Keçən ay suriyalı aktivistlərin və insan hüquqları təşkilatlarının iddiası gündəmi sarsıtdı. ABŞ rəhbərliyindəki koalisiya təyyarələri Kobanidə həyata keçirdikləri hava hücumunda Bir Mahli qəsəbəsində 52 mülki şəxsin ölümünə səbəb olmuşdu. Amerika ordusu iddianın araşdırılması əmrini verdi. Bu dəhşətli hadisə koalisiya təyyarələrinə koordinat verən qurudakı qüvvələrin təhlükəsizliyi məsələsini də gündəmə gətirdi. Koordinatın PYD tərəfindən verildiyi iddialar arasında idi. Bu məlumat Tel-Abyad əməliyyatı əsnasında sivil xalqın «PYD yerinizi ABŞ təyyarələrinə xəbər verər, sizi bombalatdırar» deyə təhdid edir şikayətləri ilə birləşincə əhəmiyyətli bir reallığı da gündəmə gətirdi: radikalizmlə mübarizədə terror təşkilatından istifadə etmək şiddəti qızışdırmaqdan başqa işə yaramır.
Amerika uzun müddətdir ki, İŞİD-ə qarşı mübarizədə Suriyada PKK/PYD qüvvələrindən sanki quru gücü olaraq istifadə edir. İraqda isə bu işi daha çox İranın dəstəklədiyi şiə milislər öz üzərinə götürüb. Hər iki qrup da insan hüquqlarını pozur, sivil xalqa şiddət və təzyiq tətbiq edir.
Xüsusilə də PKK… Bəzi çevrələr PYD və PKK-nı bir-birindən müstəqil kimi göstərməyə çalışsa da PYD və PKK ideologiyası, lideri və militanları ilə eynilik təşkil edir. PKK, PYD, YPG, YPJ, HPG kimi fərqli isimlər adı altında təşkilatlanan bu qruplaşmaların hamısı terror təşkilatıdır və son 30 il ərzində İŞİD-in səbəb olduğu ölümlərdən qat-qat artıq insan ölümünə səbəb olub.
ABŞ-da bəzi çevrələr tərəfindən bir növ yeni mütəffiq olaraq elan edilən və Qərb mətbuatında tez-tez «qəhraman döyüşçülər» kimi qələmə verilən PYD-nın ideologiyası və tətbiqləri əsasən göz ardı edilir. Halbuki «qəhraman» kürd döyüşçülər deyə qələmə verilənlər PKK-nın Kandil hərbi bazasında yetişmiş, PKK lideri Öcalanı öndər qəbul edən, bir çox terror hadisəsində iştirak etmiş terroristlərdir.
PYD marksist-leninist ideologiyaya sahibdir. Şimali Suriyada yaratmağa çalışdığı kanton idarəçiliyi də məlum kommunist kommuna modelinin dövrümüzün şərtlərinə uyğunlaşdırılmış, yerli xalq tərəfindən etirazla qarşılanmaması üçün adının dəyişdirilmiş formasıdır.
Bu gün kürdlərin nümayəndəsi, silahlı gücü kimi qələmə verilməyə çalışan PYD-nin ən çox zərər verdiyi insanlardan biri elə kürdlərin özüdür. Öcalanın həbs edilməsindən sonra bölgədə qalan PKK-lılar tərəfindən əl- Muhaberatın dəstəyi ilə qurulmuş və sosialist Bəəs rejimi ilə hər zaman yaxşı münasibətdə olan PYD Əsədin dəstəyini alaraq özünə müxalif olan bütün kürdləri bir-bir əzmiş, təsirsiz hala salmışdır.
Suriyadakı vətəndaş müharibəsinin ilk günlərindən etibarən yaranan hakimiyyət boşluğunu öz lehlərində istifadə edən PYD Afrin və Hasekedə qurduğu «məhkəmələrlə» müxalifləri həbs etmiş, bir hissəsini də Əsəd rejiminə təhvil vermişdir. Sadə xalqı isə vergi adı altında ağır xəraclarla təzyiq altına almışdır. Hələ də davam edən xərac toplama ilə əldə edilən pullar PKK-nın hərbi bazası olan Kandilə göndərilir və müxtəlif terror hadisələrində istifadə edilir.
PYD düşüncə tərzinin ən dəhşətli nümunələrindən biri isə Amudedə baş vermişdir. PYD/PKK və Əsəd rejimi əleyhinə dinc etiraz edən xalqın üzərinə atəş açılmış, təqribən 10 mülki şəxs həyatını itirmişdir. Yaralananların xəstəxanalarda müalicəsinə icazə verilməmiş, səhəri gün elan edilən küçəyə çıxma qadağasına əməl etməyənlər isə snayperlər tərəfindən hədəf alınmışdır. Bu hadisə Tel Brak qətliamında mülki şəxslərin üstünə atəş açıb 35 mülki şəxsin ölməsinə səbəb olan sosialist Bəəs rejimi ilə marksist-leninist PYD-nin düşüncə tərzinin eyni olduğunu göstərir.
Yerli xalqın inancı, həyat tərzi və dünyagörüşü ilə zidd olan PYD-nin əziyyətlərindən biri də 18-30 yaş arasındakı kürdləri məcburi şəkildə əsgərliyə aparmasıdır. Burada bir xatırlatma edək: PYD ordusu deyilən şey PKK-nın partizan quruluşunun davamıdır. PYD kimi bir kommunist təşkilatda döyüşmək istəməyən kürdlər çarəni Türkiyə və Şimali İraqa sığınmaqda görür və bu səbəbdən evlərini tərk edirlər. Hazırda Türkiyədə PYD/PKK zülmündən qaçan 300 minə yaxın kürd var.
Öz insanı olan kürdləri bu qədər əzən PYD-nin ərəblər, türkmənlər kimi bölgənin digər xalqlarına etdiyi zülmlər isə Tel Abyad əməliyyatı əsnasında daha da bariz şəkildə ortaya çıxdı. Onminlərlə insan PYD təhdidlərindən qaçaraq Türkiyəyə sığınmış, hadisə şahidlərinin dediklərinə əsasən PYD-nin bölgədə etnik təmizlik hərəkatı başlatdığı məlum olmuşdur. Evlərin və əkin sahələrinin yandırılması, uşaqların və qadınların silahla təhdid edilməsi, evlərini tərk etmək istəməyənlərin həbs edilməsi, Türkiyəyə sığınmış ərəb və türkmənlərin evlərinə geri qayıtmalarına icazə verilməməsi kimi çox saylı misal PYD-nin bölgə üçün getdikcə böyüyən bəlaya çevrildiyini göstərir.
Bütün bu reallıqlar qarşısında dərin dövlət təsirində qalan Amerika rəhbərliyi Yaxın Şərq strategiyasını ən başından nəzərdən keçirməli, prezident Reyqan dövründə Talibanı Ağ Evdə qonaq etdiyi günlərin hesabının nələrə səbəb olduğunu yaxşı fikirləşməli, radikalizmin bomba və silahla, xüsusilə qəddar zorakılığı müdafiə edən kommunist terror təşkilatlarından istifadə edərək bitirə bilməyəcəyini görməlidir.
Bölgənin sosial və mədəni quruluşunun PKK kimi kommunist təşkilat lehinə dəyişdirilməsinə vasitəçi olmaq on illər boyunca bərpası mümkün olmayan pozulma meydana gətirəcək. Təqribən 50 ildir böyük əzab-əziyət çəkən kürd xalqının zərər çəkməsinin qarşını almağın yolu onlara daha böyük əzab verəcək PKK və PYD-ni dəstəkləmək deyil.