De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir! (Cumuə surəsi, 8)
Ətrafınıza bir baxın. Gördüyünüz bütün insanlar, dostlarınız, qohumlarınız bir sözlə dünyada var olan hər bir insan, daha əvvəl yaşamış milyardlarla insan kimi mütləq öləcək. Allah bu həqiqəti, "Hər kəs ölümü dadacaqdır" (Ənbiya surəsi, 35) ayəsi ilə bildirmişdir. Bu həqiqəti unutmaq insanın düşə biləcəyi ən böyük qəflətlərdən biridir. Halbuki ölümü uzaqlaşdırmağa əsla gücü çatmayan insan bilmədiyi bir zamanda və yerdə hər hansı bir səbəblə mütləq öləcək. Peyğəmbərimiz (səv) ölümlə bağlı bir hədisində bu şəkildə buyurmuşdur:
Ölümü ən çox zikr edən və ölüm gəlmədən öncə onun üçün ən yaxşı hazırlığı görənlərdir. Ağıllı olanlar onlardır". (Hz. Enes r.a.: Ibnu Mace, Zuhd 31, Kütüb-i Sitte, 16-cı cild , Səh. 330)
Unutmayın ki, nə gənc, nə yaşlı, nə gözəl, nə çirkin, nə varlı, nə də kasıb olmaları, nə şöhrətləri, nə də mövqeləri bu günə qədər yaşayan insanları ölümdən qoruya bilməmişdir.
Bütün bunları çox yaxşı bilmələrinə baxmayaraq, insanların əksəriyyəti ölümü çox düşünməməyə, hətta mümkün qədər unutmağa çalışaraq bu həqiqəti gözardı edirlər. Halbuki bu, insanın özünü aldatmasından başqa bir şey deyil. O düşünsə də, düşünməsə də bu hadisələri heç bir mərhələsi əskik olmadan bilavasitə yaşayacaqdır:
Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir! (Qaf surəsi, 19)
Siz hazırda bu sətirləri oxuyarkən ölümün yaxın olduğunu düşünmüş ola bilərsiniz. Amma mütləq reallaşacaq olan bu həqiqəti bir az daha dərindən düşünün. Kim bilir bəlkə də əlinizdəki kitabı qurtarmadan ölüm sizə gələcəkdir. O halda, əsla ölümün sizə də, bütün digər insanlara da çox yaxın olduğunu unutmayın.
Ölümlə qarşılaşmağınız üçün bir sıra hadisələrin ard-arda baş verməsi lazım deyil. Allah ölüm vaxtı gələn insana gözləmədiyi bir zamanda ölüm mələyini göndərir və bir anda canını alır. Bu, hal-hazırda oturduğunuz kreslodan qalxmadan da baş verə bilər. Oturduğunuz otaqda qəfildən ölüm mələyini qarşınızda görə bilərsiniz. Yanınızda dostlarınızın, ailənizin olması da bir şeyi dəyişdirmir, onlar sizi ölümdən qoruya bilməz. Elə isə hər bir insanın Allahın vəzifələndirdiyi ölüm mələyi tərəfindən həyatına son veriləcəyini və beləliklə Allaha qaytarılacağını əsla unutmayın.
Bəlkə də siz bu sətirləri oxuduqdan qısa bir müddət sonra ölə biləcəyinizə ehtimal verməyəcəksiniz. Daha görüləcək işlərin olduğunu düşünməyiniz bəlkə də ölümün sizin üçün hələ tez və vaxtsız olduğu hissini verir. Halbuki ölümün vaxtını müəyyən edən Allahdır və əcəli gələn şəxs özü üçün qədərində (taleyində) müəyyən edilmiş ən xeyirli vaxtda, bir saniyə belə təxirə salınmadan bu aqibətlə üzləşir:
Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə etdiklərinizdən xəbərdardır! (Münafiqun surəsi, 11)
Bəs öldükdən sonra bədəninizin nə hala düşəcəyini heç düşünmüsünüz?
Nə gözəllik, nə də var-dövlətinizdən asılı olmayaraq, bədəniniz evin bir otağında və ya bir xəstəxana morqunda saxlanılacaq, sonra kəfənə bükülərək dar bir tabutun içində cənazə maşınına yerləşdirilib qəbiristanlığa aparılacaq. Sonra bədəniniz sizin üçün qazılmış çuxurun dibinə qoyulacaq, üstünüz torpaqla örtüləcək. Bir ət və sümük yığını olan bədəniniz qısa bir müddət ərzində çürüməyə, iylənməyə başlayacaq, geriyə yalnız sümük yığınından ibarət skeletiniz qalacaq. Unutmayın! Bu günlə mütləq qarşılaşacaqsınız. Bir gün bədəniniz torpağın altında tək-tənha qalacaq. İnsan bədəninin ölümdən sonra aldığı hal sübhəsiz ki, ibrət vericidir. Belə bir görüntü ilə bir neçə dəqiqə, hətta bir neçə saniyə qarşılaşmaq belə bir insan üçün dözülməzdir. Fiziki olaraq çox gözəl insan bədəninin ölümdən sonra niyə bu hala
gəldiyini heç düşünmüsünüz? Əlbəttə ki, bu, üzərində düşünülməli bir mövzudur. Çünkü öz bədəninizin də, dəyər verdiyiniz bütün insanların bədəninin də bir gün çürüyüb iylənəcəyi gerçəyi sizin dünyaya bağlanmağınızın, axirəti unutmağınızın qarşısını alacaq.
Bütün bu həqiqətlərə baxmayaraq, insanların bir çoxu dünya ilə bağlı hər məsələdə öz maraq və mənafelərini ən incə təfərrüatlarına qədər hesablayarkən, onlarla bağlı ən böyük həqiqət olan ölümü hesaba qatmırlar. Amma bu böyük yanlışdır. Bu səbəbdən ölümdən sonrası üçün hazırlıq görməmələri onlar üçün sonsuz əzaba səbəb olur. Ona görə insan öləcəyini əsla unutmamalı və dünyada Allahı razı edəcək işlər görməlidir. Sonsuz ədalətli və şəfqətli olan Rəbbimiz hər kəsə öyüd ala biləcəyi qədər möhlət vermişdir. Ancaq bu möhlət dünya həyatı ilə məhduddur. Yəni səhvləri düzəltmək, ancaq dünyada mümkündür. Ölümlə birlikdə isə artıq bu imkan aradan qalxacaq, sonsuz peşmançılıq başlayacaq:
Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”(Fatir surəsi, 37)
Unutmayın ki, ölüm yox olma deyil. Ölümlə güman edildiyi kimi hər şey bitmir. Cahiliyyə insanlarının bir çoxunun düşündüyü kimi əbədi davam edəcək şirin yuxu da deyil. Ölümlə insanın əsl və əbədi həyatı başlayır ki, bu da dünyadakı həyatını necə keçirdiyinə görə formalaşan və heç vaxt dəyişdirilə bilməyəcək bir həyatdır. Ölüm, həyatını Allahın razılığına uyğun olaraq dəyərləndirənlər üçün xoşbəxtlik və qurtuluşa açılır. Allahdan üz çevirmiş insanlar üçün isə fəlakətin başlanğıcıdır.
Allah insanın qarşısına dünyada ölümü və axirəti düşündürəcək bir çox hadisə çıxarır. Öyüd ala bilən insan üçün bu xatırlatmalar həyatını, ətrafındakı hadisələri ciddi düşünməsinə, dünyagörüşünü nəzərdən keçirməsinə səbəb olacaq. Amma Allahın bu xəbərdarlıqlarına məhəl qoymayan böyük ziyandadır. Unutmamalıdır ki, özündən əvvəl ölənlər də, eynilə indi bütün insanların etdiyi kimi, bəlkə bir az sonra yeyəcəyi yeməyi və ya ertəsi gün gedəcəyi yeri planlaşdırarkən heç gözləmədikləri bir vaxtda ölümlə qarşılaşıblar.
Elə isə ölüm anı gəlmədən öncə bacardığınız qədər axirətiniz üçün səy göstərməyi unutmayın.
Allah Quranda ölümün təxirə salınmayacağını və ölüm vaxtı çatan insanın keçirdiyi peşmançılığı bizə belə bildirir: