Ad qövmünün yaşadığı Əhqaf ərazisinin coğrafi paraleli ilə bu qövm haqqında bizə məlumat verən ayənin nömrəsinin üst-üstə düşməsi Quran möcüzələrindən biridir
Quranda “Əhqaf” surəsinin 21-ci ayəsində Ad qövmündən və onların yaşadıqları Əhqaf bölgəsindən bəhs edilir:
“Ad (tayfasının) qardaşını xatırla! Bir zaman o özündən əvvəl də, sonra da qorxudan (peyğəmbərlər) gəlib-getmiş Əhqafdakı tayfasını: “Allahdan başqasına ibadət etməyin. Mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram!” (deyə) xəbərdar etmişdi.”
Bu bölgə hazırda Səudiyyə Ərəbistanın cənubunda yerləşən, dünyanın ən böyük fasiləsiz qum çölü kimi tanınan Rub-əl-Xali çölüdür. Əhqaf sözünün mənası “qum təpələri” deməkdir.
Quran möcüzələrini araşdırarkən Ad tayfası ilə əlaqədar böyük təəccüb doğuran bənzərliklər meydana çıxdı. Məsələn, bu bölgəyə ən yaxın paralelin nömrəsi və Əhqafdan bəhs edən ayənin nömrəsinin 21 olması böyük möcüzə kimi dəyərləndirildi.
Wabar kraterlərinin əhatə etdiyi ərazilər 21 və 22-ci paralellər arasında, yəni 21. 30-cu paraleldə yerləşir. Eyni zamanda, Əhqaf surəsinin 22-ci ayəsində “Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!” ifadəsi tədqiqatçıların diqqətinin bu möcüzə üzərində toplanmasına səbəb oldu.
“Onlar isə demişdilər: “Sən bizi məbudlarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini gətir!” (Əhqaf surəsi, 22)
Rub-Əl-Xali çölündə (Əhqaf bölgəsində) qara şüşə, ağ qaya və dəmir qırıntıları ilə örtülmüş ərazi yerləşir. Atom parçalama analizi ilə həyata keçirilən təcrübələr nəticəsində təxminən 6400 il əvvəl bura meteorit düşdüyü müəyyən edildi. (Bu, British Museum ve Smithson institutuna məxsus nəticələrdir. Mənbə: Scientific American, Noyabr 1998, çev. Gökben Coşkun) Meteorit Wabar, parçalanmış meteoritin hissələrinin meydana gətirdiyi kraterlər isə Wabar kraterləri adlandırıldı.
Quranda Ad qövmünü həlak edən bulud meteorit düşməsi nəticəsində meydana gələn nüvə partlayışını xatırladır
Tədqiqat mənbələrində Əhqafa düşən meteoritin dəmir və nikel birləşməsindən təşkil olunduğu və Xirosimaya atılan atom bombası ilə eyni təsir gücünə malik olduğu da qeyd olunur (doğrusunu Allah bilir). Ayələrdə Ad qövmünün onlara yaxınlaşan təhlükənin əvvəlcə sadəcə bulud topası olduğunu zənn etdikləri, sonra şiddətli küləyin onları həlak etdiyi bildirilir. Bütün bu əlamətlər isə güclü nüvə partlayışı təsiri bağışlayan meteorit toqquşması əlamətləri ilə üst-üstə düşür.
“Nəhayət o (əzabı) vadilərinə doğru gələn bir bulud şəklində gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. (Hud dedi:) “Xeyr! Bu sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!” (Əhqaf surəsi, 24)
“O öz Rəbbinin əmri ilə hər şeyi yerlə yeksan edəcəkdir!” Onlar elə (məhv) oldular ki, evlərindən başqa heç bir şey görünmədi. Biz günahkar adamları belə cəzalandırırıq.” (Əhqaf surəsi, 25)
Quranın Zəriyət surəsində də Ad qövmünün yaşadığı bölgəyə düşdüyü güman edilən meteorit (doğrusunu Allah bilir) haqqında müəyyən məlumatlar mövcuddur:
“Ad (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik. O (külək) üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.” (Zəriyət surəsi, 41-42)
Quranda bildirilən bu məlumatları ətraflı şəkildə araşdırdıqda Ad qövmünün mübtəla olduğu əzabın atom bombası ilə eyni təsir gücünə malik meteorit olduğu ehtimal olunur:
41-) “O zaman Biz onların üstünə köklərini kəsən bir külək göndərmişdik.”
وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ
41-) Ayənin ərəb dilində oxunuşu: Və fi adin iz ərsəlna əleyhim ərriyhə əlakiymə
• Ərriyhə: Külək / Kömək, nüsrət, dövlət = üstünlük / Qoxu. Mərhəmət. Ruzi. Qüvvət. Zəfər, qələbə. Ağalıq. Hakimiyyət
• Əlakiymə: Akim, nəsli kəsilmiş, sonsuz / Qupquru, quru / Kəsik, başa çatan. Xədim. Səmərəsiz, nəticə / nəticə / fayda gətirməyən (cəhd, iş)
Ayədə bildirilən “köklərini kəsən külək” ifadəsi atom bombasının partlayış zamanı yaratdığı şiddətli küləyi xatırladır. Müasir elm də Wabar meteoritinin yer kürəsinə daxil olarkən yaratdığı təsir gücünün atom bombasının meydana gətirdiyi güclə eynilik təşkil etdiyini müəyyənləşdirmişdir. Nüvə silahı partlayışından sonra meydana gələn hadisələri nəzərdən keçirdikdə bu bənzərliklər daha aydın şəkildə təzahür edir:
Atom bombası partladıqdan iki dəqiqə sonra meydana gələn şiddətli küləklər partlayış nəticəsində formalaşan göbələyəbənzər radioaktiv buludu az-az dağıdır və radioaktiv hissəcikləri atmosferə saçır. Yer üzünə gəlib çatan radioaktiv tullantılar torpağı tamamilə yararsız vəziyyətə salır və kütləvi insan tələfatına səbəb olur.
42-) “O (külək) üstündən keçdiyi hər bir şeyi mütləq çürüdüb kül kimi dağıdırdı.”
مَا تَذَرُ مِن شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ
42-) Ayənin ərəb dilində oxunuşu: Ma təzəru min şey`in ətət əleyhi illa cəaləthu kə ərrəmiymə
Ərrəmiymə: çürümüş, çürüyən, qopan, parçalanan
Ayədəki “mütləq çürüdüb kül kimi dağıdırdı” ifadəsinə əsasən:
Atom bombasının partlayışı nəticəsində meydana gəlmiş radioaktiv buludu küləklər az-az dağıdır və radioaktiv hissəciklər atmosferə səpələnir. Bu radioaktiv tullantıların tərkibi kiçik zərrələrdən ibarət olduğu üçün atmosferin ən yüksək təbəqələrinə qədər gedib çıxırlar.
Bu hissəciklər yer üzünə düşməzdən əvvəl atmosferin üst təbəqələrində əsən küləklər tərəfindən dünyanın ətrafında bir neçə dəfə dövrələnir. Buna görə də radiasiya tullantıları dünyanın hər tərəfinə yayıla bilir.
Allah`ın peyğəmbərlər vəsiləsilə bildirdiyi hökmlərə uymadıqları üçün həlak olan qövmlər
Allah insanları yaratdığı andan etibarən yer üzünə ilahi dinləri təbliğ edən və insanları Uca Yaradanın varlığından agah edən elçilər göndərmişdir. İnsanların bir qismi bu təbliğləri qəbul edərək dərk etdikləri halda, bəziləri qəti şəkildə üz çevirərək Allah`ın dinini inkar etmişdir. Bəzən isə inkar edən cəmiyyətin içindən kiçik bir qrup iman gətirmiş və elçiyə tabe olmuşdur.
Ancaq qövmlərin böyük əksəriyyəti Allah`ın dinini təbliğ etmək üçün göndərilmiş elçilərə tabe olmamışdır. Bu insanlar təkcə Allah`ın elçisinin gətirdiyi dini dinləməklə kifayətlənməmiş, eyni zamanda elçiyə və ona tabe olanlara xətər yetirməyə çalışmışdır. Peyğəmbərlər bu inkarçı cəmiyyət tərəfindən (peyğəmbərlərimizi tənzih edirik) “yalançılıq, sehrbazlıq, dəlilik, özünü bəyənmək” kimi böhtanlara məruz qalmış, hətta bir neçə dəfə qövmün öndərləri onları öldürməyə təşəbbüs göstərmişdir.
Halbuki, bütün peyğəmbərlər öz qövmlərinə ancaq Allah`a itaət etməyi təbliğ etmiş, qarşılığında isə nə pul, nə də başqa dünya mənfəəti tələb etməmişlər. Üstəlik, iman gətirmək üçün qövmlərə heç bir güc və zorakılıq tətbiq edilməmişdir. Allah`ın elçiləri göndərildikləri cəmiyyətləri həqiqi din əxlaqına dəvət etmiş və onlara tabe olanlarla birlikdə hələ dünya həyatında seçilən, fərqli və üstün bir həyatla mükafatlandırılmışlar. Uca Allah peyğəmbərlərə tabe olmayan qövmləri isə təkəbbür göstərdiklərinə görə həlak etmişdir. Ad qövmü də azğınlıqlarına görə həlak olan cəmiyyətlərdəndir.
Allah Quranda Ad qövmünün təkəbbür göstərdikləri üçün haqq yoldan azdıqlarını və yer üzündə nahaq yerə təkəbbür göstərib: “Bizdən daha qüvvətli kim ola bilər?” -dediklərini xəbər verir. Ayənin davamında isə Rəbbimiz belə buyurmuşdur:
“Məgər onları yaradan Allah`ın onlardan daha qüvvətli olduğunu görmürdülərmi...” (Fusillət surəsi, 15)
Ağıllı insan isə bu danılmaz həqiqəti hər an görməli, yalnız Allah’ın ən böyük və ən üstün olduğunu və sadəcə Ona qulluq etməklə xilas olacağını bilməlidir.
Peyğəmbərimiz (s.ə.v) bir hədisində Allah`a iman gətirməyin tək xilas yolu olduğunu belə vurğulamışdır:
“Sənə ərşin altından, cənnət xəzinələrindən bir xəbər verimmi? Belə deyərsən: “La havlə vəla kuvvətə İlla Billah” (Allah`dan başqa nə məhrum edən, nə də var edən bir qüvvə var.) Bu vaxt Allah buyurdu ki, qulum təslim oldu və əmin-amanlıq tapdı.” (Ramuz el-Ehadis -1, s. 166/3)
Şuəra surəsində Ad qövmü:
Şüəra surəsinin bəzi ayələrində də Ad qövmünün müəyyən xüsusiyyətlərinə toxunulur. Surədə Ad qövmündən bəhs edərkən onların “yüksək təpələrdə heykəllər inşa edən və ölümsüzlük qazanmaq üçün sənət əsərləri yaradan” bir tayfa olduğu qeyd olunur. Eyni zamanda fitnəkarlıq və zorakılıq kimi azğın xüsusiyyətlərinə də diqqət çəkilir. Hz. Hud (ə.s) qövmünü xəbərdar etdikdə isə onun sözlərini ayədə bildirildiyi kimi “Bu, yalnız və yalnız əvvəlkilərin adətidir”, - deyə qiymətləndirmişdilər. Onlar heç bir fəlakətlə üzləşməyəcəklərindən son dərəcə əmin idilər. Ayələrdə Ad qövmünün vəziyyəti belə bildirilmişdir:
“Ad tayfası da elçiləri yalançı saydı. Qardaşları Hud o vaxt onlara deyəndə ki: “Məgər qorxmursunuz? Həqiqətən, mən sizin üçün etibar etməli olduğunuz bir elçiyəm. Allahdan qorxun və mənə itaət edin! Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. Əcəba, siz hər təpədə əbəs yerə bir əlamətmi qurursunuz (hündür binalarmı tikirsiniz)? Sanki əbədi qalacaqsınız deyə qalalarmı tikirsiniz? (Bir kəsi) yaxaladığınız zaman qəddar hökmdar kimi yaxalayırsınızmı? Allahdan qorxun və mənə itaət edin! Bildiyiniz nemətləri sizə verəndən qorxun. O sizə heyvanat və oğul-uşaq verdi, (üstəlik) bağlar və çeşmələr də əta etdi. Mən sizə üz verəcək böyük günün əzabından qorxuram”.Onlar dedilər: “Bizə öyüd-nəsihət versən də, verməsən də, bizim üçün birdir. Bu, yalnız və yalnız əvvəlkilərin adətidir. Biz əzaba düçar olan da deyilik”. Onlar onu yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.” (Şuəra surəsi, 123-140)