İnsan uşaqlıqdan vərdiş etdiyi bir davranışı dəyişdirməyə çalışmasa, o davranış həyatı boyu davam edər. Cəmiyyətdə səhv olub-olmadığı araşdırılmadan qəbul edilən bir çox vərdiş də insanlar arasında bu yolla yayılır.
Cəmiyyətdə “incimək” adlandırılan davranış vərdişə çevrilmiş xasiyyətlərdən biridir. Xüsusən də insanlar bir hadisədən inciməli olduqlarına inanırlarsa, bu davranışda heç bir səhv görmürlər.
Bəlkə də bir çox insan bu yanlış davranış formasına əvvəllər başqa tərəfdən baxmayıb. Çünki bir tərəfdən baxanda sadəcə səhv davranış kimi görünən incimək, digər tərəfdən baxanda alçaldıcı davranış formasıdır.
Əvvəla, insan bunu düşünməlidir: həqiqətən, onu narahat edən bir hadisə baş veribsə, birdən-birə əsəbiləşməsi, qaşlarını çatması, üzünü turşutması, danışıqlarında və hərəkətlərində pozuntular meydana gəlməsi normaldırmı? Güclü xarakterə malik olan insanın adi hadisə qarşısında belə bir anda özündən çıxıb bu qədər acizləşməsi doğrudurmu? Bir sözlə, belə vəziyyətdə özündən çıxması, xarakterinin dəyişməsi, özünə nəzarəti itirməsi təəccüblü deyilmi? Bu cür insanın güclü xarakterə malik olduğunu demək olarmı? Belə insana güvənmək olarmı? Əlbəttə, bunlar insanda hələ güclü xarakterin formalaşmadığını göstərir. Bu davranışa təslim olmaq, kiçik bir hadisə ilə qarşılaşanda incimək alçaldıcı hərəkətdir.
İnsan incimək kimi zəif əxlaqdan qaynaqlanan davranışın onu nə qədər acizləşdirdiyini və alçaltdığını görmək üçün bu cür xüsusiyyətə malik insanları müşahidə etməlidir. Çünki insan öz qüsurlarını ancaq özünə kənardan baxdıqda görə bilər. Üstəlik, doğru hesab etdiyi davranışlarındakı çatışmazlığın fərqinə varmaya bilər. Ancaq başqasını obyektiv təhlil edə və onda olan çatışmazlıqları görə bilər. Bu cür yanaşma insanın özündə olan qüsurları görməsi üçün çox faydalı olur.
Diqqət etsək, yetkin bir insanın hələ də şəxsiyyətinin tam formalaşmaması və bəzən uşaq kimi, iradəsiz davranması çox qəribə görünür. Heç kim kənardan baxanda qüsurlarını gördüyü bir insan kimi olmaq istəməz.
Üstəlik, bu cür insanlar nəinki səhv hərəkətlə qarşılaşdıqda, hətta onlarla normal davrandıqda belə küsəyənliklərindən əl çəkmirlər və əhvalları pozulur. Bəzən də yaxşı niyyətlə edilən bir hərəkət, deyilən gözəl söz, sevgi dolu rəftar belə bu cür insanlarda səhv fikir oyadaraq inciklik meydana gətirir.
Əvvəlcə, incimək adlanan davranışın Quran əxlaqına uyğun olmadığına diqqət çəkilməlidir. Allah Quranda iman gətirən insanların hadisələrdən və insanlardan asılı olmayaraq, həmişə Quran əxlaqı ilə davrandıqlarını söyləyir. Möminin belə vəziyyətlərdə necə davranacağı isə ayələrdə belə xəbər verilmişdir:
Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər. (Furqan surəsi, 63)
Allah’a tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?! Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! Bu, yalnız səbir edənlərə verilir və yalnız böyük qismət sahiblərinə əta olunur! (Fussilət surəsi, 33-35)
Quranda izah edilən bu əxlaq möminin güclü xarakterini, alicənablığını və ən çətin şəraitdə belə özünü itirmədən ağılla çıxış yolu tapdığını göstərir. Deməli, insan özünü Quran əxlaqına əsasən tərbiyə etməli və yanlış hərəkətləri özünə yaraşdırmamalıdır.
Yanlış hərəkətlə qarşılaşdıqda buna eynilə, yaxud daha pis cavab vermək düzgün deyil. Əgər bir insan ona edilən hər hansı hərəkətdən narahat olursa, bu hərəkətin başqasını da narahat edəcəyini bilməlidir. Möminin vicdanı bunu etməyə mane olar. Sırf nəfsini rahatlatmaq üçün belə səhv etməz.
Şübhəsiz ki, insan həyatı boyu müxtəlif xarakterli insanlarla qarşılaşır. Qarşısına Quran əxlaqından uzaq, cahil insanlar çıxır. Əgər insan hər dəfə belə bir insanla qarşılaşanda ona uyğunlaşmağa çalışsa, deməli, sabit xarakterə malik deyil. Halbuki, mömin müxtəlif hadisələrlə, fərqli xüsusiyyətlərə malik insanlarla qarşılaşsa da, xarakterində dəyişiklik etməz və Quran əxlaqı ilə yaşayanlardan başqa heç kimə uyğunlaşmağa çalışmaz.
Eyni zamanda, insan hadisələrə görə xarakterinin dəyişməsi üzərində yaxşı düşünməlidir. Bir insan niyə inciyir? İnsan ətrafdakılardan nəfsinə xoş gəlməyən hərəkət gördükdə inciyir. Ancaq bu əxlaqi zəifliyin mənbəyi də digər əxlaqi qüsurlarda olduğu kimi, hər şeyi Allah’ın yaratdığını və hər şeyin Allah’ın istəyi ilə, yazdığı qədərlə baş verdiyini unutmasıdır. Allah istəmədikcə heç nə baş verməz. Heç kim, Allah istəməsə, bir insanı əsəbiləşdirən, narahat edən hərəkət edə bilməz. Odur ki, əgər insan belə bir hadisə ilə qarşılaşarsa, bunu Allah’ın etdiyini bilməlidir və bu hadisədə xeyir və hikmət olduğunu anlamalıdır.
İncidiklərini ətrafdakılara hiss etdirməyə çalışan insanlar bunu kinlərinə, əsəblərinə və intiqam alma istəklərinə görə edirlər. Halbuki, insana qarşı səhv və haqsız hərəkət edilibsə və bunu edən insanın səhvini anlamağını istəyirsə, bunun üçün edəcəyi ən gözəl hərəkət onu Allah’a tapşırmaqdır. Allah sonsuz ədalət sahibidir. Bir haqsızlıqla qarşılaşdıqda Ona sığınan qullarına Allah dünyada və axirətdə sonsuz ədaləti ilə cavab verəcək.
Mömin Allah’a sığınaraq, hər şeydə xeyir və hikmət olduğunu bilərək cahiliyyə əxlaqından təmizlənməlidir. Allah Quranda möminləri sonsuz ədaləti ilə bəhrələndirəcəyini belə bildirmişdir:
Həqiqətən, Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu ikiqat artırar və öz tərəfindən də böyük mükafat verər! (Nisa surəsi, 40)
Allah’a tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və zülm olunmayacaqdır! (Bəqərə surəsi, 281)