Sahib olduğu zəngin almaz və qızıl mədənlərinə baxmayaraq, dünyanın ən kasıb ölkələrindən biri olan, zamanla Fransanın müstəmləkəsi olan Mərkəzi Afrika Respublikasında (MAR) müsəlmanlara yönələn soyqırım səngimək bilmir. Mediada əks olunan vəhşilik səhnələrini, yollarda parça-parça olmuş cəsədlərin fotoşəkillərini bir an görmək belə insanları dərindən sarsıdır. Ötən günlərdə mərkəzi ABŞ-da yerləşən İnsan Hüquqları Müşahidə Təşkilatı (Human Rights Watch-HRW) Mərkəzi Afrika Respublikasındakı vətəndaş müharibəsi səbəbindən bütün müsəlman əhaliyə ölkəni tərk etmək məcburiyyətində qala biləcəkləri barədə xəbərdarlıq etdi. Təxminən 4,5 milyon nüfuzu olan ölkədə müsəlmanlar əhalinin 15 faizini təşkil edirlər.
Mərkəzi Afrika Respublikası ötən il xristian, müsəlman və yerli din mənsubu olan 5 fərqli silahlı qrupun toplaşması ilə yaranan “Seleka” üsyançı təşkilatının ölkə rəhbərliyini ələ keçirməsindən sonra böyük çaxnaşma mühitini qarşılamaq məcburiyyətində qaldı. “Seleka” üsyançıları xristian xalqa vəhşicəsinə hücumlar etdilər. Amma xüsusilə vurğulamaq lazımdır ki, “Seleka”ın tərkibindəki müsəlman adı daşıyan qrupların həyata keçirdikləri siyasət islami bir təmələ əsaslanmır. Amma buna baxmayaraq, xalq bu təşkilatın müsəlmanları təmsil etdiyini hesab edir. Bu vaxt üsyan qaldıran xalqın “Seleka”ya olan nifrəti paytaxt və onun ətrafında yaşayan müdafiəsiz, günahsız müsəlman azlıqlara qarşı yönəldi. “Seleka” nümayəndələri isə paytaxtı tərk etmək məcburiyyətində qaldılar.
BMT–nin hesablamalarına görə indiyə qədər ən azı 2 min nəfər qarşılıqlı münaqişələrdə həyatını itirmiş, bir milyon insan isə ölkəni tərk etmək məcburiyyətində qalmışdır ki, bu da ölkədə vəziyyətin daha da pisləşməsini göstərir. Mərkəzi Afrika Respublikasında hazırda 6000 afrikalı və 1600 fransız sülhməramlı dəstələri hərbi vəzifəni yerinə yetirirlər. Ancaq soyqırım barədə xəbərdarlıq edən beynəlxalq müşahidəçilər BMT-ni baş verənlərə müdaxilə etməyə çağırırlar. Region ölkələri ən azı 10 min sülhməramlı hərbi qüvvəyə ehtiyac olduğunu bildirirlər.
Üsyanın ardınca yaranan və “Seleka” birliklərindən fərqli olaraq odlu silahlar və roketlərlə təchiz edilmiş “Anti-Balaka” qruplaşması isə müsəlmanların ən çox olduğu bölgələrdə dəhşətli qırğınlara, etnik təmizliyə başladılar. Dövlət gücünün və suverenliyinin olmadığı ölkədəki müsəlman xalq yaşadıqları əraziləri tərk edərək qonşu ölkələrə, xüsusilə Çad və Kameruna çatmağa çalışarkən “Anti-Balaka” qruplaşması tərəfindən öldürüldülər.
Cari hesabat isə çox dəhşətvericidir: HRW-nin hesabatına görə cari ilin əvvəlində qızıl ticarətinin mərkəzi olan Yaloke şəhərində 30 000 əhali və 8 məscid vardı. 6 fevralda isə 500 müsəlman və təkcə bir məscid qalmışdı. Qalan insanlar da bu məscidə sığınmışdılar.
Türkiyə Respublikası zülmə məruz qalan bütün region ölkələri olduğu kimi Mərkəzi Afrika Respublikası ilə bağlı da ciddi bir siyasət həyata keçirdi. Xarici İşlər Naziri Əhməd Davudoğlu 20 fevral 2014-cü il tarixində Səudiyyə Ərəbistanında Nazirlər səviyyəsində təcili olaraq həyata keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) konfransında "İslam Əməkdaşlıq Təşkilatının quru qitənin mərkəzindəki müsəlman xalqın yaşadığı çətin vəziyyətə son qoymaq üçün əlindən gələni etməli olduğunu" bildirdi və bəzi qəti təkliflər verdi. O, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Mərkəzi Afrika Respublikasında kəşfiyyat qrupunun yaradılmasını və bundan əlavə xüsusi nümayəndə təyin edilməsini təklif etdi. Mərkəzi Afrika Respublikasına və qonşularına istiqamətlənən humanitar yardımın əhəmiyyətinə də diqqət çəkən hörmətli Əhməd Davudoğlu humanitar yardımın İslam Əməkdaşlıq Təşkilatı tərəfindən hazırlanacaq Tədbirlər Planına daxil edilməsinin lazım olduğunu bildirdi. Həmçinin, Türkiyənin Mərkəzi Afrika Respublikasındakı vəziyyətə necə yardım edəcəyi məqsədi ilə növbəti həftə Bangiyə xüsusi nümayəndə və humanitar yardım qrupu göndəriləcəyini vurğuladı.
Amma aydındır ki, yalnızca Türkiyənin və ya İƏT-in humanitar yardım etməsilə bu böyük dəhşət sona çatmaz. Orada böyük bir etnik soyqırım yaşanır ki, Fransanın artıq bitərəfliyini itirmiş və buna görə tənqid olunan hərbi qüvvələri ilə də heç bir şeyə nail oluna bilməz. Buna görə də beynəlxalq qüvvələrin bölgəyə təcili olaraq gətirilməsi və münaqişələrə son qoyulması üçün hər cür tədbir görülməlidir. Bölgədə sülh və əmin-amanlığın bərpa olunması üçün beynəlxalq qüvvələrlə yanaşı, insan hüquqları təşkilatlarının, qeyri-hökumət təşkilatlarının daha səmərəli və birgə fəaliyyət göstərmələri lazımdır. Bu məsələdə gecikmək yalnızca vəhşiliyin getdikcə böyüməsinə göz yummaq deməkdir.
Adnan Oktarın “Harakah Dailiy”də yayımlanan məqaləsi: