Aar somalili 4 yaşlı bir uşaqdır. Yaşıdlarına nisbətən çox kiçik görünür. Aarın bir çox sağlamlıq problemi də var. Çox tez yorulur. Keçmək bilməyən baş ağrısı var. Nəfəs almaqda çətinlik çəkir. Hərəkət qabiliyyəti zəifdir, həmyaşıdları kimi qaçıb oynaya bilmir. Diqqət dağınıqlığı da var.
Aardaki bütün bu problemlərin səbəbi hər hansı bir mikrob və ya genetik xəstəlik deyil. Aar kifayət qədər qidalana bilmir. Doğulduqdan sonra kifayət qədər əmizdirilməyən Aar daha sonra da yetərli qidalana bilmədi.
Aar qəzetlərdə oxuduğumuz və ya televiziyalarda gördüyümüz yetərsiz qidalanma statistikalarının konkret nümunəsidir.
795 milyon insanın ac olduğu dünyada hər 9 nəfərdən 1-i aclıq çəkir. 5 yaşından aşağı hər 3 uşaqdan 1-i inkişafdan geri qalır. Aar da bu uşaqlardan biridir. Əgər Aar ən qısa zamanda düzgün qidalana bilməsə, bu il özü kimi acından ölən 6 milyon uşaqdan biri olacaq. BMT-nin məlumatına görə, gündə 16 min 500 uşaq kifayət qədər qidalana bilməməkdən və ya aclıqdan həyatını itirir. (1)
Hər bir insan kimi ehtiyaclarını təmin edəcək sağlam qida ilə qidalanmaq Aarın da haqqıdır. Ancaq dünyadakı texniki və ya siyasi səbəblərdən bu mümkün olmur. Halbuki BMT Dünya Ərzaq Proqramının apardığı hesablamalara görə, aclıq çəkən bir uşağın gündəlik xərci orta hesabla 25 sentdir.
Bir anlıq düşünün. İnsanlar hər gün nələr üçün pul xərcləyir? İçki, siqaret, silahlar, yenilənən mebellər, dəblə ayaqlaşmaq üçün alınan yeni geyimlər. Bu xərclərin təkcə birindən qənaət edilsə, həftələrlə, hətta aylarla bir uşağı yedirtmək olar. Daha konkret bir müqayisə aparaq. 2014-cü ildə dünyada silahlanmaya ayrılan pul 1,5 trilyon dollar, yəni gündə təxminən 4 milyon dollardır. (2) Təkcə bir günlüyünə silahlara ayrılan pulla 1 il ərzində bütün dünyadakı uşaqların acından ölməsinin qarşısını almaq mümkündür.
Oktyabr ayının 16-cı günü Ümumdünya Ərzaq Günü kimi qeyd olunur. Bu gündə müxtəlif konfranslar, panellər keçirilir, bəyanatlar verilir. Ölkələrin kənd təsərrüfatı nazirləri artan kənd təsərrüfatı istehsalı, elm adamları kənd təsərrüfatı ərazilərində artan məhsuldarlıqları, yardım cəmiyyətləri ötən illə müqayisədə artan yardım miqdarını açıqlayırlar. Lakin bütün bu açıqlamalara baxmayaraq, dünyada yaşayan hər 100 nəfərdən 11-i, yəni təxminən 800 milyon insan kifayət qədər qidalana bilmir. (3)
Bu fəlakətin çox müxtəlif səbəbləri var. Qida israfçılığı bu səbəblərdən yalnız biridir. Əslində bəşəriyyət hər il dünya əhalisinin hamısını qidalandıracaq qədər ərzaq istehsal edir. Təəssüf ki, istehsal olunan bu məhsulların üçdə biri, yəni 1,3 milyard ton ərzaq maddi və coğrafi sərhədlər səbəbindən yox olur. Ölkələrdəki ərzaq çatışmazlığında ərzaq idxalı və ixracına yönəlik yanlış kənd təsərrüfatı siyasətinin da böyük rolu var. (4) Təkcə Amerika Birləşmiş Ştatlarında israf edilən qida miqdarı 222 milyon tondur. Bu da təxminən Səhraaltı Afrika ölkələrində istehsal edilən bütün ərzaq miqdarına bərabərdir.
Kənd təsərrüfatı ərazilərinin və su ehtiyatlarının düzgün dəyərləndirilməməsi, zərərvericilərə qarşı düzgün mübarizə aparılmaması, ərzaq istehsalının artmasını təmin edəcək investisiyaların yetərsiz olması, sürətli əhali artımı və əlverişsiz iqlim şəraiti də dünyanın müəyyən bölgələrindəki ərzaq çatışmazlığının səbəblərindən bəziləridir.
Bir çox yerli və ya beynəlxalq təşkilatlar ərzaq probleminə həll yolu gətirmək üçün böyük layihələr həyata keçirirlər. Ancaq bunların problemə tam həll yolu gətirdiyini söyləmək mümkün deyil. Çünki bu layihələr əsasən humanitar və ya əxlaqi cəhətdən yetərli olmur.
Əsl və qəti həll yolu eqoizmi aradan qaldırmaq, qardaşlığı, birliyi, insanlar arasında fərq qoymamağı təşviq etmək və gözəl əxlaqın yayılması üçün çalışmaqdır.
Ərzaq proqramları əxlaqi ölçü ilə dəstəkləndikdə heç bir şəkildə israf olmayacaq, hətta israfa səbəb olacaq hədsiz istehlak də olmayacaq. Yardımlaşmanın təşviqi və ədalətin hər sahədə təmin edilməsi ilə birlikdə insanlar həm əxlaqı, həm də iqtisadi olaraq güclənəcəklər.
Məsələn, qadınlara qarşı münasibətin müsbətə doğru dəyişdiyi təqdirdə aclıqla mübarizədə əhəmiyyətli nailiyyət əldə edilməsi mümkündür. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, az inkişaf etmiş ölkələrdəki cinsi ayrı-seçkiliyə görə qız uşaqları və qadınlar kişilərə nisbətən daha çox aclıq çəkir. (5) Bəzi ölkələrdə qadınların ancaq ailədəki hər kəs yemək yedikdən sonra yemək haqqı var. Ayrı-seçkilik hamilə qadınlara da təsir edir. İnkişaf etməkdə olan ölkələrdə doğulan hər 6 körpədən 1-i bu səbəbdən normadan aşağı çəkidə doğulur. Aclıq olan bölgələrdə ana olub-olmamasından asılı olmayaraq bütün qadınlara dəyər verildiyi təqdirdə əvvəl onların qidalanması və qulluğu əsas götürüləcək, bu sayədə də yeni sağlam nəsillərin inkişafı mümkün olacaqdır.
Hər kəs yeməyini yoxsul və yetimlərlə bölüşdükdə, hər hansı bir mənfəət güdmədən başqalarına kömək etdikdə aclıq problemi aradan qalxacaq. Beləliklə, o cəmiyyətdə zənginlik və rifah səviyyəsi artacaq, yoxsulluq, aclıq azalacaq. Bu bir utopiya və ya reallaşması qeyri-mümkün bir xəyal deyil.
İstinadlar:
(1) http://www.un.org/en/globalissues/briefingpapers/food/childhunger.shtml
(2) http://www.sondevir.com/analizler/173899/dunya-yeniden-silahlanma-yarisina-girdi-video
(3) http://www.fao.org/3/a-i4646e/i4646e01.pdf
(4) http://www.unep.org/wed/2013/quickfacts/
(5) http://www.who.int/whr/2003/chapter1/en/index2.html
Adnan Oktarın «MBC Times»da dərc edilən məqaləsi:
http://www.mbctimes.com/english/celebrating-world-food-day-does-not-satiate-hungry-people