Qan bədənimizə canlılıq vermək üçün yaradılmış həyat mayesidir. Bədənimizdə dövr etdiyi müddət boyunca onu isidir, qidalandırır, qoruyur, ona enerji verir və içindəki zəhərli maddələrin atılmasını təmin edir. Bədənimizdəki xəbərləşmə prosesisini həyata keçirir. Damarlarda meydana gələn kəsikləri dərhal qapadır. Sistem beləcə özünü davamlı şəkildə yeniləyir. 60 kq ağırlıqda olan insanın damarlarında orta hesabla 5 lt qan dövr edir. Ürək bu miqdarı bədəndə rahat şəkildə bir dəqiqə ərzində dövr etdirir. Fiziki güc sərf edən və ya idman edən zaman isə bu miqdar beş dəfə arta bilir.
Oksigen daşıyıcısı
Tənəffüs etdiyimiz hava ən vacib həyat maddəsidir. Alov odunu yandırmaq üçün oksigenə ehtiyac duyduğu kimi, hüceyrə də enerji istehsalı zamanı şəkəri parçalaya bilmək üçün oksigenə ehtiyac hiss edir. Bunun üçün oksigen ağciyərlərdən əzələlərə çatdırılmalıdır. Bu vəzifəni mürəkkəb boru xəttlərinə bənzəyən qan-damar sistemimiz yerinə yetirir. Oksigenin daşınması funksiyasını qırmızı qan hüceyrələrinin içərisindəki hemoqlobin molekulu yerinə yetirir. Yuvarlaq və hər iki tərəfdən yastı quruluşa malik qırmızı qan hüceyrelərinin yalnız biri təxminən 300 milyon hemoqlobin daşıyır. Qırmızı qan hüceyrələrinin qüsursuz bir çalışma sistemi vardır. Oksigeni daşımaqla kifayətlənməyib, onu lazım olan yerdə də buraxa bilirlər. Bunu da ən lazımlı yer və zamanda, məsələn çox çalışan bir əzələ hüceyrəsinin yanından keçərkən edirlər. Qırmızı qan hüceyrələri oksigeni bu şəkildə lazım olan toxumalara verərkən, şəkərin yanmasından meydana gələn kabondioksidi də alaraq ağciyərə daşıyır və orada buraxırlar. Bunun ardınca dərhal yenidən oksigenlə bağlanır və onu yenidən lazım olan toxumalara daşıyırlar.
Təzyiqi tənzimlənən maye
Hemoqlobin molekulları oksigenlə birlikdə azot monoksid (NO) qazı da daşıyır. Əgər bu qaz qanda daşınmasaydı, qan təzyiqi mütəmadi olaraq dəyişəcəkdi. Hemoqlobin bundan başqa azot monoksid vasitəsilə toxumalara veriləcək oksigen miqdarını da nəzarətdə saxlayır.
İdeal dizaynlı hüceyrələr
Eritrositlər miqdar baxımından digər qan hüceyrələrinə nisbətən daha çoxdurlar. Yetkin bir insanın damarlarında 30 milyard eritrosit üzür. Bu saydakı eritrositlərlə futbol meydançasının təqribən yarısını örtmək olar. Qanımıza, dərimizə rəng verən hüceyrələr eritrositlərdir. Eritrositlər yastı disklərə bənzəyirlər. Elastiklikləri sayəsində ən dar kapilyarlardan və ya ən xırda məsamələrdən keçə bilirlər. Eritrositlərin bu elastiklik xüsusiyyəti olmasaydı, vücudun bir çox nöqtəsində ilişib qalardılar. Çünki kapilyar damarlar cəmi 4-5 mikrometr qalınlığındadırlar (1 mikrometr = millimetrin mində biri). Halbuki eritrositlərin diametri 7,5 mikrometrdir. Əgər eritrositlər belə böyük elastiklik xüsusiyyəti ilə yaradılmasaydı nə olardı? Bu sualın cavabını şəkər xəstəliyini araşdıranlar bilir. Şəkər xəstələrinin qan hüceyrələri elastiklik xüsusiyyətini itirirlər. Bu səbəbdən xəstələrin gözlərindəki həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanır. Bu tıxanıqlıq korluğa səbəb ola bilər.
Avtomatik işləyən təcili yardım sistemi
Bir eritrosit hüceyrəsi bədəndə təqribən 120 gün dövr edir. Bu müddətin sonunda vəzifəsini bitirir və makrofaj adlı müdafiə hüceyrələri tərəfindən yeyilir. Bu itki davamlı olaraq təkrar olunan bir istehsalla balanslaşdırılır. Normal şərtlərdə saniyədə 2,5 milyon eritrosit istehsal olunur, ancaq vacib hallarda bu say arta bilər. İstehsal sürəti eritropoieti adlı hormonun köməyi ilə nizamlanır. Məsələn, qəza nəticəsində meydana gələn ağır qanaxmalarda və ya burun qanaması kimi hallarda eritrosit itkisi sürətlə tənzimlənir. Bundan başqa əlavə eritrosit istehsalı tənəffüs edilən havadakı oksigen miqdarının düşməsi nəticəsində də həyata keçirilir. Məsələn Himalay dağına çıxırsınızsa, havadakı oksigen miqdarı tədricən azalacaq, bədən isə azalan oksigeni daha yüksək məhsuldarlıqla istifadə etmək üçün bu tədbiri öz-özünə görəcəkdir.
Mükəmməl nəqliyyat sistemi
Qandakı hüceyrələrin xaricində vücuda daxil olan bir çox maddə qanın plazma adlanan hissəsində daşınır. Bu maye qan hüceyrələrinə malik olmadığı üçün sarımtıl şəffaf rəngdədir. Plazma bədən ağırlığının 5%-ni təşkil edir ki bunun da 90%-dən çoxu sudur. Bunun içində duzlar, minerallar, karbohidratlar, yağlar və yüzlərlə müxtəlif cür zülal üzür. Qandakı zülalların bəziləri daşıyıcı zülallardır. Bunlar yağları üzrələrinə bağlayıb onları lazımi toxumalara çatdırır. Əgər yağlar zülallar tərəfindən bu şəkildə daşınmasaydı, bir birləri ilə birləşər və qanda şorbadakı yağ yığınları kimi nəzarətsiz bir şəkildə üzərdi. Bu isə ölümcül xəstəliklərə səbəb olardı. Bədəndəki xüsusi xəbərçilik vəzifəsini isə plazmada dövr edən hormonlar yerinə yetirir. Hormonlar orqanlar və hüceyrələr arasında kimyəvi mesajlar daşıyaraq xəbərləşməni təmin edir. Albumin sayca ən çox olan plazma zülalıdır və bədəndə bir mənada nəqliyyat vəzifəsini yerinə yetirir. Xolesterol kimi yağları, hormonları, zəhərli öd maddəsi olan sarı bilirubini və pensillin kimi dərmanları özünə bağlayır. Zəhərləri qaraciyərdə buraxır, qida maddələrini və hormonları isə lazım olduqları yerə çatdırır.
Xüsusi nəzarət mexanizmləri
Qida maddələrinin arteriyalardan lazımi toxumalara çatdırılması üçün toxuma divarını keçməsi gərəkdir. Toxuma divarı çox kiçik məsamələrə malik olsa da, heç bir maddə bu divardan öz-özünə keçə bilməz. Bu problemi həll edən və qidaları toxuma divarından keçirən amil qan təzyiqidir. Ancaq qida maddələrinin toxumalara lazımi miqdardan çox keçməsi toxumalarda iltihablanmaya səbəb olacaqdır. Bu səbəbdən qan təzyiqini tarazlaşdırmaq üçün mayeni qana geri çəkən bir mexanizm qurulmuşdur. Bu vəzifəni albumin yerinə yetirir. Albumin toxuma divarlarındakı kiçik məsamələrdən keçmək üçün çox böyükdür və qandakı yüksək sıxlığı səbəbindən suyu süngər kimi sorur. Albumin olmasaydı, bədən suya qoyulmuş lobya kimi şişərdi. Beyində isə qandakı maddələrin nəzarətsiz şəkildə toxuma divarlarından keçməməsi gərəkdir. Çünki istənilməyən bir maddə sinir hüceyrələrinə (neyronlara) zərər verə bilər. Bu səbəbdən beyin ona zərər verə biləcək bütün ehtimallara qarşı qorunur. Məsamələr sıx hüceyrə təbəqələri ilə qapadılmışdır. Hər maddə toxumaya asanlıqla çatmaq əvəzinə nəzarət-buraxılış məntəqəsindən keçirmiş kimi əvvəlcə bu hüceyrələrdən keçməlidir. Bu şəkildə bədənin ən həssas orqanına balanslı şəkildə qida axımı təmin edilmiş olur.
Vücuddakı termostat
Qan zəhərlər, qazlar, leykositlər, vitaminlər və s. maddələrdən başqa istiliyi də daşıyır. Temperatur hüceyrədəki enerji istehsalı prosesində kənar element olaraq ortaya çıxır. İstiliyin bütün bədənə paylaşdırılması və bədən temperaturunun xarici mühitin temperaturuna görə tənzimlənməsinin həyati əhəmiyyəti vardır. Əgər bədənimizdə temperatur paylaşdırılması sistemi olmasaydı, qol gücü ilə etdiyimiz bir iş nəticəsində qollarımız hədsiz dərəcədə isinər, digər bölgələrimiz isə soyuq qalardı. Bu isə maddələr mübadiləsi üçün çox zərərli olardı.
Bu səbəbdən də istilik bədəndə paylanır. Bu isə qan dövranı nəticəsində mümkün olur. Bədənə yayılan bu istiliyin düşürülməsi üçün isə tərləmə mexanizmi aktivləşir.
Bundan əlavə, dəri altı qan damarları genişlənərək qanın daşıdığı istiliyi havaya buraxmağı asanlaşdırır. Bu səbəbdən qaçdığımız və ya yüksək templə bir iş gördüyümüz zaman damarlarımızın genişlənməsi nəticəsində üzümüz qızarır.
Qan soyutma qədər istiliyi qoruma işində də böyük rola malikdir. Soyuq havada dərimizin altındakı qan damarları daralır. Bunda məqsəd xaricdəki havaya yaxın bölgələrdəki qanı azaltmaq və nəticədə soyumanı minimuma endirməkdir. Üşüyən insanın rənginin ağarmasının səbəbi vücudun avtomatik olaraq gördüyü bu tədbirdir.
Bədənimizdə bu qədər həyati funksiyaları olan qan bütün xüsusiyyətləri ilə birlikdə eyni anda tək bir Yaradıcı tərəfindən yaradılmışdır. Bu Yaradıcı üstün elm və qüdrət sahibi Allah’dır.