“Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?! (Maidə surəsi, 50)
Ayədə yeganə hökm sahibinin Allah olduğu xəbər verilir. İman gətirənlər üçün yeganə yol göstərici Allahın elçiləri və Allahın sözü olan Qurandır. Quranda inananların: “Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam? (Ənam surəsi, 164)” – dedikləri bildirilir.
İman gətirənlər həmişə Allahın əmrlərinə görə hərəkət edir, Quranda qadağan edilən hər cür düşüncə və rəftardan çəkinirlər. Hər hansı bir işi görərkən və ya bir qərar verərkən o mövzu haqqında Allahın nə əmr etdiyini düşünür, dərhal Quran ayələrinə və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə müraciət edirlər. Öz həvəs və istəklərinə, yaşadıqları cəmiyyətin batil ənənələrinə, ya da atalarının adətlərinə görə deyil, yalnız Allahın əmrlərinə əsasən hərəkət edirlər.
Allahı yeganə hökm sahibi kimi qəbul etməyən, Allahın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərinin xaricində hökmlər qoyan insanlar doğru yoldan sapmış olurlar (Allahı tənzih edirik). Bu insanlar cəmiyyətdə geniş şəkildə qəbul edilən batil qaydaları (Allahı tənzih edirik) Allahın hökmlərindən üstün hesab edirlər. Hətta vicdanları qəbul etsə də, qürurlarından və fanatik düşüncələrindən ötrü gözəl və doğru olan hökmü qəbul etmirlər. Bəzi insanların bu səhv dünyagörüşləri Allahın dinini qəbul etmələrinə və iman gətirmələrinə daim mane olmuşdur. Halbuki, Quran əxlaqına uyğun olmayan hər düşüncə və hər davranış səhvdir. Quranda insanların axirətdə Allahın hökmlərindən sorğu-sual ediləcəkləri bildirilir.
İman gətirən bir insan üçün bütün insanların hansı inanca sahib olması, ya da dinlərini necə tətbiq etməsi qətiyyən əhəmiyyətli deyil. Əhəmiyyətli olan Allahın Quranda insanlara bildirdikləri və Peyğəmbərimizin (s.ə.v) tətbiqləridir. Quran endirildiyi dövrdə Allah insanların bir çoxunun batil inanc və tətbiqlərini ortadan qaldırmışdır. İnsanların o dövrdə söylədikləri sözlər, atdıqları böhtanlar və düşmən rəftarları Peyğəmbərimizin (s.ə.v) din əxlaqını yaşamasına mane olmamışdır. Hal-hazırda da iman gətirənlər Allaha, Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə möhkəm bağlanmalı, Allahın Quranda bildirdiklərinin xaricində özlərinə yol axtarmamalıdırlar.