Terrorizmlə mübarizə apararkən uğursuz metodlarda israr etməmək lazımdır
ucgen

Terrorizmlə mübarizə apararkən uğursuz metodlarda israr etməmək lazımdır

1161

Hazırda terrorizmlə mübarizədə müxtəlif metodlardan istifadə edilir. Bunlar dövlətin təhlükəsizliyini gücləndirmək, terrorçu təşkilatlar üzərində hərbi təzyiq yaratmaq, terror təşkilatlarının maliyyə mənbələrinin qarşısını almaq və terror təşkilatları ilə siyasi razılıqlar əldə etməkdir. Ölkələr əsasən ilk 3 metodu bir yerdə uzun illər tətbiq edir, bunlarla bir nəticə əldə etmədikdə isə terror təşkilatı ilə razılaşma yoluna gedirlər.

 

Dövləti gücləndirmək üçün maliyyə hərəkətləri ciddi şəkildə yoxlanılır, kütləvi informasiya vasitələri nəzarət altına alınır, həyəcan vəziyyətlərində səyahət azadlıqlarına məhdudiyyətlər belə qoyulur.

 

Hava limanlarında və sərhədlərdə gömrük nəzarəti və təhlükəsizlik işçilərinin sayı artırılır, daha güclü və daha bahalı detektorlarla təhlükəsizlik nəzarəti daha tez-tez həyata keçirilir. Bütün bunlar təkcə xərcləri artırmaqla qalmır, eyni zamanda əməliyyatları da ləngidərək iqtisadiyyata yük olur. Aparılan bir araşdırmaya görə, 11 sentyabr hücumlarından sonra ABŞ-da həyata keçirilən tədbirlərə görə beynəlxalq əməliyyat xərcləri 0,5-3% həcmində artım göstərmişdir. Əməliyyat xərclərində bu artım daxili ticarətə də mənfi təsir göstərir.

 

Terrora qarşı təhlükəsizliyi artırmaq üçün görülən tədbirlər xalq tərəfindən daha böyük bir təhdid kimi qavranmasına yol aça bilər. Daha çox inamsızlığa səbəb olacaq bu tədbirlər nəticəsində maliyyə başqa istiqamətlərə doğru gedir, investisiyalar təxirə salınır, istehlakçılar də alış-verişlərini gecikdirirlər.

 

Alınan tədbirlərdə çox vaxt kvotalar qoyulmur, azadlıqlar birbaşa insanların əlindən alınır. Məsələn, İngiltərədə terrorizmlə mübarizə tədbirləri çərçivəsində terror törətməkdə şübhəli bilinən şəxslərə hər hansı bir ittiham irəli sürmədən 28 gün tutulmalarına icazə verilmişdi. 2001-ci ildə ABŞ-da Vətəndaşlıq Qanunu ilə miqrantların müddətsiz olaraq həbs edilməsinə imkan verilmişdi.

 

Terrorizmin qarşısını almaq naminə atılan bütün bu addımlar şəxsi azadlıqları məhdudlaşdıraraq dövlətin təqib və hökmranlıq dairəsini getdikcə genişləndirir. Hətta qanuni yollardan kənara çıxılır, terrorizm adı ilə "hüquqi dövlət" prinsipi pozulur. Kubadakı Quantanamo hərbi bazasındakı şübhəli şəxslərin Amerika Ali Məhkəməsinin mühakimə səlahiyyətindən kənarda tutulması bunun ən bilinən nümunələrindəndir. Üstəlik, şübhəlilər bir çox qanuni hüquqlarından istifadə edə bilmədiyi kimi, Avropa İnsan Hüquqları Konvensiyasına görə, işgəncə kimi qəbul edilən bir çox rəftara də məruz qalırlar.

 

Terrorizmlə mübarizədə dövləti gücləndirməyə istiqamətli atılan addımlar yuxarıdakı nümunələrdən də məlum olduğu kimi, liberal-demokratik azadlıqları təhlükəyə atır. Bir çox demokratik ölkədə terrorizmlə mübarizə metodlarına görə azadlıq və təhlükəsizlik arasındakı balans dövlət tərəfindən pozulur.

 

Dövləti gücləndirmək üçün qəbul edilən qərarlar və proqramlar terroru azaltmaq, təsir dairəsini daraltmaq əvəzinə əks nəticələr verir. Tədbirlərin həyata keçirildiyi bölgədə yaşayanların narazılıqları artır, hətta bəzi vaxtlar terror fəaliyyətlərini dəstəkləyir və bəziləri hətta bu fəaliyyətlərə qoşulur.

 

Terror təşkilatlarının əsas hədəfi əhali arasında çaxnaşma yaradaraq dövlətləri düşüncəsiz və bəzən şişirdilmiş reaksiyalar verməyə yönəltməkdir. Bu səbəbdən terrorizmlə mübarizədə alınan tədbirlər çox vaxt terrorçuların hədəflərinə daha asan nail olmalarını təmin edir.

 

Terrorizmə qarşı mübarizə üsulu kimi ən çox istifadə edilən yol hərbi müdaxilədir. Bunun işə yaradığını söyləmək mümkün deyil. ABŞ 1998-ci ildə Əfqanıstandakı hədəflərə intensiv hücumlar təşkil etmiş, Taliban bu hücumlardan ziyan görsə də Pakistan sərhədinə çəkilərək burada əvvəlkindən daha aktiv hala gəlmişdi. Əl-qaidə özünə qarşı həyata keçirilən çox saylı hərbi əməliyyatdan sonra bu gün Afrika və Yaxın Şərqdə böyük terror aktları həyata keçirmək gücünə sahib olmuşdur.

 

Terrorizmə qarşı həyata keçirilən hərbi əməliyyatlarda sivil - terrorçu ayırd edilə bilmir və çoxlu itkilər olur. Bu da əməliyyatların arzu olunandan tam əks nəticələrə gətirib çıxarmasına səbəb olur. ABŞ-ın İraqda, Əfqanıstanda və Yəməndə apardığı əməliyyatlarda mülki vətəndaşların ölümünə səbəb olması, bu ölkələrdəki Amerika əleyhdarlığını ən yüksək həddə çatdırmışdır.

 

Terrorizmə qarşı istifadə edilən son üsul terrorçu qruplarla siyasi razılıq əldə etməkdir. Dövlətin terror qrupları ilə müzakirə aparması, təhdid və zorakılıq qarşısında əxlaqi geri çəkilmə və öz inanclarına sadiq qalmaması kimi qəbul edilir. Terror təşkilatlarını tərəf kimi qəbul etmək bu təşkilatların fəaliyyətini qanuniləşdirir və onları gücləndirir.

 

Siyasi həll adlandırılan üsulda dövlətlər suverenliyini terror təşkilatları ilə bölüşdürməyi, hətta onlara həvalə etməyi də mümkün sayır. Bu hal bütün dünyada dövlətlərin parçalanma mərhələsinə qədəm qoymasına qapı açır.

 

Aparılan hər bir danışıq dünyanın başqa bir yerindəki terrorçu qrupu ruhlandırır və terrorizmin genişlənməsinə səbəb olur.

 

Belə ki, Əl-qaidə və ya İŞİD kimi fanatik din anlayışına əsaslanan terrorçu təşkilatların siyasi çözüm üsulu ilə qarşısını almaq qeyri-mümkündür. Liberal demokratik qurumları və prinsipləri aradan qaldırmağı hədəfləyən terrorizmi dayandıracaq siyasi həll modeli mövcud deyil. Bu təşkilatların IRA ya da ETA kimi bir regiona xas siyasi tələbləri yoxdur. Fanatik həyat anlayışına əsaslanan bir model təqdim edir, demokratiya və Qərb tipi azadlıqlara əsaslanan həyat tərzini yox etməyi qarşısına məqsəd qoyur. Dolayısilə güzəştə gedərək inandırılmalarını təmin edəcək bir danışıq prosesini reallaşdırmaq texniki olaraq mümkün deyil.

 

Başda ABŞ olmaqla bir çox ölkə uğursuz olduğu görülən metodlardan istifadə edərək terrorizmlə mübarizə aparmağa çalışır. Bu vəziyyət şiddətə əsaslanmayan daha ağıllı mübarizə metodunu tapmağa dünyanı daha çox möhtac hala gətirir. Bu metod da əks ideologiyanın izah edildiyi maarifləndirmə ilə mümkündür.

 

Adnan Oktarın «Gulf Times»da dərc edilən məqaləsi:

http://www.gulf-times.com/story/481776/Why-insist-on-ineffective-anti-terrorism-methods


PAYLAŞIN
logo
logo
logo
logo
logo