II Dünya Müharibəsindən bu günə kimi dünyada 68 böyük qətliam baş verib və təxminən 85 milyon insan həyatını itirib.
Çin vətəndaş müharibələri və kommunist rejimlərində 40 milyon, Stalin və sonradan Sovet İttifaqında 10 milyon, Efiopiya vətəndaş müharibəsində 8 milyon, Konqo müharibələrində 4 milyon, Koreya müharibəsində 2.5 milyon, Sudan vətəndaş müharibələrində 2 milyon, Kamboca Qızıl Kxmer qırğınlarında 1 milyon 800 min, Vyetnam müharibəsində 1 milyon 800 min, sovet işğalı və daha sonra Əfqanıstan vətəndaş müharibələrində 1 milyon 800 min, Pakistan vətəndaş müharibəsi və Banqladeşin müstəqilliyində 1 milyon 700 min nəfər həyatını itirib.
Həyatını itirən 85 milyon insanın 11 milyonunu müsəlmanlar təşkil edir. Üstəlik, bu toqquşmalarda ölən hər 10 müsəlmanın doqquzu başqa müsəlman tərəfindən öldürülüb. Müsəlman qırğınlarının böyük hissəsi vətəndaş müharibəsi səviyyəsinə çatan münaqişələrdə baş verib. İkinci mühüm səbəb isə müsəlman qonşu ölkələr arasında regional güc münaqişələridir.
İraq Küveyti işğal edərkən, ya da İranla müharibəyə girərkən səbəb heç vaxt din olmayıb. Liviya-Misir müharibələri region neftinə və Süveyş kanalına nəzarəti əldə etmək üçün başlayıb. Əfqanıstan, Sudan, Əlcəzair vətəndaş müharibələri ölkədəki hakimiyyətə kimin nəzarət edəcəyi ilə bağlıdır. Şiə-sünni münaqişələri kimi göstərilən bir çox münaqişə iqtisadiyyat və ya irqə əsaslanır. Hafiz Əsəd Hamada qətliam edərkən, Səddam Hələbçədə müsəlmanları kimyəvi silahla öldürərkən yeganə məqsədləri hakimiyyətlərini möhkəmləndirmək olub.
Yaxın Şərqin heç bir müharibəsi dinə əsaslanmayıb, amma bu müharibələr zamanı çox vaxt dinə söykənən bəhanələrdən istifadə edilib və müharibə şəraitinə təkan verəcək amillər dövrəyə girib. Bunlar əsasən fanatlardır.
İraqı işğal edən ABŞ idi. İraq xalqı, şübhəsiz ki, bu işğaldan çox əziyyət çəkdi. Amma işğaldan sonra baş verən vətəndaş müharibəsində məscidlərdə özünü partladanlar müsəlman intihar bombardirləri idi. Əfqanıstan vətəndaş müharibəsi ABŞ işğalından illər əvvəl başlamışdı. Suriya, Yəmən, Sudan, Əlcəzair və Liviya vətəndaş müharibələrində bir-birilərinə güllə atanlar ancaq müsəlmanlar oldu. Çünki zorakılıq fanatik təfəkkürü qidalandırdı, ona mühit hazırladı. İslam ölkələrinin çoxuna hakim olan fanatik düşüncə uzun zamandır müəyyən kütlələri təsiri altına alıb və bir qisim müsəlmanları şəfqət, mərhəmət, sevgi, hörmət kimi fundamental insani dəyərlərdən uzaqlaşdırıb. Demokratiya, insan hüquqları və söz azadlığı kimi müasir cəmiyyətin tələbləri, həmin təbəqələr üçün həmişə arxa planda olub.
Bu unudulmamalıdır ki, İslam dünyasını təsiri altına almış fanatik düşüncə gözəlliyin, bərəkətin, inkişafın, rifahın qarşısında ən böyük maneədir və radikalizmin yayılmasını təmin edir. Səmimi və ağıllı müsəlmanlar əgər radikalizm probleminə həll yolu tapmaq istəyirlərsə, mütləq bu təhlükənin fərqinə varmalı, buna qarşı elmi mübarizə aparmalıdırlar.
Bu mübarizə önəmlidir. Çünki sülh dini İslamın adı haqsız olaraq zorakılıqla birlikdə çəkilir, İslamın lənətlədiyi terror daim İslam dini ilə əlaqələndirilir. Belə ki, 2015-ci ildə 53 ölkədə radikal qruplardan irəli gələn 2.863 hücum olub. 27.618 nəfər bu hücumlarda həyatını itirib, 26.143 nəfər yaralanıb. 2014-cü ildə ölü sayı 32.658, 2013-cü ildə isə 18.111-dir. Bu ölümlərin 80%-i yalnız 5 ölkədə baş verib. Bunlar əhalisinin demək olar ki, hamısı müsəlman olan İraq, Suriya, Pakistan, Nigeriya və Əfqanıstandır. ABŞ hökumətinə bağlı Milli Qarşı Terror Mərkəzi [National Counter-Terrorism Center (NCTC)] 2011-ci il hesabatında terror hadisələrindən zərər çəkənlərin 97%-nin yenə də müsəlmanlar olduğunu ortaya qoyub.
İraq və Əfqanıstan vətəndaş müharibələrində şəhid olanların sayı 1 milyondan çoxdur. Suriya vətəndaş müharibəsində bu rəqəm 500.000-ə çatıb. Həlak olanların 400.000-i birbaşa zorakılıq hadisələrində can verərkən 100.000-i müharibə şəraitindən irəli gələn səhiyyə xidməti çatışmazlığı və ya yoluxucu xəstəliklər nəticəsində həyatını itirib.1 Liviya vətəndaş müharibəsində 20.000-dən çox müsəlman həyatını itirib. Yəməndə isə son 50 ildə 10-dan artıq üsyan və vətəndaş müharibəsi baş verib. Bu gün hələ də davam edən müsəlmanların müsəlmanları öldürdüyü qarşıdurma şəraitində 200.000-ə yaxın müsəlman can verib. Bu ölkələrə Somali, Nigeriya, Sudan və Pakistanı da əlavə etsək, dünyada davam edən böyük miqyaslı 11 vətəndaş müharibəsinin 9-u İslam ölkələrindədir. Bu vətəndaş müharibələrinin nə vaxt başa çatacağı isə məlum deyil. Görünən odur ki, hər keçən il daha çox müsəlman müsəlmanlar tərəfindən öldürülür. Öldürən də, ölən də namaz qılan, Allaha səcdə edən, məscidə gedən müsəlmanlardır. Bu nifaq mühitini sona çatdırmaq bütün dünya müsəlmanlarının üzərinə düşən ən mühüm vəzifədir.
Müsəlmanlar müsəlman gülləsindən xilas olmaq üçün Qərbə sığınmağa çalışırlar. Türkiyə və Avropa İttifaqı ölkələrinin qapıları, sərhədləri, limanları bəzi müsəlmanların şiddətindən qaçmağa çalışan məzlum müsəlman qadın və uşaqlarla dolub daşır. Milyonlarla müsəlman miqrant, həyatda qalmaq üçün evlərindən, yurdlarından ayrı yaşamağa razı olub. Təhlükəsizliyə qovuşmaq üçün yollarda can verənlərin sayını hesablamaq isə qeyri-mümkündür.
Bu gün İslam adına ortaya çıxdığını iddia edənlər, müsəlmanların haqlarını müdafiə etdiklərini deyənlər 5-10 il kimi qısa müddət ərzində axan müsəlman qanının səbəbkarı olublar.
Halbuki İslamın əsası müsəlmanların birliyinə əsaslanır. Müsəlmanlar İslamda, sülhdə, sevgidə birləşməklə məsuldurlar. Belə ki, Peyğəmbərimiz hz.Muhəmməd (səv) müsəlmanlara bir növ vəsiyyət olaraq qoyduğu vida xütbəsində müsəlmanların bir-birilərinin qardaşları olduğunu bütün İslam aləminə xatırladıb.
Müsəlmanların tətbiq etməli olduqları yol da budur.
Xülasə, dünyanın əsas problemi zorakılıq bataqlığı və bunu meydana gətirən ideyalardır. Fanatizm İslamın yanlış başa düşülməsindən irəli gələn, bir qisim müsəlmanların Qurandan uzaqlaşmasının dəhşətli nəticəsi olaraq ortaya çıxan və xurafatlarla qidalanan yanlış inanc sistemidir. Bu yanlış inanc minlərlə, milyonlarla müsəlmanın həyatını itirməsinə səbəb olur və getdikcə daha qorxunc hala gəlir. Bunun həll yolu Quranla aparılacaq maarifləndirmə ilə mümkündür. Müsəlman olsun və ya olmasın radikalizmə qarşı mübarizə aparmaq istəyən hər bir insanın tutacağı yol bu olmalıdır. Zehniyyəti dəyişdirməyi qarşısına məqsəd qoymayan heç bir üsul bu fəlakətə son qoya bilməz.
Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:
http://www.gulf-times.com/story/493465/Counter-bigotry-through-knowledge-and-wisdom