Əgər dinin mühüm əhəmiyyət kəsb etdiyi bölgədə ateistlər öz hüquqlarını tələb edirsə, heç şübhəsiz, bu, böyük səs-küyə səbəb olacaqdır. Əhalisinin 97%-i müsəlman olan İraqda ateistlərin öz şəxsiyyətlərinə və hüquqlarına hörmət tələbi dünya mediasının diqqətini bu bölgədə cəmləşdirdi. Bəs İraqda ateist olduqları üçün çətinliklər yaşayan bu insanlar da daxil olmaqla, müsəlmanların qeyri-müsəlmanlara münasibətləri barədə nə deyə bilərik?
Əvvəla qeyd edək ki, kainat bir Yaradanın olduğunu sübuta yetirən saysız-hesabsız dəlillərlə doludur. Lakin bəzən insan pessimistliyə qapılır və düşüncələrində dərin böhran yaşayır. Ateizm də əsasən belə dövrlərdə, pessimistliyin, ümidsizliyin, əsasən də sevgisizliyin insan həyatına hakim kəsildiyi vaxtlarda ortaya çıxır. İnsanın özünə və ətrafındakılara nifrət bəsləməsi, sevgi hissindən uzaqlaşması içindəki mənfi ruh halını ortaya çıxarır. Buna görə də ateistlərə sevgi ilə yanaşmaq, onlara hörmət duyulduğunu hiss etdirmək gözəl əxlaqın təbliğ edilməsində ən mühüm addımlardan biridir. Unutmayaq ki, nifrət və dözümsüzlük məhz məlumat azlığı və ya dezinformasiya nəticəsində meydana gələn cahillikdən qaynaqlanır. Ona görə də bu insanlara səbirlə və şəfqətlə yanaşmaq lazımdır. Tarix boyu gələn peyğəmbərlərin heç biri insanları iman gətirməyə məcbur etməmiş, onları hər zaman sevgi və şəfqətlə dinə dəvət etmiş, təbliğatlarını qarşı tərəfə hörmət duyduqlarını hiss etdirərək yerinə yetirmişlər.
İslam tarixi müsəlmanların qeyri-müsəlmanlarla həmişə sülh şəraitində yaşadıqlarına dair nümunələrlə doludur. Çünki İslamın yayılmasında da təzyiq və məcburiyyət deyil, məhz bu cür yanaşma təsirli olmuşdur. Avropanın hər yerində zülmə məruz qaldıqları və təzyiq gördükləri bir dövrdə yəhudilər Əndəlis Əməvi dövlətinin himayəsində, yəni müsəlman rəhbərliyi altında öz mədəniyyətlərinin qızıl dövrünü yaşamışlar. Təxminən 711-1031-ci illərdə İspaniyadakı inkişaf yəhudi mədəniyyətinin intibahı hesab edilir. Əndəlis Əməvi dövlətinin süqutundan sonra İspaniyadan çıxarıldıqlarında da yəhudilərin imdadına müsəlman Osmanlı dövləti yetişmiş, onları təhlükəsizlik şəraitində öz torpaqlarına yerləşdirmişdir.
Burada ateistlərin müsəlmanların Kitab əhli adlandırdıqları yəhudi və xristianlardan fərqli olduğunu düşünənlər olacaqdır. Halbuki, təxminən 150 il əvvəl London, Paris, Hamburq kimi Avropa şəhərlərində müsəlmanlara nadir hallarda sərbəstlik verilməsinə baxmayaraq, Osmanlı imperiyasında qeyri-müsəlmanlar dinc həyat tərzi sürmüşlər. Məsələn, dürzilər, atəşpərəstlər, şamanlar, bütpərəstlər daxil olmaqla heç bir etiqad üzvü dini təzyiqlərə məruz qalmamışdır. Bu məlumatın doğruluğuna əmin deyilik.
Vicdan və fikir azadlığının müasir demokratiyanın ən vacib ünsürlərindən, eyni zamanda insanların təbii hüquqları olduğu unudulmamalıdır. Hansı dinə, millətə, irqə mənsub olmasından asılı olmayaraq, bütün insanların vicdan, fikir və söz azadlığı hüquqla nizamlanmalıdır. İslam dinində də "Dində məcburiyyət (zorakılıq) yoxdur." (Bəqərə surəsi, 256) və "Sizin dininiz sizə, mənim dinim mənə." (Kafirun surəsi, 6) kimi bir çox ayə ilə insanların, dini inanclarında azad olduqları bildirilir.
Ateistlər təkcə İraqda deyil, dünyanın hər yerində öz inancları olan insanlardır. B.e.ə V əsr antik Yunanıstandan başlayaraq tarixin əksər mənbələrində ateistlərdən bəhs edilir. Erkən dövr Hindistan mədəniyyətində b.e.ə VI əsrdən etibarən teizm (təkilahlıq) əleyhinə yaradılan "Çarvaklar" məktəbi ateizmin ən qədim nümunələrindən hesab olunur. Ateistlər hər hansı bir inancı qəbul etməyə bilərlər. Halbuki, Yaradanın varlığına inanmaqla yanaşı inanmamaq da bir etiqaddır, inancdır. İnancın açıq şəkildə ifadə edilməsi və buna müvafiq şəraitin yaradılması çox vacibdir. Əks təqdirdə, inanmadığı halda inanırmış təəssüratı yaratmaq insanı münafiqliyə sürükləyər. Bir insanı təzyiq altında bir fikrə inandığını dedirtmək, təbii ki, onu münafiqliyə doğru aparar və sözügedən fikrə daha qərəzli yanaşar.
İndi də məqalənin əvvəlində verdiyimiz sualı cavablandıraq. Hazırda İslam dünyasının qeyri-müsəlmanlara qarşı göstərdiyi aşağı səviyyəli tolerantlığa İslam tarixinin heç bir dövründə rast gəlmirik. Bununla yanaşı, müsəlman aləmində qloballaşan başqa bir problem isə bəzi müsəlmanların təkcə qeyri-müsəlmanlara deyil, onun əqidəsində olmayan digər bütün müsəlmanlara düşmən kəsilməsidir.
Əslində inanclı bir insan öz həyat tərzi və davranış qaydasının Allah`ın rizasına uyğun yeganə yol olduğunu düşünə bilər və dinə əsaslanan bu qənaətindən ötrü də mühakimə edilə bilməz. Ancaq qarşı tərəfi mühakimə edə bilən yeganə gücün Allah olduğunu da unutmamaq lazımdır. Çünki Allah bizlərə hansı fikir və ya etiqaddan olmalarına baxmayaraq, bütün insanlara sevgi və hörmətlə, qardaşcasına yanaşmağı əmr edir. Buna görə də mühakimənin insanlara deyil, yalnız və yalnız Allah`a məxsus olduğunu xatırlamaq bütün dünyada sülhün yaranmasında əhəmiyyətli yol olacaq.
İslam şəhər, mədəniyyət dinidir. Müsəlmanlar isə bu gözəl və mədəni ruhu təmsil etməklə məsuldurlar. Əks təqdirdə maarifləndirilməmiş insanların İslam deyiləndə ağıllarına qəzet başlıqlarındakı vəhşilik və digər insanlarla ünsiyyət yaratmayan, müasir dünyanı dərk etməyən, özünəqapalı, azğın bir cəmiyyətin gəlməsini qınaya bilmərik. Diqqət yetirsək görərik ki, xüsusilə son dövrlər İslama dair müzakirələr və yönəldilən tənqidlər, demək olar ki, bu çərçivədədir. Halbuki, İslam mədəniyyətinin zənginliyi bütün bu müzakirələrə baxmayaraq, tarixi həqiqət kimi qarşımızda dayanır. Allah`a inananlar, inanmayanlar, şübhə ilə yanaşanlar, bir sözlə hamımız bu dünyada sülh və dinclik şəraitində yaşaya bilərik. Şübhəsiz ki, təzyiq və məcburiyyətlə ünsiyyəti kəsmək, dünyanın gələcəyi üçün müsbət nəticə verməyəcəkdir.