İmperialist qüvvələr təxminən 50 il olar ki, Afrikanı tərk edib. Artıq onlar hərbi qüvvələrlə Afrika ölkələrini təhdid etmir, rəsmi olaraq təyin etdikləri rəhbərlərlə bu bölgələri idarə etmirlər. Buna baxmayaraq, bir çox Afrika ölkəsinin tam suveren olduğundan və ya sərvətlərini xalqın minimum ehtiyaclarını təmin edəcək məhsuldarlıqda istifadə etdiyindən bəhs etmək mümkün deyil. Afrika postmüstəmləkə adlandırılan müstəmləkə dövründən sonra səfalət içində yaşamağa davam edir.
Postmüstəmləkəçiliklə bağlı yazdığı əsərlərlə tanınan akademik Parta Çaterji (Partha Chatterjee) "Milliyyətçi düşüncə və müstəmləkə dünyası" (Nationalist Thought and the Colonial World) adlı kitabında bu həqiqəti oxucularına belə çatdırır:
“Avropa və Amerika bizim üçün təkcə müstəmləkəçilik və istismar ssenarisini hazırlamamış, eyni zamanda antimüstəmləkəçi müqavimətimizi və postmüstəmləkə səfalətimizi də planlaşdırmışdır. Təxəyyülümüz belə sonsuza qədər müstəmləkə vəziyyətində qalmaq məcburiyyətindədir”.
İmperialist ölkələrin müstəmləkələri ilə rəsmi siyasi əlaqələrdən imtina etməsi, yəni bilavasitə müstəmləkə rejiminə son qoymuş kimi görünməsi, əslində, dövrün şərtlərinin tələb etdiyi strateji dəyişiklik ola bilərmi?
Bu sualın cavabını Londonda yerləşən “Səhiyyə və Yoxsulluq Hərəkatı”nın, həmçinin digər bir neçə qeyri-hökumət təşkilatının birgə səyi ilə hazırlanan bir hesabatla açıqlamaq olar. Həmin hesabatda Afrikaya idxal və ixrac edilən resursların ümumi miqdarı hesablanmış və belə bir nəticə əldə edilmişdir: Afrika hər il 192 milyard funt-sterlinq itirir və qitəyə təkcə 134 milyard funt-sterlinq daxil olur. Bu da Afrikanın hər il 58 milyard funt-sterlinq itirməsi deməkdir.
Maraqlısı budur ki, hər il bir çox ölkə Afrikanın inkişafı üçün rəsmi olaraq böyük məbləğlərdə yardımlar etməsinə baxmayaraq, qitə hələ də yoxsulluqla, hətta aclıqla üz-üzədir. İngiltərənin "The Guardian" qəzeti 15 iyul 2014-cü ildə nəşr olunan "Afrikaya yardım: Qərbin ianələri qitənin 60 milyard dollarlıq talanını ört-basdır edir" başlıqlı məqalədə bunun səbəbini belə açıqlayır: "Böyük Britaniya və digər zəngin dövlətlər şirkətlərinə Afrikanın sərvətlərini qarət etmələrinə icazə verir, eyni zamanda etdikləri yardımlarla səxavətlərindən zövq alırlar”.
Afrikaya edilən beynəlxalq yardımların bir hissəsi, əslində, qitəni inkişaf etdirməkdən daha çox sanki qarət rejimini qorumaq xarakteri daşıyır.
Afrikaya yardım göndərən əksər ölkələr "The Guardian" qəzetində başqa bir məqalədə qeyd edildiyi kimi, "yoxsulların xilaskar qəhrəmanı" imici verməyə çalışırlar. Eyni məqalədə müəllif yardım kimi verilənin daha artığının geri alındığını qeyd edərək bu vəziyyəti "Afrika bizə investisiya qoyur, biz onlara deyil" cümləsi ilə izah edir.
İqtisadiyyat dünyasında çirkli pulların yuyulmasının təmin olunduğu yerlər Afrika ölkələrindəki sərvətlərin talan olunmasında mühüm rol oynayır. Bu yerlərdə vergi ya tətbiq edilmir, ya da vergi dərəcələri digər ölkələrlə haqsız rəqabət imkanı meydana gətirəcək qədər aşağıdır. Ofşor hesabları bu ölkələrdə çirkli pulların yuyulması, iqtisadi embarqo şərtlərinə əməl etməmə, vergidən yayınma, rüşvət alma və rüşvət vermə kimi bir çox qeyri-qanuni fəaliyyətdə istifadə edilir.
"Vergi cənnəti" olaraq adlandırılan ölkələrin böyük hissəsini keçmiş müstəmləkə ölkələri təşkil edir. Bu ölkələr Afrikadan pulların köçürülməsini təmin edən beynəlxalq şəbəkə kimi fəaliyyət göstərir. Bu şəbəkənin necə fəaliyyət göstərdiyi hamıya məlumdur. Belə ki, bu barədə Türkiyədə "Çirkli pulların yuyulması" adlı nəşr olunmuş diplom işində belə ətraflı şəkildə bəhs olunur.
Sistemin fəaliyyətini göstərən başqa sənədlər də mövcuddur. Bunlardan ən mühüm olanlar Panamada yerləşən "Mossack Fonseca" adlı hüquq firmasının 40 ildən çox saxladığı və ictimaiyyətə açıqladığı 11,5 milyon sənəd və qeydlərdir. "Panama sənədləri" kimi tanınan bu sənədlərdə adı ən çox çəkilən yerlər İngiltərə, onun keçmiş müstəmləkəsi Honq Konq və Britaniya dəniz ərazisi olan Britaniya Vircin adalarıdır. Ən maraqlısı budur ki, Panama sənədlərində İngiltərənin Lordlar palatasından 6 lordun, hakimiyyətdəki Mühafizəkar partiyasından 3 keçmiş deputatın və İngiltərədəki siyasi partiyalara ianə verən çox sayda insanın adı çəkilir.
İngiltərə Fəhlə Partiyasının lideri Ceremi Korbin (Jeremy Corbin) Britaniya dəniz ərazilərinin və Krallıq bayrağı altındakı ölkələrin çirkli pul yuyulan bölgələr olması ilə əlaqədar ortaya çıxan qalmaqalları parlamentdə gündəmə gətirmişdir.
Keçmiş imperialist ölkələrdə bəzi təbəqələr şirkətləri vasitəsilə Afrikada və dünyanın digər bir çox yerlərində haqsız gəlir əldə edir və bu gəlirləri ofşor bank sistemi ilə qanuniləşdirirlər. Keçmiş imperialist ölkələr Afrikaya “qaşıqla” yardım edir, amma bu verdiklərini də “çömçə” ilə toplayırlar. Yeraltı sərvətlər və kənd təsərrüfatı baxımından zəngin olan Afrika bəzi valyuta mərkəzlərinin nəzarətində hələ də istismar edilməyə, aclıq və qıtlıq çəkməyə davam edir.
Bu ədalətsiz mexanizmin ifşa edilməsi və bu sistemin qarşısını alacaq müxtəlif tədbirlərin görülməsi vacib şərtdir. Bunun üçün müxtəlif ölkələrin vicdanlı rəhbərləri, ictimai və qeyri-hökumət təşkilatları öz səslərini eşitdirməlidirlər. Edilən yardımlar gözləri kor etməməli, istismar sisteminin qarşısı alınmalıdır. Güclü ictimai reaksiya mütləq nəticə verəcək.
Adnan Oktarın “The Sunday Independent”, “Weekend Argus”, “Sunday Tribune”da yayımlanan məqaləsi