Bəzi insanları mənəvi boşluğa sürükləyən səbəblər nələrdir? İnsanlar bu mənəvi boşluqdan necə xilas ola bilərlər?
Əsrimizdə elm və texnologiya sahəsində əldə edilən nailiyyətlər bəşəriyyətin önündə yeni üfüqlər açır və həyatımızı asanlaşdırır. Ancaq bütün bu texnoloji və elmi nailiyyətlər əsrin ən əsas problemlərindən biri olan mənəvi boşluğu da özü ilə bərabər gətirir. İnkişaf edən texnologiya, elm və tibb sahəsindəki irəliləyişlər, insanların həyatını asanlaşdıran yeni kəşflər onları axtardırdıqları mənəvi rahatlıqla heç cür təmin etmir, bir çox insan bədbin həyatdan, stress və sıxıntıdan şikayət edir. Bunun ən mühüm səbəbi isə insanların xoşbəxtliyi yanlış yerdə axtarmasıdır.
İNSANLARIN MƏNƏVİ BOŞLUĞA DÜŞMƏSİNİN SƏBƏBLƏRİ
İnsanların böyük əksəriyyətinin həyatdakı ən əsas məqsədi yaxşı təhsil almaq, ailə qurmaq, yaxşı işə malik olmaq və gələcəklərini zəmanət altına alan həyat standartını təmin etməkdir. Hər insan həyatdakı idealını müəyyən edərkən bunların ona rahatlıq və xoşbəxtlik gətirəcəyini düşünərək müxtəlif yollara əl atır. Başqa sözlə desək, əslində, hər insanın həyatdan gözlədiyi ən əsas dəyər, axtardığı ən mühüm amil həqiqi rahatlıq və xoşbəxtliyin sirrini tapmaqdır. Belə ki, insan universitetə daxil olarkən, yeni işə girərkən və sosial statusunu dəyişdirmək istəyərkən hər dəfə bunun ona xoşbəxtlik qazandıracağını düşünür.
Bu vəziyyət dünyada yaşayan hər insana aiddir. Dünyanın hər tərəfində yaşayan insanların yeganə məqsədi rahat və xoşbəxt həyata nail olmaqdır. Ancaq buna baxmayaraq, çox az insan bu məqsədinə nail olur. Bir çox insan həyatından şikayətlənir, sıxıntı və peşmanlıq çəkir. Belə ki, insanlara həyata dair suallar verdikdə həyatdakı çətinliklərin müsbət cəhətlərlə müqayisədə daha çox olduğunu deyirlər. Dövrümüzdə həyatın böyük nemət olduğunu, çox xoşbəxt yaşadığını, heç bir sıxıntısı olmadığını söyləyən və üzündə parlaq sevinc ifadəsi olan insanlara rast gəlmək, demək olar ki, qeyri-mümkündür.
Tarix boyu bir çox insan yaxşı və gözəl olanı tapmaq üçün yola çıxıb, ancaq doğru yolda irəliləmədiyi üçün daima ziyana uğramışdır. Xoşbəxtliyi insanlar arasındakı maddi üstünlükdə, güclü iqtidarda, yüksək karyera və ya məşhurluqda axtaran milyonlarla insan maddi hədəflərinə qısa müddət ərzində nail olsalar da, həqiqi rahatlığı tapa bilməyiblər. Qəzetlərdə və televiziya proqramlarında hər cür maddi imkana malik olmasına baxmayaraq, həqiqi rahatlığı əsla tapmadığını etiraf edən çox sayda insan görmək mümkündür. Eyni şəkildə, bəlkə də illərlə arzusunda olduqları şan-şöhrətə qovuşduqları halda daxilən mənəvi ehtiyaclarını təmin edə bilməyən və bunun sıxıntısını çəkən məşhurların xəbərləri mediada yayımlanır.
Son illərdə getdikcə artan narkotik maddə və spirtli içki aludəliyi, qumar düşkünlüyü kimi əxlaqi degenerasiyanın yayılması və cəmiyyətdə bu vəziyyətin normal qarşılanması bu problemin göstəricisidir. Dünyada geniş iqtisadi imkanları olan çox sayda insan daima axtarış içində olur, sonra da bu mənəvi boşluğu doldurmaq üçün bu çirkabın içinə düşürlər. Şöhrətin zirvəsində olarkən narkotik maddəyə qarşı müalicə almağa başlayan, bütün sərvətini qumarda xərcləyib iflasa uğrayan, bir çox yola əl atmasına baxmayaraq, həqiqi xoşbəxtliyə nail olmadığı üçün ruhi xəstəlikdən əziyyət çəkən insanların sayı günbəgün artır. Bu cür insanlar ideallarındakı vəzifəni, pulu, evi, avtomobili, həyat yoldaşını bəlkə əldə edirlər, ancaq ümid etdikləri xoşbəxtliyi bunlarda tapmırlar. Uca Allah bir ayəsində dünya həyatına dair hər şeyin boş bər-bəzəkdən başqa bir şey olmadığını, həqiqi gözəlliyin və xoşbəxtliyin cənnətə aid olduğunu qavramaq üçün ağıl işlətmək lazım gəldiyini belə bildirir:
“Sizə verilən hər hansı bir şey ancaq bu fani (keçici) dünyanın malı və bərbəzəyidir. Allah yanında olan isə daha yaxşı və daha baqidir (əbədidir). Məgər ağıla gəlməzsiniz?!” (Qəsəs surəsi, 60)
İNSANLARIN HƏYATIN ƏSL MƏQSƏDİNİ UNUTMASI VƏ MƏNƏVİ DƏYƏRLƏRİNİ İTİRMƏSİ BƏDBİNLİYİN TƏMƏLİDİR
“Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?” (Ənam surəsi, 32) ayəsində xəbər verildiyi kimi, mənəvi dəyərləri bir kənara qoyub ruhunu maddi dəyərlərlə qidalandıracağını zənn edən hər insan yanılır. Çünki hər cür arzusunu ancaq dünyada reallaşdıracağını düşünən və bunun üçün yaşayan insana dünya həyatındakı boş bər-bəzək əsla axtardığı xoşbəxtliyi qazandırmaz.
Allah dünyanı çox qüsurlu yaratmışdır. Ona görə də, dünyadakı hər cür nemətin çox gözəl tərəflərinə baxmayaraq, həm də çatışmayan cəhətləri var. Halbuki insan ruhu hər şeyə ən gözəl və mükəmməl şəkildə sahib olmaq istəyir. Bu da axirətdən xəbəri olmayan və dünya həyatını əsl və yeganə həyat hesab edən insanlarda böyük mənəvi düşkünlüyə səbəb olur. Milyonlarla insanın sıxıntılı həyatının səbəbi bu bixəbərlikdən və imansızlıqdan qaynaqlanır. Çünki insan müəyyən fitrət üzərində yaradılmışdır və bu fitrətə uyğun olan həyat tərzini insana təqdim edən sistem Quranda bildirilən əxlaqi sistemdir.
Mənəvi boşluğu aradan qaldırmağın və həqiqi xoşbəxtliyə qovuşmağın yeganə yolu Allah rizası üçün yaşamaqdır
İnsan ancaq Allaha təslim olduqda, Onun rizasına uyğun yaşadıqda xoşbəxt olar. Ayədə belə buyurulur:
“Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!” (Maidə surəsi, 16)
İnsan ancaq Allahdan çox qorxub Onu özünə dost tutarsa, Quran əxlaqına uyğun yaşayarsa və fədakar, xoşməramlı, mərhəmətli, xeyirxah, vicdanlı, təslimiyyətli, təvazökar olarsa, özünü mənən rahat hiss edə bilər. Təkəbbürlü, egoist, məmnuniyyətsiz, üsyankar, azğın və əxlaqsız fərdlərdən ibarət cəmiyyətin xoşbəxt və rahat yaşaması qeyri-mümkündür. Bu əsrin gətirdiyi fəlakətlər, cəmiyyətdəki böyük mənəvi degenerasiya bunun ən mühüm dəlilidir. Xüsusilə də din əxlaqından uzaq yaşayan ölkələrdə bu mənəvi düşkünlük, hər cür əxlaqsızlıq, azğınlıq insanlar arasında sürətlə yayılmışdır. Narkotik maddə, spirtli içki, qumar, rüşvət, əxlaqsızlıq, oğurluq, saxtakarlıq, fırıldaqçılıq və mafiya təşkilatlanmaları bu cür ölkələrdə normal həyatın bir hissəsinə çevrilmişdir. Ancaq bu mənəvi boşluq özü ilə birlikdə XXI əsrin böyük müjdələrini də gətirmişdir. Çünki bu əsr eyni zamanda mənəviyyata yönəlmənin də sürətlə artdığı dövrdür. Dünyanın bir çox ölkəsində insanlar Allaha iman gətirməyə, din əxlaqına uyğun yaşamağa, mənəvi dəyərlərə sarılmağa başlamışdır. Xoşbəxtlik adına bütün batil yollara əl atan və bunların heç birində həqiqi xoşbəxtliyi tapmayan insanlar həqiqi fitrətlərinə qayıtmağın yeganə və son çarə olduğunu çətin təcrübələrdən keçərək anlamağa başlayıblar. Dünyadakı bu çarəsizliyin həllinin yalnız Allaha üz tutmaq və Quran əxlaqına uyğun yaşamaqla mümkün olduğunu tam mənada dərk etdikdə (bu dövr Allahın iznilə çox yaxındır), onda bütün dünya sülh, qardaşlıq, rahatlıq və xoşbəxtlik içində yaşayacaq.
“Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur!” (Yunus surəsi, 64)