Azərbaycan bir daha sosializm sisteminə qayıtmayacaqdır!
Heydər Əliyev
19-cu əsr çoxlu sayda mütəfəkkirin nəzəriyyələr yazdığı bir dövr idi. Liberalizm və marksizm kimi iki fərqli sosial nəzəriyyə bu dövrdə ortaya çıxdı. Hər iki nəzəriyyənin də ortaq xüsusiyyəti təcrübələrə deyil, mücərrəd fikirlərə əsaslanması idi. 20-ci əsrdə isə bu fikirlər tətbiq edilməyə başlandı və ortaya bəzi konkret təcrübələr çıxdı.
Marksizmin bu təcrübələrin nəticəsində süqut etdiyi məlumdur. Dövlətin əvvəl zorakılıq yolu ilə ələ keçirilməsini, sonra bütün iqtisadiyyatın dövlət nəzarətinə alınmasını və uzaq gələcəkdə də dövlətin tamamilə ləğv edilməsini müdafiə edən bu nəzəriyyənin həqiqətlərlə uyğunlaşmayan və çox səmərəsiz iqtisadi model ortaya qoyduğu aşkardır. Sovet İttifaqının mərkəzi planlamaya əsaslanan iqtisadi modelinin süqut etməsi dövlətin səhv iqtisadi siyasəti olduğunu və iqtisadiyyatın ancaq xüsusi sektorun rolu ilə məhsuldar hala gələcəyini ortaya qoymuşdur.
Ancaq o qədər diqqət çəkməyən başqa bir fakt isə ondan ibarətdir ki, 20-ci əsrdəki təcrübələrin 19-cu əsr liberalizmini də bəzi istiqamətlərdən haqsız çıxarması idi. 19-cu əsrdə yaşamış liberal iqtisadiyyat müdafiəçiləri 18-ci əsrdəki ingilis iqtisadçı Adam Smitin yolunu izləyərək “ən yaxşı dövlət, ən az müdaxilə edən dövlətdir” fikrini müdafiə edirdilər. Dövlətin iqtisadi həyata müdaxilə etməməsinin və bütün iqtisadiyyatın xüsusi sektorun nəzarətində olmasının lazım olduğunu müdafiə etmişdilər.
Dövlətin tamamilə kənarlaşdırıldığı bu iqtisadi model 19-cu əsrin sonlarından 20-ci əsrin birinci rübünə qədər başda ABŞ olmaqla, bir çox qərb ölkəsində qəbul edildi. Ancaq 1929-cu ildə başlayan və “Böyük böhran” kimi tanınan nəhəng iqtisadi böhran bu modelin yanlış olduğunu ortaya qoydu. Böyük böhran Nyu-York birjasında baş qaldıran və sonra da bütün dünyaya yayılan həyəcanla başlamışdı. Dünya iqtisadiyyatını illərlə zəiflədən bu böhran dünya ticarət dövriyyəsinin azalmasına, cəmiyyətlərin gəlir və rifah səviyyələrinin aşağı düşməsinə, milyonlarla insanın işsiz qalmasına səbəb oldu.
Böyük böhranın ortaya qoyduğu ən əhəmiyyətli nəticələrdən biri dövlətin iqtisadiyyatdan tamamilə uzaqlaşdırılmasının çox zərərli olduğu idi. Belə ki, Böyük böhrandan sonra inkişaf edən “Keynes modeli” iqtisadi sistemi dövlətin müəyyən ölçüdə iqtisadiyyata müdaxilə etməsinin, bəzən də sərmayələrlə iqtisadiyyatı istiqamətləndirməsinin lazım olduğunu qəbul etdi. Bir çox dövlət də Keynes modelini tətbiq etməklə Böyük böhranın vurduğu zərərləri ortadan qaldıra bildi.
Hal-hazırkı dövrdə etibarlı olan iqtisadi model xüsusi sektorun lokomotiv funksiyasını yerinə yetirdiyi, amma dövlətin idarəçiliyi və istiqamətləndirməsi ilə işləyən iqtisadi modeldir. Dövlətin başda infrastruktur sərmayələri olmaqla iqtisadiyyatın bəzi sahələrinə əl atması zəruridir. Bundan əlavə, xüsusi sektor üçün gəlir gətirməyən, amma cəmiyyətin ümumi rifahı baxımından lazım olan bəzi xidmətlərin yerinə yetirilməsi üçün də yenə dövlətin müdaxiləsi zəruridir (məsələn, poçt xidməti dünyanın heç bir ölkəsində qazanc gətirmir, amma cəmiyyətin faydası üçün dövlət tərəfindən icra edilir). Eyni şəkildə, bir ölkənin strateji təhlükəsizliyini maraqlandıran iqtisadi məsələlər də dövlət tərəfindən təşkil edilməlidir.
Xülasə olaraq, bir ölkənin rifahı üçün iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi, qanunlarla təşkil edilməsi, bəzən də birbaşa dövlətin müdaxiləsi ilə istiqamətləndirilməsi zəruridir. Dövlət bunları edə bilmək üçün, əlbəttə, güclü olmalıdır.