Fizika elmini “bilən” ağcaqanadın ayaqları
ucgen

Fizika elmini “bilən” ağcaqanadın ayaqları

1183

Allah Quranda bəzi canlılara xüsusi diqqət çəkmişdir. Bunlardan biri ağcaqanaddır. Uca Allahın bəxş etdiyi bir çox kompleks sistemlərə sahib olan bu canlının digərlərindən fərqli bir xüsusiyyəti var. Bu canlı həm divarda, həm də suyun üzərində yeriyə bilir. Bəs ağcaqanadlar akrobatik hərəkətləri xatırladan bu bacarıqları ilə müxtəlif səthlərdə necə dayana bilirlər?

Çoxları ağcaqanadları dəyərsiz, adi canlılar hesab edir. Halbuki ağcaqanad uca Allahın varlığının dəlillərini daşıdığı üçün diqqətlə tədqiq edilməli və üzərində düşünülməlidir. Çünki kainatdakı digər bütün canlı-cansız varlıqlar kimi, yaradılışı isbat edən dəlillərlə doludur və Yaradanın gücünü, elmini göstərmək üçün vardır. Uca Allah Quranın bir ayəsində bu həqiqəti belə bildirir:

“Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.” (Bəqərə surəsi, 26)

Bu canlıların bir çox xüsusiyyətləri kimi, ayaqları da Allahın ağlını və sənətini göstərən dəlillərlə doludur. İndi isə qüsursuz sistemlərə sahib olan bu canlılara müxtəlif səthlərdə dayanma qabiliyyəti qazandıran yaradılış xüsusiyyətlərini təhlil edək!

Ağcaqanad ayaqlarındakı mükəmməl detallar: tükcüklər və oyuqlar

Milçəklər və bəzi böcəklər divara və tavana məharətlə dırmaşır, lakin suda yeriyə bilmirlər. Suda yeriyən bəzi həşəratlar isə divara dırmaşa bilmirlər. Amma ağcaqanad hər iki səthdə dayanmağı bacarır.

Ağcaqanadlar düşmənlərindən qaçarkən divara və ya tavana dırmaşır, yumurtalarını isə göl və ya digər sulara qoyurlar. Ağcaqanadların bu cür geniş hərəkət qabiliyyəti onların yaradılış xüsusiyyətlərindəki detallardan irəli gəlir. Bu detallar ayaqlarındakı tükcüklər və oyuqlardır.

Bəs bu tükcük və oyuqlar ağcaqanadın yeriməsindəki rolu nədir?

Əvvəllər ağcaqanadların suyun səthində dayanmasına ayaqlarından ifraz olunan yapışqan maye ilə suyun səthi gərilməsinin birləşməsinin səbəb olduğu düşünülürdü. Lakin yeni tədqiqatlar bu canlıların ayaqlarındakı mikroskopik tükcüklərin kiçik hava qovuqcuqlarını saxladığını və beləliklə də, qayıq kimi suyun üstündə üzdüklərini aşkara çıxardı. Ağcaqanadların şaquli səthlərə və tavanlara dırmaşmalarını"seta" və ya "mikroseta" adlandırılan bu tükcüklər təmin edir. Gözlə görünməyən bu mikroskopik tükcüklər uca Allahın sonsuz ağlının dəlilləri ilə doludur. Bir istiqamətdə olmaları, iynəyə bənzər formaları, insan saçının telindən (insan saçının bir teli 80-100 mikrometrdir) orta hesabla 30 dəfə daha nazik, 3 mikrometrdən kiçik ölçüdə olmalarına baxmayaraq, bir neçə təbəqədən ibarət olmaları bu dəlillərdəndir. Əlbəttə ki, bu detalları ağlı və beyni olmayan ağcaqanadın düşünməsi, bunları bədəninə yerləşdirməsi və gələcək nəsillərə ötürməsi mümkün deyil. Ağcaqanad, digər bütün canlılar kimi, Allahın sonsuz ağlının əsəridir.

Ağcaqanadın ayaqlarındakı detallar yalnız tükcüklərlə məhdudlaşmır. Bu tükcüklər bir metrin milyardda biri qədər olan, yəni nanometrlə ölçülən oyuqlara sahibdir. Ağcaqanadların ayaqlarını örtən və hava kisəciklərindən ibarət olan bu kiçik oyuqlar suyun səthi gərilməsini artırır və suyun oyuqlardan içəri sızmasını çətinləşdirərək ayaqlarının suyun üstündə quru qalmasını təmin edir. Oyuqlar kiçildikcə suyun araya daxil olması da çətinləşir. Bu oyuqlar ağcaqanad üçün həyati əhəmiyyət daşıyır. Çünki avar çəkən kimi üzərkən su ayaqlara nüfuz etsə və ağcaqanad suya düşsə, səthə qalxmaq üçün öz çəkisindən 10 dəfə artıq qüvvə sərf etməlidir.

Ağcaqanadlar suyun üzərində necə dayanır və divarda necə yeriyirlər?

Ağcaqanadların həm suyun üzərində dayanması, həm də divarda yeriməsi, şübhəsiz ki, qeyri-adi prosesdir. Bəzi böcəklər suyun üzərində yeriyə bilsə də, divarda gəzə bilmirlər. Lakin ağcaqanadlar hər iki səthdə dayanma qabiliyyətinə sahibdirlər. Suyun altında doğulan və sürfə mərhələsi keçirən ağcaqanadlar yumurtalarını suyun səthinə buraxmaq məcburiyyətindədirlər. Bu proses üçün ağcaqanadlar su üzərində dayana bilən ayaqlara sahib olmalıdırlar. Buna görə də bu canlılarda suyun üstündə dayanmağa uyğun, inkişaf etmiş xüsusi ayaq yastıqları yaradılmışdır. Bu xüsusi hava yastıqları ayaqlar üzərindəki mikro tükcüklər, bu tükcüklər üzərindəki nano ölçüdə oyuqlar və suyun səthi gərilməsi sayəsində meydana gəlir. Ağcaqanad bu möhtəşəm ayaqlara sahib olmaq üçün fizikanı bilməlidir. Üstəlik, bu məlumata sahib olsa belə, onu öz bədənində var etməli və  gələcək nəsillərə ötürməlidir. Əlbəttə, ağcaqanad bunların heç birini bacara bilməz. Çünki nə bunun üçün lazımi ağıla, nə də fizika məlumatına sahibdir. Bu varlıq bir neçə millimetr ölçüdə, ağlı və şüuru olmayan canlıdır. Ona belə möhtəşəm bir sistemi verən insanı da, ağcaqanadı da yaradan, "göylərin, yerin və hər ikisi arasında olanların Rəbbi" uca Allahdır.

Ağcaqanad ayaqlarındakı qüsursuz detal: su çuxurları

Ağcaqanadın suyun üzərində dayanmasını təmin edən başqa bir detal isə ayaqlarının suyun səthində əmələ gətirdiyi çuxurlardır. Yaranan çuxurlardakı suyun səthi gərilməsi onları su səthində saxlayır. Bu çuxur suyun hava ilə təmasda olan səthini kiçiltməyə çalışır və trampolin kimi aşağı doğru qıvrılaraq böcəyin ağırlığını daşımasını təmin edir. Lakin eyni prinsip daha böyük canlılar və insanlar üçün mümkün deyil. Çünki suyun səthi daha böyük cismin və ya canlının çəkisinə məruz qaldıqda kiçilir, beləliklə, çəkiyə tab gətirən səthi gərilmənin üstünlüyündən yararlanan səthin sahəsi kiçilir. Buna görə də su ağırlığı daşıya bilmir. İnsanın su üzərində dayanmaq üçün ehtiyacı olan ayaq ölçüsü təxminən bir kilometrdir. Əlbəttə, bir kilometr uzunluğunda ayağa sahib olmaq insana üstünlük qazandırmır və hərəkət məhdudiyyətinə səbəb olur.

Hər şeyi müəyyən nizam ilə yaradan uca Allah insanlara səthi gərilmədən faydalanma xüsusiyyəti verməmişdir. İnsan bu vəziyyət qarşısında düşünməli və nə qədər aciz olduğunu bir daha dərk etməlidir. Çünki kiçik bir böcəyin asanlıqla etdiyi hərəkət, uca Allah istəmədiyi müddətcə, insan üçün mümkünsüzdür.

Tükcüklər və oyuqlar su üzərində dayanmağı necə təmin edir?

Suyun üzərindəki hava qabarcıqları mikrosetalar və nano oyuqlar arasında saxlanılır, bu zaman canlının ayaqlarının islanmasının qarşısını alan hava yastıqları yaranır. Bunun sayəsində ağcaqanad su üzərində dayanma və yerimə xüsusiyyəti qazanır. Su keçirməməsi baxımından ördəklərin tükləri də eyni xüsusiyyətə malikdir, ancaq suda yeriyən heyvanların yaratdığı itələmə qüvvəsi kimi təsirli deyil. Alimlər bu tükcüklü ayaqları super hidrofoblar (sukeçirməzlər) kimi xarakterizə edirlər.

Suyun səthində dayanan ağcaqanadın bir ayağı öz çəkisindən 23 dəfə çox yük daşıyır.

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo