Qütb ayılarının buzun üstündə yaşamalarını təmin edən mükəmməl xüsusiyyətlər
Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar. Ancaq Rəhman olan Allah onları bu çətin şəraitə tab gətirə biləcək şəkildə yaratmışdır.
Dünyadakı bütün canlıları yoxdan yaradan və onların hər birində heyrətamiz xüsusiyyətlər var edən uca Allahdır. Bu, Allahın incə sənətidir. Allah sonsuz ağlı ilə insanların qavraya bilmədikləri, hələ incəliklərini kəşf edə bilmədikləri sistemlər yaratmış, hər xüsusiyyətin içində Öz ucalığını və qüdrətini göstərən gözəlliklər var etmişdir.
Qütb ayıları 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır. Onlar uca Allahın incə sənətinin bir nümunəsidir. Uca Rəbbimiz bu qüsursuz yaratma gücünü və sənətini bir Quran ayəsində belə bildirir:
O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)
Dəri və tüklərindəki xüsusiyyətlər
Qütb ayıları buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var. 5 sm qalınlığındakı kürkün ağ görünən tükləri, əslində, şəffafdır. Temperatur itkisinin qarşısını alan fiberoptik xüsusiyyətlərə malik olan bu tüklərin içi boş və şəffaf şar kimidir. Bu şarlar günəş şüalarının istiliyini altdakı qara rəngli tükə qədər birbaşa ayının dərisinə ötürür və ayının qızınmasını asanlaşdırır. Bundan başqa, qütb ayılarının dərisinin altındakı 10 sm-lik yağ təbəqəsi istiliyin qorunmasını təmin edir. Bu minvalla, ayının kürkü və dərisi onu soyuq xarici mühitdən qoruyur. Həmçinin, bu kürk üzmək üçün də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışır və qütb ayısı su keçirməyən yumşaq dalış paltarı geyinmiş olur. Beləliklə, ayılar buzlu sularda saatda 10-11 km sürətlə 2000 km uzağa üzə bilirlər.
Uca Allahın qütb ayısının dərisində və tüklərində yaratdığı incəliklər sayəsində onlar 37 dərəcəlik bədən temperaturunu suyun içində də uzun müddət qoruya bilirlər. Hətta bu canlıların bədəninin həddindən artıq isindiyi zamanlar belə olur. Bu səbəbdən, çox vaxt qütb ayıları yüksələn bədən temperaturlarını azaltmaq üçün bədənlərini buza sürtürlər.
Bədən temperaturunu qorumaq üçün yaradılmış başqa incəlik
Uca Allah qütb ayılarında kiçik qulaqlar və kiçik quyruqlar yaratmışdır. Qulaq və quyruqları kiçik olduğu üçün onların səthindəki damarlar vasitəsilə istilik itirmə ehtimalı da minimuma enir.
Buzda sürətlə qaçmağı və üzməyi təmin edən xüsusiyyətlər
Qütb ayıları bütün təchizatları ilə buzlaqlarla örtülmüş soyuq mühitdə yaşamaq üçün yaradılmışlar. Çünki geniş, düz və tüklü pəncələrə sahibdirlər. Bundan əlavə, ayaq barmaqlarının arasındakı oyuqlar sayəsində buzun səthində vakuum yaradır. Sürüşkən olmayan pəncələri ilə buzün üzərində sürətlə qaça bilirlər. Barmaqlarının quruluşu isə suyun içində rahat üzməsini və daha uzaq məsafələri qət etməsini təmin edir.
Enerji sərfini azaldan xüsusiyyət – qış yuxusu
Qütb ayıları enerji sərfini azaltmaq üçün qış yuxusundan da istifadə edirlər. Xüsusilə ana olmağa hazırlaşan qütb ayısı qış yuxusuna getdiyi dövrdə enerji sərf etməmək və balalarını daha yaxşı bəsləmək üçün maddələr mübadiləsinin sürətini azaldır. 7 ay maddələr mübadiləsindəki yağı zülala çevirərək balaların bəslənməsini təmin edir. 7 ay ərzində özü heç nə yemir. Ürək döyüntüsünü dəqiqədə 70-dən 8-ə qədər endirə bilir. Bu dövrdə yemək yemədiyi üçün təbii ehtiyacları da olmur. Beləliklə, ana ayı balaların doğulacağı dövrdə çox enerji sərf etmir.
Balaları üşüməkdən qoruyan yuvalardakı xüsusiyyətlər
Arktikanın soyuq iqlimində yaşayan dişi qütb ayıları hamilədirlərsə və ya balaları varsa, özlərinə qarın altında yuva düzəldirlər. Başqa vaxtlarda onlar yuvada yaşamırlar.
Bu evlərin, əsasən, birdən çox otağı olur və qütb ayıları bu otaqları professional şəkildə hazırlayırlar. Otaqlardakı isti havanın girişdən çölə çıxmasının qarşısı alınır.
Ana ayı yuvanın tavanını 75 sm – 2 m qalınlığında tikir. Tavanın qalınlığı qoruyucu funksiyanı yerinə yetirir. Yəni yuvadakı istiliyi qoruyur. Yuvadakı temperatur da bunun sayəsində sabit olur. Norveç Oslo Universitetinin tədqiqatçısı Paul Watts bu yuvalardan birinin tavanına bir cihaz yerləşdirərək temperaturu ölçmüş və çox maraqlı bir vəziyyətlə qarşılaşmışdır: çöldəki temperatur -30 dərəcəyə qədər düşərkən, yuvanın içindəki temperatur 2, ya da 3 dərəcədən aşağı düşməmişdir. Bu möcüzəvi yuva isə bütün heyvanlarda olduğu kimi, şübhəsiz, uca Rəbbimizin qütb ayılarına ilhamının nəticəsində ortaya çıxır.
Görmə və qoxu hiss etmə duyğularındakı detallar
Qütb ayılarının gözlərində göz qapağı filtri var. Bu filtr sayəsində qütb ayıları bir cüt “günəş eynəyi”nə sahib olur və gözlərindəki bu quruluş onları qar korluğundan qoruyur.
Qütb ayısı ucsuz-bucaqsız buz səhrasında ovlamaq üçün uzun məsafələri qət etməlidir. Bu zaman güvəndiyi bir hissi var: qoxu. Qütb ayısının burnu olduqca həssasdır. Onlar, əsasən, suitilərlə qidalanırlar. Suitilər isə buz və qar təbəqələrinin altında yaşayırlar. Amma bu, qütb ayılarının onları tapmasına mane olmur. Çünki qütb ayılarının qoxu hiss etmə duyğuları elə kəskindir ki, 1.5 m qalınlığındakı qar təbəqəsinin altındakı və ya 30 km uzaqda olan suitinin qoxusunu hiss edə bilirlər. Şübhəsiz, uca Allah hər canlını olduğu kimi, qütb ayısını da ehtiyacları istiqamətində ən mükəmməl şəkildə yaratmışdır.
Nəticə
Yuxarıda izah edilən bütün xüsusiyyətlər qütb ayısının yaşaması üçün çox əhəmiyyətlidir. Yer üzündəki varlıqların incə və qüsursuz strukturları, onların təsadüfən meydana gələ bilməyəcəkləri, hətta bunlara insanın belə qadir olmadığını açıqca ortaya qoyur. Hər şeyi qüsursuz yaradan uca Rəbbimizdir. Qütb ayısının soyuqdan qorunma sistemində, qidalanma və duyğu orqanlarından istifadə etmə formasında da bu həqiqət açıq şəkildə ortadadır. Bu canlını buzlaqların içinə yerləşdirən də, onu bu şəraitdən qoruyan da uca Allahdır. Bu həqiqət daim insana bütün varlıqların vəziyyət və davranışlarını mütləq iradəsi ilə təqdir edən Allahın böyüklüyünü xatırladır:
Göylərdə və yerdə olanların hamısını O sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Casiyə surəsi, 13)
Qütb ayısı uca Allahın saysız yaradış dəlillərindən yalnız biridir. Uca Allah hər canlını onun yaşağıdı mühitə uyğun, həyatını və soyunu davam etdirə biləcəyi, ruzisini tapa biləcəyi ən üstün xüsusiyyətlərlə təchiz etmişdir. Sonsuz mərhəmətin və şəfqətin sahibi olan Rəbbimiz bütün canlılara rəhmətini və nemətini lütf etmişdir. Canlıların sahib olduqları bu xüsusiyyətlər inananlar üçün bir dəlildir:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)