Bir-birinin içinə keçən möhtəşəm gözəllikdə qalaktikalardan, ulduzlardan meydana gələn kainat, ucsuz-bucaqsız göy, insana çox dərin təsir edən gömgöy okeanlar, yamyaşıl düzənliklər, yüksək dağlar, hamısının içində yaşayan bir-birindən gözəl heyvanlar və bu möhtəşəm yaradılmış dünyaya gözlərini açan insan…
İnsan doğulan kimi bu cür möhtəşəm bir dünya ilə qarşılaşır. Kainatın hər yerinə millimetrlik nizam hakimdir. Havadakı oksigen miqdarı tam olaraq insanın nəfəs ala biləcəyi şəkildə nizamlanmışdır. Günəş, ay, ulduzlar, möhtəşəm gözəllikdəki heyvanlar, güllər, bitkilər, torpaqdan çıxan tərtəmiz, gözəl qoxulu meyvələr, tərəvəzlər - hamısı insanın xidmətinə verilmişdir. Bəs bu möhtəşəm gözəllikdəki kainatın yaradılış məqsədinin nə olduğu barədə heç düşündünüzmü? Bu qədər ehtişam, millimetrlik nizam təsadüflər nəticəsində yaranmadığına və yalnız insana verildiyinə görə bunun bir səbəbi olmalıdır, elə deyilmi?
Bu sualın bir cavabı var: sevgi. Kainatın yaradılış məqsədi yalnız sevgidir. Bütün bu heyranlıq doğuran dünyaya sahib olan insanın qəlbində bütün bunların yaradıcısı olan Allaha səmimi sevgi əmələ gəlməsi, Onun böyüklüyünü ucalığını lazımınca təqdir etməsi üçündür. İman edən, Allahın böyüklüyünü, gücünü, qüdrətini dərk edən, onun sonsuz rəhmətini dərindən hiss edən möminin qəlbinə həm Allaha, həm də yaradılmışlara qarşı çox gözəl bir sevgi yaranır. Bu sevgini böyük nemət olaraq möminin qəlbinə yerləşdirən də Allahdır.
Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)
Bir insanın qəlbində həm Allaha, həm də bütün yaradılmışlara qarşı dərin sevgi bəsləməsi təsadüf deyil. İnsan nə edirsə-etsin, ürəyində dərin sevgi yarada bilməz. Bu gözəl hissi yaradan və gün keçdikcə artıran Allahdır. Allah Quranda hz. Yəhya peyğəmbərə sevgi həssaslığı verdiyini bu ayə ilə bildirir:
Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, (çox) müttəqi idi. (Məryəm surəsi, 13)
Sevgi və iman iç-içədir. Möminin imanı artdıqca, mərhələ-mərhələ dərin imana nail olduqca, hər baxdığı yerdə Allahı görməyə başlayır. Gözəl bir quş görür, Rəbbini həmd-səna ilə təqdis edir, möhtəşəm gözəllikdə çiçəklər görür, dərhal Allaha şükür edir, bir-birindən ləzzətli yeməklər yeyir, Allaha səmimi şükür edir. Bir musiqi dinləyir, Allahın yaratmasına və ruhunda yaratdığı təsirə heyran olur. Bir an belə Allahı unutmur. Artıq onun üçün Allahla iç-içə, dərin sevgi və bağlılıqla dolu bambaşqa bir həyat var. İnsan Allaha bir addım yaxınlaşdıqca, Allah ona on addım yaxınlaşır. Möminin qəlbi, bütün mənliyi Allah sevgisi ilə dolub daşır. İnsan orqanizmindəki hüceyrələr də bu sevgini tanıyır. Mömin beləliklə, təvəkkül, səbir və imanla dünyada görünməmiş bir rahatlıq və əmin-amanlıq içində yaşayır. Məhz bu, iman edən bir insana verilmiş ən böyük nemətdir. Bunu ancaq yaşayan və qəlbində o səmimi sevgini hiss edən möminlər bilir.
Allah bəndələrini çox sevir və onların da Özünü hər şeydən çox sevməsini istəyir. O insanı bir hüceyrədən yaradan, ona əllər, gözlər, qulaqlar verən, ona özündən bir ruh bəxş edən Allahdır. Ona dünyaya gözünü açdığı andan gözlərini bağlayıb ölənə qədər saysız-hesabsız nemətlər bağışlayan Allahdır. Onun xəbəri belə olmadan ürəyini döyündürən, bədənini möhtəşəm bir sistemlə təchiz edən Allahdır. İnsanı Allah yedirdir, Allah içirdir, Allah yatırdır və xəstələnəndə da Allah şəfa verir. Bütün bunların qarşılığında Allahın qullarından tək istədiyi yalnız sevgidir. Möminlər qəlblərindəki bütün sevgini əvvəl Allaha sonra da insanlara və digər canlılara yönəldirlər. Amma hər şeydən əvvəl Allah gəlir. İnkar edənlər isə Allahı unudub sevgilərini birbaşa insanlara yönəldir və heç bir zaman da gözlədikləri qarşılığı tapa bilmirlər.
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)
Allahın bütün tövbələri qəbul edən (Təvvab), bağışlayan (Qaffar), mərhəmət edən (Rəhman) isimləri də Rəbbimizin qullarını nə qədər sevdiyini, onları bağışladığını, onlara mərhəmət etdiyini bizə göstərir. İnsanı yaradan Allah onu bütün acizlikləri ilə yaratmış, onun səhv edəcəyini bilmiş, ona tövbə etmək imkanı verərək ona olan rəhmətini göstərmişdir. Allah qullarına qarşı daim şəfqətlə yanaşır. Allahdan insanlara əks olunan sevgi, şəfqət və mərhəmət hüdudsuzdur. Mömin bunu həyatının hər anında hiss edir. Hər bir anında dərin sevgi ilə Allaha yönəlir.
Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisa surəsi, 110)
Əgər Allahın sizə neməti və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən, hikmət sahibi olmasaydı (halınız necə olardı)? (Nur surəsi, 10)
Möminlər böyük sevgi, inam, sevinc, ruh yüksəkliyi ilə həyatlarını davam etdirərkən, inkar edənlər də Allahı yaddan çıxarmağın cəzasını sevgisiz şəkildə iztirab içində yaşayaraq çəkirlər. Özlərini sevmirlər, insanları sevmirlər, kainatdakı yaradılmışlara, göyə, dənizlərə, çiçəklərə sevgi ilə baxmırlar. Gün keçdikcə artan sevgisizlik vücudlarını yandırıb-yaxır. Onların da hüceyrələri sevgisizliyi tanıyır, üsyanı tanıyır, təvəkkülsüzlüyü tanıyır və insanın orqanizmindəki milyonlarla hüceyrə onun bu üsyanına qarşı çıxır. Nəfs getdikcə azğınlaşır, eqoistləşir. Onlar ancaq süni, marağa əsaslanan bir sevgi yaşayır və həqiqi sevgini heç vaxt əldə edə bilmədiklərini qavraya bilmirlər.
Allahı sevməyən və lazımınca təqdir etməyən insanın qəlbində həqiqi sevgi heç vaxt yaranmır. Çünki bu səmimi sevgini Allah o insanın qəlbinə qoymur. Sevgi olmadıqda da o insanın vücudu tamamilə xəstə olur.
Təvəkkülsüzlük, mərhəmətsizlik, qısqanclıq və sevgisizlik o insanı tamamilə çökdürür. Sevgini itirən insan içdən-içə çürüyən bir ağac kimidir. Çox bərəkətsiz, meyvə verməyən, budaqları saralmış, daxildən çürüyüb məhv olmuş bir ağac kimi. Dünyada Allah sevgisini bilməyən insan hələ dünyada yaşayarkən cəhənnəmin içinə tərk edilir. İman etməyən bir insan heç bir zaman iman edənin qəlbində duyduğu coşğulu sevgini, mərhəməti yaşaya bilməyəcək. Beləliklə özünə bu qədər neməti bağışlayan Rəbbindən üz çevirməsinin qarşılığını həm dünyada, həm də axirətdə ruhunun axtardığı sevgini heç vaxt tapmayaraq alacaq.
Adnan Oktarın «MBC Times»da dərc olunan məqaləsi:
http://www.mbctimes.com/english/a-loveless-person-is-like-a-tree-rotting-from-the-inside