“Dinindən, dilindən, irqindən asılı olmayaraq,Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara malikdirlər və bu hüquqlar qorunmalıdır!”
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikası hüquqi dövlətdir. Yəni məqsədi qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaqdır. Başqa sözlə, dövlətimiz “qanunun aliliyi” prinsipini mənimsəmişdir. Bu prinsip ədalət anlayışının əsasını meydana gətirir. O dövlət hüquqi dövlət kimi xarakterizə olunur ki, hüquqla özünün fəaliyyətini məhdudlaşdırır, insan və vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasını özünün başlıca məqsədi hesab edir.
Qanunun aliliyi dövlətin bütün mexanizmlərinin əvvəldən təsbit edilmiş bəzi qanun və qaydalar daxilində işləyəcəyi mənasını verir. Hər bir dövlət qurumu konstitusiyanın və digər qanunların təsbit etdiyi hüquq və vəzifələrə malikdir. Heç kimin bu hüquq və vəzifələri aşmaq və dəyişdirmək səlahiyyəti yoxdur. Hüquq hər şeydən üstündür və dolayısilə, dövlət “özbaşına” deyil.
Hüququn aliliyi prinsipi hüquqi dövlətin ən mühüm prinsipidir. Bu prinsip öz təzahürünü hər şeydən əvvəl qanunun aliliyində tapır. Ölkəmizdə Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olan qanundur. Konstitusiya təkcə qanunvericilik sisteminin yox, eyni zamanda hüquq sisteminin əsasını təşkil edir. Digər tərəfdən Konstitusiya – dövlətin bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi konstitusiyanın əsas qanun kimi mövcudluğunu özündə təsbit etmişdir.
I Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.
II Azərbaycan Respublikası Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.
III Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.
Hüquqi dövlətdə yaşamaq bütün vətəndaşlar üçün böyük qazancdır. Çünki hüquqi dövlətdə hər kəsin mülkiyyəti, konstitusion hüquq və azadlıqları qorunur. Heç kəsin mülkiyyəti zorla müsadirə edilə bilməz, heç kəs zorla işlədilə bilməz, hüquqlarından məhrum edilə bilməz. Əgər hər hansı bir şəxs bu hüquqlarının pozulduğunu, ədalətsizliyə məruz qaldığını düşünürsə, bu halda, məhkəmə qaydasında pozulmuş hüquqlarını bərpa edə bilər. Azərbaycanda mövcud bütün hüquq mühafizə orqanları hüquqi dövlətdə hüquqları qorumaq üçün çalışırlar. İstəyən hər kəs hüquqi dövlətin qaydalarına uyğun olaraq ərizə ilə müvafiq dövlət orqanına müraciət edə bilər və dövlətdən ədalət tələb edə bilər.
Hüququ, yəni qanunları isə xalqın seçdiyi nümayəndələrdən ibarət olan Azərbaycan Respublikası Milli Məclisi müəyyən edir. Əgər qanunlarda hər hansı bir boşluq olarsa, bu halda, qanunlar dəyişdirilir və ya yeniləri qəbul edilir. Dolayısilə, bu qanunların hər hansı bir şəkildə xalqın əleyhinə olması qeyri-mümkündür.
Göründüyü kimi, hüquqi dövlət sistemi bir ölkənin vətəndaşları üçün ən ədalətli, azad və güvənilən sistemdir. Hər bir vətəndaş dövlətimizin bu əsas xüsusiyyətinə sahib çıxmalıdır. Əgər hüquqi dövlətin işlərində axsaqlıq meydana gələrsə, hər kəs əlbir olub dövlətə kömək etməli və hüququn aliliyi prinsipini qorumağa cəhd göstərməlidir.