Körfəz müharibələri, İran-İraq müharibəsi, vətəndaş müharibəsi, Amerikanın İraqdan geri çəkilməsi və indi isə İŞİD. OPEC-in məlumatlarına görə İraq 1980-ci ildən günümüzə qədər dinclik tapmamışdır.
İraqda yaşayan türkmən qardaşlarımız da son illərdə Maliki rəhbərliyinin yanlış siyasətləri nəticəsində əzildilər. Türkmənlər illər əvvəl arxiv bürosunun yanmasının nəticəsində keçmişlə olan əlaqələrini itirdilər. Sonra bölgədəki köçürmə siyasətinə əsasən, ölkədəki millətlərə nisbətdə sayca daha az oldular və hazırda da İŞİD təhlükəsi ilə üz-üzədirlər.
İraq mərkəzi rəhbərliyinin sünni, türkmən və kürdləri xaric etməsindən sonra İraq demək olar ki, 3 hissəyə bölünəcək. Bağdad ilə Suriya və İordaniyanın arasında artıq İŞİD də var. Bağdad rəhbərliyinin ölkənin qərbi və şimalı ilə əlaqəsi yox olmaq üzrədir.
Halbuki İraqda müxtəlif məzhəbdə xalqlar illərdir ki, mehriban şəkildə yaşamışlar. İkinci Körfəz müharibəsindən sonra isə bölgədə məzhəb və milliyyətə görə ciddi ayrı-seçkilik başladı. Xüsusilə, 2010-cu il seçkilərindən sonra Malikinin ölkədə sünniləri və digərlərini əcnəbiləşdirmə siyasəti də şiələşdirmə siyasətinə dayanırdı.
İraq Kürdüstan Muxtariyyəti və Bağdad mərkəzi hökuməti arasında Şimali İraqda çıxarılan neftə görə narazılıqlar oldu. Muxtariyyətin ən böyük hədəfi Mosul və Kərkükü almaqdır. Amma onlar da Kərkükü bu qədər asan və problemsiz ala biləcəklərini düşünməmişdilər.
İŞİD-in Mosulu işğal etməsi ilə Bərzaniyə aid fədailər türkmənlərin çağırışı ilə Kərkük və Tuzhurmatuya girib təhlükəsizliyi təmin etdilər. İŞİD isə verdiyi açıqlamalarda hədəfinin Bağdad və İraqın cənubu olduğunu, Muxtariyyət ilə ziddiyyət yaşamaq istəmədiyini açıqladı.
PKK-nın isə İŞİD hadisələrinə yanaşması daha hiyləgərdir. Suriyada əsasən kürdlərdən təşkil olunan Demokratik Birlik Partiyası (PYD), Kürdlərin Xalq Müdafiə Bölmələri (YPG) İŞİD ilə girdiyi döyüşdə böyük itkilər verdi və bu məğlubiyyət PKK-nın Şimali Suriya planlarına çox böyük zərər vurdu.
PKK bir tərəfdən Kürdüstan Muxtariyyəti ilə, digər tərəfdən Avropa ölkələri ilə yaxınlaşmağa çalışır. Avropaya onların haqqlarını onlar adına İraqda qorumağı təklif edir və bunun nəticəsində də Beynəlxalq Terror Təşkilatı siyahısından çıxmağı hədəf alıb.
İraqın digər qonşusu İran Yaxın Şərqdə çox mühüm güc sahibidir. Şiələr bu gücdən əsaslı şəkildə istifadə edirlər.
İranın “İraq siyasəti” Suriyadakı ilə eynidir. Zorba Malikini hər cür dəstəkləyən İran İraqda da Suriyada istifadə etdiyi taktika üzrə hərəkət edir. Əsəd isə çətinliyə düşdükdə Hizbullahın dəstəyi ilə müxaliflərə qarşı mühüm qələbə əldə etmişdir. İŞİD-lə müharibədə qısa müddətə “İraq Hizbullahı” ifadəsinə də rast gələ bilərik.
Nəcəf və Kərbəla İran üçün mühüm ərazilərdir. İŞİD bu torpaqlara hücum edərsə, İran hər an müdaxilə edə bilər. ABŞ-ın son zamanlar İranla yaxınlaşması və bölgəyə hərbi müdaxilə etməməsi bu mümkün müdaxiləyə qarışmayacağı demək deyil.
Rusiya isə məsələyə enerji gəlirləri baxımından yaxınlaşır. Hər hansı səbəblə olur-olsun, neftin qiymətindəki artım Rusiyanın işinə yarayır, çünki ölkəsinin gəlirinin böyük hissəsini enerji qaynaqlarının satışı ilə əldə edir. Region ölkələrinin zəif, səssiz qalması Rusiyanı məmnun edir. Rusiyanın bölgədəki əsas marağı dəniz bazasıdır.
Suriyada fəaliyyət göstərən İŞİD-in bütün diqqətini İraqa yönəltməsi isə ən çox Əsədin maraqlarına uyğun gəlir. İŞİD-in Suriyada Əsəd rejimi ilə deyil, müxaliflərlə münaqişə apardığını hər kəs bilir. İŞİD müxaliflərdən ələ keçirdiyi torpaqları bir müddət sonra Əsədə verir, amma daha çox güclənmiş İŞİD artıq Əsəd üçün də təhlükəlidir. Bundan başqa, Suriyanın şimalında ələ keçirdiyi Rakka şəhərində çıxarılan nefti Əsədə sataraq böyük qazanc əldə edir. İŞİD-in büdcəsi Suriyadakı müharibə zamanı təxminən 900 milyon dollar olduğu bilinirdi, amma Mosulda əldə etdikləri də hesablandıqda bu məbləğin 2 milyard dollar olduğu iddia edilir.
2011-ci ildən etibarən hərbi qüvvələrini İraqdan çıxarmağa başlayan ABŞ İraqdakı məsələləri diqqətlə izləyir. Bəsrəyə istiqamətləndirdiyi hava qüvvələri ilə mümkün hava hücumunu da gündəmində saxlayır. ABŞ rəhbərliyi bundan başqa, İraqa 300 hərbi təlimçi göndərmək qərarı da qəbul edib.
İraqın indiki vəziyyətə gəlməsinin ən əsas səbəbləri ölkə daxilində məzhəblər, tayfalar arasında münaqişələrdir ki, bunun nəticəsində də Qərb ölkələri ölkənin enerji qaynaqları üzərində daha çox səlahiyyət sahibi olmaq üçün mübarizə aparır.
İraq Mosul tərəfdə sünnilər, cənubda şiələr və şimalda İraq Kürdüstan Muxtariyyəti olmaqla 3 hissəyə bölünmək üzrədir. İŞİD İslam dövlətini qurduğunu hətta elan edib də. İngiltərə və Fransanın rəhbərliyi altındakı qərblilərin 20-ci əsrin əvvəllərindəki “parçala və hökmranlıq et” siyasəti demək olar ki, tamam tətbiq olunur.
Müsəlmanlar Qərb dünyasının tətbiq etdiyi bu siyasətdən yalnız birlik olaraq, birləşərək xilas ola bilərlər. Əksi olduqda, yəni müsəlmanlar ayrılıqlara son qoymadıqca bugünkü müharibələr, ölümlər, qırğınlar yenə də davam edər.
İraqda müstəqilliyini elan edən kiçik sünni, şiə, kürd dövlətləri İraq cəmiyyətinə heç bir fayda vermir, yalnız Qərb ölkələrinin maraqlarına xidmət edir. İraqda edilməli olan ən vacib şey məzhəb müharibələrinə son qoyulması və cəmiyyətin qarşılıqlı sevgi, şəfqət və hörmətlə birlik halında həyat sürmələrinin təmin edilməsidir.
İraq xalqı ilk əvvəl öz daxilində birliyi təmin etməli, sonra isə bölgə xalqlarının birləşməsi və müharibələrə son qoyulması üçün qabaqcıl olmalıdır. Mesopotamiya ərazisində Osmanlı rəhbərliyi altında əsrlərlə qardaşca yaşamış bu cəmiyyətlər yenidən birlik içində yaşaya bilərlər, əsas odur ki, tək həll yolunun yalnızca bunun olduğunu görə bilsinlər.