Holokost (yəhudi soyqırımı) tarixin ən böyük faciələrindən biridir. Lakin baş verdiyi vaxt bir çox ölkə səsini çıxarmadan hadisələrə laqeyd qaldı. ABŞ-ın hərəkətə keçməsi çox vaxt çəkdi. İngiltərə nə baş verdiyinin fərqində idi, lakin ilk öncə, Hitleri cəsarətləndirən siyasət yürütdü. Müasir dövrümüzdə Qərb ölkələrində soyqırıma hüquqi status verilmişdir və bu, bir çox ölkənin qanunvericiliyində də öz yerini tapmışdır. Müsəlman dünyasında isə vəziyyət çox fərqlidir.
Musəvilərin necə qətlə yetirildiyi, qaz otaqları, ölüm düşərgələrinə dair məlumat azlığı və birtərəfli təbliğata görə bir çox müsəlman nasistlərin və tərəfdaşlarının törətdiyi vəhşiliklərə tamamilə biganə qalır. Ona görə bu laqeydliyi aradan qaldırmaq və tarixi həqiqətləri ortaya qoymaq müsəlmanların vəzifəsidir.
Soyqırım plansız baş vermirdi. Antisemitik inanclara, musəvilərə qarşı keçmişdən qalma nifrətə əsaslanırdı. Hitler milyonlarla insandakı bu qərəzliliyi yenidən canlandırmaq üçün ideoloji təbliğat üsulundan istifadə etdi. Xalqa müraciətlə bütün almanların 1%-indən daha azını təşkil edən musəvilərin amansızcasına məhv edilməsi üçün milyonlarla insanı razı saldı.
Nasistlər almanlarda musəvilərə qarşı nifrət və düşmənçilik hisləri aşılamaq üçün ideoloji təbliğata başladılar. Adolf Hitler 1926-cı ildə "Mənim mübarizəm" (Mein Kampf) adlı kitabında "Təbliğat bütün insanlara bir doktrinanı qəbul etdirməyə çalışır", - deyə yazmışdı. O, musəvilərə və digər azlıqlara qarşı nifrət yaymaq üçün təbliğatdan istifadə etməyi müdafiə edirdi. Nasistlər 1933-cü ildə hakimiyyətə gəldikdə Yozef Gebelsin rəhbərliyi ilə Xalqı Maarifləndirmə və Təbliğat Nazirliyini qurdular. Bu qara piarın məqsədi musəvilərə və digər azlıqlara, yəni "arzu olunmayanlara" qarşı Almaniyada düşmənçiliyi yaymaq idi.
Nasistlər bugünkü BDS (Boykot, Təcrid və Sanksiyalar) hərəkatı kimi antisemit strategiyası ilə musəvi mağazalarını və müəssisələrini boykot etməyə başladılar. Almaniyanın hər yerində musəviləri qorxunc varlıq kimi göstərən, "musəvi məhsullarını almayın" kimi şüarlar əks etdirən afişalar asıldı. 1940-cı ildə antisemit film olan "Ölümsüz musəvi" Almaniyanın bütün kinoteatrlarında nümayiş etdirildi. Məktəblərdə müəllimlər şagirdlərə "musəvi təhlükəsi" ilə bağlı xəbərdarlıqlar edirdirlər. Musəvilər dərslərdə təhqir və pis rəftara məruz qalırdılar.
20 yanvar 1942-ci ildə Vanzay konfransında yüksək rütbəli almanlar "musəvi probleminin qəti həlli" üçün qərar qəbul etdilər. Bu, kişi, qadın, uşaq və hətta körpə musəvilərin planlı şəkildə məhv edilməsi demək idi. Bu cür barbarlıq nasistlərin işğal etdiyi və nəzarət etdiyi bütün ərazilərdə baş verdi. Qərara uyğun olaraq ölüm düşərgələri yaradıldı. Nasistlər bu düşərgələrdə 11 milyona yaxın insan öldürdülər. Onlardan təqribən altı milyonu musəvi idi.
Heç kimə sirr deyil ki, nasist Almaniyası müharibə vaxtı bəzi Yaxın Şərq ölkələri liderlərinin dəstəyini qazanmağa çalışırdı. Hitlerin hakimiyyətdə yüksəlişi ilə başlayan musəvi təbliğatı bir çox ölkələrdə müxtəlif sahələrə öz təsirini göstərdi. Yaxın Şərq ölkələrinin bir çoxunda oxşar təbliğat üsullarından istifadə edildi. Radio Berlin musəvilərə qarşı düşmənçilik və nifrət hissləri oyatmaq məqsədilə ərəb və fars fillərində radio yayımlarına başladı. Bu regionda gənclər üçün musəviləri düşmən kimi səciyyələndirən təhsil proqramları hazırlandı.
Bu gün dünya əhalisinin böyük hissəsi soyqırımı ya eşitməyib, ya da ki, inkar edir. Musəvilərə qarşı nifrət təlqininin təsirində qalan bəzi müsəlmanlar bu zülmü inkar etməyə meyilli olur. Lakin soyqırımı inkar etmək tarixi həqiqətləri inkar etmək deməkdir.
Soyqırımı təsdiq və ya inkar etmək nəyə görə bu qədər əhəmiyyətlidir? Bunun səbəbi gələcəkdə musəvilərə və ya başqa irqə, millətə, dinə hər hansı bir zülm olduqda Allahın izni ilə insanların bu zülmü öyrənmiş olmaları və vicdanlarını susdurub baş verənlərə tamaşa etmək əvəzinə zülmə qarşı çıxmalarıdır. Müsəlmanlar haqsızlığa qarşı mübarizə gücünü hər zaman Allaha olan imanlarından alaraq ədalətsizliyə qarşı qəhrəmancasına ayaqda durmalıdırlar.
Bir çox insanın soyqırım dəhşətinə qarşı laqeydliyi və məlumatsızlığı davam edən qara piar və dezinformasiyadan qaynaqlarnır. Təbliğat, böhtan və dezinformasiyanın rolu çox vaxt kifayət qədər vurğulanmır. Lakin yalanların və böhtanların rolunu bilmək gündəlik həyatda soyqırım anlayışına məna qazandırır və əxlaqı, həyati dəyərləri qorumağın vacibliyini ortaya qoyur. Vicdanlı insanlar şeytani ideologiyalara və nifrət mesajlarına qarşı cəsarət, qətiyyət və dürüstlük aşılamalıdırlar.
Müsəlmanlar eyni zamanda böyük mədəniyyət kampaniyası başlatmalıdırlar. Savadlı müsəlmanlar bəşəriyyətin indiyə qədər gördüyü ən böyük faciədən biri üçün zəmin hazırlayan siyasəti bilməyənlərə açıqlamalıdırlar. Ədaləti müdafiə edən, məzlumları qoruyan, onlara şəfqət və mərhəmət göstərən İslam prinsiplərini yenidən canlandırmaq çox vacibdir.
İstər siyasi, istər dini lider olsun, bütün müsəlman liderlərin mühüm vəzifəsi var. Onlar İslamın belə bir nifrətə və ya zülmə heç vaxt imkan verməyəcəyini bildirməli və izah etməlidirlər ki, Qurana görə zülmə məruz qalan bütün insanların hüquqlarını qorumaq müsəlmanların vəzifəsidir. İnsanların vicdanını oyatmaq və bu kimi faciələrin yenidən baş verməsinin qarşısını almaq çox vacibdir və müsəlmanların mənəvi vəzifəsidir.
Adnan Oktarın “The Jerusalem Post”da (İsrail) yayımlanan məqaləsi:
http://www.jpost.com/Opinion/The-role-of-propaganda-in-the-Holocaust-539981#/