Amerika da daxil olmaqla dünyanın bir çox ölkəsində azğın düşüncəyə sahib təriqətlər mövcuddur və bu qruplar müxtəlif terror aktları törədirlər. Bu mistik qruplaşmalar dövlətin qayda-qanunlarını pozan, insanları şiddətə təşviq edən, hətta cinayət və intiharlara sürükləyən qruplaşmalardır. Bunlar arasında ən məşhurları kütləvi şəkildə özlərini yandıran Devid Koreş (David Koresh) və tərəfdarları, toplu şəkildə intihar edən “Heaven's Gate” təriqəti və Yaponiya metrosuna sarin qazı qoyaraq yüzlərlə insanın zərər görməsinə səbəb olan “Aum Shinrikyo” təriqətidir.
Ancaq bunlardan başqa, xüsusilə də Amerikada, demək olar ki, hər gün adını belə bilmədiyimiz bu cür qrupların hücumlarına və fərdi intiharlarına rast gəlmək mümkündür. Bu günə qədər sayca ən çox kütləvi şəkildə intihar edən qrup isə “The People's Temple” (İnsanların məbədi) təriqətidir.
Cim Consun başçılığı ilə 1970-ci illərin sonunda qurulan bu təriqət cəmiyyətdən təcrid olunaraq meşəlik ərazidə yaşayırdı. 1978-ci ildə konqres üzvü Leo Ryan kənardan gələn sıx şikayətləri nəzərə alaraq Jonestown (Constaun) adlanan bölgəyə araşdırma məqsədi ilə gedir. Ryan Constaunu tərk edərkən təriqətdən uzaqlaşmaq istəyən 18 adam da onunla getmək istəyir və bu zaman qətl hadisələri baş verir. Təriqət üzvləri təriqətdən ayrılmaq istəyənlərə atəş açırlar. Konqres üzvü Leo Ryan, üç jurnalist və ayrılmaq istəyən bir təriqət üzvü ölür, 11 nəfər ağır yaralanır. Hadisədən bir neçə saat sonra liderləri təriqət üzvlərinə kalium-sianid içərək onlara intihar etmələrini əmr edir. Zəhər əvvəlcə körpələrə valideynləri tərəfindən inyeksiya edilir. Beləliklə, uşaqların da daxil olduğu 900-dən çox insan özünü zəhərləyir. (http://www.mayhem.net/Crime/cults.html)
90-cı illərdə isə toplu ölümləri ilə ən çox diqqət çəkən qrup Devid Koreş (David Koresh) təriqəti oldu. 28 fevral 1993-cü ildə təhlükəsizlik orqanları araşdırmaq məqsədilə təriqətin Texasdan kənarda yerləşən fermasına girmək istəyəndə təriqət üzvləri təhlükəsizlik işçilərini güllə yağışına tutur. Bu hadisədən sonra ferma 51 gün mühasirəyə alınır. 51-ci günündə təhlükəsizlik işçilərindən biri fermaya girməyə çalışır və bir anda fermadan tüstü qalxmağa başlayır. Təhlükəsizlik işçiləri Devid Koreşin ərazini yandırdığını və fermanın müxtəlif hissələrində qurulmuş bubi tələlərinin fermanı bir anda alova bürüdüyünü görürlər. Təxminən 90 nəfər yanaraq ölür.
1997-ci ildə San Diyeqonun şimalında ayaqlarında idman ayaqqabıları, əyinlərində qara futbolkaları ilə kütləvi şəkildə intihar edən 40 nəfər azğın təriqətləri dünya gündəminə yenidən gətirdi. Yaşları 26-72 aralığında dəyişən 40 nəfər o ildə dünyanın yaxınlığından keçən Hale-Bopp adlı quyruqlu ulduzun onları təkamülün növbəti mərhələsinə keçirəcəyi inancı ilə intihar etmişdilər.
Bir çox insanlar bu misalları özlərindən son dərəcə uzaq görə bilər. Bundan başqa, burada yalnız bir-iki nümunənin verilməsi heç kimi aldatmamalıdır. Dünyanın bir çox ölkəsində çox sayda azğın təriqət və təşkilatlar gəncləri təsiri altına salır. Bir çox insanların özlərini bu axınlardan uzaq tutmasına baxmayaraq, bunların cəmiyyətə və fərdlərə verdiyi zərərlərin qarşısı alına bilmir.
Yapon Təriqətin Metro Hücumu
Azğın təriqətlərin tək təhlükəli cəhəti təriqət üzvlərinin öz canlarına və mallarına zərər vermələri deyil. Bu cür təriqətlər azğın düşüncə və həyat tərzləri ilə xalqın nizamını pozur, bəzən birbaşa vətəndaşları hədəf alan hücumlar da təşkil edirlər. Yaxın keçmişdə baş verən bu hücumlardan biri yapon təriqəti “Aum Şinrikyo”nun yapon metrosuna sarin qazı atmasıdır. Bu hücum nəticəsində 5500 nəfər yaralanmış, 12 nəfər isə həyatını itirmişdir. Təriqət bu hücumdan başqa 1994-cü ildə Tokio yaxınlığındakı Matsumotoda reallaşdırılan və 7 nəfərin ölümü, 144 nəfərin yaralanması ilə nəticələnən bənzər qaz hücumlarından istifadə etmişdi. Bununla yanaşı təriqətin cinayət işində bir çox cinayət və adam oğurluğu da yer tutur.
Təriqət lideri Asaharanın təlimlərinə görə, bir insan ancaq cinayət işləyərək ruhunu təmizləyə bilər. Dünya hakimiyyəti isə ancaq tələbələrinə öyrətdiyi şiddətin tətbiq olunması ilə mümkündür. Normal insanların soyuqqanlılıqla törətdiyi cinayətlər təriqət üzvlərinə görə bir növ gözəl əxlaq xüsusiyyətidir.
1994-cü ildə başlayan hücumların ilk hədəfi təriqət əleyhinə məhkəmə işi açan və ədliyyə nazirliyinə aid binalarda yaşayan hakimlər idi. Bu ilk sarin qazı hücumu 7 nəfərin ölümünə, 144 nəfərin isə yaralanmasına səbəb oldu. Bu vaxt Asaharanın əmri ilə təriqət 70 tonluq bir sarin qazı istehsal edə bilən mərkəz tikməyə başladı. Bundan başqa Asahara 1000 ədəd avtomat silah və bir milyon güllə istehsal edilməsini də əmr etmişdi. Təriqət tərəfindən pulla tutulan rus elm adamlarının köməyi ilə uran istifadə edilə biləcəyi bir növ nüvə silahı da istehsal etməyə çalışmışdılar. Asaharanın maraq dairəsində adam qaçırma və başda vəkillər, prokurorlar olmaqla təriqət əleyhinə olanların qətl edilməsi də vardı.
Metroda təşkil edilən hücum isə daha çox əks-səda doğurdu. Səhər işlərinə getmək üçün metroda olan minlərlə günahsız insan bu hücumdan zərər gördü. Nəticədə, 12 nəfərin ölməsi, 5000-dən çox insanın xəsarət aldığı bu hücum adı çəkilən qrupların vətəndaşlar üçün nə qədər təhlükəli hal aldığını göstərməsi baxımından olduqca təsirli idi.
Din əxlaqından kənar, qəribə və azğın inancları mənimsəyən qruplarda yuxarıdakı nümunələrdə də görüldüyü kimi, hər cür əxlaqsızlıq normal qarşılanır. Aralarında narkotik istifadəsindən oğurluğa, adam oğurluğundan işgəncəyə qədər hər cür anormallığın hakim olduğu bu təşkilatların üzvləri ən son mərhələdə isə öz həyatlarına qəsd edirlər.
Bunu unutmamaq lazımdır ki, Allaha iman gətirməyən, gözəl əxlaqı bilməyən və Allahdan qorxub çəkinməyən insanların bu cür vəhşi hərəkətləri heç də təəccüblü deyil. Çünki bu insanlar etdiklərinə görə hesab verəcəklərinə, əməllərinin qarşılığını axirətdə alacaqlarına inanmırlar. Ölümdən sonrakı həyat haqqında tamamilə yalnış, xəyali və öz mənfəətlərinə uyğun ssenariyə inanırlar. Halbuki tək doğru yol Allahın qullarına göstərdiyi hidayət yoludur. Allahın dinini bilən və ona uyğun yaşayan insan təmkinlidir, səbirlidir. Üstəlik Allah Quranda insanlara düşünmələrini və dərk etmələrini əmr etmişdir. Buna görə də iman gətirənlərin vicdanlarını dinləmədən və ağılla düşünmədən hər hansı bir düşüncənin arxasınca getmələri qeyri-mümküdür. Möminlər həyatlarının hər anında vicdanlarına görə hərəkət edir, ağıla üstünlük verirlər. Bu da onları hər cür əxlaqsızlıq və azğınlıqdan qoruyur. İman gətirənlər Allahın insanlara bildirdiyi dümdüz yol üzərində olanlardır. Bu qrup və təriqətlərin isə doğru yoldan azmış olduqları açıq-aydın ortadadır.
Şübhəsiz, burada yer verdiyimiz nümunələr şiddət və terror hərəkatları, dünya səviyyəsində yaşanan terrorun çox az qismidir. İllərdir çox sayda ölkələrdə müxtəlif ideoloji səbəblərlə bir çox terror təşkilatı cəmiyyətə qorxu və dəhşət saçmağa, günahsız insanları qətl etməyə davam edir. Bunlar arasında İngiltərə üçün illərdir ciddi problemə çevrilmiş İRA, İspaniyanın Bask bölgəsində fəaliyyət göstərən EDƏ, Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirən ASALA, Türkiyədə minlərlə insanların şəhid olmasına səbəb olan PKK kimi təşkilatları saymaq mümkündür. Hər biri fərqli ideologiyalara sahib olmaqla yanaşı, burada adını saydığımız və ya saymadığımız bütün terrorist qruplar və şiddət sevən insanlar fərqində olaraq, yaxud olmayaraq, əslində, ortaq nöqtədə birləşirlər. Bu ortaq nöqtə dinsizlikdir. Hansı ideologiyaya, hansı dünya görüşünə sahib olmasına baxmayaraq, bir insanı anarxiya və şiddətə təhrik edən əsl səbəb onun bu cinayətləri işləməkdən uzaq tutan vicdana və inanca sahib olmamasıdır.