“Qəddarlıq” - bir çox insan bu xüsusiyyəti özündən çox uzaq görür. Amma “Qəddarlıq” gündəlik həyatda insanın özünə aid etmədiyi bir çox davranışda ortaya çıxır
ucgen

“Qəddarlıq” - bir çox insan bu xüsusiyyəti özündən çox uzaq görür. Amma “Qəddarlıq” gündəlik həyatda insanın özünə aid etmədiyi bir çox davranışda ortaya çıxır

733

Qəddarlıq cahil cəmiyyətlərdə olduqca geniş yayılmış rəftar pozuqluğudur. İnsanlar uşaqlıq illərindən etibarən həmişə “eqoist olmağa, əvvəlcə öz mənfəətlərini qorumağa” təşviq edilirlər. “Həyatın bəzi həqiqətləri” olduğuna, buna görə də həyatda qalmaq üçün mərhəmətsiz və qəddar olmaq məcburiyyətində olduqlarına inandırılırlar.

Bunun nəticəsində də insanlar fərqində olmadan qəddarlığın fəlsəfəsini gizli-gizli, davamlı olaraq yaşamağa başlayırlar. Özlərindən soruşsalar əlbəttə, heç vaxt “nə qəddar olduqlarını qəbul edərlər”, “nə də bir başqasının qəddar rəftar göstərdiyini təsdiqləyərlər”. Amma şəxsiyyətlərinə dərindən təsir edən bu səhv dünyagörüşünün təsirləri həyatları boyunca göstərdikləri rəftarların çoxunda özünü göstərir.

Bir çox insan “qəddar” deyildiyi zaman “çox mərhəmətsiz, insanlara zülm etməyə meylli, özündən başqa heç kimi düşünməyən və əhəmiyyətsiz hesab edən, qəsdən pislik etməkdən və zərər verməkdən zövq alan insan modeli” xəyal edirlər. Buna görə də özlərinə “Sən çox qəddarsan” deyilsə, sərt reaksiya verər və dərhal bu tənqidi rədd edərlər.

Halbuki, əgər insan özünə edilən bu bənzətmə üzərində bir az daha dərin düşünsə, şəxsiyyətinin müəyyən istiqamətlərində və rəftarlarının bəzilərində qəddarlığın fəlsəfəsinə dair izlər tapacaqlar.

Bunun ən əhəmiyyətli səbəblərindən biri insan nəfsinin qəddarlığa meylli olaraq yaradılmasıdır. Nəfs eqoistdir, mənfəətçidir, ən çox özünü sevmək istəyir, mənfəətlərini qorumaq mövzusunda çox qərarlıdır. Nəfs həyatının sonuna qədər heç ara vermədən və yorulmadan insanı bu pisliklərə təşviq etmək üçün səy göstərir.

Buna görə də insan nəfsindəki bu mənfi istəkləri ancaq vicdanı ilə tənzimləyə bilər. Amma bunun üçün əvvəla nəfsindəki əskiklikləri yaxşı təsbit etməli, bütün bunların haralarda və necə ortaya çıxdığını yaxşı analiz etməlidir. Bunu edə bilmək üçün isə nəfsini tərbiyə etməyi, bu pis vərdişlərdən xilas olmağı həqiqətən istəməlidir.

Çünki əgər insan nəfsini bu cür tərbiyə etmək istəmirsə, bu halda yalnız özünü aldadacaq və rahatlaşdıracaq tədbirlər görəcək. Xəstə olduğu yönlərini tam araşdıraraq qəbul etməkdən qaçdığı təqdirdə isə bunları müalicə etməsi heç mümkün olmayacaq.

Buna görə insan ən əvvəl qəddarlıq haqqında “məndə bu xüsusiyyət ola bilməz” deyə düşünməkdən çəkinməlidir. Tam əksinə özünü tərbiyə etmək üçün “bu xüsusiyyətin özündə olduğunu” qəbul edərək başlamalıdır.

Bundan sonra “qəddar”lığı düzgün tanımaq lazımdır. Əlbəttə cəmiyyətdə “qəddarlığı ən qatı şəkildə yaşayan insanlar” var. “Heç gözünü qırpmadan cinayət işləyən, toplu qırğınlar edən, ac, yoxsul, kimsəsiz uşaqların mal-mülkünü oğurlamaqdan qorxmayan, yaşlılara, uşaqlara əziyyət etməkdən, onları xor görməkdən çəkinməyən və bunun kimi daha bir çox anormal rəftarı göstərən insanlar” həqiqətən qəddardırlar.

İman edən insanın bu dərəcə gözü dönmüş, vicdanı korlaşmış bir insan olması mümkün deyil. Möminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri Allahdan içi titrəyərək qorxmasıdır. Mömin Allahın bəyənməyəcəyi bir rəftarı bilə-bilə göstərməkdən həya edər, Allaha sığınar və mütləq özünü tərbiyə etmək üçün əlindən gələni edər.

Buna görə də möminlərdə “qəddarlıq” deyildiyi zaman heç vaxt bu tərz rəftar pozuqluqları nəzərdə tutulmur. Heç vaxt bütün həyatlarına hakim olan əxlaq pozuqluğu şəklində bunu yaşamırlar.

Ancaq möminlər də istəmədən səhv edə bilər, unuda bilər, yanıla bilər, zəiflik göstərərək nəfslərinə tabe ola bilərlər. Ya da daha əvvəl üzərində düşünmədikləri, nəfslərində o zəifliyini görmədikləri üçün hələ özlərini öyrətmədikləri qüsurları ola bilər. Beləliklə möminlərdə ortaya çıxa biləcək “qəddarlıq” nümunələri ancaq bu çərçivədə ola bilər.

“Qəddar” sözü əlbəttə ki, çox geniş mənalı bir əxlaq pozuqluğunu ifadə edir. Möminlərdən danışıldığı zaman əgər bu söz istifadə edilirsə əlbəttə ki, bu sözün bütün mənası nəzərdə tutularaq istifadə edilmir. Qəddarlığın yalnız müəyyən rəftarlara əks olunan və müəyyən bir dünyagörüşünə təsir edən qismi nəzərdə tutulur. Bu sözün seçilməsi mövzunun aydın olması, təfəkkürdə insanın üfüqünü açması üçündür. İnsanın ülfətini qırmaq, eyni rəftar pozuqluqlarını başqa bir sözün altında dəyərləndirərək yeni anlayışlar əldə edilməsi üçündür. Yoxsa heç şübhəsiz mömin -nə qədər qüsuru olursa olsun- dünyanın ən gözəl əxlaqlı insanıdır. Əlbəttə ki, cahil cəmiyyətlərin anladığı “qəddarlıq” anlayışından da olduqca uzaqdır.

Mömində görülən və geniş mənayla ifadə edildiyi zaman “qəddarlıq” adlandırılan rəftarlar möminin 24 saatını əhatə edən davranışlar deyil. Səhvən ortaya çıxan, amma Allahdan daha çox qorxub çəkinsə, daha çox vicdanla düşünsə, dərhal təmizlənib ortadan qaldırılacaq rəftarlardır.

Məsələn, bəzən ehtiyac içərisindəki bir insanla maraqlanmamaq, yaxşı niyyətlə verilən hədiyyəyə gözəl qarşılıq verməmək, gözəl bir tərifi eyni şəkildə gözəl bir üslubla cavablandırmamaq, kömək istəyən birinə qarşı laqeyid qalmaq, gözəl bir sözü, ya da rəftarı eşitməməzlikdən və ya görməməzlikdən gəlmək, bir insana xüsusilə kompliment deməkdən çəkinmək, şəfqət duyulacaq yerdə fikir verməmək, birini bağışlamamaqda qərarlı davranmaq kimi rəftarlar adamın qəddar əxlaq göstərdiyinin əlamətlərdir.

İnsanlarda məşhur olan bir başqa qəddarlıq növü də “qadın qəddarlığı”dır. Cahil cəmiyyətlərdə qadınların çoxu bir-birlərinə rəqabət, həsəd, münaqişə və önə keçmə gözüylə baxdıqları üçün bu yarış içərisində bir-birlərinə qarşı qəddar rəftarlar göstərməkdən çəkinmirlər. Rəqabətdə onları önə keçirəcək olan ünsürlər nələrdilərsə bu mövzularda mərhəmətsizcə qarşı tərəfi əzəcək, hətta gözdən salıb tamamilə yollarına çıxmasına maneə törədəcək rəftarlara müraciət edirlər. Bunların hər biri “qəddarlıq”dır.

Bir-birləriylə dost olsalar da üstün gəlməli olduqları zaman bu üsullara müraciət etməkdən çəkinmirlər. Bir yoldaşları çox gözəl paltar geyindiyi, saçlarını gözəl tərzdə yığdığı, ya da gözəl bir əşya aldığı zaman qəsdən bunu görməməzlikdən gəlirlər. Heç tərifləmir, ya da qəsdən qarşı tərəfə bu mövzuda şübhə verəcək, narahat edəcək, mənfi qənaətə gəlməsinə səbəb olacaq tərzdə söz deyirlər. Hətta bəzən qəsdən, həqiqətə uyğun olmayan əks istiqamətində məlumat verirlər. Məsələn, çox yaraşan bir şey üçün “heç yaraşmadı”, heç yaraşmayan bir şey üçün də yenə qəsdən “çox yaraşdı” deyərək bu insanı səhv istiqamətləndirirlər. Pis olan bir şeyi düzəltməsindənsə, onun çox yaxşı olduğuna inanmalarını təmin edirlər. Tanışlarından danışarkən onu insanlara sevdirəcək, bəyəndirəcək sözlər deməkdənsə, özlərini ön plana çıxarıb o adam haqqında hiyləgərcə mənfi fikirlər meydana gəlməsinə səbəb olacaq bir üslubdan istifadə edirlər. Birlikdə bir yerə gedəcəkləri zaman rəqabət etdikləri, ya da həsəd etdikləri bir dostlarının gecikməsindən daxilən məmnun olurlar. Hətta bəzən bu gecikmənin meydana gəlməsi üçün o adama xüsusilə səhv məlumat verməkdən də çəkinmirlər. Beləliklə, bunlar və buna bənzər rəftarlar da “qəddarlıq”dır.

Bu nümunələrdən də açıq-aşkar aydın olduğu kimi qəddarlıq əslində insanın heç təxmin etmədiyi və üzərində düşünmədiyi rəftarlarda da ortaya çıxır. Bu bir cür ruh halıdır. Buna görə də insanın ruhundakı qəddar cəhətləri təmizləməsi, yalnız tək-tək “görəsən bu hansı gün, harada, necə rəftarla üzə çıxdı” kimi analizlər etməsiylə mümkün olmur. Bu fəlsəfəni ruhunda təməldən tamamilə təmizləməlidir. O zaman bütün hərəkətlərinin üzərində tək-tək təsbitlər etməyə ehtiyac qalmaz.

İnsan burada həqiqi və səmimi Allah qorxusunun necə olduğu üzərində düşünməlidir. İnsanlar bəlkə hiyləgərliklə və ustaca nizamlanaraq edilmiş hücumları və oyunları fərq etməyə bilərlər. Bunlar zahirən adamın mənfəətlərini bəsləyəcək şəkildə nəticələr də vermiş ola bilər. Amma bütün bunların iç üzünü Allah bilir. Adamın hansı sözü hansı niyyətlə söylədiyini, hansı adama qarşı necə qəddar ruh halı içərisində olduğunu Allah bilir. İnsanların bəlkə şəfqət, mərhəmət kimi qiymətləndirdiyi rəftarların altında əgər bir hiyləgərlik gizlidirsə Allah bunları bütün incəliyi ilə görür.

Buna görə də hər mövzuda olduğu kimi qəddarlıqdan xilas olmağın yolu da “Allah qorxusu”dur. Allahdan qorxan insan səhv rəftardan çəkinmək üçün bunu Allahın bilməsini kafi görür. Allaha qarşı günah olacağını bildiyi bir şeyi heç vaxt tətbiq etmir. Səhv bir şey etməkdən çox qorxur. Kiçik mənfəətlər uğruna Allahın sevgisindən məhrum qalmağı gözə almır. Möminin nəfsi özünü pisliyə doğru təşviq edirsə Allahdan qorxduğu üçün dərhal bunun tam tərsini edir. Məsələn, nəfsi gözəl bir rəftarı tərifləmək istəmirsə, mömin Allahdan qorxduğu üçün bütün vicdanını və iradəsini məcbur edərək bu adama ola biləcək ən gözəl, ən bəyənilən, ən böyük tərifi edir ki, nəfsinin bu pisliyini məğlub edə bilsin.

Möminin bu təhsili alması, nəfsini qəddarlıqlardan təmizləməsi son dərəcə əhəmiyyətlidir. Çünki gözəl əxlaq incəliklərdə gizlidir. Həqiqi Quran əxlaqı insanın ancaq Allahdan qorxub bu incəlikləri qavrayaraq vicdanlı hərəkət etməsiylə yaşana bilər. Bu əxlaqa yiyələnən və yaşayan insanın xoşbəxt olmaq, ya da üstün gəlmək üçün heç vaxt cahiliyyə insanlarının etdikləri intiriqalara müraciət etməsinə ehtiyac yoxdur. Əgər Allah bir insanın ürəyində saf yaxşılığı və təmizliyi görsə Allah ona dünyada hər şeyin ən gözəlini, ən yaxşısını və ən  məmnun olacağı həyatı yaşadar.

Rəbbimiz bu həqiqəti Quranda belə bildirmişdir:

Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Nəhl Surəsi, 97)
Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!(Ənam Surəsi, 17)
Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (Zumər Surəsi, 38)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr