Fizikanın əsas qanunlarından biri olan Termodinamikanın ikinci qanununa görə, kainatda təbii amillərin təsirinə məruz qalan bütün sistemlər zaman keçdikcə dağılıb məhv olur. Canlı-cansız hər şey zaman keçdikcə aşınır, çürüyür, parçalanır, dağılır və xarab olur. Bu, geç-tez hər varlığın qarşılaşacağı mütləq sondur və həmin qanuna əsasən, bu prosesdən qaçış yoxdur.
Bu hər kəsin həyatı boyunca müşahidə etdiyi haldır. Məsələn, bir avtomobili səhraya qoysanız və bir neçə ay sonra gedib baxsanız, əlbəttə ki, onun əvvəlkindən daha təkmil və yaxşı formada olduğunu görməyəcəksiniz. Əksinə, şinlərinin partladığını, şüşələrinin qırıldığını, kapotunun paslandığını, motorunun çürüdüyünü görəcəksiniz. Eyni proses canlı varlıqlarda daha sürətlə müşahidə edilir.
Termodinamikanın ikinci qanunu bu təbii prosesin fiziki düstur və hesablamalarla ifadə edilmə formasıdır.
Bu məşhur fikiza qanunu “Entropiya qanunu” da adlandırılır. Entropiya fizikada bir sistemin ehtiva etdiyi nizamsızlığın ölçüsüdür. Bir sistemin nizamlı, mütəşəkkil və planlı formadan nizamsız, dağınıq və plansız formaya düşməsi o sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq nə qədər çoxdursa, o sistemin entropiyası da o qədər yüksəkdir. Entropiya qanunu bütün kainatın müntəzəm olaraq daha nizamsız, plansız və dağınıq formaya doğru getdiyini ortaya qoymuşdur.
Termodinamikanın ikinci qanunu və ya digər adı ilə Entropiya qanununun nəzəri və təcrübi cəhətdən doğruluğu qəti şəkildə sübut edilmişdir. Belə ki, əsrimizin ən böyük elm adamı kimi qəbul edilən Albert Eynşteyn bu qanunu “bütün elmlərin birinci qanunu” kimi təsvir etmişdir, həmçinin Arthur Edinqton bütün kainatın ən üstün metafizik qanunu kimi təsvir etmişdir. (Jeremy Rifkin, Entropy: A New World View, New York: Viking Press, 1980, s. 6)
Təkamül nəzəriyyəsi isə bu əsas fiziki qanunu görməzliyə vuraraq irəli sürülmüş iddiadır. Təkamül nəzəriyyəsi qanunla ziddiyyət təşkil edən mexanizm irəli sürür. Təkamül nəzəriyyəsinə əsasən, dağınıq, nizamsız, cansız atom və molekullar zaman keçdikcə özbaşına təsadüflər nəticəsində birləşərək nizamlı və planlı zülalları, DNT, RNT kimi olduqca kompleks molekulyar formaları, sonra da daha mürəkkəb quruluş və dizayna malik milyonlarla canlı növünü meydana gətirmişdir. Təkamülə əsasən, hər mərhələdə daha planlı, nizamlı, kompleks və mütəşəkkil formaya doğru gedən bu xəyali proses Entropiya qanununun ortaya qoyduğu həqiqətlərə tamamilə ziddir. Bu səbəbdən təkamül prosesinin fərz edilən heç bir mərhələsinin baş verməsi mümkün deyil. Təkamülçü elm adamları da bu açıq ziddiyyəti anlayırlar. C.H.Raş belə bildirir:
“Təkamülün kompleks prosesi daxilində həyat Termodinamikanın ikinci qanununda bildirilən proseslə açıq-aşkar ziddiyyət təşkil edir”.
Təkamülçü elm adamı Rocer Levin də “Science” jurnalındakı bir məqaləsində təkamülün termodinamika müəmmasını belə ifadə edir:
Bioloqların qarşılaşdıqları problem təkamülün Termodinamikanın ikinci qanunu ilə açıq-aşkar ziddiyyət təşkil etməsidir. Sistemlər zaman keçdikcə daha nizamsız hala gəlib dağılmalıdırlar.
Təkamül nəzəriyyəsinin tərəfdarlarından olan Corc Stavropolos canlıların öz-özünə meydana gəlməsinin termodinamik baxımdan qeyri-mümkün olduğunu və fotosintez kimi kompleks canlı mexanizmlərin mənşəyini təbiət qanunları ilə açıqlamağın mümkün olmadığını məşhur elmi jurnal “American scientist”də bu ifadələrlə qəbul edir: “Termodinamikanın ikinci qanununa əsasən, normal şərtlərdə heç bir kompleks üzvi molekul əsla öz-özünə əmələ gələ bilməz, əksinə, parçalanar. Əslində, bir şey nə qədər kompleksdirsə, bir o qədər qeyri-sabitdir və gec-tez parçalanaraq dağılır. Fotosintez bütün həyati proseslər və həyatın özü mürəkkəb və ya qəsdən mürəkkəbləşdirilmiş açıqlamalara baxmayaraq, hələ də termodinamik və ya başqa qəti elm sahəsi vasitəsilə aşkar edilməmişdir”. (Corc P. Stavropoulos, "The Frontiers and Limits of Science", American Scientist, Dəri 65, noyabr-dekabr 1977, s. 674)
Göründüyü kimi, təkamül iddiası tamamilə fiziki qanunlara zidd olaraq irəli sürülmüş iddiadır. Termodinamikanın ikinci qanunu təkamül nəzəriyyəsinin qarşısına elmi və məntiqi baxımdan keçilməz sədd qoymuşdur. Bu səddi aşacaq heç bir elmi və əsaslı açıqlama verə bilməyən təkamülçülər isə bu problemi ancaq təxəyyüllərində aşa bilirlər. Məsələn, Ceremi Rifkin təkamülün bu fiziki qanunu sehirli güclə aşdığına inandığını bildirir:
Entropiya qanunu təkamülün bu planetdəki həyat üçün mövcud olan bütün enerjini dağıdacağını deyir. Bizim təkamül anlayışımız isə bunun tam tərsidir. Biz təkamülün sehirli şəkildə yer üzündə daha böyük ölçü və nizam əmələ gətirdiyinə inanırıq. (Jeremy Rifkin, Entropy: A New World View, s. 55)
Açıq sistem xətası
Bəzi təkamül tərəfdarları Termodinamikanın ikinci qanununun ancaq “qapalı sistemlərə” aid olduğunu, “açıq sistemlərin” isə bu qanuna tabe olmadığını müdafiə edirlər. Halbuki bu iddia bəzi təkamülçülərin həmişəki kimi, nəzəriyyələrini çıxılmaz vəziyyətə salan elmi həqiqətləri təhrif etmə səyindən ibarətdir. Belə ki, bir çox elm adamı bu iddianın əsassız olduğunu, termodinamika ilə ziddiyyət təşkil etdiyini açıq şəkildə bildirir.
Açıq sistem kənardan enerji və maddə giriş-çıxışı olan termodinamik sistemdir. Təkamülçülər də dünyanın açıq sistem olduğunu, günəşdən daim gələn enerji axınına məruz qaldığını, ona görə də Entropiya qanununun dünyaya aid olmadığını və nizamsız, sadə, cansız formalardan nizamlı, kompleks canlıların əmələ gəldiyini irəli sürürlər.
Halbuki burada həqiqət açıq-aşkar təhrif edilmişdir. Çünki bir sistemə kənardan enerji daxil olması o sistemi nizamlı hala salmaq üçün kifayət deyil. Bunun üçün xam enerjini istifadəyə yararlı hala salacaq xüsusi mexanizmlər lazımdır. Məsələn, bir avtomobilin benzindəki enerjini işə salması üçün motora, ötürücü sistemlərə və onları idarə edən tənzimləyici mexanizmlərə ehtiyac var. Belə enerji çevirən sistem olmasa, avtomobilin benzindəki enerjidən istifadə etməsi mümkün olmaz.
Eyni vəziyyət canlılara da aiddir. Canlıların enerjini günəşdən aldığı doğrudur. Lakin günəş enerjisi ancaq canlılardakı qeyri-adi dərəcədəki kompleks enerji çevirmə sistemləri (məsələn, bitkilərdəki fotosintez, insan və heyvanlardakı həzm sistemləri) sayəsində kimyəvi enerjiyə çevrilir. Məsələn, mədəsi və bağırsaqları olmayan insan ən kalorili qidaları da yesə, bu qidalardakı enerjidən istifadə edə bilməz və ölər. Bu cür enerji çevirmə sistemləri olmasa, heç bir canlı yaşaya bilməz. Günəş də enerjini çevirmə sistemi olmayan canlı və ya cansız varlıq üçün yandırıcı, məhvedici və parçalayıcı enerji mənbəyidir.
Göründüyü kimi, hər hansı enerji çevirən mexanizmi olmayan bir sistem açıq və ya qapalı da olsa, təkamül üçün heç bir üstünlüyü yoxdur. İbtidai dünya şərtlərində təbiətdə bu cür kompleks və şüurlu mexanizmlərin olduğunu isə heç kim iddia etmir. Onsuz da təkamülçülər üçün buradakı əsas problem bitkilərdəki fotosintez mexanizmi kimi müasir texnologiya tərəfindən belə təqlid edilə bilməyən kompleks enerji çevirmə mexanizmlərinin necə ortaya çıxdığı sualından ibarətdir.
İbtidai dünyaya kənardan daxil olan günəş enerjisinin də canlılardakı kompleks molekul formaları və mütəşəkkil bioloji sistemləri meydana gətirən təsiri yoxdur. Habelə istilik nə qədər artsa da, amin turşuları nizamlı şəkildə birləşmək üçün cəhd göstərirlər. Amin turşularının daha mürəkkəb molekullar olan zülalları, zülalları da daha kompleks və planlı formalar olan hüceyrə orqanoidlərini əmələ gətirmələri üçün təkcə enerji heç bir işə yaramaz.
Termodinamikanın ikinci qanununun təkamül prosesinə imkan vermədiyini anlayan bəzi təkamülçü elm adamları yaxın keçmişdə Termodinamikanın ikinci qanunu və təkamül nəzəriyyəsi arasındakı uçurumu aradan qaldırmaq və təkamülə yol açmaq ümidi ilə müxtəlif fərziyyələr uydurmağa cəhd etdilər.
Termodinamikanı və təkamülü uzlaşdırmaq ümidi ilə ortaya atılan iddialarla ən çox adı çəkilən şəxs belçikalı fizik İlya Priqoqindir.
Termodinamikanı və təkamülü uzlaşdırmaq ümidi ilə ortaya atılan iddialarla ən çox adı çəkilən şəxs belçikalı fizik İlya Priqoqindir.
Priqoqin xaos qanununa əsaslanaraq xaosdan (qarmaqarışıqlıqdan) nizam əmələ gələcəyinə dair bəzi fərziyyələr irəli sürmüşdür. Ancaq bütün səylərinə baxmayaraq, termodinamikanı və təkamülü uzlaşdırmağı bacarmamışdır. Bu, aşağıdakı ifadələrində də açıqca görülür:
“Yüz ildən çoxdur ki, beynimizi məşğul edən bir sual var: Termodinamikanın təqdim etdiyi və daim artan nizamsızlığın höküm sürdüyü dünyada canlı varlığın təkamülü necə baş verə bilər?” (Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, New York: Bantam Books, 1984, s. 129)
Molekulyar səviyyədə bildirdiyi nəzəriyyələrin canlı sistemlər, məsələn, bir canlı hüceyrəsi üçün belə etibarlı olmadığını bilən Priqoqin bu problemi belə ifadə edir: Xaos nəzəriyyəsi və ...canlıların olduqca nizamlı hüceyrələri düşünüləndə bunlarda olan bioloji nizamlılıq nəzəriyyənin qarşısına böyük problem kimi çıxır. (Ilya Prigogine, Isabelle Stengers, Order Out of Chaos, s. 175.)
Bu həqiqətlərə baxmayaraq, təkamülçülər "canlılar meydana gəlmişsə, deməli, təkamül keçirmişdir" kimi boş açıqlamalar irəli sürürlər. Lakin açıq və dəqiq elmi həqiqətlər canlıların və canlılardakı nizamlı, planlı və kompleks strukturların qəti olaraq təsadüflər və təbiət şərtləri ilə meydana gələ bilməyəcəyini göstərir. Bu da canlıların varlığının ancaq fövqəladə gücün müdaxiləsi ilə açıqlana biləcəyini ortaya qoyur. Bu fövqəladə müdaxilə isə bütün kainatı yoxdan var edən Allah`ın yaratmasıdır. Elm hər sahədə olduğu kimi, termodinamika baxımından da təkamülün mümkün olmadığını və canlıları Allah`ın yaratdığını göstərir.