24 oktyabr Birləşmiş Millətlər Təşkilatının qurulmasının 70-ci ildönümü günüdür. BMT təxminən 70 milyon insanın həyatını itirdiyi 2-ci Dünya Müharibəsindən sonra bu cür dəhşətli zülmün təkrar baş verməməsi üçün qurulmuşdu. 24 oktyabrın BMT günü kimi seçilməsinin simvolik və eyni zamanda mənəvi bir məqsədi baş verən bu böyük faciənin unudulmaması idi.
Dünyanın ağlını itirəcək səviyyədə çılğınlaşdığı 2-ci Dünya Müharibəsindən dərhal sonra dövlətlərin bir araya gələrək böyük müharibələrə mane olmaq üçün belə bir sülh birliyi qurması, əlbəttə, çox gözəldir. BMT bu hədəfə uyğun olaraq Nizamnaməsinin ilk maddələrində beynəlxalq sülh və təhlükəsizliyi qorumaq və insan hüquqlarına hörməti təmin etmək şərtlərini əsas almışdır. Bu əsasa görə müəyyən olunan nizamnamə mətni və həmin qurumun alt quruluşu ancaq bir şeyi hədəf alıb: yeni dünya müharibəsinin qarşısını almaq.
Dövlətlərin digər dövlətlərlə müharibə apardığı bir vaxtda, əlbəttə, heç kimin ağlına dövlətləri daxildən təhdid edən terror təşkilatları, öz xalqını qətl edən diktatorlar, qardaşın qardaşı vurduğu vətəndaş müharibələri gəlməmişdi. Dünya dövlətlərinin super güclər tərəfindən bölüşdürüldüyü bir dövrdə dövlətlərin dünya sülhündən çox öz müttəfiqləri və maraqlarını əsas alaraq qərar qəbul edəcəkləri o qədər də nəzərə alınmamışdı. Elə bu səbəbdən, demək olar ki, hər mövzuda qərar qəbul etmək səlahiyyəti Təhlükəsizlik Şurasına verilmişdi.
15 üzvdən ibarət olan Təhlükəsizlik Şurasının iki il müddətinə seçilən 10 qeyri-daimi və 5 daimi üzvü var. Bir qərarın qəbul edilməsi üçün doqquz səs kifayət edərkən, həmin beş daimi üzvdən birinin (ABŞ, İngiltərə Birləşmiş Krallığı, Çin, Fransa və Rusiya) vetosu qərarın müzakirə edilmədən rədd edilməsinə bəs edir. Daha əvvəl dəfələrlə tənqid etdiyimiz kimi, demək olar ki, heç bir qərarda ortaq məxrəcə gəlməyən 5 üzvün bu veto hüququ Təhlükəsizlik Şurasından qərar çıxmasını uzun zamandır qeyri-mümkün edir. Elə bu səbəbdəndir ki, Suriya vətəndaş müharibəsi, İsrail-Qəzza toqquşması kimi təcili müdaxilə tələb edən bir çox məsələ BMT-nin müdaxiləsindən məhrum oldu.
Bu vəziyyət uzun zamandır dünyanın tənqid etdiyi bir mövzudur və məsələnin həlli çıxılmaz kimi görünür. Liderlərin və fikir öndərlərinin tənqid üsulları həqiqətən də bu məsələyə konkret həll yolu gətirə bilmir. Halbuki BMT-nin öz qanunları daxilində həll yoluna yönəlik normativ aktlar qəbul etmək mümkündür.
Bunun üçün Təhlükəsizlik Şurasının qərarlarını mühakimə edəcək məhkəmə nəzarətinin mövcudluğu vacibdir. BMT-nin nizamnaməsinin 24/2-ci maddəsi "Təhlükəsizlik Şurası bu vəzifələri yerinə yetirərkən BMT-nin məqsəd və prinsiplərinə uyğun hərəkət edir" deyərək Təhlükəsizlik Şurasına BMT-nin məqsəd və prinsiplərinə uyğun hərəkət etmə vəzifəsi qoymuşdur. BMT-nin əsas məqsədi sülhün təmin edilməsi olduğu üçün Təhlükəsizlik Şurasının bu məqsədə uyğun hərəkət etmək zərurəti var. Bunun üçün isə bir sanksiya lazımdır.
Belə bir sanksiya BMT Nizamnaməsində açıq-aşkar bir maddə olaraq yoxdur. Bu səbəbdən Təhlükəsizlik Şurasında BMT-nin ruhuna zidd qərarlar qəbul edilə bilir. Ancaq eyni zamanda BMT Nizamnaməsində Təhlükəsizlik Şurası qərarlarının hüquqi nəzarətinə mane olan bir maddə də yoxdur. Buna görə də belə bir hüquqi nəzarətin qanuniləşdirilməsi mümkündür.
Nizamnamənin 96-cı maddəsi bunun leqallaşdırılmasının yolunu aça biləcək. Bu maddə bu şəkildədir:
"Baş Assambleya və Təhlükəsizlik Şurası hər hansı bir hüquqi problem barəsində Beynəlxalq Ədalət Məhkəməsindən məsləhət ala bilər".
Bu qanun Təhlükəsizlik Şurası qətnamələrinin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən yoxlanılmasının önünü açır. BMT Baş Assambleyası istədiyi təqdirdə Təhlükəsizlik Şurası qərarları ilə bağlı Ədalət Məhkəməsindən məsləhət ala bilər və bu qərarların hüquqi nəzarətini apara bilər. Bu səbəbdən son qiymətləndirmə 15 müstəqil hakimdən ibarət olan Ədalət Məhkəməsi tərəfindən aparılacaq, Təhlükəsizlik Şurası bu nəzarət sistemi nəticəsində hər bir ölkənin milli maraqlarına görə deyil, dünya sülhünə görə qərarlar alacaq.
Daha əvvəl bunun nümunələri olmuş, Ədalət Məhkəməsi Təhlükəsizlik Şurası qərarlarının legitimliyi barədə dəyərləndirmələr aparmışdır. Məsələ burasındadır ki, bu dəyərləndirmələr bu mərhələdə hər hansı bir əlaqəliliyə malik deyil, yəni Məhkəmə Təhlükəsizlik Şurasının qərarlarını ləğv edə bilmir.
Bu istiqamətdə bir təşəbbüs irəli sürülməsinin önündə isə heç bir maneə yoxdur. Dünyanın yeni şərtləri 1900-cı illərin şərtləri ilə yaradılmış strukturların funksionallığını mühakimə etməyə bizi məcbur edir. BMT-nin dəyişməyən qərar qəbul edən strukturunda da bu istiqamətdə islahatların aparılmaması üçün heç bir səbəb və əlaqə yoxdur.
Mövcud vəziyyət, əlbəttə, Ədalət Məhkəməsində hakim olan ədliyyə sisteminin çox güclü olmasını tələb edir. Ədalət Məhkəməsi hazırda Təhlükəsizlik Şurasının qərarlarına faktiki olaraq təsir edə bilməsə də, qərarlar üzərində nəzarət hər zaman çəkindirici təsirə malikdir. Amma, əlbəttə, əsas vacib olan Ədalət Məhkəməsinin Təhlükəsizlik Şurasının qərarlarını ləğv etmək və ya dəyişdirmək hüququna malik olmasıdır. Bunun üçün də hər şeydən əvvəl Məhkəmə dünya sülhünü ön planda tutan müstəqil üzvlərdən ibarət olmalıdır.
BMT ölkələri "sülh" zəminində birləşdirmək üçün qurulmuş olduqca önəmli bir birlikdir. Dünya sülhü məsələsində işə yaramaz bir mövqedə qalması bu dəyərli birliyin qurulma səbəbinə xəyanət edir və bir çox cəhətdən onu təsirsiz hala gətirir. Bu köklü qurumun həqiqətən dünya üçün bir şeylər edə biləcək mövqeyə gəlməsi üçün sistemi kilidləyən veto probleminə hüquqi nizamlama gətirilməsi şərtdir. Əlbəttə, bundan sonrakı mərhələ qarşıdurma və müharibələri həll etmək üçün daha təsirli silahlar istehsal etmək əvəzinə təsirli və doğru təhsil mexanizmi inkişaf etdirmək olmalıdır. Bu da başqa bir yazının mövzusudur.
Adnan Oktarın «Arab News»də dərc edilən məqaləsi: