II Dünya müharibəsində faşizmin məğlubiyyətə uğraması bir çox insanda "faşizm artıq ölmüşdür" düşüncəsini meydana gətirdi. Ancaq vəziyyət elə deyil. Faşist ideologiyasının nümayəndələrinin ortadan qaldırıldığı doğru idi. Amma faşist ideologiyasının dayaqları (paqanizm, darvinizm, irqçilik) hələ də qalırdı. Bu səbəbdən, Hitlerin və ya Mussolininin ölməsi ilə faşizm öldürülmədi. Əksinə, "faşizm artıq ölmüşdür" kimi məşhur düşüncə yeni faşist hərəkatların inkişafına və kök salmasına zəmin yaratdı. Faşizm bəzən bu adı açıq şəkildə istifadə edərək, bəzən də maskalanaraq yaşamağa davam etdi. Xüsusilə də 1990-cı illərdə yeni yüksəlişə keçdi. Faşizmin yeni simalarından birinin adı neonasizmdir.
Neonasistlər
Rəsmi alman statistikasına görə 1999-cu ildə yalnız Almaniyada irqçilik və əcnəbi düşmənçilikdən qaynaqlanan 10.037 hadisə təsbit edilmişdir. 2000-ci ildə açıqlanan irqçilik hadisələri də on minə yaxındır. İngiltərədə isə yalnız aprel və sentyabr ayları arasında təsbit edilən irqçi qaynaqlı cinayətlərin sayı 10.982 olmuşdur. Bu cinayətlərin yarısı qorxutmaq, göz dağı verməkdən ibarət idi. Bir çoxu isə öldürmə, yaralama, yandırma kimi hərəkətlərlə nəticələnmişdir. Bunlar neonasistlər olaraq məlum olan faşist qruplarıdır.
Neonasist hərəkatı xüsusilə 1990-cı illərdə təşkilati şəkildə fəaliyyətə başlamışdır. Bundan əvvəl də 1970-ci illərdə İngiltərədə daz hərəkatı başlamışdı. Daz hərəkatının xüsusiyyəti küçə qruplaşmalarının immiqrantlara, əcnəbilərə və kasıb məhəllələrdə yaşayanlara qarşı təcavüz etmək idi. Bunların yalnız bir qismi irqçi idi. Ancaq 1990-cı illərdə dazların bir çoxu irqçiliyi mənimsədilər və nasist tərəfdarları olaraq irqçi faşist hərəkatları başlatdılar.
Yaşadığımız illərdə isə neonasist hərəkatı getdikcə güclənir və yayılmağa davam edir. Bu gün onlar 33 ölkədə və 6 qitədə aktiv vəziyyətdədir. Sayları isə 70 minə yaxındır. Üzvləri əsasən 13-25 yaş arası olan bu küçə qruplaşmaları bir-birləri ilə daha çox internet vasitəsilə əlaqə yaradırlar.
Neonasistlər hər ölkədə özlərinə müxtəlif hədəflər təyin ediblər. Aparılan bir araşdırmaya görə Almaniyada türklərə, Macarıstan, Slovakiya və Çexiyada qaraçılara, İngiltərədə asiyalılara, Fransada şimali afrikalılara, Braziliyada şimal-şərqlilərə, Amerikada bütün azlıqlara və immiqrantlara qarşı təşkilatlar qurulmuşdur. Bir çox ölkədə evsizlər və kasıb məhəllədə yaşayanları da hədəf seçirlər.
Nasizm pərəstişkarı olan bu gənclər əsasən narkotik aludəçilərdən, işsiz-gücsüz küçə avaralarından ibarətdir. Geyimlərinin üzərinə taxdıqları nasist simvolları, qırxılmış daz başları və döymələri ilə dərhal tanınırlar. Bu döymələrlə onlar digər irqlərə olan düşmənçiliklərini üzə vururlar. Şüarlarında, danışıqlarında və mahnılarında Hitleri ucaltdıqlarını və özlərini onun arzusunu həyata keçirməyə həsr etdiklərini ifadə edirlər: Ari irqi tərəfindən idarə olunan dünya.
Zorakılıq, kin, nifrət, qorxutma, təhdid, yandırma, zərər vermə başlıca xüsusiyyətlər arasında göstərilə bilər. Bunları ən çox yerinə yetirəni öz aralarında qəhrəman elan edirlər.
Neonasistlərin özlərinə aid musiqi stilləri var. Əslində onlar musiqini propaqanda vasitəsi kimi görürlər. Mahnılarının sözləri irqçi, paranoyik və təcavüzkar xarakter daşıyır. Mahnıların və musiqi qruplarının adları belə eyni ismarıcları verir: "Zəfəri Salamla", "Vampir", "Ağ Səs-küy", "Vəhşi Hücum", "Döyüş Sahəsi", "Ülgüc Kənarı", "Ağ Döyüşçülər" və s. Bu musiqi qrupları istədikləri yerlərdə yəni, Almaniya, Belçika, İngiltərə kimi bir çox Avropa ölkəsində konsert verə bilirlər. Minlərlə gənc də bu konsertlərdə iştirak edərək, nasist salamı verərək bu qruplara qatılır.
Neonasistlərin bir də yan qrupları var. Bunların başında futbol xuliqanları gəlir. Xüsusilə futbol oyunlarında dazlar və xuliqanlar birləşərək zənci oyunçulara qarşı şüarlar səsləndirir, rəqib azarkeşlərə hücum edir. Bu da stadionlarda ölümlə nəticələnən qarşıdurmalara səbəb olur. Bu qruplar hər hansı bir vəziyyətdə asanlıqla neonasist hərəkatlar üçün də istifadə edilir. Bundan əlavə, neonasist olmadığı halda neonasist musiqi qruplarının pərəstişkarı olan kütlə də daim istiqamətləndirilə biləcək vəziyyətdədir. Onlar da dinlədikləri musiqinin və nasist təbliğatının təsiri ilə hərəkatlara çağırılırlar. Məhz bu şəkildə irqçi hərəkatlar sürətlə gəncləri zəhərləməyə və öz tərəfinə çəkməyə davam edir.
Neonasistlərin Avropada bu qədər çox güclənməsinin səbəbi isə əslində gizli şəkildə cəmiyyətdən və siyasətçilərdən aldıqları dəstəkdir. Bu gün Avropada bir çox partiya müxtəlif adlar altında fəaliyyət göstərsə də, əslində faşist meyllidir və bunların hamısı neonasistləri dəstəkləyir. Bundan əlavə, neonasistlər zorakılıq və küçə hərəkatları ilə istədiklərini bacara biləcəklərini düşünürlər.
Əslində bu, tipik faşist xarakterdir. Çünki faşistlər demokratik mühitlərdə fikri yolla mübarizə aparıla biləcəyinə ehtimal vermirlər. Onlar hər zaman küçə qanunlarının etibarlı olduğuna, doğrunu söyləyənin deyil, güclü olanın haqlı olduğuna inanırlar. Bu səbəbdən, onlara görə ən böyük güc təcavüzkarlıq və zorakılıqdır.
Müasir Avropada İrqçi Siyasətlər
Neonasistlər Avropadakı irqçi hərəkatın radikal nümayəndələridir. Məcazi mənada desək, faşist baltasının "iti uc"larıdır. Amma bir də bu baltanın kökləri var və bunlar neonasistlərdən daha geniş ictimai və siyasi tabanı təmsil edirlər. Neonasistlərin irqçiliyi Avropada gedərək güclənən irqçi meyllərin əks olunmasıdır.
Avropada yaşayan insanların böyük bir hissəsinin əslində öz irqinin üstünlüyünə inanan gizli irqçiliyinin olması neonasistlərə gizli şəkildə dəstəkləyir. 1997-ci ildə aparılan araşdırmalara görə Avropada 33% irqçi potensialının olduğu müəyyən olunmuşdur. Xüsusilə Belçika, Fransa və Avstriyada bu nisbət daha da yüksəkdir. Özünü "tamamilə irqçi" və ya "qatı irqçi" olaraq müəyyən edən insanların nisbəti Belçikada 55%, Fransada 48%, Avstriyada isə 42%-dir. Almaniyada isə irqçilərin nisbəti 34%-dir. Bu səbəbdən neonasistlər qarşıdurmalarda "Əcnəbilər Qovulsun" şüarları səsləndirərkən əslində xalqın 35%-nin də düşüncələrini həyata keçirirlər. Bunlara bir də neonasistlərin irqçi hərəkatlarını dəstəkləyən siyasətçilər də əlavə olunduqda bu faşist təşkilatların qarşısını almaq mümkün olmur.
Bu irqçi meyllər Fransada daha çox diqqəti cəlb edir.
1993-cü ildə Fransada keçirilən seçkilərdən sonra Fransız demokratiyası üçün Birlik (UDF) və Respublikaçı Birlik partiyaları Eduard Balladırın Baş nazir olduğu hökumət qurdular. Xarici işlər naziri isə Pasqua oldu.
Bu hökumətin qurulması ilə bir anda ölkədəki əcnəbilərə potensial günahkar gözü ilə baxılmağa başlandı. Bundan sonra dərhal ağır təzyiqlər başladı. İlk olaraq əcnəbilərə verilən hüquqlar geri alındı. 1993-cü ilin avqust ayında Balladır hökuməti tərəfindən qüvvəyə minən və xalq arasında "Pasqua Qanunu" olaraq məşhur olan, polisə axtarış aparmaq səlahiyyəti verən qanunla Fransada yaşayan əcnəbilərin rahatlığı pozuldu, Fransa vətəndaşı olan əcnəbi mənşəlilərin evlərinə səhərə yaxın basqınlar edilərək evləri nəzarət altına alındı. Bu əcnəbilər sanki müharibə günahkarıymış kimi rəftarlara məruz qaldılar. Günlərlə sorğu-sual olundular, işgəncə əsnasında qolları, qıçları qırılanlar da oldu.
17 yaşındakı Zairli Nikome oğurluq ittihamı ilə tutuldu və Paris polis bölməsində güllələndi. Bu hadisədən bir gün sonra (7 aprel 1993-cü il) təşkil edilən yürüşə qatılan iki zənci fransız polisi tərəfindən öldürüldü. Əslən mərakeşli olan fransız vətəndaşının üç polis tərəfindən işgəncə verildikdən sonra öldüyü zənn edilərək bir yerə atılması və bu hadisənin ortaya çıxması ilə qanuni yollardan Fransaya gedən, orada işçi və ya şagird olanlar, yaşamaq üçün icazələri olanlar da qorxu və çaxnaşma içində yaşamağa başladılar.
Bu hadisələr Fransadakı cəmiyyətə hakim olmuş irqçi anlayışın nəticələridir və bu vəziyyət yalnız Fransa üçün xarakterik deyil. Avropanın hər yerində irqçiliyin dərin izləri var. Avropa Birliyi üzvlərinin Serb təcavüzkarlığına qarşı müsəlman bosniyalılara heç bir kömək əli uzatmamaları (əksinə, gizli olaraq serbləri dəstəkləmələri), Almaniyadakı əcnəbilərə neonasistlər tərəfindən təşkil olunan hücumlara layiq cəzaların verilməməsı, Fransadakı ərəb və zəncilərin irqçi hücumlardan zərər çəkməsi, Fransadakı Bask və Korsikalı azlıqlara qarşı aparılan dövlət terrorunun davam etməsi, Bretan və ölkə torpaqlarının üçdə bir hissəsində yaşayan Oksitanların dövlət tərəfindən azlıq olaraq qəbul edilməmələri, İngiltərə ilə İrlandiya arasındakı problemlər, İspaniya ilə Bask və Kataloniya arasındakı qarşıdurmalar, Bolqarıstandakı türkləri kütləvi şəkildə köçməyə məcbur etmək məqsədi ilə Belene düşərgəsində Bolqar hökuməti tərəfindən bu insanlara tətbiq olunan vəhşilik Avropa millətlərinə hakim olan irqçiliyin təsirləridir.
“Faşizmdən sonra Avropa” kitabının müəllifi İlya Ehrenburqun faşistlərə verdiyi tərif Avropada hələ də güclü olan irqçi mədəniyyətin məntiqini belə yekunlaşdırır:
Faşizm hər şeydən əvvəl milli kin deməkdir, milli qürur anlayışının təhrif edilməsi deməkdir. Faşist olan insanlar başqa xalqların zəngin mədəniyyətindən qürur duymaqdan uzaqdırlar, yalnız öz soy köklərindən qürur duyarlar.
Sözü gedən "milli kin" Allahın Quranda "cahiliyyə lovğalığına qapıldıqları"nı (Fəth Surəsi, 26) təsvir etdiyi azğın meyldir. Quranda bu "cahiliyyə lovğalığı"nın müşriklərin (paqanların) bir xüsusiyyəti olduğu, müsəlmanların isə bundan qorunduğu bildirilir. Bu da bir daha onu göstərir ki, faşist irqçilik dininin ortadan qalxmasının, bunun yerinə paqanizmin güclənməsinin nəticəsi olaraq yaranır.
Bu səbəbdən Avropada gedərək artan irqçi meyllərin hər keçən gün daha çox kök salan neonasist təşkilatların paqanizminin güclənməsi ilə əlaqədardır.
"Ağ İrqin Üstünlüyü" və Yeni Faşizmin İdeologiyası
Müasir dövrdə "faşist təşkilatları" dedikdə bir çox insanın ağlına ilk olaraq alman neonasistləri gəlir. Ancaq əslində faşist təşkilatları içində bir çox təşkilat var. ABŞ-da bir çox aktiv faşist qrupu var və bunlar "nəzəri" səviyyədə alman neonasistlərinə görə daha əhəmiyyətli mövqedədirlər. Bu qruplar ümumiyyətlə "Ağ Üstünlüyü" (White Supremacy) şüarını istifadə edirlər. Özü də bunu iqtisadi çətinliklərin gətirdiyi "əcnəbi düşmənçiliyi" olaraq deyil, fəlsəfi və elmi doktrina olaraq qarşıya qoyurlar.
" Ağ Üstünlüyü" şüarı altında Ku Kluks Klan, Amerikan Nasist Partiyası, "Ari Xalqı" (Aryan Nation) hərəkati və "Milli İttifaq" (National Alliance) kimi müxtəlif faşist təşkilatlar fəaliyyət göstərir. İnternet səhifələrində təbliğat aparan bu qrupların məqsədi irqçiliyi bir dünyagörüşü, bir doktrina olaraq müdafiə etmək və kütlələrə aşılamaqdır.
Bu qruplardan "Milli İttifaq" (National Alliance) təşkilatının manifestində bu doktrinanın təməlləri açıq şəkildə ifadə edilir. Maraqlıdır ki, manifest faşizmin paqan və Darvinist ideologiya olduğunu təsdiq edir.
Faşist "Milli İttifaq" təşkilatı, doktrinasını açıqladığı zaman əvvəlcə özləri ilə "Semitik inanclar" (islam, xristianlıq və yəhudilik) arasındakı fərqi ifadə edir, özlərinin yalnız təbiətə inandıqlarını və təkamülçü olduqlarını və buna görə "Semitik inanclar"ın Allah inancına əsaslandığını ifadə edir:
Özümüzü təbii qanunlara görə təkamül keçirən ətrafımızdakı unitar dünya ilə inteqrasiya olunmuş kimi görürük. Sadə sözlə desək, yalnız bir həqiqət var və o da təbiətdir: Bizlər təbiətin bir parçasıyıq və təbiətin qanunlarına tabeyik. Bu qanunlar içində bizlər öz qədərimizi təyin edə bilərik... Başqa sözlə desək, seçmə gücünə sahib olduğumuz hər şey üçün özümüz məsuliyyət daşıyırıq: xüsusilə ətrafımız və irqimizin qədəri üçün. Bu görüş Semitik görüş ilə təzad içində ola bilər. Semitik görüş... hər şeyin Tanrının hakimiyyəti altında olduğuna inanır.
Göründüyü kimi, faşizmin qarşısında din durur. Faşizm insanı "təbiətin məhsulu" hesab edərkən, din insanı Allah tərəfindən yaradıldığını və qədərini təyin etdiyini bildirir.
Faşist "Milli İttifaq" təşkilatının manifestində təşkilatın sahib olduğu irqçi ideologiyanın təkamülçü məntiqi də belə izah edilir:
Dünyamız iyerarxik quruluşa malikdir. Hər birimiz Ari (və ya Avropa) irqinin bir üzvüyük. İrqimiz eynilə digər irqlər kimi təbii seçmənin minillərlə ətrafa adaptasiyası və təkamüllü mərhələlərlə inkişaf etdiyi xüsusi xarakteristikalar inkişaf etdirmişdir. Şimal insanları daha çox şey tələb edən, məsələn ətraflarında planlı və fərdi intizam tələb edən qış iqlimində həyatda qala bilir və buna görə də zehni qabiliyyətlər baxımından daha sürətli inkişaf etmişlər.
Yəni Ari irqi digər irqlərdən üstündür. Çünki onların "təkamül baxımından irəli getdiyi" müdafiə olunur. "Milli İttifaq" təşkilatı daha da irəli gedərək irqçiliyin "təbiətə qarşı bir məsuliyyət" olduğunu irəli sürür, buna dayaq olaraq da Nietzschenin fəlsəfəsinə müraciət edir:
Hər şeydən əvvəl hissəsi olduğumuz təbiətə qarşı öhdəliklərimiz var. Çünki daha çox inkişaf və daha yüksək həyat tərzi üçün onun sonsuz axtarışlarının içərisindəyik. Bu öhdəçilik şairlərimiz və mütəfəkkirlərimiz tərəfindən müəyyən edilmiş və ifadə edilmişdir. Fridrix Nitşe bizlərə gələcəkdə daha yüksək insan tipinə hazırlıq görməyimizin bizim ilk məsuliyyətimiz olduğunu bildirmişdir... Təbiət Ari irqində gizli olan fərqli xüsusiyyətləri seçmiş və müqəddəs etmişdir. Beləliklə, bizim üçün təyin olunan missiyanı daha yaxşı tamamlaya bilərik. Təbiət digər insan irqləri və fərqli həyat tərzləri inkişaf etdirsə də, bizlər öz irqimiz üçün xüsusi öhdəliklər daşıyırıq: Onun davamını təmin etmək, bənzərsiz xarakteristikalarını qorumaq və keyfiyyətini artırmaq kimi.
Mərkəzi ABŞ-da olan Milli İttifaq təşkilatı İsveç, Fransız, Alman, Portuqaliya və Rus dillərində də nəşr olunan jurnallar və kitablar nəşr etdirir və müdafiə etdiyi Darvinist və paqan ideologiyanı sürətlə yayır. Təşkilatın nəşr etdiyi „Milli Qabaqcıl“ (National Vanguard) adlı faşist jurnalın üz qabıqlarını yunan tanrılarının heykəlləri bəzəyir, jurnaldakı məqalələrdə isə Darvindən tez-tez misallar çəkilir, "irqlərin qorunmasının vacibliyinin Darvinist biologiya tərəfindən sübut edildiyi" kimi iddialar qarşıya qoyulur. Digər faşist təşkilatların nəşrlərində və ya internet saytlarında da buna bənzər izahlar, İlahi dinlərə qarşı azğın paqan mədəniyyətini müdafiə edən təbliğatlar tapmaq mümkündür.
XIX əsrdə paqan mədəniyyətin yenidən oyanması ilə və Darvinin təkamül nəzəriyyəsi ilə doğan faşist irqçilik XXI əsrdə eyni təməllərə əsaslanaraq inkişaf etməyə davam edir.
Gündəlik Həyatda Faşizm
Faşizmin ən fundamental xüsusiyyətlərindən biri olan irqçilik Qərb dünyasında yüksəlişinə davam edir və bunun arxasında da Darvinist-paqan dünyagörüşünün yayılması durur. Bəs faşizmin digər bir təməl xüsusiyyəti olan zorakılıq sevgisi, yəni zorakılığı, vəhşiliyi, qan tökməyi, mərhəmətsizliyi məqbul sayan paqan əxlaqı hələ də yaşayırmı?
Yaşayır, həm də çox güclü formada.
Amerikalı tarixçi Edvard Veys „Müasir Faşizm: xristian-yəhudi dünyagörüşünün yox edilməsi“ (Modern Fascism: Liquidating the Judeo-Christian Worldview) adlı kitabında faşist mədəniyyətin necə mövcud olduğunu belə izah edir:
1930-cu illərdə (faşist) avanqard sənətçilər zorakılığı və primitiv duyğuları tərənnüm edən nəzəriyyələri ilə burjuaziyanı heyran etmişlər. Əgər bu gün köhnə faşist estetikasının nümunələrini görmək istəsəniz, yalnız Hollivudun kassa rekordlarını qıran son filminə getməyiniz, MTV kanalını açıb seyr etməyiniz və ya bir Heavy Metal konserti izləməyiniz kifayətdir. Bunlarda faşistlərin sənət ideallarını görə bilərsiniz: zorakılıqdan zövq alma, əxlaqa üsyan etmə. Bir trillerdəki vəhşi, qana susamış, düşmənlərini pulemyotla atəşə tutaraq qanunu öz əllərinə alan və ya Metallıkanın "elə qışqır ki, sanki öldürürsən" şəklindəki mahnısına uyğun olaraq rəqs edən gənclər - məhz sənətin bu növü faşist estetikasıdır.
Gündəlik həyatda qarşılaşdığımız "məşhur mədəniyyət"də faşist ideologiyanın gizli hakimiyyəti vardır. Filmlərdə, cizgi filmlərində, rok konsertlərində, musiqi kliplərində ortaya çıxan bu zorakılıq mədəniyyəti, Darvinist-faşist dünyagörüşünün bir nəticəsidir. İnsanlara bir heyvan növü olduqlarını, təbiət qanununun "mübarizə və öldürmədən"dən ibarət olduğunu təlqin edən, bunu qanuni, ağıllı və elmi düşüncə kimi göstərən bu dünyagörüşü, 1930-cu illərdə alman cəmiyyətini nasist barbarlığına sürüdüyü kimi müasir dövrdə də kütlələri zorakılığa, təcavüzkarlığa, vəhşiliyə, kobud və qan tökən əxlaqa aparır.
Gündəlik həyatdakı faşizmi görmək üçün dünya mediasına baxmaq kifayətdir: Sadə anlaşılmamazlıq nəticəsində bir-birlərini bıçaqlayan ailə üzvləri, futbol qarşılaşmasının sonunda bir-birlərini öldürənə qədər döyən fanatik azarkeşlər, yaşlı atasının mirasına sahib olmaq üçün onu mərhəmətsizcə öldürən xain övladlar, körpə uşağı qaçırıb işgəncə ilə öldürən və bunu "zövq üçün" etdiyini söyləyən psixopatlar...
Bu nümunələr o qədər çoxdur ki, insanların çoxu bunları "normal" və "qaçınılmaz" görməyə başlayıb. Halbuki bunlar cəmiyyətdə yayılan bir "dünyagörüşü"nün nəticələridir. Kiçik yaşlarından etibarən "həyat mübarizədir, güclülər qazanır", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinlər altında böyüyən, seyr etdikləri filmlərdə, dinlədikləri mahnılarda daim bu fikirlərlə təfəkkürü formalaşan bir kütlə var və media xəbərləri bunun səbəbkarıdır.
Bu xəbərlərin qəhrəmanları əsasən cəmiyyətin təhsilsiz təbəqəsidir. Daha "səviyyəli" kimi tanınan elit təbəqə də əslində eyni dünyagörüşünün tələb etdiyi cinayətləri edir, amma bunu daha üstüörtülü və professional şəkildə həyata keçirir.
Dünya cəmiyyətlərində zorakılığa meyllilik məlumdur, amma bunun həll yolu heç cür tapılmır. Bunun bir səbəbi də yuxarıda ifadə etdiyimiz kimi, bu ictimai zorakılığın "normal" qəbul edilməsidir. İkinci bir səbəb isə insanların çoxunun bu zorakılığın həqiqi qaynağını dərk edə bilməməsidir. Problemin yalnız hüquqi yolla həll edilə biləcəyini düşünür və yanılırlar. Əlbəttə, "texniki" tədbirlər lazımdır, amma əsl həll cəmiyyətlərdəki degenerasiyanın qaynağını tapmaq və onu həll etməkdir.
Bu degenerasiyanın qaynağı isə Darvinizmdir. "Həyat mübarizədir, güclülər qazanır", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinlərin qaynağı olan Darvinizm dünyada gedərək böyüyən "gündəlik həyat faşizminə" görə məsuliyyət daşıyır.
Bu təsbit qarşısında bəziləri etiraz edə bilər və "zorakılıq edən insanların böyük əksəriyyətinin Darvinizmdən xəbərsiz olduğunu" vurğulaya bilər. Bu iddia qismən doğrudur.
Həqiqətən də dünyada zorakılıq edənlər Darvinizmi heç eşitməyə bilərlər. Amma bu kütləni istiqamətləndirən, onların dünyagörüşünü meydana gətirən qrup bu mövzudakı ilhamını Darvinizmdən alır. Bu qrup universitetlərdə, mediada, bir çox elmi təşkilatda, sənət və ədəbiyyat sahəsində, kino və televiziyada və insanların düşüncələri üzərində təsirli olan hər cür ictimai sektorda güclü və hakim vəziyyətdədir. Cəmiyyətə "həyat mübarizədir, güclülər qazanır", "əgər sən əzməsən, başqaları səni əzər" kimi təlqinləri verənlər də bunlardır.
Məhz cəmiyyətə istiqamət verən bu kütlə Darvinizmə kor-koranə inanır, özlərini Allahın yaratdığı və Onun qarşısında məsuliyyət daşıyan qullar olaraq deyil, meymunlardan təsadüfən törəmiş və yeganə məqsədi "mübarizə" olan inkişaf etmiş heyvanlar kimi görürlər. Belə ki, qəzetlərində, jurnallarında, televiziya ekranlarında bu Darvinist ismarici mütəmadi olaraq verirlər.
Halbuki bu insanların hamısı aldanış içindədir. İnsan Darvinizmin iddia etdiyi kimi təsadüflərlə ortaya çıxan və yeganə məqsədi mübarizə aparan heyvan deyil. İnsanı Allah yaratmışdır və Onun öyrətdiyi əxlaqa görə yaşamaqla məsuldur. Elm Darvinist təbliğatın əksinə Darvinizmi deyil, yaradılış həqiqətini təsdiqləyir. Quranda bildirildiyi kimi:
O (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Həşr surəsi, 24)
Allahın yaradıqlarını inkar edən faşist dünyagörüşünün ortadan qalxması üçün haqqında danışılan Darvinist fəlsəfənin fikri yolla çökdürülməsi və insanların bu aldanışdan qurtarılması vacibdir. Əhəmiyyətli olan insanlara "mərhəmətsiz olun, qan tökün, öldürün, bu sizin instinktinizdir, onsuz da heyvansınız və öldükdən sonra yox olacaqsınız" deyə pıçıldayan səsin susdurulmasıdır. Bu səs susdurulduqdan sonra bununla keyidilmiş kütlələr də həqiqətləri görəcək və bu dünyada nə üçün var olduqlarını anlayacaqlar.