Zəka insanın düşünmək, həqiqətləri dərk etmək, analiz etmək və nəticə çıxarmaq bacarıqlarının məcmusudur. Hadisələri anlamaq, öyrənmək, təhlil etmək bacarığı beş duyğu orqanının, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət edilməsi isə zəka vasitəsilə həyata keçirilir. Zəkaya aid nəzəriyyələrin hamısında zəkanın insanın anadangəlmə xüsusiyyəti olması, əsasən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından biri olduğu bildirilir.
Zəkanın yeri: Beyin
Belə hesab edilir ki, zəka beyində yerləşir. İnsanın beynində 10 milyarddan çox sinir hüceyrəsi var və hər bir hüceyrə təxminən 10000 hüceyrə ilə silsilə şəklində fəaliyyət göstərir. Neyron adlanan bu sinir hüceyrələrində siqnallar çox mürəkkəb elektrokimyəvi proseslər nəticəsində meydana gəlir və saniyədə 1000-ə yaxın titrəşmələr şəklində ötürülür.
“İnsan yeni tanış olduğu bir mühitdə hər hansı bir məsələni həll edərkən beyninin hansı hissələrindən istifadə edir?” sualı zəkanın iki ünsürünü ortaya çıxarır. Bunlar “yeni bir informasiyanı üzərində işləmə sürəti” və “yaddaşın sürəti”dir. Zəkalı insanlar qısa müddətli yaddaşlarında daha çox məlumat saxlaya bilir və bu məlumatlar vasitəsilə müxtəlif fəaliyyətlər göstərə bilirlər.
Tədqiqatlar göstərir ki, zəkalı insanlar beyin fəaliyyətlərini daha kiçik hissələrə sığdıraraq mürəkkəb fəaliyyətləri həyata keçirə bilirlər. Bu şəxslərin beyinlərindəki fəal hissələr həmin iş üçün yararlı hissələrdir. Daha az bacarıqlı insanlar isə eyni fəaliyyət üçün beyinlərində daha geniş hissəni fəallaşdırmalı və bunun üçün də daha çox enerji sərf etməlidirlər. Qısası, elmi dəlillər zəkalı insanların fəaliyyətlərinin daha faydalı olduğunu sübut edir. Bunun səbəbi nədir?
Beyinin əsasını sinir hüceyrələri, yəni neyronlar təşkil edir. Neyron adlandırılan sinir hüceyrələri digər hüceyrələrdən fərqli olaraq, dendrit və akson adlı hissələrə bölünür. Dendrit çox sayda qısa çıxıntılardan əmələ gəlir və hüceyrənin kökləri kimidir. Aksonlar isə hüceyrənin gövdəsindən çıxan uzun, bir hissədən ibarət, siqnalların göndərildiyi incə liflərdir. Aksonlar xəbərlərin beyinə daşınmasına xidmət edir. Beynimizdəki sinir hüceyrələrinin yüz trilyon əlaqə qovşağı var. Bu əlaqə qovşaqlarında hər zaman böyük molekulyar proseslər baş verir. Hər sinir hüceyrəsində məlumatları almaq üçün dendritlər, məlumatların göndərilməsi üçün aksonlar hazır vəziyyətdə olurlar. Dendritlərin və aksonların ətrafı onları qoruyan “miyelin” adlı maddə ilə örtülür. Hüceyrələrarası informasiyanın ötürülməsi isə sinapslar vasitəsilə həyata keçirilir. Sinapslar qonşu sinir hüceyrələrinin bir-birlərinə çox yaxınlaşdıqları, ancaq toxunmadıqları kiçik hissələrdir.
Yuxarıdakı məlumatlara əsaslanaraq deyə bilərik ki, insanlar arasındakı zəka fərqləri dendrit, neyron, sinapsların sayı və sinapslardakı məlumat ötürülməsinin keyfiyyəti və ya miyelinin keyfiyyəti kimi bir çox səbəblərdən qaynaqlana bilər. Ancaq bu səbəblərin heç birini ölçmək və dəyərləndirmək mümkün deyil. Buna görə də zəkanın bioloji əsaslarını dərk etməyimizə kömək edən iki model var.
1. Miyelin hipotezi
Bir elektrik kabeli daha yaxşı izolyasiya edildikdə elektriki daha sürətli ötürür, daha yararlı işləyir və qısa qapanma ehtimalı az olur. Eləcə də, daha sağlam şəkildə miyelinlə örtülmüş aksonlar daha tez işləyir və daha az itki verirlər. Bu, insanın inkişafı ilə də əlaqəlidir. İnsanın öyrənmək bacarığı həyatının ilk 15 ili ərzində sürətli olur, 65 yaşından sonra isə zəifləməyə başlayır. Bu, miyelinin əmələ gəlməsi və məhv olması ilə əlaqədardır.
2. Neyral seçmə hipotezi
İnsanın beynindəki sinapsların sayı olduğu kimi qalmır. İnsan böyüdükcə beynində yeni əlaqələr yaranır. Ancaq bu əlaqələr zaman keçdikcə zəifləməyə başlayır. Bu prosesə neyral təmizləmə və ya neyral seçmə deyilir. Həyatın ilk 5 ilində əmələ gələn əlaqələr 15-ci ilinə qədər seçilib təmizlənməyə başlayır. Öz-özünü araşdıran, tədqiq edən, təhlil edənin hüceyrələrin deyil, bir şüurun olması aşkar həqiqətdir. Əlbəttə, bu şüur beyini əmələ gətirən sinirlər, yağ təbəqəsi və sinir hüceyrələrinə aid deyil. Buna görə bu suala hər şeyin maddədən ibarət olduğunu iddia edən materialistlər və darvinistlər cavab verə bilmirlər. Çünki bu şüur Allah`ın yaratdığı ruhdur. Allah bu hissləri hər insanın ruhu üçün ayrı-ayrı yaradır. Bu hissləri yaradan Allah tək mütləq varlıqdır.
Zəka və ağılın fərqi
Zəka və ağıl çox vaxt eyni mənada işlədilir, əslində, tamamilə fərqli anlayışlardır. Zəka səbəb və nəticə arasındakı əlaqələri tapmaq, oxşarlıqları və fərqləri dərk etməkdir. Ağıllı insan həm zəkanın verdiyi bütün üstünlüklərə, həm də zəkalı insanın sahib olmadığı bir xüsusiyyətə malikdir.
Ağıl zəkadan daha üstün anlayışdır, dərin düşüncə, doğrunu dərk etmək və hər məsələnin həllini tapmaq bacarığıdır. Bundan başqa, ağıl insanın həyatının hər sahəsinə hakim olan və bir çox məsələdə uğurlu olan bacarıqdır. İnsanın doğrunu yanlışdan ayırmasını və beləliklə, həyatın hər mərhələsində doğru şəkildə düşünməsini və hadisələri düzgün dəyərləndirməsini və qərar verməsini təmin edir. İnsana bu bacarığı qazandıran yeganə xüsusiyyət isə imandır. Allah iman gətirib O`ndan qorxub-çəkinən insanlara Qatından xüsusi bir anlayış verir. Quranda Allah qorxusunun insana qazandırdığı bu anlayış belə ifadə edilmişdir:
“Ey iman gətirənlər! Əgər Allah’dan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!” (Ənfal surəsi, 29)