Referendum kürdlərə nə verəcək?
ucgen

Referendum kürdlərə nə verəcək?

2146

Məqsədəuyğun, real və düzgün dəyərləndirdikdə bir çox müxtəlif inanc mənsubları və etnik qrupların birlikdə yaşadığı Yaxın Şərq bölgəsində bu sualın cavabı, əslində, aydındır: Hər parçalanma yeni və daha böyük problemlərə səbəb olur. İraqın ərazi bütövlüyünün pozulması kürdlərə də zərər yetirəcək. Yaxın Şərqin ehtiyacı olan şey xalqlar arasında yeni sərhədlər çəkilməsi deyil, dostluğun, sevginin və qardaşlığın möhkəmləndirilməsidir. Buna görə də, Suriya və İraqın ərazi bütövlüyünün qorunması vacibdir. 


Təxminən iki ildir qapalı olan Şimali İraq Məclisi 111 millət vəkilindən ancaq 65-nin iştirak etdiyi bir iclasda 25 sentyabr 2017-ci ildə Müstəqillik referendumu təşkil etmək barədə qərar verdi. Xalqa “İraq Mərkəzi Hakimiyyətindən ayrı olan Kürdüstan bölgəsinin müstəqil bir dövlət olmasını istəyirsinizmi?” sualı verildi və iştirakçıların 96%-i bu suala “bəli” cavabını verdi.  Halbuki bir neçə gün əvvələ qədər müxalifət partiyaları, türkmənlər və ərəblər kimi bölgədəki müxtəlif ünsürlər, Şengal və Ninovadakı yezidilər, hətta Kürdüstan Demokratik Partiyasına (Bərzaninin lideri olduğu partiya) səs verən kürdlərin böyük qismi referendumu doğru hesab etmir və bunu açıq şəkildə ifadə edirdilər. Məsələn, Şimali İraqda üstün müxalif partiya hesab edilən Goran (Yenilik) Hərəkatının məclis sədri Yusif Məhəmməd referendumu qanuni hesab etmədiyini, Bağdadla dialoq qurmağın vacibliyini qeyd etmişdi. Bəzi kürd siyasətçilər və qeyri-hökumət təşkilatları isə “hələ ki, yox” şüarı ilə referenduma qarşı kampaniya təşkil etmişdi. Referendumun bölgəyə yeni bir töhfə verməyəcəyi, əksinə, gərginliyə və qarşıdurmalara səbəb olacağı və xalqa zərər verəcəyi barədə ortaq mövqedən çıxış etmişdilər. Bu qərarın doğruluğu artıq özünü göstərir. 


2014-cü ildə İraqın daxilində güclənməyə başlayan və Mosulu ələ keçirən DEAŞ Bərzani hakimiyyətini birbaşa müharibənin içinə çəkdi. Müharibədən əlavə, Suriya və İraqdan gələn qaçqınlara qayğı göstərilməsi, mərkəzi hökumətdən gələcək 17 faiz neft gəliri payının gəlməməsi, PKK-nın Sincar bölgəsində muxtariyyət elan etmə cəhdləri, iqtisadi durğunluq səbəbindən yaranan etirazlar, İran sərhəddində yaşanan gərginlik və daxili siyasi mübahisələr Bərzani hökumətinin üzləşdiyi çətinliklərdən bəziləri idi. Çox güman ki, Bərzani referendumu bu çətinliklərdən bir çıxış yolu, ya da siyasi manevr olaraq dəyərləndirdi. Noyabr ayında Şimali İraqda seçkilər olacaq və Bərzani bu seçkilərə “Müstəqilliyə doğru addım atan lider” olaraq getmək istəyir. Lakin bu, xalqın yaxşılığını düşünməkdən daha çox, yanlış bir strategiyadır. 


Bağdad hökuməti ilə kürdlər arasındakı muxtariyyət barədə ilk razılaşma 1970-ci ildə olmuşdur. Kürdlər 1991-ci ildə ABŞ-ın dəstəyi ilə özlərinin nəzarət edəcəkləri ərazi əldə etdilər. 2005-ci ildə isə bu ərazi İraq Kürd Regional Hökuməti (İKRH) adı altında qanuni bir status qazandı. Bu status əldə edilərkən sərhədlər dəqiqləşmədi. Xüsusilə də, Kərkük kimi neftlə zəngin torpaqlar mübahisəli ərazilər olaraq qaldı. 2014-cü ildəki DEAŞ hücumunu fürsət bilən İKRH Kərkük bölgəsinə nəzarəti ələ keçirdi. Lakin Kərkük və Mosul Birinci Dünya Müharibəsindən bəri Türkiyənin də haqqı olan mübahisəli ərazilərdir. Üstəlik, bu ərazilər İKRH-in iddia etdiyi kimi, əhalisinin əksəriyyəti kürdlər olan ərazilər deyil. Əhalisinin böyük hissəsi türkmən və ərəblər olan Kərkük bölgəsinin təzyiq yolu ilə İKRH-nə qoşulmasını istəmək gələcəkdə türkmən-ərəb-kürd konfliktinə səbəb ola biləcək çox təhlükəli bir addımdır. 


Buna görə də, İraq Mərkəzi hakimiyyəti referendum qərarının konstitusiyaya zidd olduğunu və qanuni olmadığını bildirdi. BMT də daxil olmaqla, beynəlxaq təşkilatlar və ABŞ, Rusiya kimi bölgədəki nüfuzlu ölkələr referenduma dəstək vermədilər. Şimali İraqın qonşuları, bölgənin iki böyük ölkəsi olan Türkiyə və İran da bu referendum qərarına haqlı olaraq qarşı çıxdı. Qonşu ölkələrin, mərkəzi hakimiyyətin və beynəlxalq təşkilatların bütün çağırışlarına baxmayaraq, Bərzani hakimiyyəti referendum qərarında israr etdi. Bərzaninin bu israrı İKRH-yə qarşı ardıcıl tədbirlər görülməsi və qərarlar verilməsinə səbəb oldu. 


İlk olaraq, Türkiyə və İran sərhədləri bağlayacağını bəyan etdi. İraq və Türkiyə ordusu Türkiyə-İraq sərhəddində ortaq manevr etdi. İran Şimali İraq sərhədinə tanklarını topladı. İraq Mərkəzi hakimiyyəti isə Ərbilin hava məkanında bütün uçuşların dayandırıldığını bəyan etdi. İraq Ali Məhkəməsi referendum səlahiyyətlilərini ölkənin birliyini pozma və təhlükəsizliyini təhlükə altında qoymaqa təqsirləndirərək, istintaq işini başlatdı. İraq prezidentinin köməkçisi Nuri əl-Maliki isə İraq Kürd Regional Hakimiyyətinin (İKRH) qanundankənar referendumunu “İraq xalqının birliyinə qarşı müharibə”  olaraq dəyərləndirdi. 


Belə görünür ki, peşmərgənin (kürd silahlılarına verilən ümumi ad) və məmurlarının maaşını ödəyə bilməsi üçün ona maddi dəstək olan, peşmərgəyə hərbi təlim və sursat təmin edən, Bərzaninin özünün və hökumətinin qorunması üçün tədbirlər görən Türkiyə ilə məsləhətləşmədən verilən və Türkiyənin tənqidlərinə məhəl qoymadan tətbiq olunan bu qərar İKRH-ni daha da çətin bir dövrə sürükləyəcəkdir. Referendum xalqa təlqin edildiyi kimi müstəqillik gətirməyəcəkdir. Əksinə, Şimali İraqın mövcud uğurlarını itirməsinə səbəb olacaq, ən pis halda isə vəziyyətin səngimədiyi Yaxın Şərqdə yeni qarşıdurmalara da zəmin hazırlayacaqdır. İslam dünyasının isə yeni münaqişələrə deyil, müxtəlif bölgələrdə axan qanı dərhal dayandırmağa, bunun üçün də birlik olmağa ehtiyacı vardır. 


Bu regionu nəzarət altında saxlamağın ən asan yolu onu kiçik parçalara bölmək, bu kiçik parçaları bir-biri ilə daim vuruşduraraq güclərini itirmələrini təmin etməkdir. Təxminən 100 ildən bəri Yaxın Şərq üzərində oynanılan oyun budur. Bərzani höküməti mövcud vəziyyətdə siyasi baxımdan kifayət qədər güclü deyildir. Referendumdan sonra artacaq gərginlik Bərzani iqtiarının devrilməsi üçün asan zəmin hazırlaya bilər. Bərzani hakimiyyətinin devrilməsinin ardından isə iqtidar Şimali Suriyada olduğu kimi, PKK terror təşkilatının hakimiyyəti altına keçə bilər. Şimali İraq və Şimali Suriyanın PKK hakimiyyətində birləşdirilməsi ilə qurulacaq kommunist bir dövlət isə hər şeydən əvvəl müsəlman kürd xalqını əzəcəkdir. Bununla kifayətlənməyərək, Yaxın Şərqdə yeni bir Şimali Koreya da qurulacaq və bütün müsəlman ölkələr ciddi bir təhlükə ilə qarşı-qarşıya qalacaqdır. Şübhəsiz ki, kürdlər Səddam dövrü başda olmaqla, müxtəlif dövrlərdə böyük əzablar yaşamış bir xalqdır. Bu yaraları sağaltmağın və layiq olduqları gözəl günləri yaşamalarının yolu özlərini daha kiçik bir dövlət kimi həbs etmək deyildir. Asanlıqla əziləcək bir qüvvəyə çevrilmək əvəzinə, çətin günlərində hər zaman yanında olan Türkiyə də başda olmaqla, bütün müsəlman ölkələri ilə ortaq mövqedən hərəkət edərək, güclü bir ittifaqın üzvü olmaq daha məqsədəuyğun və düzgündür.

Adnan Oktarın “Arab Times & MENA FN”-də yayımlanan məqaləsi:
http://www.arabtimesonline.com/news/will-referendum-bring-kurds/
http://menafn.com/1095932399/What-will-referendum-bring-for-Kurds?ARAB-TIMESKUWAIT-NEWS#


 

PAYLAŞIN
logo
logo
logo
logo
logo