Allah Peyğəmbərimizin (səv) və bütün möminlərin köməkçisi və qoruyucusudur. Allah Peyğəmbərimizə (səv) hər zaman kömək etmiş, onun üçün çətinlikləri asanlaşdırmış, yolunu açmış, onu maddi və mənəvi olaraq gücləndirmiş, saleh möminlərlə müdafiə etmiş, düşmənlərinin isə bəsirətlərini bağlayaraq, güclərini alaraq, tələlərini pozaraq Peyğəmbərimizə (səv) zərər vermələrinə mane olmuşdur. Allah Tövbə surəsində Peyğəmbərimizin (səv) köməkçisi olduğunu belə bildirir:

 

“Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir” (Tövbə surəsi, 40)

Ayədə bildirildiyi kimi, Peyğəmbərimiz (səv) heç bir zaman başqalarına möhtac olmamış, Allah ona hər zaman kömək etmişdir. Bu səbəbdən Peyğəmbərimizin (səv) yanında olan heç kim etdiyi xidmət və ya yardıma görə Peyğəmbərimizə (səv) minnət edə bilməzdi. Çünki həqiqətdə Peyğəmbərimizə (səv) kömək edən Allahdır və o şəxs olmasa da Allah başqa bir insanla mələkləri və ya cinləri vəsilə edib Peyğəmbərimiz hz. Muhəmmədə (səv) kömək edərdi.

Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (səv) insanlardan qorxmadan böyük bir cəsarətlə, haqq olaraq bildiyi dini insanlara təbliğ etməsini bildirmiş və onu qoruyacağını vəd etmişdir. Ayədə belə buyurulur:

“Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (belə) etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz”  (Maidə surəsi, 67)

Allahın gücünü, hadisələrin iç üzünü qavraya bilməyən dayaz və dar fikirli inkarçılar  Peyğəmbərimizə (səv) qarşı üstün olacaqlarını, onu qorxudacaqlarını və ya təsirsiz edə biləcəklərini sanmışlar və bu səbəbdən davamlı tələlər qurmuşlar. Bu insanlar Allahın Peyğəmbərimizi (səv) qorumasının fərqində deyildilər və bunu qavraya bilmirdilər. Özlərini Peyğəmbərimizdən (səv)  üstün və güclü zənn etmişlər. Ancaq Allah hamısının bir yerdə Ona qarşı qurduqları çox hiylələri pozmuş, hətta bir möcüzə olaraq qurduqları tələləri öz əleyhlərinə çevirmişdir. Heç bir hiylələri baş tutmamışdır. Bir yerə gəlib hiylələrini planlaşdırarkən Allahın onları gördüyünü, eşitdiyini, qəlblərindən keçənləri oxuduğunu anlaya bilməyən, Peyğəmbərimizdən (səv) gizlətsələr belə Allahdan gizləyə bilməyəcəklərini qavraya bilməyən, Peyğəmbərimizin (səv) bütün gücün sahibi olan Allahın sevimli qulu və dostu olduğunu düşünməyən bu insanlar üçün Allah Quranda belə bildirir:

“Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya (yurdundan) qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır” (Ənfal surəsi, 30)

Allah başqa bir ayəsində isə Peyğəmbərimizə (səv) heç kimin zərər verə bilməyəcəyini, Allahın, Cəbrailin və saleh möminlərin onun dostu, vəkili, dəstəkçisi olduğunu belə xəbər verir:

“Əgər ikiniz də Allaha tövbə etsəniz, (yaxşı olar). Çünki hər ikinizin qəlbi (günaha) meyl etmişdir. Əgər ona qarşı bir-birinizə kömək etsəniz, (bilin ki,) Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır” (Təhrim surəsi, 4)

Allah  Duha surəsində isə Peyğəmbərimizin (səv) üzərindəki kömək və nemətlərini belə bildirmişdir:

“Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu. Həqiqətən Axirət sənə dünya həyatından daha xeyirlidir. Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı?” (Duha surəsi, 3-8)

Peyğəmbərimiz (səv) hər işində, ən çətin anlarında belə Allahın ona kömək edəcəyini bilərək təvəkkül etmiş, qorxu və narahatlıq keçirməmişdir. Yanındakı möminlərə də Allahın özləri ilə birlikdə olduğunu, hər şeyi görüb eşitdiyini söyləmiş, onların da rahat olmalarına səbəb olmuşdur.

Peyğəmbərimizi (səv) nümunə götürərək onun yolunu izləyənlər də  Allahın rəhmətindən və köməyindən heç bir zaman ümid kəsməməli, Allahın razılığını, rəhmətini və cənnətini ümid edərək yaxşı işlər görməklə yarışdıqları müddətcə Allahın daim onların yanında olduğunu bilməlidirlər. Allah bir ayəsində möminlərə belə vəd edir:

“Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir” (Həcc surəsi, 40)