Müsəlmanlara ayrılmaq haram, birləşmək vacibdir
ucgen

Müsəlmanlara ayrılmaq haram, birləşmək vacibdir

686

Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi, daxili və beynəlxalq siyasətdə də Quran əxlaqına uyğun hərəkət etməlidirlər. Quran əxlaqı isə İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının prinsip olaraq mənimsənilməsi bu ittifaqın daimi olmasını və gözlənilən aktiv rolu yerinə yetirməsini təmin edəcəkdir.

İslam əxlaqı müsəlmanların daim bir yerdə, həmrəylik və birlik içində din qardaşları olmasını tələb edir. Allah Quranda möminlərə “bir-birinizlə çəkişməyin” (Ənfal surəsi, 46) əmrini verir və bunun müsəlmanları zəiflədəcəyini bildirir. Bir başqa ayədə də bu şəkildə əmr edilir:

Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədənlər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Ali-İmran surəsi, 105)

Vicdan və ağıl ilə hərəkət edən, öz mənfəətlərini deyil, ədaləti əsas götürən möminin digər iman edənlərlə ittifaqı təmin edə bilməməsi, daimi anlaşılmazlıq içində olması mümkün deyil. Bu, ayrı-ayrı fərdlər üçün əsas meyar olduğu kimi, cəmiyyətlər və millətlər üçün də əsas meyardır. Allah Quranda müsəlman cəmiyyətlərin bir-birilərinə qarşı ədalətsizlik və düşmənçilik etməsini qadağan etmişdir. Quranda belə hərəkət edənlərin qarşısının alınması və fərqli müsəlman cəmiyyətlərin “uzlaşdırılması” bildirilmişdir:

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə Allahın əmrinə qayıdana qədər vuruşun. Qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər! (Hucurat surəsi, 9)

Əlbəttə, hər müsəlman cəmiyyət arasında regional, mədəni və ənənə baxımından bəzi anlayış və tətbiq fərqləri ola bilər. Fərqli şərhlərin, fərqli fikirlərin, fərqli məzhəblərin olması təbiidir. Lakin bu fərqliliklərə görə bir müsəlman cəmiyyətin və ya qrupun digərinə qarşı çıxması, onunla dialoqu kəsməsi, ortaq dəyərlərdə razılaşma əldə edə bilməyib digərini yad, hətta rəqib kimi görməsi düzgün deyil.

Allah Quranda müsəlmanları bu səhvə yol verməmək üçün xəbərdar etmiş və kitab əhlinin bu barədə səhvlərini də ibrət olaraq göstərmişdir. Quranda kitab əhlinin (xristian və yəhudilərin) səhvləri bildirilərkən bu toplumların öz aralarında parçalanıb ayrılığa düşmələri də ifadə edilir. “Beyyinə” surəsinin 4-cü ayəsində kitab əhlinə açıq-aşkar dəlillər gəldiyinə baxmayaraq, təriqətlərə ayrıldıqları xəbər verilir. Digər ayələrdə isə bu ayrılmanın səbəbləri arasında “aralarındakı zülm və həsəd”, “paxıllıq”, “haqqa baş qaldırma” kimi pis əxlaq xüsusiyyətləri göstərilir. Bu ayələrdən bəziləri belədir:

Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər…. (Şura surəsi, 14)
Həqiqətən, Allah dərgahında  din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, (bilsin ki,) Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 19)

Kitab əhli tarixində çoxsaylı böyük qarşıdurmalar olması bu ayrılıq səbəbindəndir. Xristianlığın ilk 1600 illik tarixi bir-birləri ilə mübahisə edən fərqli xristian məzhəblərinin tarixi sayıla bilər. Hətta bu məzhəblər şərhlərdəki kiçik fərqliliklərə görə bir-birilərini inkarçılıqda günahlandırırdılar. Bu çəkişmələr dövründə Roma katolik kilsəsi üstünlük əldə etmiş, ancaq sonrakı əsrlərdə həmin kilsə “azğın” (heretik) saydığı fərqli dini məzhəblərə (bunlar arasında dosetism, montanizm, adoptionizm, sabellianizm, arianizm, pelagianizm və gnostisizm sayıla bilər) qarşı böyük təzyiqlər etmişdir. Papanın 11-ci əsrdən etibarən katharlar və bogomillər kimi fərqli dini cərəyanlara qarşı göstərdiyi təzyiqlər, eləcə də protestantlar ilə katoliklər arasında baş verən və bir əsrdən çox davam edən qanlı döyüşlər Avropa tarixinin ən qaranlıq dövrünə düşür. Maraqlısı odur ki, Avropa mədəniyyətinin yüksəlişi ancaq həmin döyüşlərin bitməsindən sonra başlamışdır. Siyasi tarixçilərin qəbul etdiyi kimi, müasir Avropa fərqli xristian məzhəblərinin bir-birlərinə qarşı dözümlülük göstərməsini əsas götürən məşhur Vestfalia sülhündən (1648) sonra qurulmuşdur.

İnsanların dində parçalanmasının əsasında Allahın əmr etdiyi əxlaqı lazımi şəkildə yaşamamaları dayanır. Bu əxlaq təvazökarlığı əsas götürür. Təvazökarlıqdan uzaqlaşanlar özlərinin və fikirlərinin mütləq doğru olduğuna inanır, fərqli düşünənləri aşağı səviyyəli hesab edərək onlara düşmən münasibəti bəsləyirlər. Fikirlərinin doğru olduğundan heç şübhə etmədikləri üçün özlərini heç bir zaman hesaba çəkmir və inkişaf edə bilmirlər. Yalnız öz şərhini bəyənib bununla öyünənlərin vəziyyətinə Quranda “… onlar işlərini öz aralarında (fərqli) kitablar halında böldülər; hər bir qrup, öz əllərində olanla kifayətlənib sevinməkdədir” (Muminun surəsi, 53) ayəsində diqqət çəkilmişdir.

Allahdan qorxub çəkinənlər və axirət günündə hesab verəcəyinə iman edənlər bu vəziyyətdən şiddətlə çəkinib qorunmalıdırlar. Bu mövzunun əhəmiyyətini dərk edənlər digər möminləri də parçalanmaqdan, dağılmaqdan, ayrılmaqdan çəkindirmələri, müsəlmanların Quran əxlaqında ittifaq etmələrini təmin etmək üçün cəhd göstərməlidirlər.

Nümunəvi müsəlmanlar insanlara – Rəbbimizin təcəlliləri olduğu şüuruyla – sevgi, mərhəmət və şəfqətlə baxarlar. Özlərilə eyni inancı paylaşan, Qurana iman edən, Allahın əmrlərini yerinə yetirən və Peyğəmbərimizin (s) sünnəsinə uyanları, eləcə də əhli-beyti sevənləri qardaşları olaraq görər, bir-birlərinin vəliləri olduqlarını unutmazlar. Əsas məsələ fərqli müsəlman topluluqları arasında mümkün mədəni və ənənəvi fərqliliyi və bəzi fikir ayrılıqlarını ön plana çıxarıb ixtilafa zəmin hazırlamaq əvəzinə, Quran əxlaqını yaşamaqla ittifaqı dəstəkləməkdir. Müsəlmanlar ittifaqda bir-birlərini dəstəkləməli, ixtilaflı mövzularda da xoşgörüşlü olmalı, anlayışlı davranmalıdırlar.

Yuxarıda da qeyd etdiyimiz kimi, xüsusilə bu mövzunun əhəmiyyətinin fərqində olan səmimi müsəlmanlar və İslam dünyasının qabaqcıl ziyalıları bu sahədə səy göstərməli, müsəlmanlar arasında birlik və bərabərliyi təşviq etməlidirlər. Müsəlman dünyası içində sevgi, hörmət, mərhəmət, xoşgörüşə (toleranta) əsaslanan həmrəylik qurmalıdırlar.

Bir daha xatırlatmaq lazımdır ki, İslam əxlaqında ixtilaf və ayrılıqları deyil, inanc birliyini və ümumi dəyərləri əsas götürən anlayış vardır. Haqq dinə uyğun davranmaq və ayrılığa düşməkdən çəkinmək Rəbbimizin bütün inananlara əmridir. Allah ayədə bu şəkildə buyurmuşdur:

Allah: “Dini doğru-dürüst tutun, onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! (Şura surəsi, 13)
PAYLAŞIN
logo
logo
logo
logo
logo