Dövrümüzdə hər kəsin arzuları eynidir: aclıq və yoxsulluğun həlli, milyonlarla insanın həlak olmasına, yaralanmasına, şikəst qalmasına və ya köç etməsinə səbəb olan müharibə və qarşıdurmaların bitməsi və cəmiyyətləri mənəvi olaraq çökdürən əxlaqi degenerasiyanın aradan qaldırılması.
Bütün bəşəriyyət sülhün, xeyirxahlığın və gözəlliyin hakim olduğu xoşbəxt və əmin dünyaya həsrətdir.
Zülm və fitnə dünyanı bürüyür, bundan da ən çox əziyyət çəkən uşaqlardır. Halbuki onlar dünyanın ən sadəlövh və ən çox müdafiəyə möhtac olan varlıqlarıdır. Dünyanın əmin-amanlığı onların rahatlığı və xoşbəxtliyi ilə düz mütənasibdir. Gözəl gələcək uşaqların fiziki, mənəvi və sosial cəhətdən sağlam inkişaf etməsi ilə mümkündür. Ancaq uşaqlarla bağlı statistika vicdanlı insanları dəhşətə gətirir:
İldə təqribən 2 milyon uşaq aclıq və ya bunlar kimi başqa səbəblərdən həyatını itirir. 600 milyonu yoxsulluq səviyyəsindən də pis vəziyyətdə yaşayır. Milyonlarla uşaq təmiz su tapa bilmir. Müharibə və qarşıdurmaların davam etdiyi bölgələrdə yaşayan uşaqların sayı bir milyarddan çoxdur. Son 10 ildə təxminən 10 milyon uşağın müharibələrdə öldüyü, bir çoxunun qaçırıldığı, əsir düşdüyü, işgəncəyə məruz qaldığı, ailəsini itirən və tək başına qaçqın vəziyyətində yaşayan uşaqların düşərgələrdə zorakılığa və istismara məruz qaldığı, zorla kriminal dəstələrə qoşulduğu, əsgərliyə məcbur edildiyi məlum olub. Təqribən 300 min uşaq isə 30-dan çox münaqişə bölgəsində vuruşur.
Müharibə və münaqişə bölgələrində yaşayan və ya zorla əsgər edilən uşaqlar şübhəsiz ki, istismarın ən ağır formasına məruz qalırlar. Yaşamaq, səhiyyə, təhsil, məskunlaşma kimi əsas hüquqları pozulur. Hava hücumlarının hədəf tanımadığına görə daima ölüm təhdidi altında yaşamağa məcbur olurlar. Münaqişələr bitdikdən sonra da minaya düşüb, həyatlarını itirir və ya yaralanırlar.
BMT-nin xüsusi nümayəndəsi Leila Zerrouqui, əksəriyyəti Yaxın Şərqdə olmaqla, Afrika və Asiyada baş verən münaqişələrdə ən çox uşaqların zərər gördüyünü bu sözlərlə ifadə edib:
"Uşaqlar mülki insanların ölməsini istəyən və bütün cəmiyyəti xaosa çevirməyi hədəf alan hadisələrindən çox təsirlənirlər".
Leila Zerrouqui və BMT-yə üzv olan bütün dövlətlər bu uşaqların yenidən cəmiyyətə qazandırılması üçün müntəzəm proqramlar həyata keçirməyə dəvət edir. [1]
Müharibəyə görə həyatı təhlükə altında olanların başlıcası şübhəsiz ki, suriyalı uşaqlardır. UNICEF-in Yaxın Şərq üzrə nümayəndəsi Culyet Touma vətəndaş müharibəsində 8 milyondan çox suriyalı uşağın zərər gördüyünü bu şəkildə dilə gətirir:
"Artıq Suriyada uşaqlar üçün etibarlı heç bir yer qalmadı. 6 milyondan çox Suriyada, 2,1 milyon da qonşu ölkələrdə olmaqla 8 milyondan çox uşaq müharibədən zərər çəkir. Həmçinin 2 milyon uşaq məktəbə getmir. Suriya ilə qonşu olan ölkələrdə isə 700 mindən çox qaçqın uşaq məktəbdən məhrumdur". [2]
16 yaşlı Raşa məktəbdən uzaq olmağın onun üçün çox çətin olduğunu bildirdikdən sonra belə davam edir:
"Gələcəyimi xəyal etməyə çalışdıqda heç bir şey görə bilmirəm". [3]
Şübhəsiz ki, ürəkləri sızladan bu söz milyonlarla uşağın da hisslərini ifadə edir.
Dünya gündəmini ən çox məşğul edən və təcili həllini gözləyən digər problem də etnik mənsubiyyət və müharibələr kimi səbəblərlə hər hansı bir yerə aid olmayan insanların yaşadığı 20 ölkədə hər il 70 min uşağın vətənsiz olaraq dünyaya gəlməsidir. Dünya miqyasında hər on dəqiqədə bir vətəni olmayan uşaq doğulur. [4]
Dünyada təqribən 250 milyon uşağın təhsildən, səhiyyə xidmətlərindən və əsas azadlıqlardan məhrum şəkildə işləməsi isə insanlıq eyibidir. İnkişaf baxımından böyük problemə çevrilən uşaq əməyi dünyanın hər bir ölkəsində fərqli formalarda özünü göstərir. Milyonlarla uşaq fiziki, zehni, maarifləndirici, sosial, emosional və mədəni inkişafa zərər verən və beynəlxalq standartlara uyğun olmayan şəraitdə işlədilir, ya da işləmək məcburiyyətində qalır.
Dünyanın bir çox ölkəsində qanayan bir yara olan uşaq evlilikləri də təcili olaraq həll edilməsi lazım olan başqa bir problemdir. Dünyada hər il 14 milyon qız uşağı ərə verilir. Uşaq yaşda evliliklərə son qoymaq ilk növbədə uşaqların insan hüquqlarını qəbul etməkdən keçir.
Bu bir həqiqətdir ki, dünyadakı bütün uşaqlar insanlıq dəyərinə sahib olaraq doğulurlar. Hər bir uşaq azad yaşamalı, istismara qarşı bütün hüquqları qorunmalıdır. Belə ki, son illərdə artım göstərən miqrasiya, iqtisadi böhran, yoxsulluq, işsizlik, sürətli urbanizasiya, uşaq və gənc əhalinin çoxluğu, müharibələr, terror, ailə daxili şiddət kimi amillər səbəbindən uşaqların yaşamaq, səhiyyə, təhsil, fiziki, psixoloji və ya cinsi istismara qarşı hüquqları pozulur.
Uşaqların məruz qaldığı bütün bu problemlər əlbəttə ki, beynəlxalq cəmiyyətin diqqətini çəkir, ancaq atılan addımlar nəticəsiz qalır. Uşaq alverinin, uşaqların alqı-satqı obyektinə çevrilməsi, zorla əsgərliyə aparılmasının, narkotik maddələrin istehsalı və ticarəti kimi qeyri-qanuni fəaliyyətlərdə istifadə edilməsinin tam olaraq qarşısının alınması üçün BMT-nin irəli sürdüyü həll yollarını təcili olaraq həyata keçirmək lazımdır. Uşaqların üzərindəki bu zülmü aradan qaldırmaq üçün köklü həll yolları və siyasətlər aparılmalı, cəmiyyət, qurum və təşkilatlar səylərini artırmalıdır. Təhlükə altındakı uşaqlar müəyyən edilərək sosial təminat altına alınmalı, ictimai təhlükəsizliyə kifayət qədər sərmayənin qoyulması təmin olunmalıdır.
Dünyanın bu günü və sabahı olan uşaqları bu vəziyyətdən xilas etməyə çalışmaq hər kəsin borcudur. Zülmü kənardan izləməyin və fitnənin aradan qalxması üçün cəhd etməməyin də bir zülm olduğunu unutmadan hər kəs əlini daşın altına qoymalı, yaşamaq hüquqları əllərindən alınan uşaqların bir an əvvəl azadlıqlarına qovuşmaları üçün əllərindən gələni etməlidirlər. Əks təqdirdə axan hər damla qandan, aclığın, yoxsulluğun, ya da müharibənin baş verdiyi bölgələrdə yetim qalan, qaçqın vəziyyətinə düşən, ac qalan, istismara məruz qalan, həlak olan, yaralanan, əlil olan hər məzlumdan məsul olacağını heç kim unutmamalıdır.
[1] https://childrenandarmedconflict.un.org/statement/statement-by-ms-leila-zerrougui-srsg-for-children-and-armed-conflict-at-the-law-justice-and-development-week-2015-world-bank-headquarters-washington-d-c-18-november-2015/
[2] http://aa.com.tr/EN/yasam/suriyenin-gelecegi-cocuklar-savas-magduru/489310
[3] İnsan Hakları İzleme Örgütü (Human Rights Watch) raporu, Kasım 2015, “Geleceğimi Hayal Etmeye Çalıştığımda Hiçbir Şey Göremiyorum, S. 1
[4] http://www.unhcr.org/cgi-bin/texis/vtx/refdaily?pass=52fc6fbd5&id=5639a5b55
Adnan Oktarın «Jakarta Post»da dərc edilən məqaləsi:
http://arenatv.az/sosial/1663-acln-mhariblrin-v-xlaqi-degenerasiyann-ortasnda-byyn-glck-nsillr.html
http://www.movqe.az/80743.html
http://www.thejakartapost.com/news/2016/03/27/future-generations-growing-amid-hunger-and-wars.html