Hal-hazırda iman zəifliyi, qədərə üsyan və təvəkkülsüzlük mövqeyindən, düşüncə tərzindən, milliyyətindən, irqindən, vətənindən asılı olmayaraq bütün insanları dərin sıxıntı və əzablara sürükləyir. 19-cu əsrin ortalarında təkamül nəzəriyyəsinin ortaya atılması ilə insanların Allah`dan və din əxlaqından yavaş-yavaş uzaqlaşdırılması böyük fəlakətlərin də başlanğıcı oldu.
Müxtəlif xalqların və irqlərin nümayəndələrini alçaldan, hətta heyvandan fərqləndirmədiyi bu insanları qul kimi istifadə edən, əməyini istismar edən imperializmin, xoşbəxtliyi, rifahı və inkişafı əldə etməyin yalnız müharibə yolu ilə, toqquşmalar və qanlı üsyanlarla mümkün olduğunu iddia edən kommunizmin, fərqli cəmiyyətlərə və irqlərə düşmən kəsilən faşizmin və elmlə ziddiyyət təşkil edən bütün ideologiyaların gücü darvinizmdən qaynaqlanır. Bu azğın ideologiyaların fəaliyyəti nəticəsində bu gün dünya qan gölünə çevrilib. İnsanlarda bir-birlərinə qarşı inamsızlıq, sevgisizlik yaradan, daima şübhə içində yaşamağa vadar edən, doğrunun deyil, güclünün üstün olması fikrini təlqin edən bütün ideologiyaların mərkəzində insanların təsadüflər nəticəsində yarandığını və əməllərinə görə cavab verməyəcəyini deyən darvinizm dayanır.
Dini təbliğ edərkən, ilk əvvəl insanın Allah`a imanı gücləndirilməlidir. İmanın bənzərsiz həzzini dadan insan həyatını dinə uyğun yaşadığı zaman dərin zövq alar.
Adnan Oktarın 8 may, 2010-cu il tarixli Kocaeli TV müsahibəsi
Hazırda dəccal bütün texnoloji imkanlardan istifadə edərək dünyanı darvinizm və materializmin əsarəti altında saxlamağa çalışır. Qəzet, jurnal, televiziya kanalları, radio, internet, hətta sənədli və bədii filmlərdə belə dinsizliyin dini olan darvinizm təbliğ olunur. Elmi don geyindirilmiş bu cəfəng nəzəriyyənin təlqinləri ilə müsəlman dünyasında tarixdə görülməmiş vəhşətlər törədirlər.
Dəccaliyyətin hər tərəfdən hücuma keçdiyi bu dövrdə müsəlmanlar üçün ən vacib vəzifə insanların Allah`ın varlığına və birliyinə səmimi iman gətirmələrinə vəsilə olmaqdır. Səmimi, yəni vicdana uymaqla əldə edilən imanın dünyaya hakim olması bütün sıxıntılara, əzab-əziyyətə, çətinliklərə son qoyacaq. Heç şübhəsiz, insanlar səmimi iman gətirib, Allah`a qəlbən bağlandıqları, özlərini Ona təslim etdikləri vaxt dünya cənnətə çevrilər. Çünki səmimi iman sevgini, sevinci, hüzuru, gözəlliyi, estetikanı, keyfiyyəti, nəcibliyi ən yüksək səviyyədə yaşamaqdır. Həqiqi imanın hakim olduğu hər yerdə incəsənət, estetika, gözəllik, dirçəliş, sülh, bir sözlə, hər şeyin ən gözəli olar.
Buna görə də, ilk növbədə batil, bütpərəst din olan darvinizm fikrən çürüdülməli, Allah`ın varlığının saysız-hesabsız dəlilləri, yəni iman həqiqətləri ən gözəl şəkildə izah edilməlidir. Müsəlmanların mübarizəsi elmə və məntiqli bir üsluba əsaslanmalıdır.
İman həqiqətlərindən bəhs edərək insanların imanını xilas etmək ən ümdə vəzifəmizdir.
Adnan Oktarın 4 sentyabr, 2010-cu il tarixli Kocaeli TV müsahibəsindən
Ağıla və məntiqə sığmayan, səmimiyyətsiz söhbətlər insanlarda ikrah hissi oyadır, onları Allah`dan və dindən daha da uzaqlaşdırır. Buna görə də, müsəlmanlar dini təbliğ edərkən vaxtdan və şəraitdən ən səmərəli şəkildə istifadə etməlidirlər. Qısa müddətdə öyrənilən fiqhi məlumatlar əvəzinə onları Allah`a yaxınlaşdıran, səmimi iman gətirmələrinə vəsilə olan, Allah`a olan sevgi və qorxularını qat-qat artıran, nəticədə Allah rizası üçün rahat, hüzur dolu bir həyata qovuşduran iman həqiqətlərinin izah edilməsi çox əhəmiyyətlidir. Müsəlman darvinizm bütünü yerlə bir edən biliyə yiyələnməli, bütün elmi dəlilləri öyrənməlidir. Elmin bütün sahələrindən məlumatlı olmalı və bunu Allah`ın dinini yer üzünə hakim etmək üçün ən mükəmməl şəkildə istifadə etməlidir. Allah`ın varlıq dəlillərini, iman həqiqətlərini hikmətli, təsirli, texnoloji imkanlardan istifadə edərək ən gözəl şəkildə izah etməlidir.
Dinsizliyin böyük bəlalara səbəb olduğu bu dövrdə insanların imanına vəsilə olmaq və ya imanlarını möhkəmləndirmək əvəzinə vacib olmayan məsələlərə vaxt sərf etmək ağıllı hərəkət deyil.