Tezliklə ABŞ və Avropa İttifaqı arasında imzalanması və qüvvəyə minməsi gözlənilən yeni sərbəst ticarət müqaviləsinin Türkiyənin Avropa İttifaqı ilə ticari həcmi ilə yanaşı, siyasi əlaqələrinə də təsir edəcəyi güman edilir.
Yerləşdiyi ərazi baxımından Türkiyə sərbəst ticarət müqavilələrini ən effektiv şəkildə dəyərləndirə biləcək mövqedədir. Xüsusilə Ərəb Baharından əvvəl şərqə və qərbə uzanan köçürmə mərkəzi kimi mühüm bir funksiyanı üzərinə götürə bilmişdir. Lakin Yaxın Şərqdə baş verən daxili münaqişələr, rejim dəyişiklikləri, hərbi çevrilişlər və hava bombardmanı ilə yox olan şəhərlər səbəbindən bəzi ölkələrlə əlaqələrini məhdudlaşdırmalı olmuşdur. Bu boşluğu Qərb qonşuları ilə doldurmağa müvəffəq olan Türkiyə yaxınlığındakı müharibələrə baxmayaraq, güclü iqtisadi artımı qoruyub saxlaya bilmişdir.
Zənn edilənin əksinə olaraq, Ədalət və İnkişaf Partiyasının iqtidarı dövründə Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarına rəsmi səfər sayı digər müsəlman dövlətlərə edilən səfərlərdən olduqca çoxdur. İmzalanan ticari müqavilələr baxımından da Türkiyənin Qərblə əlaqələri əvvəlki ilə müqayisədə daha yüksək səviyyədədir. Lakin bu vəziyyət Gömrük İttifaqı müqaviləsi ilə Türkiyə bazarında böyük üstünlük qazanan Avropa İttifaqının ABŞ ilə genişmiqyaslı sərbəst ticarət müqaviləsi imzalama qərarı ilə sarsıla bilər. Bir sözlə, Gömrük İttifaqına əsasən Avropa İttifaqından Türkiyəyə daxil olan mallara hər hansı bir vergi tətbiq edilmədiyi halda, Türkiyə Avropaya gedən ixracat malları üçün Türkiyənin Avropa İttifaqında olmaması səbəbindən gömrük vergisi ödəyir. Uzun müddətdir Türkiyənin əleyhinə olan bu ticari struktur Türkiyənin Avropa İttifaqı danışıqlarını axsatmamaq üçün davam etdirilirdi. Lakin ABŞ-ın Aİ ilə imzalayacağı Trans Atlantik ticarət-investisiya əməkdaşlığı (TTİƏ) ilə ABŞ mənşəli məhsullar da Gömrük İttifaqı müqaviləsinə əsasən Türkiyəyə hər hansı bir vergi ödənilmədən daxil olacaq. Bu isə Türkiyə üçün illik ən az 3 milyard dollar itki deməkdir. Türkiyə bu məsələ barəsində Aİ və ABŞ ilə danışıqlar masasına oturmalı və Türkiyənin bazar şəraitini müzakirə etməlidir. Lakin hazırda ABŞ bunun tərəfdarı deyil.
Türkiyə daim artan qaçqın əhalisinin də bütün məsuliyyətini üzərinə götürmüş bir ölkə kimi gərgin vəziyyətdə olan Yaxın Şərqdə sabitliyini qorumaq məcburiyyətindədir. Buna görə də Aİ ilə ticarət əlaqələrini minimuma endirən və Qərb blokunun iqtisadi sanksiyalar tətbiq etdiyi Rusiya ilə yeni sərbəst ticarət müqavilələri imzalamağa doğru gedir. Yaxın vaxtlarda Türkiyəyə səfər edən Putin “Cənub axını” layihəsi ilə Avropaya nəql olunacaq təbii qazın Türkiyə üzərindən Yunanıstana birləşdirilərək daşınması qərarını açıqlamışdı. ABŞ, Aİ və NATO Rusiyaya qarşı Qərb blokunun iqtisadi sanksiyalarını davam etdirməsi üçün daim Türkiyəyə səslənir. Türkiyə isə bu sanksiyalara qarşı müqavimət göstərir və Rusiyanı təcrid etməyin heç bir problemin həlli olmadığı həqiqətini bilir. Qərb dünyası da müttəfiqləri olan Türkiyənin itkilərini nəzərə almayaraq Trans Atlantik ticarət-investisiya əməkdaşlığına daxil olmadan əvvəl bu həqiqəti görməlidir.
Buradakı məqsəd ABŞ və Aİ-nin son 10 ildə yaşadığı iqtisadi tənəzzülü aradan qaldırmaq, Qərb iqtisadi bazarını canlandıraraq böhrandan xilas etmək və ciddi problemlər yaşayan ABŞ-a kömək etməkdir. Lakin bu prosesdə ciddi ziyan çəkə biləcək Türkiyəni düşünməmələri və Türkiyənin diplomatik çağırışlarını cavabsız qoymaları son dərəcə rəqabətçi, sevgisiz bir sistem içində atılan addımların göstəricisidir. Qərb blokunun Türkiyənin öz iqtisadiyyatını düşünərək Rusiya ilə bağladığı müqavilələrə mane olmağa çalışması 50 ildir müttəfiqi olan bir ölkənin vəziyyətinə etinasız yanaşdığını göstərir. Türkiyə Suriya və İraqdan gələn mühacirlərə öz sərhədlərini açaraq Avropa İttifaqını böyük bir mühacir axınından xilas etmişdir. Livan və İordaniya kimi digər region ölkələrinin əksinə, Türkiyə mühacirlərin, demək olar ki, bütün qayğısını öz öhdəsinə götürərək beynəlxalq ictimaiyyətin rahatlığını təmin etmişdir. Bundan əlavə, Türkiyəni regiondakı problemlərlə yanaşı, ticari mənada da tək qoymaq siyasəti nə Aİ, nə də ABŞ üçün faydalı olacaqdır.
Kök salmış demokratiya mədəniyyəti, ekstremizmdən uzaq inanc sistemi ilə Türkiyə Qərb üçün Yaxın Şərqdə razılaşacağı və əməkdaşlıq edəcəyi yeganə ölkədir. Aİ və ABŞ-ın Türkiyəni təcrid edərək başqa bloklara itələmək yerinə, inteqrasiya etmələri daha müsbət nəticə verəcəkdir.
Türkiyə bir çox sahələrdə böyük irəliləyişlər göstərmişdir. İndi isə Qərb dünyasının yüksək həyat standartlarının və qadınlara verilən hüquqların Türkiyə cəmiyyətində əsaslı şəkildə yerləşməsini təmin edərək Qərb müttəfiqləri üzərində müsbət təsir yarada və bununla da əlaqələrini daha da inkişaf etdirə bilər. Daha şəffaf və müstəqil hüquq sisteminin yaradılması, tənqidlərə daha açıq siyasi anlayış, müxalifətə daha geniş söz azadlığı imkanı, insan hüquqları sahəsində çatışmazlıqların aradan qaldırılması Türkiyənin təcili ehtiyacları sırasındadır.
Qarşılıqlı əlaqələrdə edilən ən böyük xəta tərəflərin bir-birinə sevgi və qoruma hissi ilə yox, yalnız maddi mənfəət səbəbindən, eqoist şəkildə yanaşmasıdır. ABŞ və Aİ ölkələrinin Türkiyəni öz tərəfinə çəkmələri, həm bir-birinə, həm də Türkiyəyə hər yöndən müttəfiq kimi yanaşmaları, Trans Atlantik ticarət-investisiya əməkdaşlığı kimi bir tərəfə kömək edərkən, digər müttəfiqi çətinliyə salacaq məsələləri müzakirəyə açmaları daha konstruktiv nəticələr meydana gətirəcəkdir. Qlobal iqtisadi böhran qlobal əməkdaşlıq ilə həll edilə bilər. Bir böhranı başqa bir beynəlxalq böhran yaratmaqla həll etmək mümkün deyil. Həll yolu fədakarlıq, bölüşmək, sevgi və yardımlaşma ilə, bütün bəşəriyyətin rifahı üçün çalışaraq, qüvvələri birləşdirərək və qarşı tərəfin zəif cəhətlərini düzəltməyə çalışaraq cəhd etməkdir.