Zorakılıq, nifrət, münaqişə və mübahisələrin əhatə etdiyi müasir dünyada bütün mənəvi dəyərləri yerlə bir edən əxlaqi çöküş də günü-gündən artır. Böyük degenerasiya ilə birlikdə gözəl əxlaqın və mənəviyyatın tərk edildiyi yanlış cəmiyyət quruluşu getdikcə dünyanın hər tərəfinə hakim olur. Bununla yanaşı narkotik maddə, siqaret və spirtli içkilərin istifadəsi, fahişəlik, homoseksuallıq kimi qeyri-etik bir çox davranış da milyonlarla insanı təsiri altına alıb.
Əxlaqa uyğun olmayan əməllər müasirlik adı altında bəzi televiziya verilişlərində, filmlərdə, sosial mediada açıq şəkildə nümayiş olunur. Azadlıq, demokratiya və insan hüquqları kimi geniş miqyaslı degenerasiya təbliğatı aparılır. Cinsi azğınlıqlar və qeyri-qanuni münasibətlər tənqid edilməməklə yanaşı, guya cəsarət nümunəsi kimi cəmiyyətlərə təqdim edilir, azğın əməllər bəyənilərək insanların gözündə cəlbedici göstərilməyə çalışılır. Bunun nəticəsində də başda uşaqlar və gənclər olmaqla cəmiyyətin bütün təbəqələri bundan mənfi təsirlənir. Qadınlar da onlardan biridir...
Bir çox sosioloq və mədəniyyət xadimi əxlaqi degenerasiyanın meydana gətirdiyi bəsit həyat tərzinin xüsusilə qadınlar üzərində məhvedici təsiri olduğunda həmfikirdir. Bu mədəniyyətin bütün dünyada, "həm görüntü, həm də davranış baxımından eynilə bir-birinə bənzəyən, sanki mənliklərini, şəxsiyyətlərini itirmiş, keyfiyyətsiz qadın modeli" ortaya çıxardığını müdafiə edənlərin sayı da az deyil.
Dünyaya açılan bir növ pəncərə olan televiziyadakı bəzi proqramların baş verən bu əxlaq eroziyasında böyük təsiri var. Bəzi evlilik proqramları və müxtəlif yarışmalar mənfəətpərəst, davakar, sözgəzdirən, intriqaçı, alicənablıqdan uzaq qadın portreti ortaya qoyur. Bu kimi proqramlar dəyər mühakimələrindən əyləncə vərdişlərinə, geyim tərzlərindən insan əlaqələrinə qədər bir çox mənfi təsirin səbəbinə çevrilir. Sözügedən proqramlarda iştirak edənlərin alçaldıcı sözlər söyləmələri, maddi maraqları üstün tutub, tamahkarlıq nümayiş etdirmələri və özlərini alçaltmaları qadınların cəmiyyətdəki imicini zədələyir. Məqsədsiz, ideyasız, ruha deyil, maddiyyata önəm verən, heç kəsi sevməyən, yalnız öz mənfəətlərini güdən qadın modelinin təqdim etdiyi bu proqramlara görə ictimai quruluşda ciddi pozulma yaranır.
Halbuki qadınlar bu dünyanın ən böyük dəyərlərindən biridir. Gözəl əxlaqları, dərinlikləri, təmizlik və namus anlayışları, incə düşüncəli, fədakar, vəfalı olmaları ilə zərif çiçəyə bənzəyən çox qiymətli varlıqlardır.
Qadını gözəlləşdirən ruhundakı dərinlikdir
Qadınların bütün gözəlliyi qəlblərindəki dərinlikdən, gözəl əxlaqlarından irəli gəlir. Şəxsiyyətlərini ucaldan, davranışlarını təsirli edən və xarakterlərini möhkəmləndirən, qəlblərinin təmizliyi, fədakarlıqları, şərəfli və möhtərəm olmalarıdır. İntriqalardan, lağlağadan, qeybətdən, qısqanclıqdan, duyğusallıqdan, riyakarlıqdan və bunlara bənzər çirkin əxlaq nümunələrindən uzaq olmaları onları ucaldan xüsusiyyətlərdir. Nəfslərinin istəklərinə görə deyil, nəzakətin, alicənablığın, gözəl əxlaqın tələb etdiyi şəkildə hərəkət etmələri onları üstün edir. Bəsit davranışlara, yalana, xırda mənfəətlərə can atmamaları, lağ etməmələri, qarşıdakı insanın özlərindən daha üstün cəhəti varsa, bunu qısqanmaq əvəzinə onu təqdir edib tərifləmələri onları ucaldar.
Qısası, qadınlar hər mühit və şəraitdə ən gözəl davranışı göstərərək dəyər qazanırlar. Gözəl davranışlar sözlərinə və hərəkətlərinə yüzlərlə gözəl bəzək qatır və bu gözəlliklər həyatlarının hər anına əks olunur.
Dövrümüzdəki əxlaqi degenerasiyanın təsiri altında qalan qadınların həyatları isə əvvəldən axıra kimi bəsit olur. Keyfiyyətsizlik bütün davranış və danışıqlarında özünü göstərir. Ruhları heç bir şəkildə qane olmur, xəyalını qurduqları sevgini tapa bilmir, istədikləri dəyəri görmürlər. Demək olar ki, tamamilə saxta həyatda yaşayırlar. Onlara göstərilən diqqət və sevgi də həmişə saxtadır. Bu kimi insanlar daim alçaldılırlar. Bəsit, mənfəətpərəst, istehzalı, qısqanc, davakar xarakterlərinə görə hörmət görmürlər. Əl üstündə tutulmaq, sevilmək istəyir, amma bunu heç vaxt əldə edə bilmirlər. Çünki bəsit və adi insanlar cəmiyyətdə hörmət görmürlər.
Bayağılıqdan xilas olmağın yeganə yolu imandır
Hər bir insan sevgi və hörmət görmək istəyir. Ancaq bunun üçün sevgi və hörmətə layiq əxlaq göstərmək vacibdir. Bir insanın sevilməsi üçün sevgi dolu olması, hörmət görməsi üçün güvənilir olması, şəfqət, mərhəmət, fədakarlıq görməsi üçün şəfqətli, mərhəmətli, fədakar olması lazımdır. Bu qadın-kişi ayırd etmədən hər kəsə aiddir.
Bəsitlik bir sıra süni şeylərlə aradan qaldırılacaq çatışmazlıq deyil. Bayağılıq yalnız forma deyil, insanın bütün ruhuna və düşüncələrinə hakim olan bir problemdir. Dolayısilə bayağılıqdan xilas olmağın yolu yanlış davranışları bir-bir düzəltməyə çalışmaq deyil. Bunun üçün güclü Allah qorxusuna, dərin imana və gözəl əxlaqa sahib olmaq lazımdır.
Allah Özündən qorxan, Özünü sevən, Öz razılığı üçün yaşayan insan üzərində müsbət təsir, dərin mənəvi güc və möhkəm xarakter meydana gətirir. Belə bir insana hörmət edilir, hətta heyranlıq duyulur. Mənəviyyatı güclü, imanlı, ciddi, ağıllı, keyfiyyətli, namuslu, şəfqətli, fədakar, cəsur bir qadın bütün cəmiyyət tərəfindən böyük sevgi görür, davranışları nümunə olur, getdiyi hər yerdə hörmətlə, heyranlıqla qarşılanır.
Bu mövzu insanın qəlbini qaraldan hər cür pislikdən təmizlənməsinə səbəb ola bilər. Ona görə də bunu çox yaxşı təfəkkür etmək lazımdır. Dünyəvi, bəsit əxlaqın zərərlərinin fərqinə varan insan bundan xilas olmaq istəyəcək, o cür davranışlardan çəkinəcəkdir. Beləliklə, "Ruhdan düşməyin və qəmgin olmayın. Əgər (həqiqətən) möminsinizsə, ən üstün olan sizlərsiniz" ayəsində də (Ali İmran surəsi, 139) bildirildiyi kimi, bayağılığın kirindən təmizlənib üstün şəxsiyyətə sahib olacaqdır.