İmanın müxtəlif dərəcələri var. Allah ayələrində güclü imana malik olan müsəlmanların vəsflərinə diqqət çəkmişdir. Belə ki, Allah’dan çox qorxan, Onu çox sevən, həyatlarının hər anını Onun üçün yaşayan və Onun əmr etdiyi kimi gözəl əxlaqlı olan təqvalı müsəlmanlarla bərabər vicdanları ilə hərəkət etməyən, heç bir üzrlü səbəbi olmadığı halda, dinsizliyə qarşı Allah yolunda fikri mübarizə aparmaqdan çəkinən və ya əsəbiləşmək, hadisələr qarşısında kədərlənmək və təşvişə düşmək kimi Allah’ın insanları çəkindirdiyi pisəxlaq xüsusiyyətlərindən əl çəkməyən, bunlara baxmayaraq, iman gətirdiklərini söyləyən insanlar da var. Bu vəziyyət Quranda işarə edilən iman dərəcələrinə nümunədir.
Əlbəttə, Allah iman gətirən hər kəsə cənnətini vəd etmişdir. Bir ayədə Allah heç bir üzrlü səbəbləri olmadığı halda, Onun yolunda fikri mübarizəyə qoşulmayan bəzi şəxslərə də cənnəti vəd etdiyini belə bildirir:
Zərər çəkmədən əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cəhd edən kimsələr bir olmazlar. Allah malları və canları ilə cəhd edənləri əyləşənlərdən dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına vəd etmişdir. Allah mücahidlərə oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir. (Nisa surəsi, 95)
Ayədə də bildirildiyi kimi, Allah bütün möminlərə cənnəti vəd etdiyini, ancaq Onun yolunda malları və canları ilə dinsizliyə qarşı fikri mübarizə aparanların daha üstün əcrə malik olacaqlarını xəbər vermişdir. Bu da onu göstərir ki, bir müsəlman üçün Allah rizasının ən çoxu Allah yolunda fikri mübarizə aparmaq, lazım gəldikdə bu mübarizəyə var gücü ilə dəstək olmaq, bu elmi mübarizəyə qoşulmaqdır. Belə bir mübarizə şərt olduqda, üzrlü bir səbəb olmadan daha az cəhd göstərməyin vəya geri çəkilməyin isə Allah qatında dəyəri daha azdır.
Həqiqi iman Allah’a qeyd-şərtsiz təslim olmağı, Onun əmr və tövsiyələrinə qəti şəkildə riayət etməyi, Allah’ın əmrlərini yerinə yetirərkən şeytanın hiyləgər tələlərinə və nəfsinin xudbin oyunlarına boyun əyməməyi, Allah’ın dinini yaşamaq üçün həyatı boyu qətiyyət göstərməyi də ehtiva edir. Ona görə də şeytanın aldadıcı oyunlarına qarşı Allah yolunda lazımi qətiyyəti göstərə bilməyən, Allah’ın əmr və tövsiyələrinə əməl edərkən bəzən zəiflik göstərən insanların bu vəziyyətlərini dərhal düzəltməyə çalışmaları, imanlarını vaxt itirmədən gücləndirmələri, Allah qorxularını və Allah sevgilərini artırmaları, Allah’a təslim olaraq və axirətə yönələrək sadəcə Allah rizası üçün yaşamağa başlamaları Allah rizasına ən uyğun, ən doğru davranışdır.
Zəif imanı gücləndirmək üçün nə etmək lazımdır?
Əlbəttə, zəif imana malik olan bir şəxs imanını artırmaq üçün bir sıra səbəblərə əl atmalı, məsələn, imanının artmasına səbəb olacaq iman həqiqətlərini öyrənməli, imani mövzularda dərinləşmək ümidi ilə bu mövzuda çox oxumalı, Qurandan möhkəm yapışmalıdır.
Belə ki, bu vacib cəhəti də unutmaq olmaz: əslində, həqiqi imana sahib olmaq istəyən şəxs, hər şeydən əvvəl, Allah’a bütün səmimiyyəti ilə yönəlməlidir. İnsan Allah’ın onu eşitdiyini, onu gördüyünü bilərək Ona bütün qəlbi ilə yönəldikdə və Ondan güclü iman dilədikdə Allah’ın mütləq onun duasına qarşılıq verdiyini görəcək. Allah bütün duaları eşidən, bütün qullarını tövbə etməyə və Ona yönəlməyə çağırandır. Allah’ın varlığı çox açıq, qəti və aydındır. Göy üzündəki nəhəng qalaktikalardan insan orqanizmindəki hüceyrənin tərkib hissələrinə qədər kainatın hər tərəfini əhatə edən yaradılış möcüzələri Allah’ın varlığının dəlillərini açıq-aşkar göstərir. Bu möcüzələrdən sadəcə birinə belə şahid olmaq Allah’a tam yəqinliklə iman gətirmək üçün kifayətdir. Digər tərəfdən, Allah insanın öz bədənində də dəlillər yaratmışdır. Belə ki, əslində, hər insan vicdanən Allah’ın varlığından çox əmindir. Vicdanın səsini dünyəvi istəklərə meyil edərək boğmamaq, vicdanı təmiz saxlamaq və vicdanın əmr etdiyi kimi yaşamaq əsasdır.
İman gətirən insanın həyatının hər anı gözəl keçir
Qəti iman gətirən bir insan, həyatı iman gətirməyən insanlardan çox fərqli qavrayır və yaşayır. Hər an xoşbəxt və şən olmaları, heç bir şeyə görə kədərlənməmələri, ümidsizliyə düşməmələri, heç bir səbəblə əhvallarının pozulmaması, şər kimi görünən hadisələr başlarına gəldikdə belə çox rahat və sakit olmaları iman gətirənlər və iman gətirməyənlər arasındakı fərqi göstərən ən bariz xüsusiyyətlərdəndir.
Bəzi insanlar Allah’ın əmr və tövsiyələrinə əsasən yaşadıqda bədbəxt olacaqlarını zənn edərək dindən uzaq qalırlar. Əslində isə məhz din əxlaqından uzaq qalaraq bədbəxt olurlar. Bədbəxtliklərinin səbəblərini də heç cür anlaya bilmir, süni üsullarla bunun qarşısını almağa çalışırlar. Ancaq nə etsələr də, əsl mənada xoşbəxt ola bilmirlər. Əsl xoşbəxtlik ancaq Allah’a yönəlməklə mümkündür. Allah bir ayəsində bu vəziyyəti belə ifadə edir:
...Dünya həyatı ilə sevindilər. Halbuki, dünya həyatı axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir. (Rəd surəsi, 26)
İman gətirən insanlar isə hər an xoşbəxt və şəndirlər. Xoşbəxt olmaq, sevinmək üçün xüsusi səbəb axtarmağa ehtiyac duymurlar, onlar onsuz da iman gətirməyin, Allah’ın varlığının dəlillərini hər yerdə görməyin və Allah’ın cənnət vədini sevinclə gözləməyin daim sevinci içərisindədirlər. İman gətirməyən insanlar da iman gətirənlərin hər an xoşbəxt, şən, təvəkküllü vəziyyətlərinə təəccüblənir, bunun ardındakı səbəbi heç cür anlaya bilmirlər. Xüsusilə də müsəlmanların başlarına gələn hər çətinliyə xeyir gözü ilə baxmalarını heyrətlə qarşılayırlar. Özlərinin ümidsiz halda kədərləndikləri bir hadisə qarşısında müsəlmanların əks reaksiyası, hər zaman müsbət yönlü, səbirli, təvazökar davranmaları, nə baş versə də, hadisələrdə daima xeyir və hikmət görmələri, çətinliklərlə tez-tez qarşılaşmalarına baxmayaraq, rahat və sakit olmaları onları çox təəccübləndirir. Belə ki, möminlər başqalarının heç cür tab gətirə bilməyəcəyi qədər müxtəlif çətinliklərlə qarşılaşırlar. Məsələn, qınanırlar, tənqid edilirlər, ələ salma, iftira kimi müxtəlif psixoloji təzyiqlərə məruz qalırlar. Tarix boyu inkar edənlərin müxtəlif təzyiqlərinə məruz qalan, hətta ölümlə hədələnən peyğəmbərlər və saleh möminlərin vəziyyəti buna nümunədir. Qarşılaşdıqları çətinliklər peyğəmbərlərin Allah yolunda daha da şövqlə mübarizə aparmalarına səbəb olmuşdur. Ona görə qarşılaşdıqları çətinliklər peyğəmbərlərin yolu ilə gedən möminlərin də sevincini artırır, onlar da imanın sevincini əzab və çətinliyin içində daha qüvvətli şəkildə yaşayırlar. Hər şeyin Allah tərəfindən olduğunu bilir, Allah’ın yaratdığı qədərə tam təslim olurlar. Bu iman Allah’ın Quranda təriflədiyi, vacib olduğunu vurğuladığı iman formasıdır. Allah bir ayəsində belə buyurur:
Neçə-neçə peyğəmbər bir çox dindarlarla birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbir edənləri sevər! (Ali-İmran surəsi, 146)
Allah Ona yaxınlaşmaq üçün ciddi səy göstərən insana mütləq cavab verir
Səmimi, təqvalı müsəlmanın hədəfi Allah’dan çox qorxan, Onu çox sevən və hər an Ona bağlı yaşayan müsəlmanlardan olmaq, peyğəmbərlərin yolunu izləmək və imanı ən gözəl şəkildə yaşamaqdır. Belə ki, bu qısa fani dünya həyatında müsəlmanın üzərinə düşən ən vacib vəzifələrdən biri gücü çatdığı qədər ən güclü imana, ən güclü Allah qorxusuna və ən dərin Allah sevgisinə sahib olmaqdır. Heç şübhə yoxdur ki, daha artığına gücü çatırsa, daha azı ilə kifayətlənmək vicdanlı bir müsəlmana layiq deyil.
Həqiqət budur ki, səmimi şəkildə Allah’a yönələn hər kəs çox yüksək iman dərəcəsinə çata bilər. Bunun üçün insan Allah’ı ən yaxın dost tutmalı, Ona qarşı hər an hörmət dolu qorxu duymalı, Onun dinindən əsla dönməməlidir. Ciddi səylə Allah’a yaxınlaşmağa cəhd göstərən insanı mütləq Allah Özünə dost tutar. Allah bir ayəsində belə buyurur:
Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər. (Bəqərə surəsi, 186)