Cəhənnəmin Sonsuz Əzab Yurdu Olduğunu Anlamazlıqdan Gəlməyin
ucgen

Cəhənnəmin Sonsuz Əzab Yurdu Olduğunu Anlamazlıqdan Gəlməyin

2190

Bəzi insanlar axirətin varlığını qəbul etdikləri halda cəhənnəmin necə bir yer olduğunu düşünmək istəməzlər. Çünki insan orada görüləcək şiddətli əzabı düşündüyü zaman, qorxub çəkinməsi və həyatını Allahın əmrlərinə görə nizamlamasının vacib olduğunu bilər, əksini tətbiq etdikdə isə vicdanı narahat olar. Bu vicdan əzabından xilas olmaq üçün cəhənnəmin varlığını görməzlikdən gələr. Məhz buna görə də, belə insanlar "cəhənnəmə gedəcəyimi zənn etmirəm", "Allahın qullarını bu qədər şiddətli cəzalandıracağına inanmıram" kimi yalanlar söyləyər, söylədikləri yalana dəlil olaraq da Allahın sonsuz mərhəmətli olmasından istifadə etməyə təşəbbüs edərlər. Halbuki bu insanlar çox yaxşı bildikləri bir həqiqəti anlamazlıqdan gəlirlər.

Hər şeydən əvvəl cəhənnəm Allahın sonsuz ədalətinin təcəlli etdiyi məkandır. Əlbəttə ki, dünya həyatı boyu Allah üçün yaşayan qullar ilə, şeytana tabe olan, yer üzündə fitnə-fəsad törədən və Allahın hökmlərini görməzlikdən gələn zalımlar axirətdə eyni qarşılığı almayacaqlar. Allah saleh qullarını etdiklərinə qarşılıq olaraq içində əbədi qalacaqları cənnətlə mükafatlandırarkən, inkar edənləri cəhənnəmdə cəzalandıracaq.

Əlbəttə ki, Allah sonsuz mərhəmət sahibidir; amma Allahı yalnız Rəhim və Qəffar (bağışlaması çox olan) adları ilə düşünmək Onu lazımınca təqdir edə bilməmək olar. Çünki Allah eyni zamanda Qahhardır (qəhr edən), Müntəqimdir (intiqam sahibi). Cəhənnəm isə onun inkarçıları cəzalandırmaq üçün bu sifətləriylə təcəlli edəcəyi məkandır. Yəni insanlar unutmağa çalışsalar da, cəhənnəm mövcuddur. Həmçinin bütün inkarçıları, Allahın yolundan başqa yol axtaranları içində saxlayacaq.

Siz də cəhənnəmin varlığını anlamazlıqdan gəlməyin. Onu düşünməməyə və ya görməzlikdən gəlməyə çalışmaq heç kimi cəhənnəmə girməkdən qurtarmayacaq, əksinə bu açıq həqiqəti görməzlikdən gələn və buna görə də, nəfsinə uyan insanlar sonsuza qədər cəhənnəmdə qalacaq. Cəhənnəm bütün bu insanların "görüş yeri" olacaq, (Hicr surəsi, 43)

Allah cənnəti iman gətirən qulları üçün yaratmışdır. Belə ki, möminlər həyatları boyu həmişə Allahın rizasını axtaran, cənnəti qazanmaq üçün ciddi səy göstərən insanlardır. Allah cənnəti bu insanlar üçün bir-birindən gözəl nemətlərlə təmin etmişdir. Orada "nəfslərin arzuladığı və gözlərin ləzzət aldığı hər şey" var, (Zuxruf surəsi, 71). Cənnət "növbənöv incəliklərə və gözəlliklərə" malikdir, (Rəhman surəsi, 48). Orada iman gətirənlər üçün böyük mülk var. Allah cənnət əhli üçün gözəl məskənlər, ləl-cəvahiratla bəzənmiş taxtlar, süzmə baldan çaylar, bitib tükənməyən meyvələr, ipəkdən və atlasdan paltarlar və daha bir çox nemət yaratmışdır. Cənnət Allahın iman gətirənlərə verdiyi sonsuz mükafatdır. Həmçinin Allahın ədalətini və yaratma gücünü göstərir. O zaman əsla cənnətin dünyada sahib olduqlarınızla müqayisə edilə bilməyəcək bolluqda və gözəllikdə nemətlərlə dolu olduğunu anlamazlıqdan gəlməyin.

Əlbəttə, Allahın bənzərsiz yaratmasının təcəlli etdiyi bir məkan daha var. Bu məkan inkar edənlər üçün hazırlanmışdır və bu da Allahın sonsuz ədalətinin başqa təcəllisidir. Cəhənnəm, axirət həqiqətini görməzlikdən gələn, dünya üçün yaşayan, Allaha üsyan edən insanlar üçün xüsusi olaraq yaradılmışdır. Həmçinin necə ki, cənnət bənzərsiz nemətlərlə təmin edilmişdirsə, cəhənnəm də şiddətli əzab növləriylə təmin edilmişdir.

İnkar edənlər cəhənnəmdə dünya həyatı boyu etdikləri hər əxlaqsızlığın qarşılığını alacaqlar. Alacaqları qarşılıq isə, əlbəttə, Allahın böyüklüyünə və sonsuz elminə uyğun olaraq yaradılacaq. Orada insanlar hər an əziyyət içində olacaqlar. Cəhənnəm əhlinin dəriləri yanıb qovrulacaq, qaynar su və irindən başqa yeməkləri olmayacaq, oddan köynəklər geyib, oddan yataqlarda yatacaq, bir sözlə, hər saniyə tükənməyən əzabla qarşılıq görəcəklər.

Allah Quranda inkarçıların cəhənnəmdə alacaqları qarşılığı və görəcəkləri əziyyəti müfəssəl şəkildə təsvir etmişdir. Bunları görməzlikdən gəlmək bundan qaçış deyil. Əksinə bu həqiqəti bilmək, bildiyi bu həqiqətlə də Allahdan qorxub çəkinmək və buna uyğun həyat yaşamaq insanın əbədi qurtuluşu üçün tək çarədir.

Allah cəhənnəmlə bağlı olaraq Bəqərə surəsindəki ayələrdə belə xəbər verir:

Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınızmı? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” Xeyr! Günah qazanan və günahları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar! İman gətirib saleh işlər görənlər isə Cənnət sakinləridir¬. Onlar orada əbədi qalacaqlar! (Bəqərə surəsi, 80-82)

Ayələrdən göründüyü kimi, axirətdə alınan qarşılıqlar əbədidir. Cənnətə layiq olan qullar orada sonsuza qədər qalacaqları kimi, cəhənnəmə gedəcək inkarçılar da Allahın diləməsi xaricində oradan sonsuza qədər çıxmayacaqlar. Allah başqa ayələrdə belə buyurur:

Həqiqətən cəhənnəm müşahidə yeridir. Həddi aşıb azanlar üçün son qayıdış yeridir. Onlar orada bütün zamanlar boyu qalacaqlar. (Nəbə surəsi, 21-23)

Allahın bu mövzudakı hökmü olduqca açıqdır. Buna görə, siz də Qurana tabe olmadıqca cəhənnəmdən qurtuluş olmadığını, Allaha üsyan edib cəhənnəmə layiq olanların isə orada sonsuza qədər qalacaqlarını anlamazlıqdan gəlməyin.

İnsanın çox qısa ömür müddətində göstərdiyi əxlaq onun sonsuza qədər qalacağı məkanı təyin edəcək. Əlbəttə, bu çox mühüm nəticədir. Yalnız 60-70 il kimi ömür müddəti üçün, sonsuz həyatda fasiləsiz cəza almağa razı olmağın təsvir edilə bilməyəcək qədər böyük ağılsızlıq olduğu AÇIQ-AYDIN həqiqətdir. Şübhəsiz ki, bu açıq nəticəni hər insan qəbul edər, lakin insanların bu nöqtədə qavraya bilmədikləri şey "sonsuzluq" anlayışıdır.

"Sonsuz" sözü bitməyəcək zaman kəsiyini ifadə edər. Yəni cəhənnəmə gedən inkarçılar heç vaxt oradan çıxa bilməyəcək, həmişə orada qalacaqlar. On il, min il, yüz min il, trilyon, kvadrilyon illərlə əzab görəcəklər, lakin yenə də gördükləri əzab bitməyəcək. Həmçinin orada keçirdikləri trilyonlarla il, sonsuzluğun yanında "sıfır" kimi qalacaq. Allah heç sonu olmayan bu zaman kəsiyini yuxarıdakı ayələrdə "bütün zamanlar boyu" şəklində ifadə etmişdir, (Nəbə surəsi, 23).

Bununla yanaşı, Allahdan bir rəhmət olaraq Peyğəmbərimiz (s.ə.v)-in belə bir hədisi də var:

Hz. Peyğəmbər (s.ə.v) belə buyurdu: "Qəlbində zərrə qədər iman olan şəxs oddan çıxacaq". Əbu Səid deyir: "Kim (bu xəbərin bildirdiyi həqiqətdən) şübhəyə düşsə bu ayəni oxusun: "Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz..." (Nisa surəsi, 40) (Tirmizi, Sıfatu Cehennem 10, (2601)

Buna görə də, insanın dünyada qarşılaşdığı çətinliklərlə, axirətdə yaşanacaq sonsuz əzabı bir-birinə qarışdırmaması lazımdır. Dünya həyatında insan ən böyük çətinliyi yaşasa, bədəni ən böyük ağrıları çəksə belə, bunlar ən çoxu 60-70 il ərzində bitər. Ən amansız, ən çətin xəstəliklərin belə mütləq sonu var. Lakin cəhənnəmdəki əzab heç vaxt tükənməyəcək. Buna görə də, siz sonsuzluq anlayışının nəyi ifadə etdiyini anlamazlıqdan gəlməyin. İnsanın dünyada keçirəcəyi qısa müddətlə bu zamanı müqayisə edin. Yüzlərlə altmış-yetmiş il deyil, trilyonlarla altmış-yetmiş il keçməsinə baxmayaraq, bitməyən və bitməyəcək olan bir zamanı anlamağa çalışın. Nəyi nəyin yerinə seçdiyinizi görməzlikdən gəlməyin. Bir daha heç çıxmamaq üzrə cənnətə gedib bütün zamanlar boyu nemətlər içində yaşamaq olduğu halda, sonsuza qədər od əzabını dadacağınız məkandan çəkinin.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr