Dünyada istehsal artır, texnologiya sürətlə inkişaf edir, amma elə bir şey var ki, çatışmazlığı getdikcə daha çox hiss edilir.
Müasir dünyamızda ən böyük çatışmazlıq sevgidir. Qaralarla ağlar, müsəlmanlarla xristianlar, dünyəvilərlə dindarlar və daha bir çox qrup arasında baş verən problemlərin arxasında həmişə sevgi çatışmazlığı durur.
İnsanlar arasındakı sevgisizlik ölkələrə istehsal çatışmazlığından daha çox təsir edir. Bu, elə bir çatışmazlıqdır ki, yerini neft, pul və ya qızılla doldurmaq mümkün deyil.
Uzaq Şərq dünyanın ən əhəmiyyətli istehsal mərkəzlərindən biridir. Bu qədər yüksək istehsal gücünə və zənginliyə malik bir regionda yaşayanların da o nisbətdə rifah və xoşbəxt olacağını düşünə bilərsiniz. Halbuki həqiqət güman ediləndən çox fərqlidir. Sadəcə istehsala, maksimum mənfəətə yönələn bir sistem insanların əksəriyyətinə bədbəxtlikdən başqa bir şey gətirmir.
Yalnız Uzaq Şərqdə deyil, dünyanın bir çox yerində işçilər əməyinin tam qarşılığını ala bilmir. Hətta bəzi iş yerləri hüquqlarını qoruya bilmədikləri, az maaşla daha çox işlətdikləri üçün uşaq işçilərə üstünlük verirlər. Heç bir sosial təminatı olmayan bu uşaqlar iş şəraitinin ağırlığı ilə yanaşı işəgötürənlər tərəfindən amansız rəftara məruz qalırlar.
Afrikada mədənlərdə işləyən çox sayda uşaq var. Bunların demək olar ki, hamısının məskunlaşma və qidalanma problemi var. Çox vaxt çalışdıqları nəhəng firmalara qarşı hüquqlarını qoruyacaq bir qurum belə yoxdur.
İş yerlərindəki ağır şəraitin hakim olduğu yerlər güman edilənin əksinə, yalnız kiçik kapitallı müəssisələrdən ibarət deyil. Dünyanın ən məşhur mobil telefon və kompüter brendi üçün məhsul istehsal edən zavodda fəhlələr 16 saat fasiləsiz işlədilir və stul üzərində yatmaq məcburiyyətində qoyulur. Həmin marka daha əvvəl ən mühüm tədarükçüsü olan firmada işləyən 14 fəhlənin intiharı ilə gündəmə gəlmişdi.
Mərhəmətsizlik, hətta qəddarlıq nümunəsi sayıla biləcək bu hadisələr sevgisizlikdən irəli gəlir. Rəhbərlər daha çox qazanmaq, ya da tabeçiliyində olduğu şəxslərə yaranmaq üçün vicdanlarını kütləşdirirlər. İnsanlara qarşı sevgini itirmiş hakimlər məhkəmələrdə ədaləti təmin etmirlər. Tələbələrini sevməyən müəllimlər onlara lazımi şəkildə təhsil verə bilmirlər. Şəfqət və sevgi hissini itirən həkimlər xəstələrinə şəfa vermək əvəzinə onları dolanışıq mənbəyi kimi görməyi üstün tuturlar. Mediada heç dilə gətirilməsə də, sevgisizlik ucbatından sosial xidmətlər ləngiyir. Qəzetlərdə, televiziyalarda xəstəsinə ürəyi yanmayan həkimin və ya tələbəsinə əziyyət verən müəllim xəbərləri verilərkən heç birində, "əgər bir-birilərini kifayət qədər sevsələr, şəfqət və nəvaziş göstərsəydilər bunların heç biri olmazdı" deyə bilmirlər. Dövlətlər də insanlarına sevginin əhəmiyyətindən bəhs etmir, sadəcə, minimum həyat şəraitini təmin etmək üçün çalışırlar.
Keçmişdə baş verənləri düşündükdə sevgi dünyadakı insanların rahatlığı və xoşbəxtliyi üçün ən vacib ehtiyacdır. Sevgisiz həyatın nəticələrini ideoloji təmələ əsaslanan avtoritar rejimlərdə daha açıq şəkildə müşahidə etmək mümkündür. Nasist Almaniyası kimi rejimlərdə sevgidən uzaq, vicdan, mərhəmət, şəfqət anlayışı və yardımlaşma kimi hisslərdən təmizlənərək sanki robot halına gətirilmiş insanlar başqa ideologiyalara, inanclara və ya etnik qruplara kin bəslədikləri üçün rahatlıqla kütləvi qətllər törətmişlər. Əslində nasist Almaniyası dövründəki qədər ölkə miqyasında olmasa da, dünyada sevgisizlikdən irəli gələn zülmlərə rast gəlmək mümkündür.
Bu gün də Əfqanıstandan Liviyaya qədər uzanan geniş ərazidə sevgisizliyin ölümcül təsiri özünü biruzə verir. Bunun bir nümunəsi Yəməndir. Aralarındakı sevgi yox olunca yəmənlilər arasında böyük vətəndaş müharibəsi baş verdi. Dünənə qədər ölkədə eyni dili danışan, eyni Allaha, eyni peyğəmbərə inanan insanlar bəzi fanatik fikirlərin təsiri ilə amansızca bir-birini qırırlar.
Nə beynəlxalq təşkilatlar, nə vasitəçilər, nə də siyasətçilər axan qanı, eqoizmi, haqsızlıqları dayandıra, əxlaqi qüsurlara və etinasızlığa mane ola bilmirlər. Hər il yanvarın 21-də qeyd olunan Beynəlxaql qucaqlaşma günü (National Hugging Day) kimi fəaliyyətlər səthi reaksiya olaraq qalır və insanlar arasındakı münaqişə və gərginlikləri həll edə bilmir.
İctimai problemləri və münaqişələri aradan qaldırmağın yeganə yolu insanların arasında sevgi bağlarını gücləndirmək, əxlaqi həssaslıqları artırmaqdır. Vicdanının səsini dinləyən, sevgi, şəfqət, mərhəmət hissləri güclü, yardımlaşmanın və bölüşməyin əhəmiyyətinin fərqində olan bir insanın belə böyük bir faciə qarşısında səssiz qalması, laqeyd davranması mümkün deyil. O halda əsl problem dünya üzərindəki sevginin yox olması və əxlaqi zəiflikdir.
Dövlətlərin dağılması siyasi və ya iqtisadi faktorlarla əlaqələndirilsə də, bu amilləri hərəkətə gətirən faktorların kökündə həmişə sevgisizliyin yaratdığı səbəblər var. Bunlar cəmiyyətdə zəncirvari təsir göstərərək çözülmə prosesi yaradır. Cəmiyyəti birləşdirən amil, yəni sevgi daha da zəifləyib aradan qalxdıqdan sonra iqtisadi və ya hərbi səbəblər, çatlayan saxsıya dəyən daş kimi saxsını sındıracaq.
Güman edilənin əksinə ictimai nizamı təmin edən ən əhəmiyyətli faktor kimi sevgini qəbul etmək zəiflik əlaməti deyil. Əksinə, sevgi bağlarının güclü olduğu cəmiyyətlər tarix boyu istər daxildən, istərsə də xaricdən irəli gələn dağıdıcı təsirlərə qarşı daha güclü olmuşlar.
Adnan Oktarın «Diplomacy Pakistan»da dərc edilən məqaləsi: