Əsirlər boyu müharibə və qətliamlara səhnə olan Yaxın Şərq dünyada ən çox qan tökülən bölgələrin başında gəlir. «Bahar» ümidi ilə başlayan inqilabların sülh, hüzur və sabitlik yerinə daha çox qan və zorakılığa səbəb olması bölgəni xarabalığa çevirərkən, gələcəyini də qeyri-müəyyənliyə aparmış oldu. İnqilabın ən dəhşətlisi isə şübhəsiz Suriyada baş verdi.
Tarix boyunca bir çox mədəniyyətə ev sahibliyi etmiş Suriya bu gün bölünmüş, cəmiyyəti parçalanmış və məhvə yaxınlaşmış bir ölkədir. Demək olar ki, hər tərəfinə əzab-əziyyət hakimdir. Beşinci ilə qədəm qoyan vətəndaş müharibəsinin görünən başlanğıc səbəbi kimi gənclərin azadlıq axtarışı olsa da arxa planda məzhəb savaşları, iqtisadi böhran, işsizlik, gəlir bölgüsündəki ədalətsizliklər, məhdudiyyətlər və rəhbərliyin təzyiq siyasəti kimi amillər var. Müxaliflərin qidalandığı bu amillər inqilab alovu içərisindəki kiçik bir qıvılcımı vətəndaş müharibəsinə çevirdi. Bunlardan ən çox zərər görən bir tərəfdən rejim və müxaliflər, digər tərəfdən İŞİD və əl-Nüsra kimi radikal təşkilatların arasında qalan məzlum suriyalılardır.
Müstəqillik və demokratiya axtarışı içində olarkən birdən-birə müharibənin ortasında qalan və çox saylı təşkilatların mübarizəsinin qanlı cəbhələrində həyatlarını davam etdirməyə çalışan suriyalılar dilə gətirilməsi mümkün olmayan əziyyət çəkir.
Demokratik, müstəqil həyata nail olmadıqları kimi, canlarından, övladlarından, evlərindən, yurdlarından, mallarından, mülklərindən də məhrum oldular. Üstəlik yaxın və ya uzaq gələcəkdə hərbi və ya siyasi həll yolunun gətiriləcəyinə, sülhün təsis olunacağına, ölkələrinin keçmiş günlərinə geri qayıdacağına dair heç bir işarət yoxdur. BMT-nin Suriya xüsusi nümayəndəsi Staffan de Mistura insani vəziyyətin gün keçdikcə daha da pisləşdiyi Suriyanın gəldiyi son nöqtəni Amanpourun CNN-dəki proqramında bu şəkildə yekunlaşdırdı: "Prezident Əsəd də daxil olmaqla hər kəs vicadani olaraq bilir ki, burada hərbi nailiyyətdən bəhs etmək mümkün deyil. Bunun göstəricisi göz qabağındadır. Dörd il əzində həyatını itirən 220 min insan və bir milyon yaralı".[1]
Çox saylı ölü və yaralıdan əlavə 4 milyona yaxın insan ölkəsini tərk etmək məcburiyyətində qaldı. 7 milyon insan öz ölkəsində qaçqın oldu. Suriyalı Amerika Tibb Dərnəyinin son hesabatına görə, bu gün Suriyada mühasirədə yaşayanların sayı 650 min nəfərə yaxındır.[2] On mindən çox suriyalı uşaq həyatını itirdi, minlərlə uşaq aclıq və xəstəliklərlə mübarizə aparır, bir çoxu quldur dəstələrinə daxil olundu, əsgər olmağa məcbur edildi. Uzun müddət davam edən qaçqınlıq və ağır həyat şəraitinə görə 18 yaşından aşağı təxminən 2 milyon suriyalı uşaq itkin nəsil olma riski altındadır.
Müharibənin ən çox zərər verdiyi yerlərdən biri də Şamın mərkəzinə təxminən 10 km yaxınlıqda olan Yərmuq qaçqın düşərgəsidir. 1948-ci ildə İsrail dövlətinin qurulması ilə birlikdə yaşadıqları torpaqlardan zorla köçürülən fələstinlilərin bir hissəsi Suriyaya sığınmış və onlar üçün hazırlanan qaçqın düşərgələrində yerləşmişdilər. Yərmuq düşərgəsi müharibəyə qədər düşərgələrin ən böyüyü və ən inkişaf etmişi idi.
Suriya vətəndaşı olmayan, ancaq ölkə içində hərəkət etmə müstəqilliyi, təhsil alma hüququ kimi bəzi əsas hüquqlara malik olan, dövlət qulluqçusu ola bilən, istədikləri işi görə bilən, dövlət xəstəxanaları və məktəblərində pulsuz xidmət görən bütün fələstinlilər kimi Yərmuqdakı qaçqınlar da müharibəyə qədər suriyalılardan elə də fərqli yaşamırdılar. Minlərlə mənzil korpusu, məktəbləri, məscidləri, xəstəxanaları, şirniyyat evləri, qadınlar üçün gözəllik salonları, gənclər üçün internet kafeləri olan [3] düşərgədəki həyatları sakit davam edirdi. Hazırda yerlə bir olmuş düşərgədə təkcə 20 min insanın olduğu bildirilir.
Savaşın hesabını ən ağır şəkildə ödəyən bölgələrdən biri olan Yərmuq düşərgəsində bu günə qədər aclıq və xəstəliklərdən ölənlərin sayı 200-dən çoxdur. [4] İnsanlar həyatlarını davam etdirə bilmək üçün ot yeyir, içməli su olaraq da əritdikləri qardan istifadə edirlər. Su, işıq kəsildiyindən, yanacaq və dərman yoxluğundan artan xəstəliklər müalicə edilə bilmir. Çünki bölgədəki bütün təcili yardım və səhiyyə müəssisələri bağlıdır. Mühasirəyə görə üç aydır qida yardımı ala bilməyən düşərgəyə nəhayət ki, bu yaxınlarda yardım çatdırıldı.
BMT-nin Fələstinli Qaçqınlara Yardım Cəmiyyətinin sədri Pierre Krahenbühlün Yərmuqa ziyarətindən sonra söylədikləri qaçqın düşərgəsi haqqında önəmli ipucu verir: "Yərmuqa etdiyim ziyarətdə müharibənin insanlara nələr etdiyini gördüm. Həyatlarını itirən, psixoloji travma keçirən, bir çox sağlamlıq problemi olan, elektrik və sudan məhrum insanlarn vəziyyəti Yərmuqu inanılmaz hala gətirir. Yərmuq fələstinli və suriyalı qaçqınların necə çətin mərhələlərdən keçdiyinin simvoludur".[5] Yenə eyni Cəmiyyətin direktoru Robert Törner isə Yərmuq qaçqın düşərgəsindəki vəziyyəti bu sözlə dilə gətirir: "Dəhşətli mənzərələri görüb təsirlənməmək mümkün deyil. Görüntülər əzab vericidir. Yan-yana durmuş arıq adamlar, çirkli simalar, BMT qida yardımlarını gözləyən, acından pərişan olmuş uşaqlar, uşağını itirmiş kədərli ana, uzun müddət itkin düşmüş qızına qovuşan atanın sevinc gözyaşları… Bütün bunlar gecə buraxılışlarının dəyişməz xəbərləri halına gəldi".[6]
Həqiqətən də Suriya və Yərmuq qaçqın düşərgəsində davam edən insanlıq faciəsi bütün dünyanın gözü önündə cərəyan etdiyi halda, lazımı qədər səs gətirmir. Halbuki vicdan sahibi hər kəs zülm görən məzlumlar üçün nəsə edə bilər. Aclıq və ədalətsizliklərlə mübarizə aparan bütün cəmiyyətlər və qeyri-hökumət təşkilatları sosial şəbəkə və komunikasiya texnologiyalarından istifadə edərək ictimai rəy yarada bilər. Bütün yayım-media təşkilatları zülmün sona çatması üçün böyük kampaniya başlada bilər. Dünyada yaşanan zülmə seyirci qalmamaq və aydınlıq gələcəyi birlikdə inşa etmək üçün yaxşıların birləşməsi şərtdir.
[1] http://transcripts.cnn.com/TRANSCRIPTS/1503/05/ampr.01.html
[2]http://www.usnews.com/news/world/articles/2015/03/20/apnewsbreak-report-says-640-200-syrians-in-besieged-areas
[3] http://www.bbc.co.uk/news/world-middle-east-11072328
[4]http://www.aljazeera.com/news/middleeast/2015/01/yarmouk-camp-victim-water-wars-syria-201514102955303689.html
[5] http://www.bbc.co.uk/programmes/p02l69yh
[6] http://www.huffingtonpost.com/robert-turner/dont-forget-gaza_b_4967649.html
Adnan Oktarın «New Straits Times & Daily Mail & Indian Muslim Observer»da nəşr olunan məqaləsi:
http://dailymailnews.com/2015/04/23/syrias-human-tragedy/
http://indianmuslimobserver.com/2015/04/27/the-human-tragedy-in-syria-and-yarmouk-still-continuing/