"Düz ağıllı insan" deyil, "ağlından yaxşı istifadə edən insan" olmaq vacibdir
ucgen

"Düz ağıllı insan" deyil, "ağlından yaxşı istifadə edən insan" olmaq vacibdir

6225

Bəzi insanlar var ki, həqiqətən, çox ağıllıdırlar. Çox tez qərar verir, məsələlərin qarışıq yönlərini tez başa düşür, bir hadisə barədə ən kiçik məlumat ilə hadisəni bütövlükdə görə bilirlər. Ağıllı və zəkalı olduqlarını bildikləri üçün bu xüsusiyyətlərini istədikləri yerdə, istədikləri kimi istifadə edirlər.

Halbuki nə qədər ağıllı olsa da, bir insanın “ağlından yaxşı istifadə etməsi” də  “ağıllı olmaq” qədər əhəmiyyətlidir. Ancaq bəzi insanlar bu mühüm əxlaq xüsusiyyətini tam olaraq anlamırlar.

Əgər insan ağlından düzgün istifadə etmək üçün diqqətli davranmasa, “düz ağıl” dediyimiz ağıl ortaya çıxar. Düz ağılda olan insanlar ağıllarından olduğu kimi istifadə edirlər. Məsələn, mühüm bir şeyi hiss edir, bunu tez dilə gətirirlər. Bir risklə qarşı-qarşıya olduqlarını görür, məsələni tez açıqlayırlar. Hamının hiss etmədiyi bir şeyi analiz edir və bunu da heç düşünmədən qarşılarındakı insana çatdırırlar. Bu cür düşünmədən hərəkət etmək və tələskənlik isə  ağıllarına və diaqnozlarına olan etibarlarından qaynaqlanır.

Halbuki ağıl nə qədər gözəl xüsusiyyət olsa da, digər gözəl əxlaq xüsusiyyətləri ilə birlikdə olmalıdır. İnsanın sadəcə doğruları və yanlışları görməsi, problemlərin həllini tapması, düzgün analiz etməsi gözəl əxlaq üçün kifayət deyil. Burada digər insani xüsusiyyətlərin də önə çıxması, hər mövzunun şəfqətlə, mərhəmətlə, hörmətlə, sevgi ilə, gözəl şəkildə həll edilməsi çox vacibdir. İnsan bu xüsusiyyətlərə də əhəmiyyət verərək ağlından istifadə edəndə, həqiqi mənada ağıllı insan kimi  xarakterizə edilə bilər.

Ağıllı insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri hər gördüyünü, hər bildiyini, hər diaqnozunu və hər doğrunu düşünmədən dilə gətirməməsidir. Ağıllı insan nə vaxt, harada, hansı şəkildə danışacağını bilməlidir. Deyəcəyi hər sözün (nə qədər doğru və əhəmiyyətli olsa da) insanlar üzərindəki təsirini hesablaya bilməlidir.

Məsələn, ağıllı insan tez həyəcanlanan birinin yanında ani və riskli bir hadisəni sensasional şəkildə ifadə etməz. Yaxud həyəcan nəticəsində təzyiqi yüksələn bir insanın yanında mühüm bir xəbəri birbaşa vermək doğru olmaz. Bu insanı ən az həyəcanlandıran, ən az təsir edən sözləri bir-bir seçərək ağıllı şəkildə danışmaq lazımdır. Həmçinin, danışarkən mənfi üslubdan istifadə etməyin insanlarda narahatçılıq yaradacağını düşünmək lazımdır. Danışarkən bir hadisənin müsbət tərəflərini vurğulayaraq danışmaq gözəl əxlaqın və ağılın tələbidir. Bəzən də demək olar ki, hamının gördüyü, lakin nəzakət və gözəl əxlaqın tələbi olduğu üçün dilə gətirmədiyi bəzi həqiqətlər olur. Belə ki, ağlından yaxşı istifadə etməyən bəzi insanlar bu həqiqətləri sanki ilk dəfə özləri kəşf edibmişlər kimi tez dilə gətirirlər. Bunu bilən digər insanların hansı hikmətlərlə bu həqiqətləri dilə gətirmədiklərini isə heç düşünmürlər.

Halbuki çox vaxt bəzi şeyləri həll etməyin yolu bunları necə gəldi açıqlamaq deyil. Bir mövzunu həll edərkən o mövzuya aid olan insanların hamısının psixologiyasını nəzərə alaraq, hər birinə ən müsbət təsir göstərəcək şəkildə hərəkət etmək lazımdır. Bəzən bir problemi dilə gətirməkdənsə, bu mövzudan heç bəhs etməyib birbaşa problemin həllindən danışmaq daha doğru olar. Yaxud eyni çatışmazlıqlardan, səhvlərdən danışmaqdansa, bunları düzəldəcək davranışlara təşviq etmək daha xeyirli olar.

Bununla yanaşı, danışarkən istifadə edilən bir kəlmə belə qarşı tərəfə mənfi təsir edə bilər. Bəzən gözəl bir tərifin və yaxud sevgi bildirən sözün arasında diqqətsizlik edilərək deyilən bir kəlmə söz qarşı tərəfin şübhə və narahatlığına səbəb ola bilər. Buna görə də, insan əgər ağıllıdırsa, hər sözünü düşünüb danışmalıdır. Hər kəlmənin, hər vurğunun, hər səs tonunun insanlarda yaradacağı təsiri hesablayaraq hərəkət etməlidir.

Məsələn, bir həkim mütəxəssisi olduğu bir mövzuda qoyduğu diaqnozlardan arxayındır. Ancaq bu barədə xəstəyə məlumat verərkən o insana qarşı humanist, nəzakətli olmalı, ən ağıllı tərzdə danışmalıdır. Tutaq ki, bu insan xərçəng xəstəliyindən əziyyət çəkir. Ancaq xəstəliyin diaqnozunu qoyan həkim bir çox insani xüsusiyyətlərə sahib olmalı və vəziyyəti ən yumşaq üslubla xəbər verməlidir.

Belə ki, bir şeyi bilmək və ya doğrunu hiss etmək o insana bunu düz və rahat şəkildə ifadə etmək və ağlına gələni danışmaq azadlığı vermir. Humanistlik, mərhəmət, təmkin, sevgi, hörmət kimi xüsusiyyətlərlə birlikdə düşünərək danışmaq əsl ağıl əlamətidir. Həqiqi mənada ağıllı insan da ağlını bu xüsusiyyətlərlə birlikdə istifadə edən insandır.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr