Cinlər haqqında əsrlərlə bir çox iddia irəli sürülmüşdür. Ancaq hər sahədə olduğu kimi, cinlər haqqında da doğru məlumat alacağımız mənbə müqəddəs kitabımız Qurani-Kərimdir.
Quranda cinlərin yaradılışı, insanlarla münasibətləri, həyat tərzi haqqında bir çox məlumat verilmişdir.
Quranda cinlərin oddan yaradıldığı bildirilir. Mövzu ilə əlaqədar ayələr belədir:
Cannı (cini) da tüstüsüz oddan O xəlq etdi. (Rahmən surəsi, 15)Cannı daha öncə qızmar oddan xəlq etmişdik. (Hicr surəsi, 27)
Quran ayələrinə nəzər saldıqda cinlərin də eynilə insanlar kimi həyatı olduğu məlum olur. Ayələrdən cinlərin də gəlib-getmiş ümmətlərindən bəhs edilir. Onların da nəsilləri, əcdadları var (Əraf surəsi, 38; Kəhf surəsi, 50). Ancaq cinlər insanlardan fərqli məkan ölçüsündə yaşayır, insanları görür, söhbətlərini dinləyirlər.
Allah cinlərin yaradılış məqsədini “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zəriyət surəsi, 56) ayəsi ilə bildirmişdir. Onlar da elçilər və elçilərə nazil edilən kitablar vasitəsilə xəbərdar edilib qorxudulur, dünya həyatındakı əməlləri ilə sınanır, ibadət və itaət edir, nəticədə Allahdan qarşılıq alırlar. Allah Quranda belə bildirir:
Ey cin və insan tayfası! Məgər sizə öz içərinizdən ayələrimi söyləyən və bu gününüzün gəlib çatacağı barədə sizə xəbərdarlıq edən peyğəmbərlər gəlmədimi? Onlar deyəcəklər: “Biz öz əleyhimizə şahidik!” Dünya həyatı onları aldatdı və onlar kafir olduqları barədə öz əleyhlərinə şəhadət verdilər. (Ənam surəsi, 130)
Ayədə də bildirildiyi kimi, cinlərlə insanların imtahanları bir-birinə çox bənzəyir. Onların da bəziləri dünya həyatının müvəqqəti bər-bəzəyinə aldanır, xəbərdar edildikləri halda doğru yoldan uzaqlaşırlar. Ayələrdən cinlərin peyğəmbərlərin təbliğini dinlədikləri, Quran oxunarkən eşitdikləri və öyrəndiklərini öz tayfalarına danışdıqları məlum olur. Allah “Əhqaf” surəsində cinlərin Hz. Muhəmmədin (s.ə.v.) təbliğini dinlədiklərini belə bildirir:
Onu da xatırla ki, bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına göndərmişdik. Onlar onu dinləməyə hazır olduqda: “Qulaq asın!” – dedilər və (Quran oxunub) qurtardıqdan sonra qorxudanlar sifətilə öz qövmlərinin yanına qayıtdılar. Onlar dedilər: “Ey qövmümüz! Biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və düz yola yönəldən bir Kitab dinlədik! (Əhqaf surəsi, 29-30)Allah bir çox Quran ayəsində cinlərə və insanlara birlikdə müraciət edir, müxtəlif öyüd-nəsihətlər verir və onları cəhənnəm əzabı ilə qorxudur. “Əraf” surəsinin 38-ci ayəsində Allah “Sizdən əvvəl gəlib-getmiş cin və insan tayfaları ilə birlikdə Cəhənnəmə girin!..” buyurur. Hz. Muhəmmədə (s.ə.v.) hidayət rəhbəri kimi nazil edilən Quranı təkzib edən cin və insanların vəziyyəti isə “İsra” surəsində belə bildirilir:
De: “Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”. (İsra surəsi, 88)
Allahın cinlərə və insanlara birlikdə müraciət etdiyi ayələrdən bəziləri belədir:
Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət ümmətlərlə birlikdə haqlarında əzab sözünün gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! (Əhqaf surəsi, 18)Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır! (Əraf surəsi, 179)
İman gətirən cinlər
Ayələrdə cinlərdən bir qisminin Allaha iman gətirib doğru yola tabe olduqlarından, bir qisminin də iman gətirmədiyindən bəhs edilir. Müsəlman cinlər Quran oxunarkən onu dinləyirlər:
De: “Mənə vəhy olundu ki, bir dəstə cin dedi: “Biz çox heyrətamiz bir Quran eşitdik. O, doğru yola yönəldir. Biz ona iman gətirdik və biz bir daha heç kəsi Rəbbimizə şərik qoşmayacağıq. Həqiqətən, Rəbbimizin calalı çox ucadır. O Özünə nə bir zövcə götürmüşdür, nə də bir uşaq! (Cinn surəsi, 1-3)
Cinlərin bəziləri Allahı təqdis edib şanını ucaldan, Ona heç kimi şərik qoşmayan müsəlman varlıqlardır. Qurana heyrandırlar, Allahın əmr və tövsiyyələrini yerinə yetirirlər. Onlar öz aralarında iman gətirməyən cinlərin olduğunu bilir və bunu belə ifadə edirlər:
Doğrusu, bizim səfehlərimiz Allah barəsində tamamilə yalan söyləyirmiş. Biz elə güman edirdik ki, insanlar da, cinlər də Allaha iftira atmazlar. (Cinn surəsi, 4-5)
Cinlər öz aralarında müxtəlif qruplardan təşkil olunublar. Bəziləri səmimi müsəlman, bəziləri müşrik, bəziləri Allaha iftira atanlardır. “Cinn” surəsinin ardında cinlərdən iman gətirən cinlər haqqında bu ümumi məlumatları verirlər:
Şübhəsiz ki, aramızda əməlisaleh olanlar da var, olmayanlar da. Biz müxtəlif firqələrə ayrılmışıq. Biz anladıq ki, yerdə də olsaq, (göyə də) qaçsaq, Allahdan (Allahın əzabından) canımızı qurtara bilmərik. Doğrusu, biz hidayət yolunu göstərəni (Quranı) dinlədiyimiz zaman ona iman gətirdik… (Cinn surəsi, 11-13)
Cinlər də eynilə insanlar kimi Allahın kitabından məsuldurlar. Onları da bütün əməllərinə görə Allah sorğu-sual edəcək və heç bir haqsızlığa məruz qalmadan əməllərinin əvəzini alacaqlar. İman gətirən cinləri Allah gözəl mükafatla müjdəmişdir:
… Kim Rəbbinə iman gətirsə, nə (yaxşı əməllərinin mükafatını) əskilməsindən, nə də haqsızlığa məruz qalmaqdan qorxar. Şübhəsiz ki, aramızda müsəlmanlar da var, (haqq yoldan) çıxanlar da. Müsəlman olanlar haqq yolu axtarıb tapanlardır. (Cinn surəsi, 13-14)
Allaha iman gətirməyib zülm edənlərin sonunu Allah ayələrdə belə bildirir:
Hz. Süleymana xidmət edən cinlər
Ayələrdən, Allahın iznilə cinlərlə insanların görüşməsi, hətta cinlərin insanların əmrinə tabe olduqları məlum olur. Allah cinləri Hz. Süleymanın əmrinə tabe etmiş, Hz. Süleyman onlardan müxtəlif işlərdə istifadə etmişdir:
… O yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab içində qalmazdılar. (Səba surəsi, 14)Quranda cinlərin gələcəyə dair xəbərləri bilmədiyi açıqlanmışdır. Buna görə cinlərin, Allahın izni olmadan, insanlara qeybdən xəbər verməsi mümkün deyil. Belə ki, “Səba” surəsinin 14-cü ayəsində xəbər verildiyi kimi, Hz. Süleymanın ölümündən sonradan xəbərdar olmaları buna dəlildir. Habelə, “Nəml” surəsinin 65-ci ayəsində bildirildiyi kimi, “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!..”
Bundan əlavə, Quranda cinlərdən İfrit Hz. Süleymana o hələ yerindən qalxmadan Səba məlikəsinin taxtını gətirə biləcəyini söyləmiş və “Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!” (Nəml surəsi, 39) deyə bildirmişdir. Bu, onun bir yerdən başqa yerə böyük sürətlə hərəkət etdiyinə, bir maddəni başqa yerə apara bildiyinə işarə edə bilər (ən doğrusunu Allah bilir).
Cinləri Allaha şərik qoşanlar
Bəzi insanlar cinlərin özlərinə aid gücü olduğuna inanırlar. Halbuki bu çox böyük səhvdir. Çünki cinləri yaradan Allahdır və onların özlərinə aid heç bir gücü yoxdur. Allah istəməsə, onlar hər hansı insana zərər və ya fayda verə bilməzlər. Ancaq buna baxmayaraq insanların bir qismi cinlərə pənah aparırlar:
Cinləri (Allah) yaratdığı halda, onları Allaha şərik qoşdular, bilmədən Onun üçün oğullar və qızlar uydurub düzəltdilər. Allah isə onların Ona aid etdikləri sifətlərdən uzaqdır (pakdır) və ucadır. (Ənam surəsi, 100)
Allah Quranda insanların cinlərlə əlaqə quraraq azdıqlarını belə bildirir:
Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı. (Cinn surəsi, 6)
Bir ayədə mələklərin də bəzi insanların cinlərə ibadət etdiklərini bildirdikləri belə xəbər verilir:
(Mələklər) deyirlər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”. (Səba surəsi, 41)
İnsanların cinləri Allaha şirk qoşmalarının və onlardan yardım gözləmələrinin ən mühüm səbəblərindən biri, yuxarıda da bildirdiyimiz kimi, onların qeybi bildiklərini düşünmələridir. Halbuki bu səhvdir. Çünki Allah Quranda cinlərin qeybi bilmədiklərini bildirir (Səba surəsi, 14). Ayələrdə cinlərin insanlar üçün yolgöstərici olmadığı, hətta insanları doğru yoldan azdırmaq üçün onlara cəlbedici sözlər pıçıldadığı bildirilir. Ancaq unudulmamalıdır ki, Allah istəməsə, cinlərin insanlar üzərində təsiri olmaz. Onları Allah yaratmışdır və onlar da kainatdakı bütün canlılar kimi, Allahın əmri ilə hərəkət edirlər:
Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə tərk et! (Ənam surəsi, 112)
Həm insanları doğru yoldan azdıran cinlər, həm də cinlərdən Allaha şərik qoşanları Allah sonsuz cəhənnəm əzabı ilə cəzalandıracaq. Dünya həyatında cinlərin təmtəraqlı sözlərinə aldananlar axirətdə çox böyük səhv etdiklərini anlayacaqlar. Çünki o gün bütün şirk qoşduqları şeylər onlardan uzaqlaşacaq, Allahın hüzurunda tək olduqlarını dərk edəcəklər. Cəhənnəm əzabı ilə cəzalandırılacaqlarını anladıqda isə belə yalvaracaqlar:
Kafir olanlar dedilər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımızın altına salaq, yerlə yeksan olsunlar!” (Fussilət surəsi, 29)
Başqa bir ayədə onların odda əbədi qalacağını Rəbbimiz belə bildirir:
Onların hamısını toplayacağı gün (deyəcəkdir): “Ey cin tayfası! Artıq siz insanlardan bir çoxunu özünüzə tabe etdiniz”. Onların insanlardan olan dostları isə deyəcəklər: “Ey Rəbbimiz! Biz bir-birimizdən faydalandıq və bizim üçün müəyyən etdiyin əcəlimizə yetişdik”. (Allah) deyəcək: “Sizin qalacağınız yer Oddur. Orada əbədi qalacaqsınız. Allahın istədikləri isə istisnadır”. Həqiqətən, Rəbbin Müdrikdir, Biləndir. (Ənam surəsi, 128)
Cinləri yaradan Allahdır
Unutmaq olmaz ki, cinlər də eynilə insanlar kimi Allaha qulluq etmək üçün Allahın yaratdığı varlıqlardır. Özlərinə aid heç bir gücləri yoxdur, Allahın izni olmadan heç kimə zərər və ya fayda verə bilməzlər. Onlar da bütün insanlar kimi dünya həyatında imtahan olunurlar və axirətdə əməllərinin qarşılığını alacaqlar. Aləmlərin, göylərin, yerin və bu ikisi arasındakıların Rəbbi, aləmlərə möhtac olmayan Uca Allah cinləri başqa bir aləmdə yaratmışdır.