13 noyabrda Fransanın paytaxtı Parisdə altı fərqli yerdə həyata keçirilən, 132 nəfərin həyatını itirməsinə, 352 nəfərin yaralanmasına səbəb olan silahlı və bombalı hücumlardan sonra ölkədəki təhlükəsizlik tədbirləri maksimum dərəcədə artırılıb. Tarixinin ən böyük terror hadisəsi ilə sarsılan ölkədə bu gün nəzərlər 6 və 13 dekabrda keçiriləcək iki pilləli əyalət və bölgə seçkilərinə yönəlib.
Seçkilərin aparıcı partiyası Milli Cəbhənin həddindən artıq sağ lideri Marina Le Penin daha çox səs toplamaq üçün müsəlmanlara yaxınlıq göstərməsi ölkədəki sekulyar təbəqə tərəfindən böyük reaksiya ilə qarşılandı. 2017-ci ildəki prezident seçkilərində qalib gələcəyi təxmin edilən Le Penin lideri olduğu Milli Cəbhədən bir səlahiyyətli şəxs radikallara deyil, həqiqi İslama inanan fransız vətəndaşlarına müraciət etdiklərini və onları ilk öncə fransız vətəndaşı kimi gördüklərini söyləyərək partiyasını müdafiə etdi.
Radikalizmlə həqiqi İslam arasındakı fərqi düzgün səciyyələndirmək "İslami terror" olaraq təqdim edilən və bütün dünyanı lərzəyə salan radikal terrora son qoyacaq səviyyədə həyatı bir məsələdir. Özlərini müsəlman kimi təqdim edən radikalların əməllərinin İslam mənşəli olmadığını dəlilləri ilə ortaya qoymaq dünyada sülh və əmin-amanlığı təmin edəcək ən köklü həll yoludur. Terrora qarşı tək səs olmaq ancaq bu şəkildə mümkündür.
Belə ki, Qərb ölkələrində həqiqi İslam hələ də tam olaraq müəyyən edilməyib. Avropalılar radikalların etdiklərini gerçək İslam zənn edir və birbaşa İslamı və müsəlmanları hədəf alan müdafiəyə başlayırlar.
2015-ci ili radikal terror qorxusu içində keçirən Fransada İslam əleyhdarlığının və İslama qarşı hücumların keçmiş illərə nisbətən artdığı müşahidə edilərkən, baş verən terror hadisələrindən sonra İslama qarşı rəğbət hissinin artdığını göstərən müxtəlif araşdırma və faktların ortada olduğu da bir başqa həqiqətdir. Məsələn, "Le Monde" qəzetinin ilin əvvəlində meydana gələn Çarli Hebdo hücumundan sonra keçirdiyi sorğuya əsasən, "İslam dini fransız cəmiyyətinin dəyərləri ilə uyğundur" deyənlərin nisbəti ötən illə müqayisədə 12 bal artım göstərərək 47%-ə çatıb. Fransızların 66%-i İslamın digər dinlər kimi sülhsevər olduğu, radikalizmin dinin yanlış şərhi olduğu fikirindədir. Sorğuda iştirak edənlərin 84%-i Fransanın İslama qarşı deyil, terrorizmə qarşı mübarizə apardığını vurguladı.[1] Digər tərəfdən, Parisin məşhur kitab mağazası La Procurenun nümayəndəsi Carole Vitura fransızca Qurani-Kərim satışlarında böyük artım olduğunu və artan Qurani-Kərim tələbini təmin etməyi çatdıra bilmədiklərini ifadə etti. [2] Paris Böyük Məscidi isə 2015-ci ilin yanvar ayında 40 nəfərin müsəlman olduğunu açıqladı. [3] Bu rəqəm keçən illə müqayisədə iki dəfə çoxdur. Oxşar rəqəmlər Strasburq, Aubervilliers və Liondakı məscidlərə də aiddir.
Fransa Avropa Birliyi ölkələri arasında ən çox müsəlman yaşayan ölkə tituluna sahibdir. İslam Fransada ikinci dindir və katolikliyə nisbətən daha sürətlə yayılır. Din dəyişdirərək İslamı seçənlərin sayı da hər gün artır. Ölkədəki 5 milyon müsəlman, ölkə əhalisinin 7.5%-ini təşkil edir. Fransada bu günə qədər din dəyişdirərək müsəlman olanların sayının isə təqribən yüz min olduğu bildirilir. [4] Sevindirici məqam budur ki, din adı ilə ortaya çıxan və terror hücumları təşkil edən fanatik radikallar Qurana bağlı Fransa müsəlmanları arasında heç bir rəğbət görmür.
Fransadakı müsəlmanların çoxu İslam dininə görə, bir insanı öldürməyin bütün bəşəriyyəti öldürmək, insanın özünü öldürməsinin də İslamda haram olduğunu bildiklərinə görə, canlı bombaların, intihar hücumlarının, terror hücumlarının İslam dini ilə əlaqəsinin olmadığına inanır. Eyni təbəqə radikallıq problemini həll etmək üçün isə radikalların şiddətinə şiddətlə, silahına silahla qarşılıq vermək deyil, beyinlərində yanlış inanca doğru inancla cavab vermək lazım olduğunu düşünür. Heç şübhəsiz, bunun yeganə yolu da şiddət və nifrətin əsası olan İslamdan kənar azğın fikirləri həqiqi İslamla ortadan qaldırmaqdır. Radikalların uydurma hədislərə və xurafatlara əsaslanaraq inkişaf etdirdikləri din anlayışının İslamla birbaşa zidd olduğunun qeyd edildiyi maarifləndirmə siyasətinə keçmək bütün Qərb ölkələrində olduğu kimi, Fransada da vacibdir.
Fransa prezidenti Fransua Olland Çarli Hebdo hücumundan dərhal sonra etdiyi çıxışında bu əhəmiyyətli həqiqətə belə diqqət çəkmişdi: "Radikal İslamçılıq ziddiyyətlərdən, təsirlərdən, iztirablardan, bərabərsizliklərdən və çox uzun müddətdir həll edilməyən münaqişələrdən qidalanmışdır. Ərəb dünyasında getdiyim hər yerdə və hər dəfə dediyim kimi, bəzi şeylərin bir-biri ilə qarışdırılmasını inkar etməyimiz, İslamın demokratiya ilə uyğun gəldiyini vurğulamağımız və bunu ilk növbədə Fransadan başlayaraq etmək lazım olduğunu xatırlatmağımız lazımdır". [5] Ollandın 15 yanvarda Ərəb Dünyası İnstitutunda söylədiyi bu nitq radikalizmlə həqiqi İslam arasındakı fərqi ortaya qoyan çox mühüm həqiqətləri ehtiva edirdi.
Bu fərqi daha da dəqiqləşdirmək müsəlmanların Qərb ölkələrində rahat və firavan yaşamasını da mümkün edəcək. Belə ki, əslində İslamdan tamamilə uzaq bir anlayışa sahib olduqları halda, İslam adına ortaya çıxan radikal terror təşkilatlarının qeyri-insani hərəkətləri səbəbindən müsəlmanlar bütün Qərbdə potensial şübhəli kimi qəbul edilir, insan hüquqları pozulur və alçaldıcı rəftara məruz qalırlar.
Ancaq müsəlmanlar bu çətinliyin öhdəsindən gözəl əxlaqları ilə gəlməyi bacarırlar. Bu vəziyyət Fransadakı müsəlmanlara da aiddir. İslamın sevgi və sülh dini olduğunu səbirləri, mehriban, sülhsevər münasibətləri ilə göstərirlər. Quranın mahiyyətini təşkil edən sevgi, sülh, ədalət, azadlıq, estetika və keyfiyyət anlayışlarını yaşayaraq göstərirlər. İslam sevgi, mərhəmət, şəfqət, dostluq, təmizlik, yaxşılıq, gözəllik, rahatlıq deməkdir. Kasıbları, yetimləri, ehtiyacı olanları, yaşlıları, Allahın yaratdığı hər şeyi, insanları, bitkiləri, heyvanları, bir sözlə bütün varlıqları sevmək deməkdir. Belə üstün bir əxlaq anlayışına sahib müsəlmanlar olduqları hər yerə rahatlıq və keyfiyyət gətirirlər.
Bütün Qərb ölkələrində yaşayan müsəlmanlar kimi Fransada yaşayan müsəlmanlar da İslam dinini tanımayan insanlara İslamın gözəlliyini ən gözəl şəkildə izah etməklə birbaşa məsuldurlar. Allahın Özünü tanıtmaq, insanlara yaradılış məqsədlərini bildirmək, onlardan nə istədiyini xəbər vermək, axirəti müjdə vermək və gözəl əxlaqı izah etmək kimi bir çox hikmət üzərinə göndərdiyi Qurana tabe olan bir müsəlman üçün Fransada müsəlman olmaq, dünyanın hər hansı bir yerində müsəlman olmaqdan fərqli deyil. Harada olursa-olsun, zülmdən, əxlaqsızlıqdan və pislikdən çəkinmək, başlarına gələn çətinliklərə səbir etmək, gözəl tərzdə qarşılıq vermək, mərhəmətli, şəfqətli, sevgi dolu, ədalətli, etibarlı, dürüst insan olmaq bütün müsəlmanların olduğu kimi onların da başlıca vəzifəsidir.
[1] http://www.lemonde.fr/societe/article/2015/01/28/securite-politique-islam-comment-reagissent-les-francais-apres-les-attentats_4564681_3224.html
[2] http://www.zaman.com.tr/dunya_fransada-islama-sempati-artti_2274199.html
[3] http://www.rtl.fr/actu/societe-faits-divers/de-plus-en-plus-de-convertis-a-l-islam-depuis-les-attentats-7776542923
[4] http://www.nytimes.com/2013/02/04/world/europe/rise-of-islamic-converts-challenges-france.html?_r=0
[5] http://www.bbc.com/news/world-europe-30829733
Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:
http://www.nst.com.my/news/2015/12/117195/being-muslim-france-after-nov-13