İnsanlar yüz illərdir ki, uzun və sağlam həyatın sirlərini araşdırırlar. Bunun üçün mütəxəssislər bəzən pəhrizi, bəzən də idmanla məşğul olmağı tövsiyə edirlər. Məhz bu mövzuda mütəxəssislər yeni bir kəşf ediblər: Son buraxılışında uzun və sağlam həyatın sirlərini araşdıran Amerikanın nüfuzlu xəbər jurnallarından biri olan Newsweek-də verilən məlumata görə uzun həyatın ilk açarı bağışlayıcı olmaqdır.
İnsanın ruh halı ilə sağlamlığı arasında bir əlaqə olduğunu bildirən həftəlik Newsweek jurnalı birini bağışlamamağın orqanizmə verdiyi zərərləri belə açıqlayır:
"Kortizol hormonu səviyyəsi artır. Ürək xəstəlikləri, nevroloji pozuqluq və yaddaş itkisi riski böyüyür."
Bağışla, uzun yaşa!
Newsweek jurnalının apardığı araşdırmanın nəticələri insanın psixologiyası ilə sağlamlığının bir-biri ilə nə dərəcədə əlaqəli olduğunu bir daha ortaya qoydu. Harvard universitetinin mütəxəssisləri birini bağışlamağın bədəni bir çox xəstəliklərdən qoruduğunu müəyyən ediblər. Jurnalda bildirilənlərə görə sağlam bir həyat üçün hər şeydən əvvəl “bağışlayıcı” olmaq lazımdır. Newsweek jurnalı bağışlamamağın və qisas almaq hissinin insana aid olduğunu qeyd edərək "bu mövzuda edilən 1200 kliniki tədqiqat mənfi duyğuların insanın həm psixoloji, həm də fiziki sağlamlığına zərər verdiyini göstərir" deyə bildirdi. İnsanın bir hadisəni və ya bir nəfəri bağışlamaması həmin insan üzərində psixoloji təzyiq yaradır. Bu təzyiq də zaman içində ürək təzyiqinin artmasına, ürək xəstəliklərinə səbəb olan hormonal dəyişikliklərə, nevroloji pozuqluqlara və yaddaş itkilərinə səbəb olur. Aparılan başqa bir araşdırmada bağışlamamaq kimi mənfi hisslər bəsləyən insanlarda “kortizol hormonu”nun səviyyəsinin artdığı ortaya çıxdı. Bu hormonun artması immunitet sistemindəki pozulmalar başda olmaqla şəkər, yüksək təzyiq kimi xəstəliklərə səbəb olur.
Bağışlamağın faydalarını sübut edən digər araşdırmalar
Yaxın dövrlərdə aparılan daha bir çox araşdırmada amerikalı elm adamları bağışlamağı bacaran insanların həm ruhən, həm də bədəncə daha sağlam olduqlarını müəyyən etdilər. Stanford universitetindən tanınmış alim Fridrik Laskin (Frederic Luskin) və qrupu San Fransisko şəhərində yaşayan 259 insan üzərində araşdırma apardı. Alimlər təcrübə aparılması üçün iclaslara qoşulan bu insanlara 6 dəfə 1.5 saatlıq söhbətlərdə bağışlamağı öyrətməyi hədəf almışdılar. Təcrübəyə qatılanlar özlərinə zərər verən kəsləri bağışladıqdan sonra daha az sıxıntı çəkdiklərini bildirdilər. Aparılan araşdırmalar bağışlamağı bacaran insanların sadəcə ruhən deyil, fiziki olaraq da özlərini daha yaxşı hiss etdiklərini göstərmişdi.
Məsələn, təcrübə nəticəsində stressdən qaynaqlanan bel ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki göstəricilərin də bu insanlarda əhəmiyyətli ölçülərdə azaldığı təsbit edildi.
Stanford universitetində Rəhbərlik və Sağlamlıq Psixologiyası sahəsində professor olan Fridrik Laskin (Frederic Luskin) Forgive for Good (Yaxşılıq üçün Bağışlayın) adlı kitabının təqdimatında bağışlama ilə əlaqədar olaraq "Sağlamlıq və Xoşbəxtlik üçün Sübut Olunmuş Bir Resept" ifadəsinə yer vermişdi. Bu kitabda bağışlamağın əsəb, sıxıntı, depressiya və stressi azaldaraq ümid, səbir və özünə güvənmək kimi müsbət ruh hallarının yaşanmasını təmin etdiyindən bəhs olunur. Dr. Laskinə görə uzun müddətli əsəb yaşamaq insanların fiziki sağlamlığında da gözlə görülən mənfi təsir yaradır. Dr. Laskin mövzu ilə əlaqəli bunlari ifadə etmişdir:
“Uzun müddətli və davam edən əsəbin zərəri bədən içindəki termostatı sıfırlamasıdır. Əgər siz müntəzəm olaraq aşağı səviyyədə əsəbə vərdiş etsəniz, nəyin normal olduğunu ayıd edə bilməzsiniz. İnsanların vərdişə çevirə biləcəyi bir növ adrenalin hücumuna yol aça bilir. Bədənə zərər verir və sağlam düşünməyi çətinləşdirir, bu da vəziyyəti daha da pisləşdirir.”
Dr. Laskin bədənin əsəb və stress əsnasında müəyyən fermentlər ifraz etdiyinə görə xolesterol və təzyiqin yüksəldiyini və bütün bunların da insan üçün çox zərərli bir vəziyyəti yaratdığını bildirir.
Healing Currents Magazine jurnalının 1996-cı il sentyabr-oktyabr buraxılışında nəşr olunan “Bağışlama” adlı məqalədə bir insana və ya hadisəyə qarşı əsəbiləşməyin insanlarda mənfi duyğulara yol açdığı, onların ruhi tarazlıqlarına, hətta fiziki sağlamlıqlarına zərər yetirdiyi bildirilir. Eyni zamanda, insanların əsəbiləşdiklərinə görə yaşadıqları narahatlıqları zaman içərisində gördüklərindən və zədələnən münasibətlərini düzəltmək, problemləri həll etmək üçün bağışlama yolunu seşdiklərindən də bəhs olunur. Yaşadıqlarından sonra dəyərli zamanlarını və həyatlarını əsəb ilə keçirmək istəmədikləri və bu səbəbdən özlərini və başqalarını bağışlamağı seçdikləri də bildirilir. Digər tərəfdən, 1500 nəfər üzərində aparılan araşdırmada dininə bağlı insanlarda depressiya, stres və ağıl xəstəliklərinin daha az olduğu görülmüşdür. Araşdırmanı həyata keçirən dr. Herbert Benson bu vəziyyəti dinin “bağışlama” duyğusunu təşviq etməsi ilə əlaqələndirir və bunları ifadə edir:
“Din insanlara digər şəxsləri bağışlamağı tövsiyə edir. Buna görə də dini inancı olanlar problemlərini içlərinə atmırlar və həyatla daha rahat mübarizə aparırlar. Bu da depressiya və stress kimi narahatlıqlarla daha az qarşılaşmalarını təmin edir.”
Harvard qəzetində nəşr olunan “Əsəb Ürəyinizin Düşmənidir” adlı məqalədə yer alan məlumatlara görə əsəb ürəyin sağlamlığına qarşı olduqca zərərlidir. Tibb sahəsində assistent professor olan Ichiro Kawachi və həmkarları bu həqiqəti müxtəlif test və hesablamalarla elmi şəkildə sübut etmişdilər. Etdikləri çalışmalar nəticəsində şıltaq yaşlıların daha sakit olan yaşıdlarından 3 dəfə çox ürək xəstəlikləri riskini daşıdıqlarını müəyyən etmişdilər. Kawachiyə görə “Yüksək səviyyədə əsəb və əşyaları qırmaq və ya bir insana mübahisə zamanı zərər vermək istəyi bu riskləri artırır.” Çünki əsəb əsnasında stress hormonları artaraq ürək əzələlərindəki hüceyrələrin daha çox oksigenə ehtiyac duymasına və qandakı trombositlərin yapışqanlığının artaraq laxtalanmağa gətirib çıxarmasına səbəb olur. Bu da ürəyin sağlamlığına mənfi təsir edir. Eyni zamanda əsəbiləşərkən ürək normadan artıq döyünür və bu səbəbdən damarlarda qan təzyiqi yükəlir və beləcə, infarkt riskinin artmasına səbəb olur.
Tədqiqatçıların fikirlərinə görə əsəb və düşmənçilik hissi qanda infeksiya ilə əlaqədə olan zülalların çoxalmasına da yol aça bilir. Psychosomatic Medicine (Psixosomatik Tibb) adlı jurnalda yüksək dərəcədə əsəb yaşamağın infeksiyaya yol açan zülalların çoxalmasını sürətləndirdiyi, bunun da arteriyaların sərtləşməsinə, beləliklə də damar tıxanıqlığına və infarkta səbəb olduğu bildirilmişdir. Şimali Karolina bölgəsindəki Duke universitetindən assistent professor Edvard Şuarezin (Edward Suarez) sözlərinə görə interleukin 6 (IL-6) zülalı çox əsəbi və pis əhval-ruhiyyədə olan insanlarda normal səviyyədən daha yüksək nisbətdə olur. Qanda yüksək səviyyədə IL-6 olması da arteriyaların divarlarında yağın yığılmasına və beləcə, damar tıxanıqlığına yol açır. Nəticə etibarilə Şuarezə görə ürək xəstəlikləri, siqaret çəkmək, yüksək təzyiq, artıq çəki və yüksək xolesterol kimi faktorlarla bərabər depressiya, əsəb və düşmənçilik hissi kimi psixoloji vəziyyətlərlə də sıx bağlıdır.
The Timesda nəşr olunan “Əsəb İnfarkt Riskini Artırır” adlı məqalədə tez əsəbiləşməyin infarktın baş verməsinə şərait yaratdığı, hadisələrə əsəb ilə reaksiya verən insanların ürək xəstəliklərinə üç dəfə, erkən infarkta isə beş dəfə çox tutulma riski altında olduqları bildirilmişdir. Maryland Baltimoredəki John Hopkins universitetinin elm adamlarının təsbitlərinə görə tez əsəbiləşən insanlar nəsillərində ürək xəstəliyinə məruz qalan üzvlər olmasa da, bu insanlar xəstəliyə tutulma riski altındadırlar.
Quranda tövsiyə edilən üstün əxlaq xüsusiyyəti: Bağışlayıcı olmaq
Elm bağışlamağın insan sağlamlığı üzərindəki bütün bu müsbət təsirlərini yeni kəşf edərkən uca Allah bağışlamağı 14 əsr əvvəl Quranda insanlara tövsiyə etmişdir. Quranda tövsiyə edilən gözəl əxlaq xüsusiyyətlərindən biri də “bağışlayıcı və əfv edici olmaq”dır:
"Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər"(Əraf surəsi, 199)
Bir başqa ayədə Allah “...Qoy əfv edib bağışlasınlar. Məgər siz Allah’ın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir”(Nur surəsi, 22) şəklində buyurur. Quran əxlaqından uzaq yaşayan insanlar üçün bağışlamaq olduqca çətindir. Çünki edilən bir səhv qarşısında dərhal əsəbiləşirlər. Ancaq Allah möminlərə bağışlamağın daha gözəl bir davranış olduğunu bildirmişdir.
“Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allah’a aiddir...”(Şura surəsi, 40)
“...Lakin onları əfv etsəniz, (günahlarından) keçsəniz və bağışlasanız, (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir.” (Təğabun surəsi, 14)
Quranda “Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir”(Şura surəsi, 43) ayəsi ilə də bağışlamağın üstün bir əxlaq xüsusiyyəti olduğu xəbər verilir. Beləliklə, möminlər bağışayıcı, mərhəmətli, yumşaq davranır və Quranda bildirildiyi kimi “qəzəblərini udar, insanların günahlarından keçərlər.” (Ali İmran, 134)
Möminlərin bağışlama anlayışları Quran əxlaqını yaşamayan insanlardan çox fərqlidir. Bəzi insanlar, qarşısındakı birini bağışladıqlarını desələr də, qəlblərindəki kin və əsəbdən qurtulmaları xeyli vaxt alır. Çox vaxt göstərdikləri reaksiyada bu əsəblərini biruzə verirlər.
Möminlərin bağışlayıcılığı isə səmimidir. Möminlər insanın dünyada imtahan verən, səhv edərək öyrənən bir varlıq olduğunu bildikləri üçün incə düşüncəli və şəfqətlidirlər. Eyni zamanda möminlər tamamilə haqlı olduqları və qarşı tərəfin tamamilə haqsız olduğu bir vəziyyətdə belə heç tərəddüd etmədən bağışlaya bilirlər. Bağışlayarkən xətaları böyük və ya kiçik olaraq ayırmazlar. Bir insan səhv ilə böyük bir itkiyə səbəb ola bilər. Ancaq meydana gələn hər hadisənin Allah`ın idarəsində və qədər daxilində baş verdiyini bilən möminlər bu cür hadisə qarşısında təvəkküllü davranır və daxildə əsəb yaşamazlar.
Qısası, əsəbiləşmək ən başda insanların ruh halına mənfi təsir edən və buna paralel olaraq sağlamlığına zərər yetirən yanlış rəftardır.
Bağışlamaq isə insana çətin görünsə də, əsəbin yaratdığı bütün mənfi halları aradan qaldıran, insanın həm bədəncə, həm də ruhən sağlam bir həyat yaşamasına kömək olan gözəl bir davranış şəkli, üstün bir əxlaq xüsusiyyətidir. Lakin bağışlamaqdakı əsas məqsəd hər şeydə olduğu kimi Allah`ın rizasına uyğun bir əxlaqı yaşamaqdır. Faydaları indiki dövrdə elmi yolla müəyyən edilən bu əxlaq xüsusiyyətinin Quranda bir çox ayədə bildirilməsi isə Qurandakı hikmətlərdən sadəcə biridir.
Mənbələr: