Bəşəriyyət tarixində milyonlarla insanın öldüyü bir çox böyük epidemiya olmuşdur. Orta əsrlərdə Avropanı bürüyən vəba virusu əhalinin üçdə birini məhv etdi. Tarixçilər ümumilikdə 50 milyon insanın öldüyünü təxmin edirlər. XIX əsrdəki vəba virusunu isə 30 milyon insan həyatını itirdikdən sonra dayandırmaq mümkün oldu. I Dünya Müharibəsinin son günlərində isə dünyaya yayılan İspan qripinə 100 milyon insan tutuldu. Tarixin ən ölümcül xəstəliklərindən biri olan İspan qripinin (dəqiq sayı tam məlum olmasa da) ən az 50 milyon insanın ölümünə səbəb olduğu məlumdur. XX əsrdəki iki böyük Asiya qripinin də bütövlükdə 10 milyondan çox insanın canını aldığı güman edilir.
Keçmişin bir çox ölümcül xəstəliyi dövrümüzdə artıq ölümcül olmaqdan çıxıb. Vəbanı müalicə etmək, qrip viruslarını nəzarət altına almaq mümkündür. Çiçək xəstəliyi demək olar 70 ildir ki, yoxdur. Bataqlıqların qurudulması ilə malyariya mikrobu əvvəlki kimi yayılmır. Qızılca, yatalaq, skarlatina, difteriya, vərəm virusları isə tarixdə qaldılar. Antibiotiklər, immun sistemi gücləndiriciləri və müasir müalicə metodları bu xəstəlikləri dünya əhalisinin müəyyən bir təbəqəsi üçün təhlükə olmaqdan çıxmışdır. Amma bu, dünyanın müəyyən bir qismi üçündür.
Malyariya Avropada bəlkə can almır, amma Palazmadium paraziti hər il 1 milyon afrikalı körpənin ölümünə səbəb olur. Malyariya virusu birbaşa ölümünə səbəb olduğu 1 nəfərə qarşılıq 5 nəfərin də dolayı yolla canını alır. Orqanizmi zəiflədərək və ya immun sistemini dağıdaraq qarın yatalağı, qrip, dizenteriya kimi xəstəliklərə yol açır. Malyariyadan xilas ola bilənlər bu dəfə də digər xəstəliklərlə mübarizə aparırlar.
Malyariyanın ən böyük daşıyıcısı anapheles cinsindən olan ağcaqanaddır. Avropada insanlar bataqlıqların qurudulması sayəsində malyariyaya qalib gəldilər. Lakin Afrikada vəziyyət tamamilə fərqlidir. Malyariya ilə mübarizədə tənha qalan qitədə hər il milyonlarla insan həyatını itirir. Dünyada hər il təxminən 300-350 milyon insan malyariyaya yoluxur və bu insanların 1,5 – 2,7 milyonu həyatını itirir. Bu rəqəmin böyük əksəriyyətini isə Afrikada yaşayan insanlar təşkil edir.
Malyariya kimi Afrikada can almağa davam edən digər bir xəstəlik isə vəbadır. Vəba vibrionu (Vibrio Cholerae) adlı bakteriyanın səbəb olduğu vəba xəstəliyi ilk olaraq Hindistanda ortaya çıxıb. Daha sonra 1817-ci ildə Yaponiyada, 1826-cı ildə Moskvada, 1831-ci ildə Berlində, Parisdə və Londonda epidemiya yayıldı. Miqrantlarla Kanadaya qədər çatan vəba virusu on minlərlə insanını ölümünə səbəb olduqdan sonra 1892-ci ildə yenidən Hamburqda ortaya çıxdı. XX əsrin inkişaf edən tibb elmi sayəsində artıq vəbanın Avropadakı təsiri aradan qalxıb. Amma Afrika regionu hələ də bu virusla mübarizə aparmağa davam edir.
Vəba Afrika qitəsində ilk dəfə 1970-ci ildə ortaya çıxıb. Üstündən 40 il keçməsinə baxmayaraq, hələ də qitənin ən mühüm sağlamlıq problemləri arasında göstərilir. Mərkəzi Afrikadakı göllər vəba mikrobu üçün çox əlverişli şərait yaradır. Yağış mövsümü başladıqda mikroblu göl suları içməli suya qarışır və beləliklə, vəba mikrobu bütün bölgəni təsiri altına alır. Hər yağış mövsümündə on minlərlə afrikalı insan vəbaya tutulur. Halbuki mikrob 56 dərəcə temperaturda 30 dəqiqə, qaynar suda isə 1 dəqiqə ərzində yox olur. Günəş şüaları isə bir neçə saat ərzində vəba mikrobunu parçalayır. Yəni bölgəni mikroblardan təmizləmək çox asandır. İçməli suyun qaynadılması və kanalizasiyanın su ehtiyatlarından uzaq tutulması kimi profilaktik tədbirlər belə on minlərlə insanın həyatını xilas etmək üçün kifayətdir.
Bundan başqa, dövrümüzdə vəba mikrobunu daşıyan xəstələrin müalicəsi də çox asandır. Suda həll edilən natrium, kalium, xlor, hidrokarbonat kimi mineralların qəbul edilməsi yetərli olur. Ağır xəstələr isə antibiotik müalicəsinə dərhal cavab verirlər. Bu sadə müalicələrlə vəba xəstəliyində ölüm nisbəti 50%-dən 1-2%-ə qədər aşağı düşür. Amma bir çox afrikalı hələ də müalicə oluna bilmədiyi üçün əzab içində can verməyə davam edir. Dünya Səhiyyə Təşkilatı və bənzər səhiyyə təşkilatlarının proqnozlarına görə, ildə 1 milyon afrikalı vəba xəstəliyinə tutulur və onlardan 60 minə yaxını isə həyatını itirir.
Vəba ilə mübarizə aparmağa çalışan başqa bir bölgə isə Yəməndir. Vətəndaş müharibəsinin davam etdiyi bölgədə qeydiyyatda olan 250 min vəbalı insan var və hər ay min yəmənli vəbadan həyatını itirir. Yerli rəhbərlərin öhdəsindən gələ bilmədiyi epidemiya üçün Dünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu (UNİCEF) və Qızıl Xaç cəmiyyəti də müdaxilə etdi. Amma 4 ildir davam edən vətəndaş müharibəsi nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan 3 milyon yəmənli hələ də bu xəstəlik qarşısında müdafiəsiz qalıb. Ölkədə kanalizasiya sistemi işləmir, təmiz su tapmaq isə demək olar ki, qeyri-mümkündür. Bu mənfi şərtlər virusun sürətlə yayılmasına səbəb olur. Təcili müdaxilə edilməsə, 50 ildir müalicəsi məlum olan bir xəstəliyə görə 10 minlərlə yəmənli həyatını itirəcək.
XXI əsrdə dünyada yaşayan əhalinin sayı 7,4 milyarda çatıb. Asiyada ortaya çıxan SARS virusu çox qısa müddətdə müxtəlif qitələrə yayıldı. Afrikadakı ilk EBOLA epidemiyasından sonra dünya miqyasında həyəcan siqnalı verilmişdi. 2015-ci ilin may ayında Braziliyada ortaya çıxan Zika virusu isə 5 ayda 21 ölkəyə yayıldı. Xəstəliklər təkcə bir rayonun və ya bir ölkənin problemi deyil. Dünyanın hər hansı bir yerində baş verən yoluxucu xəstəlik bütün dünya üçün təhlükədir.
Halbuki bəşəriyyət keçmişdə də, hazırda da eqoizmdən kifayət qədər əziyyət çəkib. Artıq sevginin, fədakarlığın, dostluğun və bölüşməyin vaxtı çatıb. Afrikada maddi imkansızlıqlardan günahsız uşaqların ölməsinə göz yummaq bütün bəşəriyyətin utancıdır. Dünya Səhiyyə Təşkilatı və bu təşkilata üzv olan ölkələr məsələnin mühüm olduğunu görüb dərhal hərəkətə keçməlidirlər. Bəzi insanlar özlərindən uzaqda olduqda öz başlarına gəlməyəcəyini düşündükləri üçün dünyadakı problemlərlə maraqlanmırlar. Halbuki imkanlı insanların etibarlı qeyri-hökumət təşkilatları ilə birlikdə Afrikada baş verən bu faciəni həll etmək üçün cəhd etmələri çox vacib insanlıq borcudur. Bu məsələdə hər hansı gecikmə və etinasızlıq minlərlə uşağın ölümünə səbəb olur. Afrika çox zəngin təbii sərvətlərə malik qitə olmasına baxmayaraq, bir çox çətinliklə qarşı-qarşıyadır. Digər ölkələrin yalnız öz maraqları üçün buradakı zənginliklərdən istifadə etmələrinə imkan verməyib onların da rahat yaşamalarına yardım etmək çox böyük əhəmiyyət kəsb edir. Güc və imkan sahibi bütün ölkələr vicdanlarının səsinə qulaq asmalı və başda Afrika olmaqla bütün məzlumlara kömək əllərini uzatmalıdırlar.
Adnan Oktarın “The Star” (Cənubi Africa) və “The Pretoria News”da (Cənubi Afrika) yayımlanan məqaləsi