Elə isə yer üzündə dörd ay gəzib dolaşın və bilin ki, siz Allah`dan yaxa qurtara bilməyəcəksiniz və Allah kafirləri rüsvay edəcəkdir. (Tövbə surəsi, 2)
Allah inkarçıları dünya əzabının bir hissəsi olaraq alçaldır. Bütün həyatlarını başqalarına özünü göstərmək, onlardan təqdir almaq üçün yaşayan inkarçılar üçün alçaldılma çox böyük əzabdır. Allah Quranda dünyada verilən bu əzabın xüsusiyyətini belə bildirir:
Onlardan əvvəlkilər də yalançı saymışdılar və əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki, biləydilər! (Zumər surəsi, 25-26)
Allah bu ismini möminlərin və xüsusilə də elçinin əli ilə təcəlli etdirir. Bu həqiqətə Quranda belə işarə edilib:
... Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah biləndir, müdrikdir. (Tövbə surəsi, 14-15)
Quranda bizə bildirildiyinə görə, hz. Süleyman öz hakimiyyətində inkarçıların ürəklərinə qorxu salmış, onları alçaltmışdır. Hz. Süleyman inkarçı qövmə göndərdiyi mesajda belə demişdi:
Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil və alçalmış vəziyyətdə çıxardarıq! (Nəml surəsi, 37)
Bundan başqa, Allah bir çox ayəsində axirətdə inkarçılara alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı qürur və təkəbbürlənmələrinə qarşı Allah`ın təqdir etdiyi cəzadır. Çünki dünya həyatında inkarçıların ən böyük hədəflərindən biri başqa insanlar tərəfindən təqdir edilməkdir. Buna görə də həyatlarını Allah`ı tərifləməklə deyil, özlərinə tərif yığmaqla keçirirlər. Allah da bu istəklərinə qarşı cəhənnəmdə onları alçaldır. Ən böyük alçaldılmanı isə cəhənnəmdə insanların qarşısında alçaldılaraq yaşayacaqlar. Bir ayədə belə buyurulur:
Kafirlər Odun qarşısına gətiriləcəkləri gün (onlara deyiləcəkdir:) “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!” (Əhqaf surəsi, 20)
Allah`ın cəhənnəmdə hazırladığı alçaldılma bənzərsizdir və minlərlə növü var. Cəhənnəmdəki bu alçaldılmanın inkarçıların ruhunda yaratdığı kiçiklik üzlərinə də əks olunacaq, üzlərini bir zillət örtəcək. Mövzu ilə əlaqədar ayələr belədir:
O gün üzlər zəlil olub yerə dikiləcək. (Ğaşiyə surəsi, 2)
Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allah`dan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar od sakinləridir və orada əbədi qalacaqlar. (Yunis surəsi, 27)
Allah inkar edənlər üzərində zillətə düşürən, xor və həqir edən ismini təcəlli etdirərkən, iman edənlər üzərində də Rəhman və Rəhim isimlərini təcəlli etdirir. Rəbbimiz cənnət və rəhmətini ehsan edib onları hər cür pislikdən təmizləyir. İnkar edənlərin yaşayacağı alçaldılmanın tam əksinə, Allah saleh qullarına rizasını, cənnət və nemətini lütf edir.