Əsrlər boyu müharibə və qətliamlara meydan olan Yaxın Şərq dünyada ən çox qan tökülən bölgələrin siyahısında ilk pilləni tutur. “Bahar” ümidi ilə başlayan çevrilişlərin sülh, dinclik və sabitlik əvəzinə, daha çox qan və şiddətə səbəb olması bölgəni xarabalığa çevirərək gələcəyini qeyri-müəyyənliyə aparır. İnqilab ardıcıllığının ən ağır hesabatı isə, şübhəsiz ki, Suriyada qeydə alındı.
Tarix boyunca bir çox mədəniyyətə ev sahibliyi etmiş Suriya bu gün bölünmüş, ictimai quruluşu parçalanmış və tənəzzülə yaxınlaşmış bir ölkədir. Demək olar ki, hər tərəfinə dərd-qəm hakimdir. Beş ilə çatan vətəndaş müharibəsinin başlama səbəbi gənclərin azadlıq axtarışı olsa da, arxa planda məzhəb davaları, iqtisadi böhran, işsizlik, gəlirin paylanmasındakı ədalətsizliklər, fərdi məhdudiyyətlər və hakimiyyətin zor tətbiqi kimi faktorlar var. Bu amillər çevriliş atəşi içindəki kiçik bir qığılcımı vətəndaş müharibəsinə çevirirkən, baş verənlərdən ən çox zərər görənlər də bir tərəfdə rejim və müxaliflər, digər tərəfdə İŞİD və Əl-Nusra kimi radikal qruplaşmaların arasında qalan məzlum suriyalılardır.
Azadlıq və demokratiya axtararkən özlərini müharibənin mərkəzində tapan və şaxələnmiş qruplaşmaların mübarizəsinin qanlı cəbhələrində yaşamağa çalışan suriyalılar təsviri mümkün olmayan iztirablar çəkirlər. Demokratik, müstəqil bir həyata qovuşa bilmədikləri kimi, canlarını, övladlarını, evlərini, yurdlarını, mallarını, mülklərini itirirlər. Üstəlik yaxın və ya uzaq müddətdə hərbi və ya siyasi həllin baş tutacağına, sülhün bərqərar olacağına və ölkələrinin keçmiş günlərinə geri qayıdacağına dair kiçik bir əlamət də yoxdur. BMT Suriyadakı xüsusi nümayəndəsi Staffan de Mistura insani vəziyyətin gündən-günə daha da pisləşdiyi Suriyanın son vəziyyətini Amanpurun CNN-dəki proqramında bu şəkildə izah etdi: “Prezident Əsəd daxil olmaqla, hər kəs öz vicdanında bilir ki, burada hərbi müvəffəqiyyətdən bəhs etmək mümkün deyil. Bunun göstəricisi göz qabağındadır: “dörd il ərzində həyatını itirən 220 min insan və 1 milyon yaralı.”1
Çox sayda olan ölü və yaralılarla yanaşı, 4 milyona qədər insan ölkəsini tərk etmək məcburiyyətində qaldı, 7 milyon insan ölkə daxilində qaçqın statusunu aldı. Suriyalı Amerika Tibb Assosiasiyasının son hesabatına görə bu gün Suriyada mühasirədə yaşayan insanların sayı təqribən 650 minə çatıb.2 On mindən çox suriyalı uşaq həyatını itirdi, minlərlə uşaq aclıqla və xəstəliklə mübarizə aparır, bir çoxu dəstələrə daxil edildi, əsgərliyə məcbur edildi. Uzun köçkünlük dövrü və pis şərtlər səbəbindən 18 yaşdan aşağı təqribən 2 milyon suriyalı uşaq itmiş nəsil olmaq riskindədir.
Müharibənin təsirinə ən çox məruz qalan yerlərdən biri də Şamın mərkəzindən təxminən 10 km uzaqlıqda yerləşən Yərmuq qaçqın düşərgəsidir. 1948-ci ildə İsrail dövlətinin qurulması ilə yaşadıqları torpaqlardan zorla çıxarılan fələstinlilərin bir qismi Suriyaya sığınmış və onlar üçün yaradılmış qaçqın düşərgələrinə yerləşmişdilər. Yərmuq düşərgəsi müharibəyə qədər bu düşərgələrin ən böyüyü və ən inkişaf etmişi idi.
Suriya vətəndaşı olmayan, lakin ölkə daxilində səyahət azadlığı, təhsil hüququ kimi əsas haqlara sahib olan, dövlət məmuru ola bilən, istədikləri işi görə bilən, dövlətə aid xəstəxana və məktəblərdə pulsuz xidmətdən yararlana bilən bütün fələstinlilər kimi Yərmuqdakı köçkünlər də müharibəyə qədər suriyalılardan çox da fərqli yaşamırdılar. Minlərlə yaşayış yeri, məktəbləri, məscidləri, xəstəxanaları, çorəkçiləri, şirniyyat evləri, hətta qadınları üçün gözəllik salonları, gənclər üçün internet klubları3 olan düşərgədə həyatları sakit bir şəkildə davam edirdi. Hal-hazırda yerlə bir olmuş düşərgədə yalnızca 20 minə yaxın insanın yaşadığı bildirilir.
Müharibənin hesabatını ən ağır şəkildə ödəyən bölgələrdən biri olan Yərmuq düşərgəsində bu günə qədər aclıq və xəstəliklər səbəbindən həyatını itirənlərin sayı 200-dən çoxdur.4 İnsanlar həyatda qala bilmək üçün ot yeyir, içməli su kimi də əritdikləri qarı istifadə edirlər. Su qıtlığı, elektrik, yanacaq və dərman yoxluğuna görə artan xəstəliklər müalicə edilə bilmir, çünki bölgədəki bütün təcili yardım və sağlıq mərkəzləri bağlıdır. Mühasirə səbəbindən üç aydır qida yardımı edilməyən düşərgəyə, nəhayət ötən günlərdə yardım çatdırıla bildi.
BMT Fələstinli Köçkünlərə Yardım Təşkilatının başçısı Pyer Krahenbühlün Yərmuqa səfərindən sonra söylədikləri düşərgənin vəziyyəti haqqında əhəmiyyətli məlumatlar verdi: “Yərmuqa səfərimdə müharibənin insanlara nələr edə bildiyini gördüm. Həyatlarını itirən, dolanacaq imkanları olmayan, psixoloji travma alan, bir çox sağlamlıq problemi olan, elektrik və su qıtlığı çəkən insanların vəziyyəti Yərmuqu inanılmaz bir hala salır. Yərmuq fələstinli və suriyalı köçkünlərin necə ağır mərhələdən keçdiyinin bir simvoludur.”5 Yenə eyni təşkilatın direktoru olan Robert Törner isə Yərmuq düşərgəsindəki vəziyyəti bu sözlərlə təsvir edir: “Qorxunc mənzərələri görüb təsirlənməmək mümkün deyil. Görüntülər ürək ağrıdır. Yan-yana düzülmüş tutqun, zəif üzlər, kirli çöhrələr, kədərli bir ana, uzun müddətdir itmiş qızına qovuşan bir atanın sevinc göz yaşları... Bütün bunlar gecə bülletenlərinin dəyişməz xəbərlərinə çevrilib.”6
Həqiqətən də Suriyada və Yərmuq düşərgəsində davam edən insanlıq dramı bütün dünyanın gözləri qarşısında baş verdiyi halda bir çoxları səsini çıxarmır. Halbuki vicdanlı olan hər kəs zülm altındakı məzlumlar üçün bir şeylər edə bilər; aclıq və ədalətsizliklə mübarizə aparan bütün təşkilatlar və vətəndaş cəmiyyətləri ictimai media və informasiya texnologiyalarından istifadə edərək ictimai fikir formalaşdıra bilərlər; istər yazılı və əyani mediada, istərsə də cəmiyyətlərin bütün təbəqlərində bu zülmün sona çatması üçün böyük bir təşviqat kompaniyası başlada bilərlər. Dünyada baş verən zülmə tamaşaçı olmamaq və işıqlı bir gələcəyə birlikdə inşa etmək üçün yaxşıların birləşməsi mütləqdir.
..............................................................
1. http://transcripts.cnn.com/TRANSCRIPTS/1503/05/ampr.01.html
3. http://www.bbc.co.uk/news/world-middle-east-11072328
5. http://www.bbc.co.uk/programmes/p02l69yh
6. http://www.huffingtonpost.com/robert-turner/dont-forget-gaza_b_4967649.html
Adnan Oktarın New Straits Times & Daily Mail & Indian Muslim Observerdə yayımlanan məqaləsi:
http://dailymailnews.com/2015/04/23/syrias-human-tragedy/
http://indianmuslimobserver.com/2015/04/27/the-human-tragedy-in-syria-and-yarmouk-still-continuing/