İslam dininə və müsəlmanlara qarşı önmühakimədən qaynaqlanan qorxunu ifadə edən “İslamofobiya” məfhumu 11 sentyabr hadisələrindən sonra dünya gündəminə yerləşsə də, kökü Səlib yürüşlərinə, hətta daha əvvələ, müsəlmanların ilk yayılma dövrünə gedib çıxır. İslam hazırda dünyanın hər tərəfinə yayılmışdır. Sayı 45 milyonu keçən müsəlmanlar Avropa əhalisinin 6%-ni təşkil edir. Hər il Avropaya 1 milyon müsəlman köçür. Avropada müsəlmanların doğum əmsalı qeyri-müsəlman əhali ilə müqayisədə 3 dəfə çoxdur. 2050-ci ildə əhalinin 20%-ni müsəlmanların təşkil edəcəyi və Avropanın beşdə birinin müsəlman olacağı təxmin edilir. Şübhəsiz ki, bu, son illərdə avropalılar arasında islamofobiyanın artmasının əsas səbəblərindəndir.
Lakin dünyada islamofobiyanın artmasının əsl səbəbi son dövrlərdə İslam adından ortaya çıxan radikal terror qrupları və törətdikləri qeyri-insani aktlardır. İslamın əsl mahiyyətindən tamamilə uzaq, azğın bir anlayışa sahib olan bu radikal təşkilatlar İslama qarşı qorxu və nifrət yaranmasına səbəb olub. İslamla heç bir əlaqəsi olmadığı halda, özlərini İslamın təmsilçisi kimi qələmə verən bu qrupların qəddar fəaliyyətlərinə duyulan qorxu "İslam qorxusu" kimi qəbul edildi.
İslam əleyhdarı olan bəzi dairələr bu düşüncənin zehinlərə yerləşdirilməsində əsas rol oynadı və onların islamofobik fəaliyyət və danışıqları, demək olar ki, sektor adlandırıla bilən bir halqanın meydana gəlməsinə və trilyonlarla dollar dəyərində beynəlxalq təhlükəsizlik, kəşfiyyat və sənaye birləşmələrinin ortaya çıxmasına gətirib çıxardı. Bu halqa maliyyə və iqtisadi güc mərkəzlərinə, əsas enerji resursları və yeraltı sərvətlərə malik olan İslam dünyasının yüksəlməsinin qarşısını almaq məqsədi ilə ictimai həyatın, demək olar ki, hər sahəsində "İslami terror" məfhumunun istifadə edilməsi və dünyanın siyasi mərkəzlərində islamofobiyanın qəsdən yerləşdirilməsi ilə mütənasibdir.
Qərb hökumətləri tərəfindən, xüsusilə, 11 sentyabrdan sonra tətbiq edilən və əsasən, müsəlmanları hədəf alan siyasətlər və bununla əlaqədar qəbul etdikləri qanunlar da islamofobik düşüncənin yaranmasını sürətləndirdi. İfrat sağ meyilli partiyalar da İslam əleyhdarlığını qızışdırmaqda böyük rol oynayır. Bu partiyalar tez-tez islamofobiya ifadəsindən istifadə edərək səs toplayır və güclənirlər. Almaniyanın Milli Demokrat Partiyası, Fransanın Milli Cəbhə, Hollandiyanın Pim Fortuyn Liseyi, İtalyanın Şimal Liqası Partiyası, Avstriyanın Azadlıq Partiyası, Danimarka Xalq Partiyası Avropada yüksək səs nisbətinə sahib olan ifrat sağ meyilli, İslam əleyhdarı partiyalardan bir neçəsidir. Bu partiyalar, xüsusilə, müsəlman əsilli miqrantları hədəf alır.
Avropada yaşayan müsəlman əsilli miqrantlar islamofobiya ilə yanaşı, ksenofobiya, yəni əcnəbi düşmənçiliyi ilə də mübarizə aparmaq məcburiyyətindədirlər. Avropanın bir çox ölkələrində özlərindən saymadıqları miqrantları mədəni və sosial həyatlarını təhdid etmələri əsası ilə "özgə" hesab edən, kənarlaşdıran, xor görən, fiziki və psixoloji təzyiqlərə məruz qoyan irqçi zehniyyət artmağa davam edir. İlk növbədə zərər çəkənlər isə müsəlmanlardır. Fiziki zərbə, məscid və iş yerlərinin daşlanması, molotov kokteyli atılması, iş yerlərinin sahibləri və işçilərinin döyülməsi, divarlarına svastika, söyüş, təhqiramiz şüar və işarələrin yazılması, qəbiristanlıqlarının dağıdılması, zorla evlərə girib ailələrə zorakılıq tətbiq olunması və təhdid edilməsi, şifahi təcavüz və bənzər hücumlar Avropada yaşayan müsəlmanların tez-tez məruz qaldıqları hadisələrdəndir. Yanğınlar törədilməsi, partlayıcı maddələr ilə maddi zərər verilməsi, məscidlərin, evlərin, dərnəklərin, iş yerlərinin poçt qutularına dini dəyərlərə təhqir və təhdid məzmunlu mesaj və məktubların qoyulması, ev, məscid və iş yerlərinin önünə, maşınların üstünə donuz içalatının atılması, qan sürtülməsi, qapılara heyvan leşinin atılması kimi hərəkətlər Avropadakı müsəlmanların gündəlik həyatının bir hissəsinə çevrilmişdir.
Bunlar Qərb ölkələrində yaşayan müsəlmanların məruz qaldığı təzyiq və çətinlikləri gözlər önünə sərir. Halbuki digər bütün miqrantlar kimi müsəlmanlar da ana vətənlərindən ayrılıb gəldikləri ölkələrin ictimai həyatına inteqrasiya etməyə çalışan və yaşadıqları cəmiyyətə iqtisadi baxımdan faydalı olan insanlardır. Şübhəsiz ki, bu insanlara minnətdarlıq etmək əvəzinə, ayrı-seçkilik və əcnəbi düşmənçiliyi ilə qarşılıq vermək ədalətsiz və qeyri-tolerant mövqe olmaqla yanaşı, insan hüquqları və müasir demokratiya ilə heç cür uyğunlaşmır.
Lakin Qərbdə mövcud olan İslam və müsəlman əleyhdarlığını vahid kateqoriya üzrə dəyərləndirmək doğru deyil. Müsəlmanların Qərb xalqının iş və digər imtiyazlarını məhdudlaşdırdığını düşünənlər, xalqın bu narahatlığından istifadə edərək ictimaiyyət arasında qəsdən İslam və müsəlman düşmənçiliyi meydana gətirənlər, müsəlmanların sayının daha da artaraq xristianlığı aradan qaldıracağını, qərb mədəniyyətini korlayacağını düşünənlər və ya İslamı tanımadıqları üçün terror və radikalizm ilə eyniləşdirərək qorxu duyan insanlar, şübhəsiz ki, hər qrup ayrı-ayrı dəyərləndirilməlidir. Bu qorxuları aradan qaldırmağın yeganə yolu həqiqi müsəlmanların səbir və təmkinlə dini izah etmələri, İslamın xurafələrdən təmizlənmiş, müasir, elmə və məntiqə uyğun, qabaqcıl, mütərəqqi, terroru qadağan edən, sevgini, qardaşlığı, sülh və tolerantlığı əmr edən din olduğunu həm sözləri, həm də davranışları ilə göstərmələridir. Digər tərəfdən, müsəlmanlar məqsədlərinin xristianlığı yox etmək olmadığını, çünki İslamın kitabı olan Quranın xristianları və xristianlığı tərifləyən və təsdiq edən kitab olduğunu dilə gətirməli, terror, kamikadze hücumu, qətliam kimi terminlərlə birlikdə işlədilən, elmə, incəsənətə və bütün gözəlliklərə qarşı və digər dinlərə düşmən mövqedə olan zehniyyətin İslamdan yox, radikal xurafatçılardan qaynaqlandığını bildirməlidirlər. Unudulmamalıdır ki, qərb insanları radikal xurafatçıların təsiri ilə İslamın məntiq, tolerantlıq və müasirlikdən uzaq, terroru və radikalizmi dəstəkləyən bir din olduğunu, İslami dəyərlərin demokratiya və insan hüquqları ilə ziddiyyət təşkil etdiyini zənn edirlər. Çoxlarının gözündə İslam elm, mədəniyyət kimi arqumentlərin yox, terror, şiddət, fanatiklik və ifratçılığın ekvivalentidir. Buna görə də müsəlmanlar islamofobiyanı qızışdıran səbəblər arasında, bəlkə də, ən əsasının bu yanlış məlumatlar olduğunu, İslamdan qorxan bir çox insanın, əslində, İslam haqqında çox az şey bildiyini, bildiklərinin çoxunun da doğru olmadığını nəzərə alaraq sistemli maarifləndirmə işi aparmalıdırlar.
Əlbəttə ki, burada demokratiyaya və insan hüquqlarına verdikləri dəyərlə və bütün etiqadlara bərabər yanaşması ilə təriflənən Qərbin də üzərinə böyük məsuliyyət düşür. Qərb əvvəlcə İslamafobik və irqçi hadisələrə qarşı qanuni düzəlişlər etməlidir. Yəhudi əleyhdarlığı kimi islamofobiya da tez bir zamanda nifrət xətası kimi qəbul edilməlidir. Qərb özlərindən olmayanları xor görmədən onlarla birlikdə sevgi, hörmət, dostluq və qardaşlığa əsaslanan həyat tərzi qurmağı əsas götürməlidir. Qərb dövlətləri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları bu mövzuda həssaslıq nümayiş etdirməlidir. Gələcək nəsillərin bu önmühakimələrdən uzaq böyüyə bilməsi üçün tezliklə yeni qanunlar qəbul edilməsi və ictimaiyyətin maarifləndirilməsi sülh üçün olduqca zəruridir.