Əgər Allah`a ibadət edirsinizsə, Onun nemətinə şükür edin
ucgen

Əgər Allah`a ibadət edirsinizsə, Onun nemətinə şükür edin

1811

Nə üçün şeytan insanların şükür etməsinə mane olur?

 

Şükür etmək insana nə qazandırır?

 
“...əgər Allah`a ibadət edirsinizsə, Onun nemətinə şükür edin.” (Nəhl surəsi, 114)
 
Allah hər şey kimi, insanlara verdiyi nemətləri də müəyyən məqsədlə yaratmışdır. İnsanın sahib olduğu hər şey (sağlamlıq, iman, hər gün qazandığı ruzi, yaşadığı hər saniyə) Allah`a şükür etməsi və Ona yaxınlaşması üçün bir vasitədir. Çünki Allah qullarına sonsuz nemətlər bəxş edən, qarşılıqsız gözəlliklər verən və hər gün yenidən can verəndir. 
 
İnsan şüurlu şəkildə ətrafına göz gəzdirsə, sahib olduğu bütün gözəlliklərin, xoşuna gələn hər şeyin Rəbbimizin lütf etdiyi nemət olduğunu görər. Yediyi bütün qidalar, nəfəs aldığı təmiz hava, ona sevinc bəxş edən bütün gözəlliklər, yaşadığı sağlam həyat və bir çox şey Allah`ın nemətlərindən sadəcə bir neçəsidir. Allah nemətlərinin böyüklüyünü bir ayəsində belə bildirmişdir:
 
“Əgər Allah`ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.” (Nəhl surəsi, 18)
 

Şeytan insanların şükür etməsinə mane olur

 
Şeytanın ən böyük hiylələrindən biri insanların şükür etməsinə mane olmaqdır. Çünki şükür etmək Allah`ın Quranda xüsusi olaraq vurğuladığı ibadətlərdən biridir. Quranın 60-a yaxın ayəsində şükür etməyin nə qədər əhəmiyyətli olduğuna diqqət çəkilir. Allah`ın təkrar-təkrar insanların diqqətinə çatdırdığı bu əmri qulaqardına vurdurmaq şeytanın ən böyük məqsədlərindən biridir. Quranda şeytanın Allah`ın hüzurundan qovulmamışdan əvvəl insanları yoldan çıxaracağına dair verdiyi söz belə bildirilir:
 
“Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.” (Əraf surəsi, 17)
 
Şeytanın təsiri altına düşüb dindən uzaqlaşan insanlar şükür etməzlər. Şükür ibadətini ancaq başlarından bəla sovuşduqda, ya da xoşlarına gəlməyən bir vəziyyətdən xilas olduqları zaman xatırlayırlar, sonra yenə küfür dolu həyatlarına geri qayıdırlar. Quranda fəlakət baş verən zaman dua edən, təhlükə sovuşduqdan sonra isə şirk qoşan insanların misalı çəkilmişdir:
 
“De: “Acizanə və gizlicə: “Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq”– deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz (yenə də) şərik qoşursunuz”. (Ənam surəsi, 63-64)
 
Halbuki, şükür etmək insanın əhəmiyyətli ibadətlərindən biridir. Çünki  bütün insanların həyatı şükür edəcəyi nemətlərlə doludur. Quranda şükür ibadətinə müəyyən hədd qoyulmadığından insan şükür etmək üçün bütün nemətləri bir vasitə kimi görməlidir. 
 
İnsanın şükür etməsi, eyni zamanda, onun Allah`a yaxınlığının, dostluğunun və Allah`a olan sevgisinin göstəricisidir. Şükür edən insanlar həmişə, hər hadisədə Allah`ın yaratdığı gözəllikləri və nemətləri görə bilirlər. İnkar edən, yaxud nankor insanlar isə ən gözəl məkanlarda belə hər zaman qüsur axtarır, kiçik detallara ilişir, nəticədə bədbəxt və narahat olurlar. Allah`ın mükəmməl yaratmasının bir hikməti olaraq bu insanlar hər zaman xoşagəlməz hadisələr və pis mənzərələrlə qarşılaşırlar. Halbuki, səmimi olan və hər hadisəni gözəl görməyi bacaran insanlar üçün Allah gözəllikləri və nemətləri daha da artırır. 
 

Allah şükür edənlərin nemətlərini artırır

Möminlər nə qədər aciz və möhtac olduqlarını dərk etdikləri üçün sahib olduqları hər nemət üçün Allah`a daim şükür edərlər. Onlar Allah`a təkcə var-dövlətə, mal- mülkə görə şükür etməzlər. Hər şeyin tək sahibinin və hakiminin Allah olduğunu bilən möminlər sağlamlıqları, gözəllikləri, elmləri, ağılları, eyni zamanda, imanı sevdikləri, küfrü çirkin gördükləri, hidayət əhli olduqları, üstün əxlaqlı möminlərlə birlikdə olduqları, qavrama, bəsirət və fərasət sahibi olduqları üçün də daim şükür edərlər. Gözəl bir mənzərə ilə qarşılaşanda, işləri asanlıqla həll olunanda, istədikləri bir şey həyata keçəndə, gözəl bir söz eşidəndə, sevgi və hörmət görəndə və saymaqla bitməyən bir çox nemətlə qarşılaşanda dərhal Allah`a yönələr və Ona şükür edərlər. Onun sonsuz mərhəmət, şəfqət sahibi olduğunu, Rəhman və Rəhim olduğunu unutmazlar.

Allah onların bu gözəl əxlaqlarının əvəzinə Quranda bir sirr bildirmişdir. Bu, Allah`ın şükür edən qullarına nemətlərini artıracağıdır. Məsələn, Allah səhhəti və gücü üçün şükür edən müsəlmanın gücünü və sağlamlığını daha da artırar. Elmi və ya var-dövləti üçün şükür edənlərə Allah daha çox elm və mal-mülk verər. Bu ona görədir ki, onlar Allah`ın hər verdiyi ilə kifayətlənir, sahib olduqlarına sevinir, səmimi şəkildə Allah`a yönəlir və yalnız Onu dost bilirlər. Allah bu sirri Quranda belə bildirmişdir:

O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir”. (İbrahim surəsi, 7)

Şükrün insana qazandırdığı gözəlliklər

Hər nemətin tək sahibinin Allah olduğunu və yalnız Onun diləməsi ilə var olduğunu dərk etmək və bunu səmimi şəkildə qəbul edərək dildə ifadə etmək şükürdür. Şükürün əksi isə Quranda nankor mənasında istifadə edilən küfür termini ilə verilmişdir. Təkcə bu söz belə şükür etməyin Allah qatında nə qədər əhəmiyyətli ibadət olduğunu və bu ibadətdən uzaqlaşmağın insanı nə qədər rəzil vəziyyətə saldığını ifadə etməyə kifayətdir.

Şükür həm böyük nemət, həm də insanı azğınlaşmaqdan qoruyan güclü bir qalxandır. Çünki nəfs zənginlik və ya gücə sahib olduğunu düşündüyü zaman zalımlığa, dikbaşlığa, vicdansızlığa meyil edir. Quran əxlaqını yaşamayan insan mal-mülk sahibi olub yaxşı şəraitə qovuşduğu zaman öz acizliyini unudur və təkəbbürlənməyə başlayır. Şükür isə insanı bu azğınlıqdan qoruyur.

Şükür edən insan sahib olduğu nemətlərin Allah`ın böyük lütfü olduğunu heç vaxt unutmur. Bu nemətləri Allah yolunda, Rəbbimizin rizasına uyğun şəkildə istifadə edir. Böyük məqam, mülk və hakimiyyət sahibi olan hz. Davud (ə.s.) və hz. Süleymanın (ə.s.)  təvazökarlıqlarının və kamilliklərinin səbəbi də məhz budur. Sahib olduğu var-dövlətdən azğınlaşan Qarunun isə ən böyük xətalarından biri şükür etməməsidir.

Səmimi möminlər ən çətin vəziyyətlərdə belə daim şükür edərlər. Bəzən dərin düşüncə sahibi olmayan insanlar Allah`ın  möminlərə bəxş etdiyi nemətlərdə azalma görə bilərlər. Ancaq möminlər hər hadisənin və şəraitin xeyirlə yaradıldığını bildikləri üçün hər zaman təvəkküllü olarlar. Allah insanları bir az qorxu, aclıq, canlardan və mallardan azalma ilə sınayacağını bildirmişdir. Möminlər bunlara səbir etdikləri zaman Allah`ın onları cənnət nemətləri ilə mükafatlandıracağını ümid edərək sevinər və şükür edərlər.  Allahın heç vaxt onlara güclərinin çatdığından artıq yükləməyəcəyini bildikləri üçün güvən və təslimiyyətlə səbir və şükür edərlər. Buna görə də, hər zaman şükür etmək möminin ən çox nəzərə çarpan xüsusiyyətlərindən biridir və Allah şükür edənlərə həm axirətdə, həm də dünyada nemətlərini artıracağını bildirmişdir.

Şükür təkcə Allah`a sözlə həmd etmək deyil, Rəbbimizin verdiyi bütün nemətlərdən Quran əxlaqını yaymaq üçün istifadə etməyi də qəbul etməkdir. Mömin sahib olduğu hər şeyi Allah rizası üçün istifadə etməlidir. Ən çox da Allah`ın ona bəxş etdiyi bədənindən Onun rizasını qazanmaq üçün istifadə etməlidir.

Quranda Allah`ın nemətlərinə şükür etməyin bir yolunun da Onun nemətlərindən hər yerdə bəhs etmək, yəni Quran əxlaqını təbliğ etmək olduğu belə bildirilmişdir:

Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan. Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi? Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətindən danış.” (Duha surəsi, 5-11)

İnsan Allah`ın nemətlərinin əvəzinə heç nə etməmişdir, ona qarşılıqsız və sonsuz olaraq bəxş edilən bu nemətlərin əvəzini maddi olaraq vermək mümkün deyil. Bu nemətlərin əvəzində insanın edə biləcəyi yeganə şey Allah`a təşəkkür, yəni şükür etməkdir. Mömin bütün gözəlliklərin Allah`ın ona bir lütfü olduğunu heç vaxt unutmaz, dilədiyi hər şeyi yalnız Allah`dan istəyər və Rəbbimiz olan Allah`dan başqa heç bir güc olmadığını bilər. İnsan Allah`a şükür edərək Onun sonsuz gücünü təqdir edib ucaldarkən, eyni zamanda, öz acizliyini görüb təvazökar xarakterə yiyələnir. Şükür insanın nəfsindəki təkəbbürə diz çökdürür və onun daim Allah`a qarşı itaətkar olmasını təmin edir. Sahib olduğu nemətlərə, ancaq Allah istəyərsə, qovuşacağını heç vaxt unutdurmur və daim vicdanlı davranmağına vəsilə olur.

Adnan Oktar Allah`ın verdiyi nemətlərə hər an şükür etməli olduğumuzu bildirir

ADNAN OKTAR: Hər şeydə ağıllı və diqqətli olmaq lazımdır. İnsan çox həssas varlıqdır. Allah insan üçün “...insan zəif yaradılmışdır” (Nisa surəsi, 28), deyir. İstər qadın olsun, istər kişi, insan həm fiziki cəhətdən, həm də ruhən zəif yaradılmışdır. Çox tez təsir altına düşür, inciyir, xəstələnir. Allah`ın insanı belə yaratması imtahanın bir hissəsidir. Yəni dünyaya bağlamamaq üçün belə yaradılmışıq. Dünya həyatına bağlanan insan çox əzab çəkir. Dünyanı sevmədikdə isə Allah`ı sevir. Belə yaratmaqla Allah, əslində, Özünün sevilməyini istəyir. Məsələn, düşünün ki, uşağı böyüdürsən və sənin uşağın səni istəmir, başqa şeyləri üstün tutur. Ancaq sən ona avtomobil alırsan, ev alırsan, yemək-içməyi ilə maraqlanırsan, ancaq övladın səninlə maraqlanmır, səninlə heç bir əlaqə qurmur. Əlbəttə ki, bu sizə çox təsir edər. Çox pis şeydir. Ən azı təşəkkür gözləyərsiniz, düzdür? Təşəkkür belə etmir. Cənab Allah təşəkkür istəyir. Sevilmək istəyir. “Mən səni sevmirəm, o qadın daha gözəldir, onu sevirəm”, deyir. Bəs o gözəl qadın kimin təcəllisidir? Hər şey Allah`a aiddir. Onu yaradan və sevdirən də Allah`dır. Lakin Yaradanı unudur, bütün diqqəti ilə yaradılana yönəlir. Halbuki, sevdiyin də Allah`ın bir təcəllisidir, Onun yaratma sənətidir. Doğru olanı etməlisən: “Ya Rəbbim, mən Sənin təcəllinə baxıram, onu sevirəm”, de. Allah bunu görməyəndə, sevdiyin şeyləri əlindən alır, əzab çəkdirir. Çünki insan “Hər şey təsadüfən yarandı”, deyir. Çiyələk yeyir, “təsadüfən yarandı”, deyir. Portağal yeyir “təsadüfən yarandı”, deyir. Banan, yemiş, qarpız, albalı “hamısı təsadüfdür”, deyir. “İnsanlar da təsadüfən yarandı, bütün sincablar, quşlar, kəpənəklər, hər şey təsadüfdür”, deyir. Cəhənnəm xüsusiyyətidir bu, hər şey təsadüfən olacaq sanki. Yerdən alov qaynayıb qalxacaq, insanların, meymun kimi, başları arxaya çevrilmiş olacaqdır. Bəzilərinin üzü tamamilə silinəcək, üzü olmayacaqdır. Mutasiyanı dəstəkləyənlər bunu cəhənnəmdə görəcəklər. Mutasiya, təsadüfən yaranmaq necə olur, Allah onlara göstərəcək. Təsadüfən yaranan yemək necə olar, Allah göstərəcək. Məsələn, Allah cəhənnəmdəki darı tikanından, zəqqumdan bəhs edir. “Yeməkləri leş kimi, çox iyrənc iy gəlir, suları da çox pis və qaynardır”, deyir. Halbuki, insanlar dünyada dadlı və təmiz su içirlər. Cəhənnəmdəki sular çox iyrənc və qaynar olacaqdır. Əslində, suyun altı maqmadır, normalda qaynar olmalıdır. Ocağa su qoyduğumuz zaman qaynayır. Yerin altı da maqmadır, ancaq buz kimi su çıxır və çox dadlıdır.

Allah “şükür etmirsən, Mənim yaratdığıma inanmırsan. O zaman təsadüflər necə olur, dad”, deyəcəkdir. Belə insanlar cəhənnəmdə layiq olduqları cəzaya qovuşacaqlar. Yenə də Allah`a inanmayacaq və “Rəbbinizə deyin bizə o nemətlərdən versin”, deyəcəklər. Allah Quranda “dərindən peşman olarlar” (Yunus surəsi, 54), deyə buyurur, belə insanların əxlaqsızlıqdan, dəliliklərindən əl çəkməyəcəklər”, deyir. Allah da layiq olduqları cəzanı verəcək və bu da möminlərin ürəyini rahat edəcək, inşaAllah. (29 aprel, 2012, A9 TV)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr