İtaliya istisna olmaqla bütün Avropa ölkələri Aralıq dənizinin sanki bir miqrant qəbiristanlığına çevrilməsinə laqeyd yanaşırdı. Qadın və uşaqlardan ibarət minlərlə insanın Aralıq dənizini keçməyə çalışarkən boğularaq ölməsi uzun müddət heç kimi narahat etmədi. Almanlar dövlət kəsirini düşündü, İspaniya «turizm gəlirləri bu il artarmı” deyə narahat oldu, fransızlar isə yeni kəşfiyyat qanununu müzakirə etdi.
Nə vaxt ki, miqrantlar Egeydən Balkanlara, oradan da Avropanın mərkəzinə doğru gəlməyə başladı miqrantların faciəsi ancaq o zaman Avropanın gündəminə gəldi. Ancaq gündəmə gəlməsi məsələyə humanist həll yolu gətirə bilmədi. Avropalı siyasətçilərin «pulunu verək hamısı Türkiyədə yerləşsin», «miqrantları qəbul etsək, azlığa çevrilərik», «xristian miqrantları qəbul edək, müsəlmanlar gəlməsin» kimi insanlıq adına utanc verici bəyanatları ortaya çıxdı.
Halbuki Avropa Afrikadan və Yaxın Şərqdən gələn miqrantların yurdlarından əldə edilən resurslar sayəsində yüksəlmişdi. Liviya, Misir, Suriya, İraq, Çad, Afrikadan Uzaq Şərqə qədər uzanan torpaqlarda yerləşən ölkələr Avropa ölkələrinin müstəmləkəsi olmuşdu. Avropalılar buralardan xam maddə hasil etmiş, bu xam maddələri yenə bölgə insanının iş gücündən istifadə edərək emal etmişdilər. Bu gün bir çox insan təhlükəsizliyindən narahat olduğu üçün yaşadığı torpaqları tərk edərək Avropaya getməyə çalışır.
Liviya, Suriya, Əfqanıstan və İraqdan əlavə, indi də Yəmən böyük fəlakətlə qarşı-qarşıyadır. Qırmızı Xaç cəmiyyətinin «Yəmən 5 ayda Suriyanın 5 ildə gəldiyi vəziyyətə düşdü» [i] şəklindəki açıqlaması vəziyyətin nə qədər acıncaqlı olduğunu ortaya qoyur.
Lakin beynəlxalq ictimaiyyət Yəməni oxşar vəziyyətdəki ölkələr qədər gündəmə gətirmir. Ölkə hər gün daha da çox məhv olmağa doğru gedir. Aclıq və xəstəliklər sürətlə yayılır. İnsanlar evlərində oturduğu yerdə üzərlərinə atılan bombalarla qətl edilirlər. Həyatını itirənlərin sayı ancaq statistik məlumat kimi təqdim edilir.
Halbuki Beynəlxalq Əfv Təşkilatı Yəmənlə bağlı son hesabatında Səudiyyə Ərəbistanı öncülüyündəki Yəmən bombardmanının «mülki şəxslərin qanlı ölümü» ilə nəticələndiyini və bunun da «müharibə cinayəti» olduğunu yazır. Hesabatdakı rəqəmlər bu günə qədər dörd min nəfərin öldüyünü, bunların yarısının mülki şəxslər olduğunu ortaya qoyur.[ii]
Yəməndə yaşanan faciə təkcə törədilən cinayətlər və qətliamla məhdud deyil. BMT Yəməndəki 20 milyon insanın 80%-nin yardıma möhtac olduğunu bildirir və vəziyyəti "fəlakət" kimi dəyərləndirir.
Yəməndə üç günlük səfərdə olan və sonradan «ölkədə toqquşan bütün qruplar humanitar yardımların keçidinə icazə verməlidir» çağırışını edən BMT-nin Dünya Ərzaq Proqramının rəhbəri Ertharin Kousin ölkənin böyük limanlarında davam edən şiddətli münaqişəyə görə humanitar yardımları yəmənlilərə çatdıra bilmədiklərini bildirir. BMT-nin humanitar yardımlar üzrə Baş koordinatoru Stivan Obrayn isə Yəməndəki insanların yaşadığı səfalətın ölçüsünü ağlasığmaz dərəcədə olduğunu bildirir. Obrayn hər 5 nəfərdən dördünün humanitar yardım əldə edə bilmədiyini, 1,5 milyon insanın evini tərk etmək məcburiyyətində qaldığını və qan banklarının bağlandığını bildirir. [iii]
Ölkələrindəki müharibədən və yoxsulluqdan qaçaraq Yəmənə yerləşən somalili miqrantlar, burada vəziyyət daha da ağırlaşdığından öz ölkələrinə qayıtmağa çalışırlar. 30 min somalilinin ölkəsinə qayıtması Yəməndəki vəziyyətin nə qədər pisləşdiyinin göstəricisidir.[iv]
Əslində Yəməndə bugünkü vəziyyətin ortaya çıxmaması üçün bütün məlum olan metodlar tətbiq edildi. BMT, vasitəçilər araya girib ölkədəki tərəflər arasında ikitərəfli görüşlər təşkil etdilər. ABŞ, Səudiyyə Ərəbistanı hətta İran belə hadisəyə müdaxilə edən tərəf oldu. Qızıl Aypara, Qırmızı Xaç kimi yardım cəmiyyətləri atəşkəs vaxtlarında ölkəyə humanitar yardım çatdırmaq üçün çalışdı. Ancaq bunların heç biri problemə çarə olmadı. İndi isə Yəmən uçurumun kənarındadır.
Halbuki sahilə vuran balinalara və ya suitilərə göstərilən həssaslıq Yəməndə yardıma möhtac xalq üçün göstərilsə, hazırkı vəziyyət daha fərqli olardı. İran və Səudiyyə Ərəbistanı danışıq apara bilsə, Yəməndə öz tərəfdarlarını hakim etmək əvəzinə Yəməni necə birləşdirə bilərik - deyə çalışmış olsa, bu problemlərin heç biri baş verməzdi.
Ən azından bu andan etibarən hər iki ölkə də hərəkətə keçməli və yəmənli qaçqınlar üçün təhlükəsiz yaşaya biləcəkləri zonalar yaratmaq üçün cəhd etməlidirlər. İran və Səudiyyə Ərəbistanı bunu rahatlıqla həyata keçirə biləcək maddi imkanlara malikdirlər.
Reallıq odur ki, Yəmən probleminin həll edilə bilməsinin altında yatan əsl səbəblər eqoizm, şəxsi maraqlar, ambisiyalar, etinasızlıq kimi bir sıra əxlaqi pozğunluqlardır. Bu qüsurları aradan qaldırmağın yeganə yolu insanların əxlaq mövzularındakı həssaslıqlarını artırmaqdır. Vicdanının səsini dinləyən, sevgi, şəfqət, mərhəmət hissləri güclü, yardımlaşmanın və bölüşməyin əhəmiyyətinin fərqində olan bir insanın belə böyük bir faciə qarşısında səssiz qalması, laqeyd olması mümkün deyil. Ona görə əsl problem dünyadakı əxlaqi zəiflikdir, sevginin yox olmasıdır. Ən böyük problemlərdən biri olaraq qəbul edilən miqrant problemini həll edəcək olan da bu əxlaqi zəiflikdən təmizlənmiş, şəfqət və mərhəmət hissləri ilə dolu insanların yayıldığı sevgi dolu bir dünyadır.
[i] http://www.bbc.com/turkce/haberler/2015/08/150820_yemen_kitlik
[ii] http://www.bbc.com/turkce/haberler/2015/08/150818_yemen_af_orgutu
[iii] http://www.bbc.com/turkce/haberler/2015/08/150820_yemen_kitlik
[iv] http://www.amerikaninsesi.com/content/yemen-deki-somalili-multeciler-geri-donuyor/2936674.html
Adnan Oktarın «Morocco World News»də dərc edilən məqaləsi:
http://www.moroccoworldnews.com/2015/10/169836/yemen-a-country-that-nobody-sees-and-nobody-hears/