləmin varlığı hiss və qavrayış dərəcəsində olub maddi dərəcədə deyildir… Gerçək mənada xaricimizdə (xarici düyada) Uca Zatdan (Allahdan) başqası yoxdur.” (İmam Rəbbani Hz. Məktubları, cild II, 357. Məktub, sf. 163)
“O mövhum dairə, xəyalda təsvir edilir. O təsvir edildiyi mərtəbədə də görülür. Amma xəyal gözü ilə. Lakin xaricimizdə əsas göz ilə görüldüyü sanılır. Lakin vəziyyət elə deyil. Xaricimizdə onun nə adı vardır, nə də izi. Bəli belə bir vəziyyət yoxdur ki, orada görülsün. Güzgüdə əks olunan bir adamın üzü də bu şəkil üzrədir. Çünki onun xaricimizdə bir sabitliyi yoxdur. Əlbəttə onun sabitliyi və görünüşü- hər ikisi XƏYALDIR. Ən doğru bilən Sübhan Allahdır.” (İmam Rəbbani Hz. Məktubları, dəri II, 470. Məktub, sf. 1432)
“Hər varlıq yoxluqdur, Sən varsan ancaq” (Nizami Gəncəvi, İsgəndərnamə- Şərəfnamə)