Rejissor Endryu Nikolun 2015-ci ildə çəkdiyi "Good Kill" filmi 10 ildən çoxdur ki, Yaxın Şərq və İslam torpaqlarında hərbi silah olaraq istifadə edilən və meydana gətirdiyi böyük dağıntıların səviyyəsi hər zaman mübahisə mövzusu olan «pilotsuz təyyarələr» (Unmanned Aerial Vehicles-UAV), digər adı ilə "dron"ları yenidən gündəmə gətirdi.
Filmdə Əfqanıstandakı Taliban üzvlərinə pilotsuz təyyarələrlə hücumlardan bəhs edir. Ancaq bu hücumların idarə edildiyi yer Əfqanıstan deyil, oradan minlərlə kilometr uzaqda olan ABŞ-ın Las Veqas ştatındakı hərbi bazadır. Qarşılarındakı ekranlarda pilotsuz təyyarə kameraları tərəfindən ötürülən görüntülərdən bombalanacaq yer və şəxsləri müəyyən edən əsgərlər sanki bir kompüter oyunu oynayırcasına hücumu həyata keçirir.
Filmdə sorğulanan əsas mövzu bir neçə terroristi yox etmək üçün hücumlar zamanı «yanlışlıqla» yaxud da bilərəkdən həmin anda eyni yerdə olan mülki şəxslərin də öldürülməsidir.
Müsəlman əhalinin "ikinci dərəcəli ziyan" (collateral damage) olaraq qəsdən və soyuqqanlı şəkildə vurulduğu səhnələr və «vur» əmrini birbaşa Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən verildiyi hissələr diqqət çəkicidir. Bölgədəki terroristlərin mövqeyi ilə bağlı kəşfiyyat məlumatları toplayan Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri Lanqleydən Las Veqasdakı hərbi baza ilə əlaqə yaradaraq eyni anda pilotsuz təyyarələrin göndərdiyi görüntüləri görür. Hədəf obyekt görüntüyə gəldiyi zaman hərbi bazadakı əsgərlərin «terroristlərin olduğu yerdə qadın, uşaq ya da yaşlı mülki şəxslərin olduğu» xəbərdarlığını qətiyyən nəzərə almadan «vur» əmri verə bilirlər.
Acınacaqlısı budur ki, yuxarıda qeyd etdiklərimiz hər hansı bir döyüş filminin xəyali kadrları deyil. Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, eynilə real həyatdan götürülən, hətta real hadislərin çox kiçik bir hissəsini canlandırıldığı kadrlardır.
ABŞ tərəfindən Pakistan, Əfqanıstan, Somali, Yəmən, İraq, Suriya kimi ölkələrdə həyata keçirilən pilotsuz təyyarə hücumlarının nəticələri barədə ətraflı bilgi ictimaiyyətə verilmir, yaxud da səthi məlumatlarla hadislərin üstü örtülür.
Açıqlama verməmək təbii ki, səlahiyyətli şəxslərin mənfəətinə uyğundur. Çünki düzgün məlumat və statistikalar verilsə, insanlıqdan kənar vəhşiliyin səviyyəsi üzə çıxacaq. Ancaq müstəqil mənbələrdən əldə edilən məlumatlar mövzu haqqında ümumi fikir formalaşdırmağa kifayətdir. Statistikalara görə, pilotsuz təyyarə hücumlarının başladığı 2004-cü ildən 2013-cü ilin ortalarına kimi keçən dövr ərzində təkcə Pakistanda 3 mindən çox insanın öldürüldüyü, bunların arasında ən çox 42 əl-Qaidə, 454 Taliban üzvü olduğu, geri qalanların isə tamamilə mülki şəxslər olduğu bildirilir.
Bəhs etdiyimiz regionda sistemli olaraq həyata keçirilən pilotsuz təyyarə hücumları təkcə öldürülən məzlum mülki şəxslər üçün yox, yaşayan xalq üçün də faciəyə çevrilib. Başlarının üstündə hərəkət edən təyyarələrin harda və nə vaxt kimin başına ölüm yağdıracağı qeyri-müəyyəndir. Bu səbəbdən şəhərlər, qəsəbələr küçəyə çıxmayan insanlarla, məktəbə getməkdən, həyətdə oyun oynamaqdan qorxan uşaqlarla doludur.
Dron hücumlarında öldürülən bir terroristin (təbii ki, həqiqətən terroristdirsə) yas mərasimi belə mərasimə qatıldığı irəli sürülən başqa bir terroristi öldürmək məqsədilə yeni bir dron hücmunun hədəfi ola bilir. Eyni hücumda can verən onlarla mülki şəxs isə «ikinci dərəcəli ziyan» adı altında qaçınılmaz itki kimi göstərilir. Bu şəkildə bu hücumlar güya leqallaşdırılır.
Keçən ay açıqlama verən prezident Barak Obama Əfqanıstandakı əl-Qaidəyə qarşı həyata keçirilən dron hücumunda amerikalı girov Uorren Vaynşteyn və italyan girov Ciovanni Lo Portonun öldürüldüyünə görə üzr istədi. Ancaq bu günə qədər dron hücumlarında həyatını itirən, dəqiq sayı məlum olmayan minlərlə məzlum müsəlman mülki şəxslər üçün heç kim üzr istəmədi. Heç kim peşmançılığını dilə gətirmədi. Bu günə kimi hücumların hədəfi olmuş körpə uşaqlar, qadınlar, qocalar da öldürülən iki girov ilə eyni dərəcədə təqsiri olmayan insanlar deyilmi? Ancaq bir avropalının həyatına dəyər verilərkən müsəlmanların həyatına çoxlarının əhəmiyyət vermədiyi acı həqiqətdir.
Obamanın drondan istifadə etməklə bağlı irəli sürdüyü bir standartı var: "dəqiqliyə yaxın" (near certainity) Bu standart dron əməliyyatçılarının hücumdan əvvəl mülki şəxslərin təsirə məruz qalmamasını "dəqiqliyə yaxın" dərəcəsində təmin etdikdən sonra əməliyyata başlamağı nəzərdə tutur. Halbuki "dəqiqliyə yaxın" heç vaxt dəqiq mənasını vermir. Dünyanın heç bir hüquqi dövləti, heç bir vicdanlı insanı təqsirkarın mühakimə edilmədən öldürülməsini qəbul edə bilməz. Halbuki pilotsuz təyyarə hücumları təkcə təqsirkar olduğu iddia edilən insanı deyil, ətrafındakıları da mühakimə etmədən kütləvi şəkildə öldürür.
Hər nə qədər ABŞ dron hücumlarının «hədəfli hücum» olduğunu iddia etsə də, bu hücumlar heç bir zaman hədəfin ətrafını tamamilə təcrid edəcək səviyyədə nəzarət edilə biləcək hücumlar deyil. Bu da dron hücumlarında hər zaman mülki şəxslərin ola biləcəyi mənasına gəlir.
Belə ki, bu günə qədər minlərlə mülki şəxsin ölməsi bunun ən bariz nümunəsidir. Dolayısilə yüzdə və ya mində bir belə olsa bir mülki şəxsin hədəfə daxil olması və öldürülməsi qəbul edilməzdir. "Dəqiqliyə yaxın", "hədəfli hücum" kimi anlayışlar heç bir zaman məqbul sayıla bilməz.
Nəticə etibarilə necə olursa-olsun, mülki şəxslərin ölümünü qaçınılmaz edən dron hücumlarının durdurulması şərtdir. Göz görə-görə, şüurlu şəkildə məzlum insanların ölümünə səbəb olan hücum üsullarının insanlıq əleyhinə cinayət olduğu açıq-aşkar ortadadır.
Adnan Oktarın «Pravda.ru» saytında çıxan məqaləsi:
http://english.pravda.ru/world/americas/02-06-2015/130845-drone_attacks_near_certainty-0/
http://conflict.az/dunya/5900-muselmanlarin-heyati-komputer-oyunu-deyil.html
http://edebiyyat-az.com/mus%C9%99lmanlarin-h%C9%99yati-komputer-oyunu-deyil/
http://newsbaku.info/post/15804-muselmanlarin-heyati-komputer-oyunu-deyil.html
http://koseyazilarimiz.com/index.php?newsid=176
http://gundelik.info/index.php?newsid=2494